Reklam
Bir faciənin xronikası - Hüseyn Şahbəndəyev yazır
02-04-2022 22:44
1993-cü il aprelin 1-də Başlıbeli tərk etməyə məcbur olduq. İndiki saatlarda, yəni 2 apreldə təxminən bu saatlarda körpə, uşaq, qoca və qadınlar da daxil olmaqla minlərlə insan ünidsiz halda Murov dağının sərt aşırımı ilə yaxasını qurtarmağa çalışırdı...
Başlıbel faciəsi haqqında 2012-ci ildə çap olunmuş yazını oxucularımla bölüşməklə bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm.
MüəllifBir faciənin xronikası
Ermənilərin xalqımıza qarşı həyata keçirdikləri işğalçılıq niyyətlərindən irəli gələn kütləvi qırğınların ümumi mənzərəsi hamıya aydın olsa da, cox təəssüf ki, ayrı-ayrı yerlərdə işğala məruz qalanların üzləşdikləri qanlı faciələr bütün gerçəkliyi ilə indiyədək tamamilə açıqlanmamışdır. 1993-cü ilin aprel ayında Kəlbəcərin işğalı zamanı ermənilərin dinc, silahsız əhaliyə qarşı törətdikləri vəhşiliklərin qanlı bir səhifəsi- Başlıbel faciəsi haqqında həqiqətləri həmin hadisələrdən 19 il sonra olduğu kimi xalqımıza çatdırmaq istəyirəm.
Başlıbel kəndi Kəlbəcər rayonunun Dəlidağın ətəyində, Kəlbəcərdən Tuneli keçməklə 42 km məsafədə yerləşən ən ucqar dağ kəndi idi. Kəndin əməksevər, işgüzar, eyni zamanda ziyalı və dindar əhalisi nəinki Kəlbəcərdə, bəlkə, bütün aran Qarabağda böyük nüfuz qazanmışdı. Hələ Sovet hakimiyyəti illərində kənd ağsaqqalları və ziyalılarının sayəsində kənddə bütün zəruri sosial-mədəni infrastruktur yaradılmışdı: 480 yerlik müasir tipli məktəb, uşaq bağçası, müasir tipli mədəniyyət evi, ATS, çörəkbişirmə sexi, xəstəxana, mağazalar və s. Ərazi və əhalinin sayı baxımından Başlıbel rayonun ən iri yaşayış məntəqələrindən biri idi.
1992-ci il yanvarın 25-dən erməni təxribatçı-terrorçu qruplaşmalarının əli ilə Kəlbəcər rayonunun elektrik təchizatına birdəfəlik son qoyuldu. Başlıbel kəndindən respublika təşkilatlarına, ölkənin o zamankı başsız hökumətinə elektrik enerjisinin verilişinin hansı yolla olursa-olsun bərpasına dair müraciətlər cavabsız qaldı. Dərk edən olmadı ki, həmin vəziyyətlə barışmaq rayonun real mühasirəsi, ermənilərin ilkin qələbəsidir, bundan düşmənin ayağı daha da artıq yer alacaq... Beləcə dünyanın atom əsrinin sonlarında bütün Kəlbəcər rayonu, o cümlədən Başlıbel kəndi düz bir il üç ay qaranlıqda qaldı. Ermənilərin mühasirə halqasının daralmasını hiss edə-edə, inamını, səbrini sınaqdan keçirə-keçirə toy- büsatlı Başlıbel öz ömrünün qaranlıq ilini və aylarını yaşadı, yiyəsini, sahibini gözlədi, dözdü...
1 aprel 1993-cü ilədək Başlıbeldən heç kim kəndi tərk etmədi, doğma yurduna dönük çıxmadı.Camaat səbirlə respublikadan əməli kömək gözlədi. Başlıbeldə sadə, savadsız qadınların başa düşdüyü bir həqiqəti o zaman ölkəyə rəhbərlik edənlər başa düşmədilər: əgər Kəlbəcər işğal olunsa, Ermənistan Dağlıq Qarabağla birləşəcək, sonra onu almaq çətin olacaq!!!
Biz nəinki ermənilərdən qorxmurduq, hətta gözləyirdik ki, rəhbərlik xalqı silahlandırıb, torpağın qorunmasında onun gücündən istifadə edəcək. Adi iş-gücümüzdə idik.Martın 30-da meşəyə - odun üçün getmişdik.Laçın rayonu istiqamətindən tankların, qoşun hissələrinin geri çəkilməsini gözümüzlə gördük. Rayon rəhbərliyinə, əlaqədar təşkilatlara telefonla xəbər verdik, həyəcan siqnalı qaldırdıq...Bizi sakitləşdirib inandırmağa çalışdılar ki, bu, sadə bir hərbi manevrdir və Kəlbəcərin müdafiəsi çox ciddi gözlənilir. Lakin 31 mart 1993-cü ildə axşamüstü övladları rayon mərkəzində yaşayan ailələrdən kəndə xəbərə gələnlər artıq rayon əhalisinin şəhərdən çıxdığını, Başlıbeldən başqa, bütün kəndlərin artıq rayonu tərk etdiyi xəbərini gətirdi, bununla da biz pis vəziyyətdə qaldıq, dövlətimizə olan son inamı da itirdik.
1 aprel 1993-cü ildə ifadəsi sözə sığmaz hislər altında kəndi tərk etdik, neçə-neçə yüzilliklər ərzində dədə-babaların bizə əmanət etdiklərini, dişimiz-dirnağımızla qazandıqlarımızı sahibsiz buraxmalı olduq. Gözümüz 1992-ci ilin qarlı qışında – fevralın 25-26-da Xocalıda soydaşlarımızın başına gətirilənlərdən- dəhşətli və insanlığa yad tərzdə törədilmiş qanlı soyqırımdan qorxmuşdu. Biz artıq özümüzü də məhv olmuş hesab edirdik, çünki müdafiə olunmaq üçün heç bir silah-sursatımız yox idi. Əliyalın nə etmək olard?! Bir də qalsaydıq, nə olacaqdı?! Həmin vəziyyətdə hamı bərabər idi: kəndin nə igidi tanınırdı, nə qorxağı...Rəhbərindən tutmuş ziyalısınacan, ağsaqqalından başlamış körpəsinəcən hamı eyni cür aciz və yazıq vəziyyətə düşmüşdü...
Beləliklə, atəş səsləri, barıt qoxusu içərisində kəndin 17 maşından ibarət “köç karvanı” Xallanlı, Qaraxançallı, Tirkeşəvənd kəndlərini keçərək Əsrik kəndinə kimi gedə bildi. Buradan o yana irəliləmək qeyri-mümkün idi: atəş güclənmişdi, ot tayaları, evlər alovlanırdı. Geriyə qayıtmalı, yenidən Başlıbeldən Kəlbəcərə Ağcaqız yaylağından dağ aşırımı ilə piyada getməli olduq.Uşaqlı-böyüklü, vahimə və çaşqınlıq içərisində camaat dağlara üz tutdu. O illərin statistikasına görə, Başlıbeldə 2 minə yaxın əhali yaşayırdı. Ancaq həmin gün öz əl ağacından, əynindəki paltardan, gücü çatan yol çantasından (yaxud düyünçəsindən) başqa, hər şeyini atıb qarlı-buzlu dağ cığırları ilə azadlığa can atan bu insanları görəndə başa düşdüm ki, kəndimiz çox böyük imiş: əhalinin sayı-hesabı bilinmirdi. Dağ yolları ilə canını qurtarmağa çalışan insanların cərgəsi qarışqa düzümünü xatırladırdı....
Kəlbəcərə yaxınlaşada İstisu dərəsində, Tərtər çayının sağ sahilində qəzaya uğramış vertolyotu və onun yaralı (və ya ölmüş!) ekipajını aparmağa gəlmiş bir başqa vertolyotu gördük. Biz həmin yerə çatanda onlar təzəcə enirdilər. Nə qədər sevindiyimizi təsvir etmək mümkün deyil. Lakin əbəs yerə. Onlar ölən və yaralananları götürəndə fürsət tapıb minən bir neç nəfəri də düşürüb, bizim yalvarışlarımıza məhəl qoymadan, içərisində cəmi 5-6 nəfər ola-ola uçub getdilər. Barı körpələri, xəstə və qocaları da götürmədilər. Pilotlar rusca danışırdılar, özləri də elə rusa oxşayırdılar. Bu, Kəlbəcərdə gördüyümüz sönuncu vertolyot oldu.
Axşamtərəfi Kəlbəcər şəhərinə çatdıq. Əhalisiz qalan şəhər qəbiristanlığa oxşayırdı. Mərkəzi küçə ilə İcra Hakimiyyətinin binasına doğru irəliləyən bizim kimi ucqar kəndlərdən gələnlərdən başqa, heç kəs gözə dəymirdi. İcra hakimiyyətinin binasında da heç kəs yox idi. Vertolyotların uçuş meydançasında kiçik bir hərbi qrup əsgər və zabitlər başıpozuq, çaşqın bir halda ermənilərin mövqelərindən yağdırılan aramsız atəşlərə cavab vermək üçün “hazırlıq” görürdülər. Dəhşətli vəziyyət idi. Bir nəfər hərbçi mayor camaatdan Oılışlı kəndində yerləşən hərbi hissəyə getməyi tələb edirdi, qışqırmaqdan səsi batmışdı. Gecənin qaranlığında şəhərin içi ilə batalyonun yerləşdiyi istiqamətdə yola düşdük. Hamı ac idi. Uşaqlar ağlaşırdılar.Tapşırmışdılar ki, səssiz çıxaq. Erməni kəşfiyyatçılarının əlinə düşə bilərdik. Bir-biri ilə pıçıltı ilə danışan yüzlərlə insan axını bir də qaranlıq şəhərin səssizliyindən vahimələnirdi. Gecəyarı batalyonun düşərgəsinə gəlib çatdıq. Məktəbin yanındakı boş, sahibsiz, lakin içində hər şeyi, xüsusən yatacağı olan bir evdə 3-4 saat dincəldik. 5-6 nəfər bir döşəyin üstündə bir-birə söykənib mürgülədik...
“Batalyon”un yerləşdiyi giriş qapısının ağzında üstünə örtük çəkilmiş 7-8 nəfər əsgərin meyiti düzülmüşdü. Hiss olunurdu ki, onlardan bəziləri elə oradaca keçinmişdilər. Çünki meyitlərdən axan qan gölməçə yaratmışdı. İçəridə bir neçə zabit və az sayda əsgər var idi. Pərakəndəlik idi. Heç kəs bizə düz-əməlli bir məlumat verə bilmirdi. Havanın pisləşməsi üzündən vertolyotların uçuşu da dayanmışdı. Həm duman idi, həm də sulu qar yağırdı. Batalyondakıların silah-sursatı da yox idi. Yolun üst tərəfində, bir qrup hərbi geyimli adamların içərisində o zaman polkovnik hərbi rütbəsində olan Nəcməddin Sadıqovu gördük. Yaxınlaşıb əhalini necə çıxarmaq barədə soruşmaq istəsək də, mümkün olmadı: ətrafındakılar imkan vermədilər. Açıq hiss olunurdu ki, o da heç nə edə bilmir, plansızlıqdır, yalnız kiməsə qışqırır. Əksəriyyəti rus dilində bir kəlmə də bilməyən camaata rusca cavab verir. Bura qədər dövlətə, hökumətə inamımız tamamilə qırılmamışdı, azca da olsa var idi, lakin indi çiyinlərində dövlətin simvollarını gəzdirən bu “sərkərdələri” gördükdən sonra başa düşdük ki, ümid o günlərdə bizdən üz döndərmiş olan bir Allaha, bir də arvad- uşağı düşmənə verməmək naminə canımızda olan son təpərədir...
Mən bu barədə indi geniş yazmaq istəyirəm, çünki indi hadisələrin şahidi olan insanların bir qismi artıq dünyasını dəyişib. Gerçək hadisələri yaşayanların sayı gündən-günə azalır. Qoy bu qeydlər qanlı tariximizin acı səhifəsi kimi millətimizin qan yaddaşına yazılsın. Susa-susa, unuda-unuda, bağışlaya-bağışlaya başımıza bəla olanların əməlləri heç bir şişirtmə olmadan xalqa çatdırılsın. Qoy bu yazı 19 il əvvəlki tarixin eyni günlərində öz torpağında haqsız-günahsız həlak olanların ruhunu şadlandırsın. Bizə qan borclu olanlara xatırlatsın ki, tarixin örkəni çox uzundur, bu qan yerdə qalmayacaq, qalmamalıdır!
2 aprel 1993-cü ildə Qılışlıdan rayonun yeganə xilas yolu sayılan Murov dağına yola çıxdıq. Həmin günün axşamında Zallar kəndində yola yaxın evlərdən birindən tapdığımız undan qadınların sacın üstündə birtəhər bişirdikləri fətir çörəyi ilə aclığımızı dəf edib, Murov dağı ilə Gəncəyə doğru yol aldıq. Məqsədim Başlıbel kəndinin işğalı ilə bağlı həqiqətləri təsvir etmək olduğundan yolun bundan sonrakı “macəralarından” hələlik danışmıram.Yenidən Başlıbelə qayıdıram. Aprelin 2-də kəndin camaatından bir qrupu: kimi atlı, kimi piyada rayona tərəf yola çıxırlar. Kəlbəcər-İstisu yolunda, süd zavodunun yerləşdiyi dərəyə çatanda onların qarşısını erməni silahlıları kəsirlər. Atlılardan biri-Salahov Əhməd öldürülür, Babayev Abbas isə aradan çıxsa da, sonradan meyitini rayonun giriəcəyində tapırlar. Başlıbellilərdən Mirzəyev İsa Sadıq oğlu, Səlimov Ələkbər Əbdüləli oğlu, Şahverdiyev Təhməz Qüdrət oğlu, Şahbəndəyev İmdad Şəmil oğlu, Şahbəndəyev Osman Şəmil oğlu girov götürülürlər. (İşğaldan sonrakı günlərdə Kəlbəcər şəhərindən dövlətə və əhaliyə məxsus olan mülkiyyətin ermənilər tərəfindən qarəti həmin insanların öz iştirakı ilə və gözlərinin qarşısında baş vermişdir). Həmin gün kənd sakinlərindən 103 yaşlı İsayev Əbdüləli Səlim oğlu, onun 92 yaşlı arvadı Qızbəs Mirfəttah qızı və onların qızı 54 yaşlı Gülüstan Əbdüləli qızı- bir ailənin üç üzvü vəhşicəsinə öldürülür...
3 aprel 1993-cü il. İki gün əvvəl Başlıbeldən ilk çıxanlar özlərini Xanlar (indiki Göygöl) ərazisinə çatdırırlar. Oradan isə kimin harada yerləşmək imkanı varsa, oraya üz tutur.
5 apreldə ermənilərin ilk dəstələri Başlıbelə gəlib çıxırlar. Hörmətli oxucum! Bu fakt da daxil olmaqla bütün bundan sonrakı məlumatları həmin hadisələrin birbaşa şahidi olmuş və o zaman erməni mühasirəsində qalan insanlara, xüsusən də el şairi Sönməz Ələkbərin “Vətənə borcum qalır” kitabına istinad edərək yazacağam. Sönməz özünün, ailə üzvlərinin və onunla mühasirədə qalanların baçına gələnləri olduğu kimi, heç bir şişirtməyə yol vermədən həmin kitabda əks etdirmişdir.
Sönməz Ələkbər1948-ci ildə Başlıbel kəndində anadan olmuş, həmin kənddə orta məktəbi bitirmişdir. Ailə vəziyyəti ona ali təhsil almağa imkan verməsə də, o, iti zəkası, güclü yaddaşı və bədahətən şeir söyləməsi ilə yaşıdları arasında fərqlənmişdir.Hələ orta məktəbdə şagird olduğu illərdə Kəlbəcərli el aşıqları, xüsusən İmran Mehdiyev onun şeirlərini toylarda, şənliklərdə tez-tez oxuyurdular. Kəlbəcərin işğalınadək şeirləri rayonun "Yenilik” qəzetində, həmçinin respublikamızın nüfuzlu qəzetlərində dərc olunmuşdur. Kəlbəcərli el şairləri içərisində xüsusi dəst-xətti ilə seçilir. Kəlbəcərin işğalı günlərində ailə üzvləri ilə birgə dörd ay erməni mühasirəsində qalmışdır. Hazırda Yevlax rayonunun Tanrıqulular kəndində yaşayır. Dörd ay sonra düşmənlərdən yaxasını qurtarsa da, iki böyük ağrı onu hər zaman yandırıb qovurur: Vətən itkisi və atası el ağsaqqalı 90 yaşlı Ələsgər Kazımovu o dağlardan ayırıb gətirə bilməməsi.
Ayrılmadı vətənindən, bir qoca ər qalıbdı,
Əlində zəhmət qabarı, alnında tər qalıbdı.
Bir əsrin övladıdır o, dindirib yazan olsa,
Ondan xalqa lazım olan neçə əsər qalıbdı...
...Yalqız deyil Kəlbəcərim, bir övladı həyandı,
Düşmən elə bir dağ çəkdi, zülm ərşə dayandı,
Çox günahsız qanlar axdı, dağ-daş qana boyandı,
Haqq-ədalət itkin düşüb, yerində şər qalıbdı....
Bütün hadisələrin canlı şahidi olan istedadlı şairimizin “Vətənə borcum qalır” kitabında toplanmış şeirlərinin çoxu, xüsusən “Tarixin qan yaddaşı” poeması Başlıbel faciəsinin bütün təfərrüatlarını olduğu kimi əks etdirən mənzum tarixi salnamə kimi olduqca qiymətli tarixi mənbədir. Əsəri bütünlüklə təhlil etmədən faktların bəzilərinə oxucularımızın diqqətini cəlb etmək istərdik:
Ermənilər kəndə girən kimi hara gəldi atəş açır, evləri yandırırlar. Erməni faşizmini bütün eybəcərliyi ilə açıq göstərən bir neçə fakta baxaq:
Uzun illərdən bəri xəstə olan Ağamirov Qənaət İsmayıl oğlunu (o, mənim dayım idi) xəstəliyini nəzərə almadan güllələyirlər. Sönməzin yazdıqlarından:
...Əvvəl Qənaətin evinə gəldik,
Yolun qırağında meyitin gördük,
Müqavimət edib onlara, məncə,
Yazığa veriblər hər cür işgəncə,
Neçə yerdən dağ çəkmişlər üzünə,
Qızmar şişi sancmışdılar gözünə...
Atəş səslərindən kəndi tərk edən əlsiz-ayaqsızlardan Tutunun (camaat ona Şıx Tutu deyirdi) meyidini kəndin kənarında tapırlar.
Ağır xəstə olan 93 yaşlı Salahova Pərinin meyiti isə evinin qapısı ağzında qalır. Qonşu Xallanlı kəndindən olan, hər iki ayağı əlil olduğundan qoltuq ağacı ilə yeriyən 88 yaşlı Səlimov Hüseyni kəndin mədəniyyət evinin qarşısında üstünə benzin tökərək yandırırlar.
Kənd camaatınin əzizi, anadagəlmə iflic olan Seyid Çiçəyi öz evinin qarşısında güllələyirlər.
Vəhşilik o həddə çatır ki, dilsiz heyvanlara da işgəncə verməkdən çəkinmirlər: Əliş kişinin qapısındakı elektrik dirəyindən keçini asırlar...
Nəyi və necə şərh edəsən? Bu vəhşiliyi inanmıram ki, insan qəlbi olanlar törətsinlər. Bunlar qeyri-bəşərdirlər.
Həmin vaxt Başlıbeldə mühasirədə qalan kənd sakinləri aşağıdakılar olmuşdur: Kazımov Ələsgərgilin ailəsi (Sönməz Ələkbərin atasıdır) 8 nəfər, Əmralıyev Məhəmmədin ailəsi 10 nəfər, Əhmədov Binnətin ailəsi 6 nəfər, Fəttahov Yəhyagilin ailəsi 5 nəfər olmaqla bütün ailə üzvləri, bunlardan başqa müxtəlif ailələrdən 70-ə yaxın mülki əhali kəndi tərk etməyə imkan tapmamışdır. Onlar yaxınlıqdakı daş kahalarda sığınaraq nicat yolu axtarmışlar. Aprelin 6-dan iki həftə ərzində camaatın olan-olmazı rahat şəkildə qarət olunub daşınır, evlərə isə şahidlərin gözləri qarşısında od vurulub yandırılır. İlk od vurulub yandırılanlardan biri də Azərbaycanı respublikamızda və onun hüdudlarından kənarda ləyaqətlə təmsil edən yüzlərlə insanın təhsil alıb müqəddəs saydığı Başlıbel kənd orta məktəbi olur...
Burada bir haşiyə çixmamaq olmur: Ermənilər bu vəhşilikləri yalniz nifrətin gücünə törətmirdilər. Bu, haqqında bəhs etdiyim xəstə nifrət duyğusundan qat-qat güclü olan erməni qorxaqlığının təzahürüdür. Çünki onlar bilirlər ki, bu yerlərdə sonadək qala bilməyəcəklər, qala bilməzlər. Nə özlərinin, nə də onları üstümüzə qısqırdan rusların buna hünəri şatmaz. Bilirlər ki, torpağın əsl sahibləri gec-tez öz yurdlarına qayıdacaqlar. Əgər belə düşünməsəydilər, oturduqları budaqları belə doğramazdılar, salamat bir ev, rahat bir mənzil saxlayardılar. İnşallah, biz özümüz o evləri bərpa edəcəyik. Əgər ömür vəfa eləməsə, yenə Vətən sağ olsun, yurdlarımız boş qalmaz!!!
18 aprel 1993-cü il. Səhər çağı ermənilər kəndin sahibsiz qoyun sürülərindən birini örüşdən kəndə tərəf gətirərkən Qayabaşı və Şırran kahalarında bizimkilərin sığındıqları yerləri müşahidə edirlər. Kahaları atəşə tuturlar. Kahada yerli sakinlərdən başqa, mühasirədən çıxmağa macal tapmamış Laçın rayonundan Əhliman və iki qızı, o cümlədən müxtəlif rayonlardan olan 9 nəfər- Zərdab rayonundan Vüqar və Qoçaq, Qaxdan Füzulu, Ağdamdan Məzahir, Laçından Səlim, Şirvandan Ədalət, Gədəbəydən Müzahim adlı əsgərlər də ermənilərin vəhşilikləri ilə üz-üzə qalırlar. Silah-sursat yox, əl-ayağa dolaşan arvad-uşaq, qarı-qoca, əlil və xəstə çox...Əslən Başlıbeldən olan gənclər-İsmət və Elşad Əzizovlar (əmioğlu), Mahir Cəfərov ağılasığmaz fədakarlıq və qəhrəmanlıq göstərərəkqadınları və uşaqları xilas etməyi bacarırlar...
İndi bu qeydləri yaza –yaza həmin gənclərin dözümünün necə bir sınaqla üz-üzə qaldığını təsəvvürümə gətirdikcə dəhşətə gəlirəm. Onların keçirdikləri hislərdən bir Tanrının xəbəri ola bilər...
Həmin gün axşamçağı ermənilərin bir qrupu bir “NİVA” maşınla kahanın yaxınlığına gəlirlər. Əvvəlcə uzaqdan atəşə tuturlar. Cavab almayanda ürəklənib yaxınlaşırlar.Aramsız atəş yağdırırlar. Bizimkilərin tək-tək cavabı müqabilində əlavə kömək çağırırlar. Bir “Ural” və bir “Uaz ” maşınlarında əlavə erməni qüvvələri kahaların iki küncünə sığınmış silahsız insanların üstünə gəlir...
Gördüm yaxınlaşır murdar səsləri:
“Qorxmayın, vurmarıq, siz çıxın bəri!”
Bu zaman Şərqiyyə çəkdi ah-aman:
“Ay Allah, ay Allah vuruldu anam!”
“Qorxma, bala”,- deyib çatdırdı dada,
Yaqub dayımızın səsiydi o da...
Bir kahadan çıxdı Gülgəz nənəmiz,
Dedi ki, qırılın, yansın sinəniz.
Erməninin biri iki güllə atdı,
Nənəmizin səsi əbədi batdı...
Qoca, xəstə, əlil, körpə... fərq etməz erməni üçün birdir: turksən, vəssalam.Uzun illər ağır xəstə olan iflic ağbirçəyi-Çiçəyi zorla ayağa qalxmağı əmr edən erməniyə “İncitməyin onu, xəstədir”,- dediyinə görə Yaqub kişi bir güllə ilə “mükafatlandırilır”, xəstə qadını isə yerindəcə güllələyirlər...
Beləliklə, həmin gün Başlıbel qan gölündə üzür. Qoca, cavan, uşaq, xəstə, əlil demədən16 nəfər qətlə yetirilir. Bir ailədən – Əmralıyevlərdən yalnız ana sağ qalır, ailənin başçısı, iki oglu və qızı şəhid olur, ana isə havalanır...Qız- gəlinlər və körpə uşaqlar özlərini qaranlıqdan istifadə edərək qayadan tullamaqla sağ qalırlar. Onlardan hələ də şikəst olanı vardır.
Bəli, budur ermənilik! Budur əsl erməni xisləti! Özünü dünyanın “məzlum”u kimi göstərən alçaqların əsl üzü belədir. Faşizmdən betər erməni qəddarlığı budur. Qoy onların yalançı iddialarını və “hüquqlarını” müdafiə edənlər bu sətirləri oxusunlar, müdafiə etdiklərinin iç üzünü daha aydın görsünlər, sonra öz vicdanları bilər, onlar bilər...
Mən isə, hörmətli oxucu, burada fikrimi bilərəkdən iki arzu ilə yarımçıq qoyuram: birincisi, bu həqiqətləri özün öyrənmək istəyirsənsə, Sönməz Ələkbərin “Vətənə borcum qalır” kitabını oxu.
İkincisi, sənlə olan söhbətimizin davamı qalsın hadisələrin baş verdiyi o müqəddəs məkandakı görüşümüzə. İnşallah o gün yaxınlaşmaqdadır, o günə çox qalmayıb və biz o günü görəcəyik!
Hüseyn Şahbəndəyev, Əməkdar müəllim,
“Ən yaxşı müəllim” müsabiqəsinin qalibi
04.12.2012-ci il
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 02-04-2022 22:44
Baxış sayı: 2426
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23