Reklam
Şair Molla Nəbi Kəlbəcərlinin “Yaxşılıq bir güldür, solmaz dünyada” adlı kitabı nəşr edildi
12-07-2023 13:18
Şair Nəbi Dilsuzun (Şair Molla Nəbi Kəlbəcərli) “Yaxşılıq bir güldür, solmaz dünyada” adlı kitabı işıq üzü görüb.
Kitabda əsasən, ötən əsrin ortalarında yazıb-yaratmış şair Nəbi Dilsuzun ayrı-ayrı arxivlərdən toplanmış müxtəlif mövzuları əhatə edən şeirləri, 1939-cu ildə “Azərbaycan xalq dastanları” seriyası ilə buraxılmış “Dilsuz və Xəzangül”, həmçinin indiyə kimi işıq üzü görməyən “Fəzli və Məhluqa” adlı dastanları çap olunub. Yağı düşmən Kəlbəcəri iğşal edən zaman şairin bir çox əlyazmaları orada qalıb.
Toplunu nəşrə Novruz Nəbioğlu və Həbib Nəbioğlu hazırlayıb. Kitabın məsləhətçisi və “Ön söz”ün müəllifi filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədli, redaktoru AYB-nin üzvü Namiq Dəlidağlıdı
Qeyd edək ki, şair Nəbi Dilsuz (Nəbi Kərim oğlu Nəcəfov) 1886-cı ildə Cavanşir qəzasının Milli kəndində (indiki Kəlbəcər rayonunun Milli kəndində) ziyalı ailəsində dünyaya göz açıb. Nəbinin atası molla Kərim dövrünün savadlı və tərəqqipərvər adamı olub. İranın Qum şəhərində təhsil alıb. O, rus, ərəb, fars və ingilis dillərini gözəl bilib və dərs deyib. Bütün bunları oğlu Nəbiyə də öyrədib. Nəbi uşaq vaxtlarından ədəbi yaradıcılığa maraq göstərib, şeir yazıb. Olmuş hadisədən dastanlar yaradıb. “Dilsuz və Xəzangül” adlı ilk dastanı 1939-cu ildə çap olunub. “Fəzli və Məhluqa”onun ikinci dastanıdır. Nəbi Dilsuz bir çox qoşma, təcnis, gəraylı, gözəlləmə və deyişmənin müəllifidir. O, bədii yaradıcılıqla məşğul olmaqla bərabər, bir sıra vəzifələrdə də çalışıb. Belə ki, 1920-1924-cü illərdə Kəlbəcərin Gölyeri kəndində (əvvəlki adı: Sınıq kilsə) sovet sədri, 1924-cü ildən 1929-cu ilə qədər Laçın qəzasının Kəlbəcər maarif şöbəsində, 1929-cu ildən 1935-ci illərdə polis şöbəsində, sığorta və tədarük şöbəsində, məişət kombinatında müxtəlif vəzifələrdə işləyib. Nəbi Dilsuz bir çox sənəti mükəmməl bacarıb. Yaxşı dərzi, gözəl sazbənd, mahir tüfəng, tapança ustası kimi də yaddaşlarda qalıb. Ərəb, fars, latın əlifbasında sərbəst yazıb oxuyan Nəbinin gözəl xətti də olub. Şair 1969-cu ilin may ayının 6-da vəfat edib. Kəlbəcərdə dəfn olunub.
***
Dəlidağ.az AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlham Məmmədlinin Nəbi Dilsuzun "Yaxşılıq bir güldür, solmaz dünyada" kitabına yazdığı "İncə ruhlu şair, ustad dastan yaradıcısı" adlı "Ön söz"ü təqdim edir:
Qədim köklərə, böyük tarixi ənənələrə malik olan Kəlbəcər ədəbi mühiti erməni işğalına qədər ciddi bir inkişaf və zəngin təkamül yolu keçmişdir. Ədəbi ictimaiyyətə ilk nümayəndələri olaraq Molla Pənah Vaqifin müasiri və süd qardaşı Ağqızoğlu Piri və Ağdabanlı Qurban kimi müqtədir söz sahibləri ilə tanınan ədəbi mühit daha çox XX əsrdə zəngin bir ədəbi mirasa sahib olmuşdu. Kəlbəcər ədəbi mühiti tarixən ozan-aşıq sənəti və folklor ənənələri müstəvisində inkişaf etdiyindən bölgədə heca vəznində yazılan şeirlər aparıcı xətt təşkil etmişdir. Lakin bölgədə klassik yazılı ədəbiyyat ənənləri – yəni “Divan ədəbiyyatı” (Əruz vəzni) janrlarında qələm işlədən söz adamları da az olmamışdır. Bölgə qələm adamlarının sələflərindən daha çox Ağqızoğlu Piri və Ağdabanlı Qurban həm heca vəznində, həm də əruzda qiymətli sənət nümunələri yaratmışdır. Kəlbəcər ədəbi mühitinin ən qaynar inkişaf dövrü XX əsrin 50-ci illərinə təsadüf etmişdir. Xüsusilə Xalq şairi Səməd Vurğunun 1955-ci ilin yayında Kəlbəcərə məşhur səfəri və burada ustad aşıq Dədə Şəmşirlə görüşü ədəbi mühitdə silinməz iz buraxmışdır. Qeyd etmək lazımdır ki, o illərdə Səməd Vurğunun xalq arasında çox böyük nüfuzu və populyarlığı ümumən Azərbaycan poeziyasının inkişafında xüsusi bir vəsilə olmuşdur. Lakin qeyd etdiyimiz kimi, Səməd Vurğunun Kəlbəcərə səfərinə qədər də bölgədə qaynar bir ədəbi mühit mövcud idi. Aşıq Şəmşir, Nəbi Dilsuz, Şair Firudin, Ayrım Əhməd, Bimar Əli, Qamışlı Rüstəm, Zal Cabbarlı, Salman Uğurluyev və başqaları qeyd olunan zaman kəsimində yetkin qələm adamları kimi təkcə Kəlbəcərdə deyil onun hüdudlarından kənarda da yaxşı tanınrdılar. Səməd Vurğunun səfəri isə bölgə yazarlarının yaradıcılığına güclü bir stimul vermişdir. Kəlbəcər ədəbi mühitində öz imzası və nəfəsi ilə seçilən ustad qələm adamlarından biri də Nəbi Dilsuz olmuşdur. Nəbi Kərim oğlu Nəcəfov 1886-cı ildə keçmiş Cavanşir qəzasının Milli kəndində (indiki Kəlbəcər rayonunun Milli kəndində) anadan olmuşdur. Nəbinin atası Molla Kərim dövrünün savadlı və tərəqqipərvər insanlarından biri kimi bölgədə yaxşı tanınmışdır. Onu yaxından tanıyanların danışdıqları kimi, Molla Kərim rus, ərəb, fars, hətta ingilis dillərini gözəl bilirmiş və dərs deyirmiş. Belə bir açıq fikirli insanın ailəsində böyüyən Nəbi atasından mükəmməl təhsil almışdır. Uşaq vaxtlarından şeirə xüsusi bir maraq göstərən Nəbi yeniyetmə yaşlarından özü də şeirlər qoşmağa başlamışdır. Şair Nəbini həmkarlarından fərqləndirən əsas cəhət onun incə ruhlu lirik şeirlər yazmaqla yanaşı, ozan-aşıq sənətinin ən çətin növlərindən sayılan dastan yaratmaq sahəsindəki xidmətləri olmuşdur. Uşaq çağlarından böyüklərdən eşitdiyi hadisələrdən sonralar dastanlar yaratmışdır. Nəbi Dilsuzun “Dilsuz və Xəzangül” adlı ilk dastanı 1939-cu ildə çap olunmuşdur. O, bu əsərin mövzusunu məşhur “Çehil Tuti” əsərindən götürmüşdür. “Fəzli və Məhluqa” isə şairin yaratdığı ikinci dastanıdır. Şairin bu dastanı ilk dəfə olaraq işıq üzü görür. Nəbi Dilsuz çox sayda gəraylı, qoşma, təcnis, müxəmməs, gözəlləmə və deyişmənin də müəllifidir. O, bədii yaradıcılıqla məşğul olmaqla bərabər, bir sıra məsul vəzifələrdə də çalışmış, xalq arasında böyük hörmət və nüfuz qazanmışdır. 6 Bir daha qeyd etmək istərdim ki, şair Nəbinin zəngin poeziya yaradıcılığında gəraylı və qoşma şeir növü aparıcı xətt təşkil edir.
İstəsən dünyanı sərbəst gəzəsən,
Düz yolun kəc olar, bəxtın olmasa.
Xalqın dəhanına şəkər əzsən də,
zəhərtək ac olar, bəxtın olmasa.
Süleyman tək olsa şövkəti-şanın,
Harun kimi olsa dövlətin-varın,
Bir gün gələr, sənin əhli-əyalın
Nana möhtac olar, baxtın olmasa...
Ozan-aşıq sənətinin ustadnamə adlanan şeir növü (daha çox gəraylı, qoşma, müxəmməs və s. janrlarda işlənir) insanları düzlüyə, dürüstlüyə, vəfaya, sədaqətə, etibara, vətən sevgisinə, dünya malına aldanıb yanlış yollara düşməməyə səsləyən, xüsusi bir mənəvi-əxlaq daşıyıcısı olaraq məclislərdə ustad aşıqlar tərəfindən ən çox ifa olunan şeirlərdən olmuşdur. Şair Nəbinin yaradıcılığında da ustadnamə ruhu üstünlük təşkil etmişdir.
Möhtərəm, hörmətli, əziz qardaşlar,
Yaxşılıq bir güldür, solmaz dünyada.
Həqiqət sarsılmaz, möhkəm qaladır,
Ədaləti danmaq olmaz dünyada...
Xatırladaq ki, Şərq ədəbiyyatında mənəvi-əxlaqi mövzular janrından asılı olmayaraq bütün zamanlarda gündəmdə olmuşdur. Əgər klassik yazılı ədəbiyyatda bu mövzular epik əsərlərdə (xüsusilə poema və qəsidələrdə) böyük süjetli geniş mövzularda (daha çox məsnəvi formasında) öz bədii həllini tapmışdırsa, ozan-aşıq şeirində bu mövzular daha yığcam formalı şeir şəkillərində işlənmişdir. Bu baxımdan şair Nəbinin poetik dünyagörüşü, yaşadığı mühit və ovqat onu daha çox bu ruhda şeirlər yazmağa kökləmişdir.
Gəl, sizə söyləyim igid nişanın,
İgidlərdə namus, qeyrət ar gərək.
İmran dilli ola, göhər kəlməli,
Beh bazarı, etibarı var gərək.
Hatəm təki ola açıq süfrəli, Hər yaxşı kəlməyə söyləyə bəli, Çalışıb razı edə özündən eli, Hər babətdə ola baxtəvar gərək. Nəbi Dilsuzun yaradıclığı mövzu və forma baxımından çox zəngin olmuşdur. Onun şeirlərində vətən sevgisi, təbiət gözəlliklərinin təsviri, vəfa, etibar, dostluqda sədaqət, dünyanın faniliyi, saf və ülvi məhəbbətin tərənnümü geniş yer tutmuşdur. Xüsusilə aşiqin məşuq yolunda çəkdiyi mənəvi əzablar, onun saf sevgi yolunda hər cür imtahanlara hazır olması şairin şeirlərindəki ovqatın bədii əksi olaraq bu gün də öz yüksək dəyərini itirməmişdir.
A bimurvət, məni salma nəzərdən,
Bu pünhan dərdimi ara, düşəndə.
Təbibimsən, məlhəm eylə əlinlə,
Dərdindən sinəmə yara düşəndə.
Arif gərək hər mətləbi qanmağa,
Yaxşını, yamanı seçib-sanmağa,
Pərvanə aşiqdir oda yanmağa,
İnciməz, yansa da nara düşəndə.
Şair Nəbinin sevgi şeirlərini digərlərindən fərqləndirən əsas cəhətlərdən biri bu şeirlərdə saf və ülvi sevginin təbliği ilə yanaşı, bir nəsihət, öyüd, ustadnamə ruhunun olmasındadır.
Ağlı olan baxmaz hərcayi sözə,
Yaman söz hər zaman çəkilər üzə.
Gözəl ləkələnsə bənzər kağıza,
Ha pozsan silinməz, qara düşəndə.
Dost gərək danışa dostun özüynən,
Hər sözü eşidə, görə gözüynən.
Vəfalı yar müxənnətin sözüynən,
İlqarından dönməz, dara düşəndə.
Sovet hakimiyyəti şəxsiyyət azadlığını buxovladığı kimi, insanın azad düşüncəsinə, onun dini inancına da kobudcasına müdaxilə edirdi. Xüsusilə türk-müsəlman respublikalarında İslam dininə, məscid və ibadətxanalara hakimiyyətin güc strukturları barbarcasına təcavüz edir, xalqın azad düşüncəsini təhdid altında saxlayırdı. Rejimin ən çox ehtiyat etdiyi və total nəzarət altında saxladığı qələm adamından, ziyalıdan əsas tələbi bu idi ki, qəbul edib-etməməyindən asılı olmayaraq yeni quruluşu tərifləyib, təbliğ etsin. Ruhani bir ailədə böyüyüb dərin dini inanca bağlı olan şair Nəbi də istəyindən asılı olmayaraq bəzən bu sayaq konyuktur şeirlər yazsa da, bu ovqat onun şeirlərində aparıcı 9 xətt təşkil etməmiş, ötəri bir hiss olaraq yaradıcılığında ciddi yer tutmamışdır. Əvəzində isə doğma yurdun ilahi gözəlliklərinin tərənnümü, ana təbiətin vəsfi şairin yaradıcılığında diqqət çəkəcək qədər zəngin olmuşdur.
Hər fəslin cürbəcür donlar geyinir,
Həm yaşıl, həm ağı, qaranı dağlar.
Bir fəslin gül-çiçək, cənnət bağı tək,
Səfada keçirsən aranı, dağlar.
Bir fəslin insana eyləyir hörmət,
Gələn qonaqların çəkirlər ləzzət,
Bir fəslin boş olur, keçirsən xəlvət,
Kəsirsən yolları, aranı, dağlar.
Nəbi, sən də seyr edərdin, bir zaman,
Gah ayaz olardın, gah çiskin, duman.
İndi tufan, boran, heç vermir aman,
Yağdırırsan qarı, boranı, dağlar.
Öncə qeyd etdiyimiz kimi, Kəlbəcər təbiətinin təkrarsız gözəllikləri, bölgənin məşhur yaylaqlarının, dağların, bulaqların və sair gözəlliklərin tərənnümü şairin şeirlərində dərin bir məhəbbətlə öz bədii əksini tapmışdır. Dirilik çeşməsi, dünya şöhrətli İstisuyun vəsfi də doğma yurd-yuvaya cani-dildən bağlı olan bir el şairinin dünyaya hayqırtısıdır.
Qış ayları gedib, bahar gələndə
Köksündən ha qalxır duman, İstisu.
Sinəndən car olan sərin çeşmələr
Atlanıban olur ümman, İstisu.
Arandan ellərin üz tutub gəlir,
Boz sürülər damənindən çəkilir,
Ətrafında ağ çadırlar tikilir,
Yaz, yay olur səndə mehman, İstisu.
Dədə Ələsgərdən üzübəri el gözəllərinin ustad şairlər tərəfindən öz adları, ünvanlarıyla tərənnümü xalqın əsl söz adamına, el şairinə göstərdiyi ehtiramın, etibarın əks-sədası idi. Şair Nəbinin şeirlərindəki bu çalar da onun xalq arasındakı hörmətinin, etibarının göstəricisidir.
Gəzdim çox mahalı,görə bilmədim
Sənin kimi sərxoş maralı, Telli.
Səni sevən mülkü-maldan əl çəkər,
İstəməz nə dövlət, nə malı, Telli.
Hüsnün gözəlliyi tən edir Aya,
Əndamın gözəldir, bənzər hümaya.
Salmısan sərimi yaman sevdaya,
Firqətindən cismim yaralı, Telli
Nəbi Dilsuzun yaratdığı məhəbbət dastanlarından birincisi qeyd etdiyimiz kimi, “Dilsuz və Xəzangül” adlanır. Şairin özünün ədəbi təxəllüsü olan Dilsuzun dastanın qəhrəmanı kimi təqdimatı sənətkarın saf sevgi yolunda qəhrəmanların hər cür əzabəziyyətə, ağrı-acıya dözmələrinin təbliği, gənclərin bu cür sədaqətli aşiq-məşuqlardan nümunə götürmələrinə bir növ çağırışdır. Təsadüfi deyil ki, dastan oxucular tərəfindən böyük rəğbət qazanmış, sonradan şairin dastan qəhrəmanları xalq arasında sevildiklərindən onların adları yeni doğulan uşaqlara qoyulmuşdur. O zamandan da bölgədə və onun hüdudlarından kənarda Xəzangül və Dilsuz adları geniş yayılmışdır. Şairin yaratdığı ikinci məhəbbət dastanı olan “Fəzli və Məhluqa”nın mövzusu və süjeti də iki gəncin saf sevgi yolunda apardıqları mübarizəni əks etdirir. Dövrün qadağaları, köhnə adətənənələr onların saf sevgilərinə mane ola bilməmiş, gənclər məhəbbətləri yolunda ağır məşəqqətlərə tuş olsalar da, sonadək öz əhdlərinə sadiq qalmışlar. Şairin hər iki dastanı xoş sonluqla bitir. Aşiq-məşuqlar apardıqları ağır mübarizə və dönməz iradələri ilə vüsala qovuşurlar. Dastanın ideyası gənc nəsili saf məhəbbəti qorumağa və bu sınaqlı yolda daim mübarizəyə səsləyir. Oxuculara təqdim olunan bu kitab şair Nəbi Dilsuzun yaradıcılığını hərətərfli əhatə edən ilk yazılı nümunədir. İnanırıq ki, poeziyasevərlər və diqqətli oxucularımız ustad sənətkarın yaradıcılığı ilə tanışlıqdan böyük məmnunluq duyacaqlar.
Dəlidağ.az
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 12-07-2023 13:18
Baxış sayı: 2420
Yazı axını
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
06 / 11 / 2024
06 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23
15-11-2024 10:41