Çınar Arıkanın "Bir tay ayaqqabı"sı (Hekayə)

17-11-2019 13:03

Dalidag.az çağdaş türk ədəbiyyatının ünlü simalarından olan şair-yazıçı Çınar Arıkanın ağrı-acımızı əks etdirən "Bir tay ayaqqabı" hekayəsini  təqdim edir. Qeyd edək ki, hekayəni Azərbaycan türkcəsinə  Sevinc Qərib uyğunlaşdırıb.


                                                        BİR TAY AYAQQABI


23 fevral 1992-ci il. Azərbaycanın Dağlıq Qarabağ Bölgəsi. Xocalı. Havada ayaz var, olduqca soyuqdu. Şaxta buz kimi kəsir. Kərimin ailəsi isti sobanın ətrafına yığışıb qızınmağa çalışır, soyuq eynlərinə də deyil. Sabah ailənin ən kiçik üzvü Həsrətin 7 yaşı olacaq. Ailəsi çox sevinclidi.

Həsrət yavaş-yavaş yeniyetməlik dövrünə qədəm qoyurdu artıq. O gecə ailə gecədən xeyli keçənə qədər fənərin işığında oturdu, sonra  yataqlarına girib, yatdılar ...

24 fevral 1992-ci il. Kimsəsiz, boş Xocalı küçələri. Həsrətin atası Kərim erkəndən evdən çıxmışdı. Niyyəti uzun müddətdir ayaqlarında deşilmiş, sukeçirən ayaqqabıları sürütləyən oğlu Həsrətə təzə ayaqqabı almaq idi. İlk açılan mağazadan ona bir ayaqqabı aldı, yaxşı- yaxşı kağıza bükdü, paketə qoydu. Oğluna hədiyyə almışdı.

Kərim bazardan gələnə qədər evdəkilər çoxdan durmuşdu. Birlikdə yemək yedilər, olan-qalandan. Sonra Kərim oğlu Həsrəti yanına çağırdı:

-Canım övladım, bu gün sənin doğum günündü. Sənə kiçik bir hədiyyə almışam- dedi.

Kağıza bükülü paketi ona verdi. Həsrət kâğızları cırıb tulladı. Par-par parıldayan bir cüt ayaqqabı varıydı əlində. Dərhal  əyilib ayaqqabıları geyindi. Ayaqlarını qucaqlayan bir cüt ayaqqabıya  sahib olmaq onu o qədər xoşbəxt etmişdi ki, sevincindən az qalırdı uçsun. Çirklənməsin deyə evin içində geyindiyi ayaqqabılarını gecə yatanda da yanına almış, o sayaq yatmışdı.

Yuxarı Qarabağda ermənilərlə azərbaycanlılar arasında müharibə başlayandan bəri bu bölgənin əsas strateji nöqtəsi  Xocalı şəhəriydi. O, Ermənistan üçün hərbi hədəf idi. Xocalı şəhəri, Qarabağ deyilən dağ silsiləsində Ağdam-Şuşa, Əskəran-Xankəndi yollarının üstündə yerləşirdi. Bu müharibə başlayandan Kərimin ailəsi də çox  narahat idi.

Erməni əsgərlərinin bölgəyə hücum edəcəkləri ehtimal olunurdu, bu barədə çox söz-söhbət gəzirdi. Onsuz da saysız hücumlar olmuşdu. Xocalı Xankəndidən 10 km cənub-şərqdə yerləşirdi.

Qarabağdakı yeganə hava limanı Xocalıda yerləşirdi. Xocalı 1991-ci ilin oktyabrından bəri blokadada idi. Ətrafı tamamilə erməni əsgərləri tərəfindən mühasirəyə alınmışdı. 1991-ci il oktyabr ayının 30-dan quru nəqliyyat yolu bağlanmış və tək nəqliyyat vasitəsi kimi vertolyot qalmışdı.

Xocalıya sonuncu vertolyot 1992-ci il yanvar ayının 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında 40 nəfərin həlakı ilə nəticələnən mülki vertolyotun vurulmasından sonra isə bu əlaqə də kəsilmiş və Xocalı artıq tam mühasirədə qalmışdı.

Yanvar ayının 2-sinden etibarən Xocalıda elektrik enerjisi də kəsilmişdi.

Fevralın ikinci yarısından başlayaraq, Xocalı erməni silahlı dəstələri tərəfindən mühasirəyə alınmışdı və hər gün toplardan və iriçaplı pulemyotlarlardan atəşə tutulurdu. Şəhər böhran içində idi.

25-26 fevral. 10 min əhalisi olan Xocalıda 25-26 fevral günlərində 3.000 azərbaycanlı var idi.

25 fevral gecəsi erməni əsgərlərinin hücumları vəhşilik həddinə çatdı. Qətliama başlamışdılar.

Silah səslərini eşidən müdafiəsiz, silahsız vəziyyətdə olan Kərimin ailəsi də səslərin yaxınlaşdığını hiss edib, dağda heyvanlarını saxladıqları daş mağaraya getmək üçün evlərindən çıxmışdılar.

Həsrət üçün ayaqqabısı çox önəmli idi. Gecənin qaranlığında ayaqqabılarını götürdü, ailəsi ilə birlikdə mağaraya doğru qaçdılar.

Qaranlıqda Həsrətin ayağı bir ağac kötüyünə ilişdi və yıxıldı. Yerə yıxıldı, əlində tutduğu ayaqqabının bir tayı qaranlıqda itdi. Əli ilə yoxladı, ancaq tapa bilmədi. Atası onu yerdən qaldırdı və qaçmağa davam etdilər.

O arada sıx silah səsləri və insanların qışqırtıları eşidilirdi. Hücum iki gün davam etdi. 26 fevral gecəsi bu hücumlar, qətliama və tam bir vəhşiliyə çevrildi. Hücumda qətl edilən azərbaycanlıların ümumi sayı 1.300 nəfərə yaxın idi. Qadın, uşaq və yaşlılar da daxil olmaqla  vətəndaşlar qətl edildi. Qırğının ilk gecəsində səkkiz ailənin bütün üzvləri öldürüldü, 700-dən çox uşaq ana ya da atasını itirdi. Yaralıların sayı 1000 nəfər idi. Çoxlu sayda insan Qarabağdan  getmək məcburiyyətində qaldı və qaçqın vəziyyətinə düşdü. 

Həsrət qırğından xilas olmuşdu. Amma ayağına geydiyi tək tay ayaqqabısı ilə həyatının ən xoşbəxt günü zəhər olmuşdu. Ölən qardaşlarının ağrısını ürəyində heç bir zaman unutmayacaqdı. Ayağındakı bir tay ayaqqabıya baxırdı Həsrət.Yetər artıq, bitsin, insanlıq cinayətləri, zülm, işgəncə, müharibə və qırğınlar deyirdi Həsrət!

2019-cu ildir. Həsrət hələ də o bir tay ayaqqabını saxlamaqda davam edir.

Dalidag.az






Kateqoriya: Karusel / Tərcümə
Tarix: 17-11-2019 13:03
Baxış sayı: 3799
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024