Reklam
"Əlövsət Saldaş öz dərdini poeziyanın dili ilə elə deyir ki..."- Yusif Hüseyn
25-10-2019 12:50
İNSAFƏN, ƏLÖVSƏT SALDAŞ DÖVRÜMÜZÜN ƏN POPULYAR VƏ SEVİLƏN ŞAİRLƏRİNDƏNDİR, DESƏM, YANILMARAM…
Şair adına sığınıb “yaşayanlar” çoxdu. Kimisi kitab çıxarıb, elə bilir ki şairdi, kimisi bir necə şerin hasabına, aşıqlar nəyin hesabınasa onun bir şerini oxuyur, elə bilir ki, şairdi. Amma mən çəkinmədən deyə bilərəm ki, Əlövsət Saldaş könüllərdə sevilən, anadangəlmə şairdir. Təxminən 45 illik dostluğuma və bu illər ərzində onun yaradıcılığı ilə yaxından tanışlığıma görə deyirəm:
-Əlövsət Saldaş Xalqın sanballı Şairidir. Bunu onun poeziyasının xalq tərəfindən sevilməsi, yaddaşlarda əzbər olması, məclislərin bəzəyinə çevriməsi təsdiq edir. Tanrı qorusun, qardaş! Dediyin hər şeirdən nur yağır könüllərə:
Sənətim eləcə ah-vaylıq oldu,
Qismət uzaqlaşdı, o taylıq oldu.
Bizi ayrı salan bir yaylıq oldu,
Büküb saxlamışam,gəlib aparsın..
Bir zaman alınmaz qalaydım,qala,
İndi gülənlər var düşdüyüm hala.
Qıymıram, baxımsız, qayğısız qala,
Adını könlümdən silib aparsın..
Dözümsüz olmuşam, ağrılar əyir,
O da məngünlüdü, görənlər deyir.
Qalmasın ürəkdə yazdığım şeir,-
Göynəyən sinəmi dəlib, aparsın...!
Əlövsət Saldaş öz dərdini poeziyanın dili ilə elə deyir ki, sanki sənin dərdinə ağlayır. Bax şairlik budur. Bu il 60 illik yubileyi və “ Ömrün payızından üzü yuxarı” adlı yeni kitabının təqdimatında şair haqqında dediklərimi iştirakçılar və təşkilatçılar öz gözləri ilə gördülər. Tədbir Şamaxı İcra Hakimiyyətinin göstərişi ilə, Qobustan rayonu Gənclər Təşkilatı tərəfindən çox yüksək səviyyədə hazırlanmışdır. Şairin doğmaları, şairlər, aşıqlar, müğənnilər və qiraətçi dostları iştirak edirdi. Bir daha tədbirin təşkilatçılarına və iştirakçılarına həm şairin doğmaları adından, həm də öz adımdan təşəkkürümü bildirirəm.Tanrı yaxşıları qorusun. Şairin öz dediyi kimi:
Daha ovundurmaz xoş qılıq məni,
Yorur çiynimdəki arxalıq məni.
Yaman yaxalayıb qocalıq məni,
"Batmış"da ömrümə beləcə gəldi.
Necə qatlaşıbdı neçə yaşa can,
Dözə biləcəkmi görən başacan?!
Qar yağıb saçıma, enib qaşacan,
Bu "qış" da ömrümə beləcə gəldi.
Yağdı payızımda yağışlar,getdi,
Pozuldu ilahi naxışlar, getdi,
Getdi gurultulu alqışlar, getdi,
“Qarğış” da ömrümə beləcə gəldi.
Nə olsun, Əlövsət daşnan adaşdı?
Könlü parça-para, gözləri yaşdı.
Düzləri dolandı, dağlardan aşdı,
Altmış da ömrümə beləcə gəldi…
Qardaş, inşallah 100 yaşını da dostların və doğmalarınla birlikdə qeyd edərsən. Ta ki, Tanrı rüsxət, ömür və möhlət versin.
Əlövsət Saldaş zorla şeir yazmır, şairin təbi Tanrı tərəfindən əta olunmuş ilahi bir qüdrətdir ki, bu da çağdaş poeziyamızda az-az rast gəldiyimiz gözəllikdir. Tanrı bu təbi qorusun şair! Sən xoşbəxt şairsən ki, geniş və sevilən oxucu kütləsinin əhatəsindəsən. Öz şerində yazdığın kimi hamı səni duyur və anlayır. Axı söz sərraflarını “cılız şeirlərlə” aldatmaq olmaz. Necə ki özün deyirsən:
Sevirəm sözünü dilin deməsin,
Yerinə danışır göz, anlayıram.
Bəzən dil dediyin qana bilmirəm,
Baxışı tez duyur, tez anlayıram.
Bir - birin səsləyən Anadil olaq,
Çəməndə sayrışan qoşa gül olaq,
Qorxuram alışaq, yanaq kül olaq,
Əbəs közərməyib köz, anlayıram.
Şirindir vurduğun mənə- bu yaram,
Saldaşam,mən qanı qanla yumaram.
Hisslərin qoynunda məsti-xumaram,
Hərdən dumanlıqda söz anlayıram.
Əlövsət Saldaş həyatın bərkinə-boşuna düşən, əzablar-əziyyətlər görən şairdi. Şerindəki yanğılar bunu təsdiq edir. Yurd itkisi, ata-ana itkisi, vaxtsız ustad şair qardaşı Əbülfət Sarıoğlu itkisi.Yunis kimi əminin itkisi...”Can nazilir, üzülmür” qardaşım. Bütün bu itkilər tək sənin itkilərin deyil, bütün bir Kəlbəcər elinin-obasının itkiləridir ki, bizimlə axirət evinə qədər yol yoldaşıdır:
Göndərə bilmədim yara yazımı,
Duymasın şaxtamı, yar ayazımı.
Yazan belə yazıb, qara... yazımı,
Axtardım, qırmızı sətir görmədim.
Oxuyan elə hey qəmnən oxuyur,
Oxuyur, ruhumu qəmə toxuyur.
Saralmış güllərim möhnət qoxuyur,
Saçsın hər tərəfə ətir,- görmədim.
Hər acıdan deyil mənim acım da,
Məğlub "naxışı" var şöhrət tacımda.
Dərdlərim qovrulur indi sacımda,
Bişirsin bir quru fətir,- görmədim.
Bununla belə o yenə də Allaha bağlılığını son anda dualar şəkilində söyləyir...
Bu sonluq ömrümə necə calandı,
Bir də ayıldım ki, vaxtsız talandı...
Deyirlər xoş gün var, bəlkə yalandı,
Allahım sən özün yetir,- görmədim.
Ümid üzülməyib hələ, gözləyir,
Xəstə nar gözlər e...elə gözləyir.
Əlövsət yol üstdə, Lələ gözləyir,
Karvanı mənzilə yetir,- görmədin?!
Sözünü, fikrini poetik dillə sanballı deyən şairdi Əlövsət Saldaş. Onun yaradıcılığında mənasız söz yığınına, cılız və çeynənmiş qafiyələrə rast gəlməzsiniz. Məna zənginliyi, fikir aydınlığı həmişə özünü göstərir:
...Söz sahibi gərək, zavallı olsun,
Yarı ac, yarı tox - bu hallı olsun.
Qoy sözüm salğarlı- sanballı olsun,
Heç çəkim olmasın darıcan, bala.
Bir şair varıydı Əlövsət addı,
Bimədim, görəsən hayanda batdı.
Dünya nemətləri könlümə yaddı,
Anadan olannan orucam, bala.
Yurd yanğısı, köçkünlük həyatı ömür səlnaməsinə nələr yazmadı şairin?! Amma yenə də gözü- könlü bu dünyadan tox olan şair elə gənc yaşlarından ağsaqqal təmkinli, ziyalı mədəniyyətli, "ağırtaxtalı" bir ömür yaşayır. Tanrı sənə və səni sevənlərə yar olsun qardaş.
Yenə də şairin bir necə gəraylı bəndini sizlərə təqdim edirəm, dostlar:
Tapınanım yoxdu daha,
Unudulmuş din kimiyəm.
Bunnan belə göyərmərəm,
Daş ovcunda dən kimiyəm.
Qəlbə dəyir ... dilim qaçır,
Yara vurur ... əlim qaçır.
Görən... ilim - ilim qaçır,
Şeytan kimi, cin kimiyəm.
Biri üçün yanan adam,
Biri üçün yaman adam...
Mən birazca duman adam-
Birazca da çən kimiyəm.
Əlövsət Saldaş sağlığında öz poeziyası ilə hələ zamanın süzgəcindən keçib yaddaşlara yazılmış bir şairdi. Bir bəndin məna yükü bir kitaba bərabər şair deyir:
Çıxıb gedəcəyəm səssiz-səmirsiz,
Bir daşa yazılmış adım qalacaq.
Damaqda bilmirəm, dildə bilmirəm,
Hardasa bir qırıx dadım qalacaq...
...Həyatın sonunu təmkinli şəkildə deyən şair könül sirdaşını da necə səmimi səslədiyinin şahidi olaq:
Niyə dayanmışıq yol ayrıcında,
Gəlsənə, o güllü çəmənə gedək.
Qınayar ötənlər, görənlər bizi,
Ya sənə çəkilək, ya mənə gedək.
Bəlkə darıxdırdı buralar səni,
Hara istəyirsən, de mənə, gedək...
Ya elə bu yerdən qayıdaq geri,
Xatirəyə dönək, dünənə gedək.
...Qoşa addımlıyaq qalan yolları,
Dünyanın obaşı nəmənə, gedək!...
Əziz oxucular, hörmətli dostlar, Əlövsət Saldaşın “Ömrün payızından üzü yuxarı” adlı kitabını axtarın, tapın,alan heç vaxt uduzmaz. Alın, oxuyun. Onda dediklə
rimi siz də bir daha təsdiq edəcəksiniz.
Tanrı bizi doğma yurd yerlərimizdə görüşdürsün, qardaş!
Yusif Hüseyn, şair-tədqiqatçı,
"Qızıl Qələm” mükafatı laureatı
Dalidag.az
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 25-10-2019 12:50
Baxış sayı: 32 408
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23