Reklam
Böyük Məmməd Araza ithaf və ya Gülxanım Fətəliqızına rekviyem...
26-07-2021 19:25
Əslində bunu böyük Məmməd Araza ithaf da, onun dağçəkməz dərdini mətanətlə çəkən, onun acısını şərbət yerinə içən Gülxanım Fətəliqızına rekviyem də adlandırmaq olar.
Selboğan dərələri bir mərd qadınla keçdim” (M.Araz)
Azərbaycanın xalq şairi Məmməd Araz.
Azərbaycanın sevimli xalq şairi Məmməd Arazın vəfalı ömür-gün yoldaşı Gülxanım Fətəli qızı.
Ərinin şöhrətinə sığınıb tanınan, məşhurlaşan çox qadınların adını sadalamaq olar. Ərinin şöhrətli adı və yaradıcı istedadının kölgəsində adını tarixə həkk etməyə çalışan qadınlar da çoxdur. Belələri yaşadıqları dövrdə ulduz kimi parlasalar da, gecələrin birində yoxa çıxıb unudulurlar.
Lakin elə fədakar ömür-gün yoldaşı, elə möhtəşəm və vəfalı qadınlar da var ki, onlar əsrlərlə həmin yaradıcı insanların şah əsərləri ilə qoşa yaşayır, xatırlanır, həmin şəxsiyyətlərin ömrünün bir hissəsi olaraq tarixdə əbədi qalırlar.
Ölməz şairlərimiz Əhməd Cavadın Şükriyyəsi, Xəlil Rza Ulutürkün Firəngizi, Məmməd Arazın Gülxanımı ...( siyahını uzatmaq da olar!) kimi. Belə qadınlar öz sədaqəti, dözümü, öz ərinin şəxsiyyətini uca tutması ilə aşkar bir qəhrəmanlıq nümunəsi göstərirlər.Onlar Azərbaycan qadınlarına xas olan misilsiz fədakarlıqları ilə daha bir ömür qazanır, keşiyində durduğu, yolunda fədakarlıqlar etdiyi ƏRləri ilə bərabər nəsillərin yaddaşında həmişəlik yaşayırlar.
Məmməd Araz 2004-cü ildə dünyadan köçmüşdü, 71 yaşında. Ancaq bunun tam 30 ilini ağır xəstəliklə yaşamış, dillər əzbəri olan əsərlərini də həmin illərdə ərsəyə gətirmişdi. Həmin dövrdə bədxahları tərəfindən haqsız olaraq incidilmiş, sağalmaz xəstəliyə düçar edilmiş, “qol-qanadı sındırılmış” (Zəlimxan Yaqub) Məmməd Araza qayğı göstərmək, qulluğunda durmaq, çox çətin oxunan əlyazmalarına yeni həyat vermək yükünü məhz Gülxanım xanım yerinə yetirmişdi. Məmməd Arazın vəfatından sonrakı müsahibələrinidən birində o, etiraf edirdi: xəstəlik üzündən o qədər anlaşılmaz xətlə yazırdı ki, hətta bəzən yazdıqlarını özü də oxuya bilmirdi, ədəbiyyat müəllimi olduğumdan mən oxuyur, çətinlik çəkdiyim sözləri isə soruşurdum. Razılaşırdı, sonra sözü yerinə yazırdım...
Gülxanım Fətəli qızının göstərdiyi fədakarlığa adi bir qadın cəfakeşliyi kimi baxmağın tərəfdarı deyiləm; bu, bizim Azərbaycan qadınlarına xas olan ümumi xarakter göstəricisidir. Onun göstərdiyi bu əzmkarlıq xalqımızın qarşısında böyük məsuliyyət və ictimai borc idi. Məmməd Araz kimi nadir istedadı ağır xəstəliyin əlindən alıb onu Azərbaycan xalqına qaytarmaq böyük vətənpərvərlik və qəhrəmanlıq idi.
Qızı, tanınmış ictimai xadim İradə Tuncay Məmməd Araz-Gülxanım Fətəliqızı münasibətlərini çox düzgün səciyyələndirmişdir: “Sarsılmaz iradə onu 71 il ayaqda saxlamışdı. Əvvəl əli əsəndə utanardı. İnsanlardan qaçardı. Amma ümman qədər sevginin qarşısını ala bilmədi. Gizlənsə də, insanlar onu axtarıb tapırdılar. Danışa bilməyən, qırıq-qırıq sözlərini ilahi kəlmələr kimi qəbul edirdilər. Bu sevgini hiss edirdi, yaşadırdı gerçəkdən bu sevgi onu. Bir də sadiq həyat yoldaşı dayaq oldu ona. Bir qadın ömrünü şair ömrünə qurban verməyi bacaran insan. Məncə onların heykəli qoşa qoyulmalıdır. Çünki Məmməd Arazı yaşadan, onun sanki bizimlə tərcüməçisinə çevrilən, dilini, yazısını, rejimini yeganə bilən insan. Bir-birinin əlindən möhkəm yapışıb, qüruba doğru irəliləyən bu iki insan Azərbaycan ədəbiyyatı tarixində sədaqət rəmzinə çevrilən ən gözəl nümunələrdən oldular”.
Atası gözlərinin önündə cismən əriyə-əriyə yaşasa da, tunc heykəl kimi mənən bütövləşən Məmməd Araza sevgi dolu bu kövrək sətirlərə nə əlavə etmək olar?!
Gülxanım Fətəliqızı Məmməd Araz ömrünü xatirələrində yaşadan “Ömürdən yarpaqlar” kitabını yazıb Məmməd Arazı sevənlərə çatdırdı. Əslində o, kitabı yazmaqla dahi şairə olan son borcunu da şərəflə yerinə yetirə bildi. Böyük zəhmətin bəhrəsi olan həmin kitab Məmməd Araz haqqında ədəbi-salnamə kimi çox böyük dəyərə malikdir...
“Dünya sənin, dünya mənim, dünya heç kimin...” .
Gülxanım Fətəliqızı da artıq həyatda yoxdur.
Artıq bir neçə gündür ki, bu fədakar insan da Haqqa qovuşub. Daha “təklənmək qorxusu” yoxdur. Ömrün 47 ilini vəfasız dünyanın qayğılarını çiyinlərində birgə daşıyan iki böyük insanın ruhu, yəqin ki, bir yerdədir. Böyük şairimizin cəfakeş qadınına həsr etdiyi bircə misranı- “...Sel boğan dərələri bir mərd qadınla keçdım...” misrasını dönə-dönə, duya-duya təkrar edərək əziz xatirəsini yad edirəm:
Çox tozanaq atlını təmkin atınla keçdin,
Sel boğan dərələri bir mərd qadınla keçdın.
Bütün keçilməzliyi, Vətən, adınla keçdim...
Haqqın var, Məmməd Araz,
Haqqın var yaşamağa!
Ruhun şad olsun, Məmməd Araz!
Ruhun şad olsun, Gülxanım ana!
Hüseyn Şahbəndəyev,
Əməkdar müəllim
Dalidag.az
Kateqoriya: Yazarlar
Tarix: 26-07-2021 19:25
Baxış sayı: 41 456
Yazı axını
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02