Dünya ədəbiyyatından qısa hekayələr

29-09-2019 00:47


Xavier Alfaro Kalvo
 Sevginin Zamanı

 
  İnsan sevəndə zaman dayanır. Sabah iki saat boyunca sənə baxdım. Dünən sənə daha çox baxa bilmək üçün özümə iki əlavə göz alacağam. 
 
  Avqusto Monterroso
  Qara qoyun
 

   İllər öncə uzaq bir ölkədə yaşayan bir qara qoyunu güllələdilər.  Yüz il sonra peşman olan sürü onun at üstündə bir heykəlini ucaldıb parkın ən gözəl yerinə qoydular. Sonrakı illərdə də nə zaman bir qara qoyun görsələr onu da o dəqiqə edam edirlərmiş ki, gələcək nəsillərin sıradan qoyunları  heykəl sənətiylə məşğul ola bilsin. 
 
  Alejandro Jodorovski
  Pəri

 
  Başında tacı olan qurbağa bir adamın önünü kəsib "öp məni” dedi. Adam düşündü: "Qurbağa ovsunlanıb. Onu öpsəm krallığın varisi olan gözəl bir şahzadəyə çevrilə bilər. Onunla evlənib taxt-taca sahib olaram”. Və qurbağanı öpdü. Adam bir göz qırpımında qurbağaya çevrildi. Öpdüyü qurbağa sevinclə qışqıraraq dedi: "Əzizim, çoxdandır sənə cadu ediblər, amma nəhayət səni xilas etdim!”
 
  Karel Çapek
  Yanlış

 
  Ağdənizdə gəmiylə gedirdik. Hər yer gömgöydür. Dənizin harada bitib səmanın harada başladığını ayırd etmək olmur. Buna görə limanda və gəmidə hər yerdə haranın yuxarı, haranın aşağı olduğunu göstərən lövhələr var. Bu lövhələr olmasa adam səmayla dənizi qarışdırar. Ötən gün gəmimizin  kapitanı bir gəminin yanlışlıqla dənizdə üzmək əvəzinə səmayla üzdüyünü dedi. Gəmi ucsuz-bucaqsız səmadan bir daha geri dönmədi və indi onun harada olduğunu heç kim bilmir. 
 
  Xulio Kortasar
  Paskalya adasının güzgüləri

 
 
   Paskalya Adasının qərbində güzgüyə baxanda keçmiş zamanı, şərqində güzgüyə baxanda isə gələcək zamanı görmək olurdu. Ancaq millimetrlik ölçüylə güzgünün adada indiki zamanı göstərdiyi nöqtəni tapmaq olardı. Yenə də güzgünün haradasa düzgün göstərməsi bütün güzgülərin də düzgün göstərdiyi mənasına gəlmirdi. Çünki fərqli materiallardan hazırlanan bu güzgülərin işləmə metodu fərqli idi. Bu səbəblə Gugenheim təqaüdüylə adaya tədqiqat üçün gələn antropoloq Salomon Lemos adanın şərq tərəfində üzünü qırxarkən güzgüdə özünü xəstəlikdən ölmüş gördü. Amma eyni zamanda Paskalya Adasının qərbindəki kiçik güzgü heç kimə (çünki qayaların arasına düşmüşdü) öncə şortla məktəbə gedən Salamon Lemosu, sonra anası və atası tərəfindən vannada sevinclə sabunlanan balaca Salomon Lemosu, sonra da Trenkue Lauqindəki bir tarlada "quu qu” deyərək xalası Remeditosu duyğulandıran Salomon Lemsou göstərirdi. 
 

  İstvan Örkeny
  Yuva


    
  Qızcığazın dörd yaşı vardı. Ötən günləri çoxdan unutmuşdu. Anası onu dəyişikliklərə hazırlamaq üçün tikanlı məftillərin yanına gətirdi. Uzaqdan keçən qatarı göstərib dedi:
   Bax, o qatar bizi də evə aparacaq.
   Bəs onda nə olacaq?
   Onda öz evimizdə olacağıq. 
   Nə deməkdi öz evində olmaq? – deyə soruşdu qızcığaz. 
   Yəni əvvəllər yaşadığımız yerə qayıdacağıq. 
   Nə var ki orada?
   Balaca ayı oyuncağı xatırlamırsan? Bəlkə, digər oyuncaqlarında durur hələ.
   Ana, evdə də gözətçilər olur?
   Yox, qızım, evdə gözətçilər olmur.
   Yəni oradan qaça bilərik?

Tərcümə Ramil Əhmədindi 


Kateqoriya: Tərcümə
Tarix: 29-09-2019 00:47
Baxış sayı: 3569
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
 
 
 
 
 
 
11 / 10 / 2025