200 il əvvəl almanlar Azərbaycana niyə köçmüşdü...

19-07-2021 09:28
Gəncə

Azərbaycan əhalisinin 1939-cu il göstəricilərinə nəzər salanda gözə respublikada 23 mindən çox almanın yaşaması barədə rəqəmlər dəyir. Təəccüblənməmək mümkün deyil. Çünki indi ölkədə nadir hallarda hər hansı almanın yaşaması haqda eşitmək mümkündür.

Dalidag.az xəbər verir ki, almanların Azərbaycana böyük köçü 1817-1818-ci illərdə baş tutub. 500 nəfərdən ibarət 8 alman koloniyası general Aleksey Yermolovun göstərişi ilə bu torpaqlarda yerləşdirilib. Çar Rusiyası prosesə o dövr üçün yetərincə böyük məbləğ – 697 min 500 rubl xərcləyib.
Azərbaycanda alman icmasının yaradılmasında məqsəd nə idi? Böyük ehtimalla Çar Rusiyası iki məqsəd güdürdü. Birincisi, Azərbaycan torpaqlarını xristianlaşdırmaq. Bura köçürülən alman icmasının nümayəndələri də dini ayinlərə ciddi əməl edən kəsim sayılırdı. İkincisi, kənd təsərrüfatına yeni metodlar gətirmək. Hesab olunurdu ki, məhz almanlar bu sahəni dirçəldə bilər.
İlk 118 ailə Gəncənin 10 kilometrliyinə, Gəncəçayın sağ sahilinə yerləşdirildi. Yaşayış yeri Yelenendorf (indiki Göygöl rayonu) adlandırıldı. Almanlardan ibarət ikinci dəstənin məskunlaşdığı əraziyə isə Annenfeld (Şəmkir rayonu) adı verilmişdi. Burada 67 ailə özünə məskən seçmişdi. Sonra gələnlər Alekseyevka, Yelizavetinka (hər ikisi Ağstafa rayonu), Georqsfeld (Şəmkir rayonu, Çinarlı qəsəbəsi), Qrünfeld (Ağstafa rayonu, Həsənsu kəndi), Traubenfeld (Tovuz rayonu) yaşayış yerlərinə köçürülmüşdü. 1819-cu ildə alman icmaları sayəsində Yekaterinenfeld və Aleksandergilf də yaradılmışdı. İndi bu yerlər Gürcüstan ərazisində yerləşir.
Çar Rusiyası almanlara qarşı səxavətli davranırdı. Onlara böyük subsidiyalar verilirdi. Hər ailəyə 30 desyatin torpaq sahəsi nəzərdə tutulmuşdu. 1823-cü ildə alman icmalarına ayrılan vəsait 1 milyon gümüş pulu keçmişdi. Rusiya İmperiyası bununla üzümçülüyü Avropa səviyyəsinə qaldırmaq istədiyini bildirirdi. Əsrin sonlarında yaxşı göstəricilər ortaya çıxmışdı. 1892-ci ildə Yelenendorfda ilk konyak zavodunun – “Forer qardaşları”nın açılışı olmuşdu. Bundan üç il sonra “Qummel qardaşları” da səhnəyə çıxmışdı. Yelenendorf alman şərabı ilk 10 ili ərzində dəfələrlə beynəlxalq mükafatlara layiq görülmüşdü.
Azərbaycan almanları bu torpaqlarda ipəkçiliyi, mineral su istehsalını da inkişaf etdirməyi bacarmışdı. Təəssüf ki, Birinci Dünya Müharibəsinin başlanması vəziyyəti pisə doğru dəyişdi. Rusiya ilə Almaniya kəllə-kəlləyə gəldi. Azərbaycandakı almanların torpaq sahələrini əlindən almağa başladılar. Tezliklə Yelenendorf Yeleninoya, Annenfeld isə Anninoya çevrildi. Azərbaycan almanları cümhuriyyət dövründə nisbətən rahat nəfəs ala bildi. İcmanın 1884-cü ildə Azərbaycanda doğulmuş nümayəndəsi Lorens Kun hətta parlamentin ilk üzvləri arasında yer almışdı. 1919-cu il iyunun 9-da isə cümhuriyyət ərazisində almanların bizim torpaqlara köçürülməsinin 100 illiyi qeyd edilmişdi.
Bolşeviklərin hakimiyyətə gəlməsi ilə Azərbaycan almanlarının başının üstünü qara buludlar aldı. Təkcə 1941-ci ilin oktyabrında 22 mindən çox alman Sibirə və Qazaxıstana göndərildi. İndi Avropa xalqından daha çox Azərbaycanın Qərb rayonlarında mədəni irs, memarlıq nümunələri yadigar qalıb./bizimyol.info

Dalidag.az


Kateqoriya: Sosium
Tarix: 19-07-2021 09:28
Baxış sayı: 3194
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını