Müsəlman ata ilə xristian oğulun görüşü

20-02-2021 18:07

Gənc Mirzə Kazımbəy (əsl adı Məhəmməd Əli) Həştərxanda şotland missionerlərinin təlqini ilə xristianlığı qəbul edəndən sonra missiyanın iqamətgahında yaşayırdı. Atasına çox bağlı olduğundan ilk günlər ondan ayrı necə qalacağını heç cür təsəvvürünə gətirə bilmirdi. Buna görə də missiyada bir neçə gün keçirəndən sonra atasının yanına vasitəçi göndərib onunla görüşmək istədiyini bildirmişdi. Hacı Qasımbəy görüş təklifindən boyun qaçırmamışdı, amma şərt qoymuşdu ki, onu oğlu kimi yox, hər hansı bir ingilis, fransız, ümumiyyətlə bir xaçpərəst kimi qəbul edəçək.

Hacı Qasımbəy neçə günlük intizardan sonra oğlunun yolunu səbirsizliklə gözləyirdi. Nəhayət, Məhəmməd Əli gəlib çıxanda ata heç kimin onların söhbətinə mane olmaması üçün qapını bağlamışdı. Mirzə Kazımbəyin qızı O. A. Baratınskaya - Kazımbəy (1843-1918) "Russkiy arxiv" jurnalında atasının söhbətlərinə əsasən görüşü belə təsvir etmişdi:

«Onlar uzun müddət ağladılar. Oğlunun dinindən üz döndərməsinə baxmayaraq ata ürəyinin övladına təbii bağlılığı qətiyyən azalmamışdı, Məhəmməd Əlinin atasına bəslədiyi məhəbbət isə lap artmışdı. Hacı Qasımbəy daha oğlunu qınamırdı, ancaq tez–tez deyirdi ki, görünür, şeytan onun ürəyinə yol tapıb; yoxsa öz Peyğəmbərindən və qoca atasından üz döndərməzdi».

Mirzə Kazımbəy isə həmin görüşün – müsəlman ata ilə xristian oğulun ilk görüşünün təfərrüatlarını belə xatırlayırdı:

«Atam ayağa qalxdı ki, məni öpsün, lakin birdən yadına nə isə düşmüş kimi dayandı: «Sən pak deyilsən, mən səni necə öpə bilərəm?».

O, ikinci dəfə ayağa qalxdı, amma yenə də bir qərara gələ bilməyib oturdu. Nəhayət, atalıq hissi ürəyindəki xurafat xofuna qalib gəldi, yaxınlaşıb məhəbbətlə gözlərimdən, yanaqlarımdan, alnımdan öpdü. Sonra isə gedib ağzını bir neçə dəfə yaxaladı. Çünki dodaqları napak oğluna toxunmuşdu...».

Hacı Qasımbəy oğlunu başa düşə bilməsə də, xüsusən tək qaldığı vaxtlarda onun tutduğu işdən dəhşətə gəlsə də, saatlarla günahının bağışlanması üçün Allaha dua etsə də, ürəyindəki atalıq hissini boğa bilmirdi. Dindar qoca başqalarının yanında oğluna bəslədiyi hissləri büruzə vermirdi. Tək qalanda isə onunla əvvəlki kimi mehriban rəftar edir, sonra da öz hərəkətindən xofa düşür, dəhşətə gəlirdi.

Qəzəbin və peşmançılığın ilk dalğası keçib getmişdi. Sarsılmış, ümidini itirmiş Hacı Qasımbəy artıq hər şeyi Allahın iradəsinə baqlayırdı: «Görünür, qəzanın qədəri belə imiş ki, oğlum kafir olsun. Kim Allahın hökmünə qarşı çıxa bilər?».

Görüşlərinin birində ata oğluna bildirmişdi ki, onun dinindən üz döndərməsi xəbəri Dərbəndə çatıb və ailənin çoxsaylı qohumlarını dəhşətə gətirib. Onlar cavan Məhəmməd Əliyə artıq dünyadan köçmüş adam kimi yas məclisi qurublar, qadınlar müsəlman adətincə paltarlarını ortalığa töküb ağlayıblar...


Vilayət Quliyev

Dalidag.az



Kateqoriya: Sosium
Tarix: 20-02-2021 18:07
Baxış sayı: 360
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını