İrəvanın ermənilərə verilməsində Osmanlı təkid edib – Tarix

30-05-2020 13:57

Qədim Azərbaycan məkanı və şəhəri olan İrəvanın 1918-ci il mayın 29-da ermənilərə “verilməsi”, daha dəqiq, güzəştə gedilməsi faktdır.
Dalidag.az xəbər verir ki, bu sözləri tarixçi-alim Solmaz Rüstəmova-Tohidi geniş məqaləsində qeyd edib. O bildirib ki, hadisələrə baş verdiyi şərait və şərtlərlər birgə, kompleks yanaşma lazımdır:
“Ermənilərin (Osmanlı və Qafqaz) hələ XVII əsrdən bəri Avropa, Rusiya və Yaxın Şərq ölkələrinin dəstəyi ilə “dənizdən dənizə” dövlət yaratmaq uğrunda apardıqları ciddi mübarizə, I dünya müharibəsində qalib Antanta dövlətləri (İngiltərə, Fransa, Rusiya, ABŞ) tərəfində əli silahlı nizami ordularda vuruşmaları, erməni siyasətçilınərinin genişmiqyaslı diplomatik təbliğatlarının nəticəsi olaraq bu müharibənin sonluğuna yaxın erməni dövlətinin yaranması danılmaz zərurət idi, söhbət sadəcə onun hansı ərazilərdə yaradılacağından gedirdi.
İddia etdikləri Osmanlı vilayətləri 1915-ci ildən başlayaraq xəyanətkar erməni əhalisindən demək olar ki, təmizlənmişdi. Erməni mənbələrinin özlərinin yazdığına görə, 350-450 min nəfər hüdudunda Osmanlı erməniləri 1916-1917-ci illərdə daşnak qoşunlarının müşayiəti ilə Cənubi Qafqaza, əsasən İrəvan quberniyasının ərazilərinə keçmiş, burada yerli azərbaycanlı əhalini kütləvi surətdə qırmış və qovmuş, məskənlərini zəbt etmiş, bölgənin demoqrafik vəziyyətini əsaslı surətdə dəyişmişdilər”.
Alim vurğulayıb ki, konkret həmin dövrdə bölgədəki siyasi proseslərdə Osmanlı dövlətinin aparıcı rol oynadığı, bu səbəbdən Ermənistanın hansı ərazilərdə yaradılması məsələsini də məhz Osmanlının müəyyənləşdirdiyi tarixi həqiqətdir:
“Öz dövlətini yaratmaq ərəfəsinə gəlib çıxmış azərbaycanlıların real vəziyyəti isə gürcülərdən, hətta geniş əraziləri ələ keçirib, indi də siyasi mərkəz məsələsinin həllinə girişən ermənilərdən də pis idi. Paytaxt Bakı daxil olmaqla bütün quberniya ərazisinin (Bakı, Şamaxı, Göyçay, Cavad, Ərəş, Lənkəran qəzaları) işğal altına düşdüyü, həmin ərazilərdə yaşayan xalqın bir hissəsi məhv edildiyi, qalan hissəsi düşmən idarəsi altında girov, yaxud dağlarda, meşələrdə, yarğanlarda, çöllərdə sərgərdan dolaşaraq aclıqdan, soyuqdan, qorxudan, xəstəlikdən qırıldığı, İrəvan-Zəngəzur mahallarından onminlərlə qaçqının Gəncə-Qarabağa axışdığı bir zamanda 70 faizi ermənilərdən ibarət 12-16 minlik Qırmızı Ordu Azərbaycan milli qüvvələrinin son “bastionu” Gəncəyə hücuma hazırlaşırdı.
1918-ci ilin mayında Azərbaycan nümayəndə heyəti (M.Ə.Rəsulzadə və M.H.Hacinski) Batumda, Osmanlı dövlətinin Qafqaz qoşunları komandanlığı ilə Bakının və Azərbaycan torpaqlarının biloşevik-rus-erməni qüvvələrindən azad edilməsi ətrafında çox ağır danışıqlar aparırdı. Həmin dövr gürcülərin arxasında Almaniya, ermənilərin arxasında İngiltərə və Fransa kimi qəyyum dövlətlərin durduğu bir şəraitdə azərbaycanlıların yeganə pənahı Osmanlı dövləti idi və bu dövlətin nümayəndələri Azərbaycan siyasətçilərinə israrlı şəkildə “ermənilərə bir qədər ərazi güzəştə getmək” kimi tövsiyələr verirdi.
“Bir qədər ərazi” altında İrəvan şəhəri nəzərdə tutulurdu, çünki həmin dövr İrəvan quberniyasına daxil olan 7 qəzadan artıq 5-i, o cümlədən quberniyanın ikinci böyük şəhəri - Aleksandropol (Gümrü) türk qoşunlarının nəzarətində idi və türklərin oranı boşaltmaq niyyəti yox idi. Belə bir şəraitdə “ermənilərə veriləcək siyasi mərkəz” ancaq İrəvan şəhəri ola bilərdi. Əslində isə bu zaman təkcə İrəvanın yox, Bakının və bütünlüklə Azərbaycanın taleyi həll olunurdu.
Odur ki, Milli Şurasının 29 may tarixli iclasında “İrəvanın Ermənistana güzəştə gedilməsi” məsələsini müzakirəyə çıxaran Azərbaycan hökumətinin başçısı Fətəli Xan Xoyskinin bu hadisəni dönə-dönə “qaçılmaz tarixi zərurət”, “bizlər üçün acı həqiqət” kimi qiymətləndirməsinin fərqinə varmaq lazımdır”.
S.Rüstəmova-Tohidi qeyd edib ki, “Bakının azadlığı İrəvandan keçir” mənasında tövsiyə-şərt qarşısında qərar qəbul etməli olan kişilər – Batumda danışıq aparanlar, Tiflisdə Milli Şura üzvləri daha böyük itki (Bakı və Azərbaycan) ilə daha kiçik itki (İrəvan) arasında seçim etməli idilər:
“Heç öz paytaxtını qaytarmağa imkanı olmayan Azərbaycan hökuməti İrəvan şəhərini faktiki olaraq özündə saxlaya bilərdimi? Bu şəhəri qoruyacaq Azərbaycan ordusu vardımı? Ümumiyyətlə, azərbaycanlılardan bu “güzəşt”ə cavab soruşur, ya icazə gözləyirdilərmi?
Burada bir məqamı da nəzərə alın ki, istər öz dövründə, istərsə bu gün bizim özümüzdən və türklərdən başqa heç kim İrəvanı Azərbaycan şəhəri hesab etmirdi. Ermənilər bu məkanı daim özlərinin tarixi, digərləri isə Rusiya imperiyasının quberniya şəhəri bilirdilər, indi də belə hesab edirlər.
Odur ki, həmin dövr üçün dövləti olmayan və bu səbəbdən İrəvana rəsmi şəkildə hər hansı iddia etməyə hüququ çatmayan azərbaycanlıların bu iddiasını heç ciddiyə almırdılar. Məhz bu sonuncu səbəbdən həmin “güzəşt” aktı hər hansı tərəflərarası müqavilə şəklində mövcud olmayaraq, yalnız Milli Şuranın 29 may tarixli iclasının protokolunda öz əksini tapıb və erməni nümayəndələri ilə də bu “güzəştin” müqabilində Qarabağa iddialardan imtina edəcəkləri barədə yalnız şifahi razılaşma əldə etmək mümkün olub.
Bu məntiqdən çıxış edərək, F.X.Xoyskinin “İrəvanı ermənilərə güzəştə getdik” ifadəsini əslində İrəvana “sahiblik”, eləcə də siyasi şəraitdən doğan çarəsizlik və gücsüzlük qarşısında, necə deyərlər, “ən pis şəraitdə yaxşı sima saxlamaq” cəhdi kimi də qiymətləndirmək olar.
Bu ifadə ilə Azərbaycaran Hökumətinin başçısı ən azı İrəvanın o dövrə qədər Azərbaycan şəhəri olduğu və ermənilərə məhz “güzəştə gedildiyi” faktını təsdiqləyirdi.
Burada bir vacib informasiyanı qeyd etmək istərdim: Azərbaycan Milli Şurası 1918-ci ilin 29 mayında ermənilərə çəmi 9,2 min kvadrat kilometr ərazi – İrəvan şəhəri və ətrafını güzəştə getmişdi. Həmin ərazilərdə yaşayan 321 min əhalinin 230 min nəfəri erməni, 80 min nəfəri azərbaycanlı, qalan 11 mini digər millətlərin nümayəndələri idi”.axar.az

Dalidag.az



Kateqoriya: Sosium
Tarix: 30-05-2020 13:57
Baxış sayı: 4617
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını