Azərbaycan Meğri, Qafanda bu hədəfləri vuracaq: Son tarix göstərildi

13-01-2024 12:28

"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov teleqraf.com-un suallarını cavablandırıb.
Dalidag.az həmin müsahibəni təqdim edir:

- Zaur müəllim, Cənubi Qafqazda indiki durum və risklərlə bağlı fərqli yanaşmalar var. Bölgənin gələcəyi ilə bağlı gözləntilər nədən ibarətdir?
- Hazırda region ətrafında siyasi rəqabət artıb. Bu bölgə böyük risklər qarşısında dayana bilər. Regional və buradan uzaqda olan ölkələrin təhdidləri və təzyiqləri ilə bölgədə riskli vəziyyət yaranması ehtimalı var. 2025-ci ildən başlayaraq Cənubi Qafqaz ətrafında tamamilə başqa bir siyasətin əsasının qoyulması ehtimalları dəyərləndirilir.
- Bu hansı amillərlə bağlıdır?
- Çünki ABŞ-də Cozef Bayden iqtidardadır, hazırda Rusiya-Ukrayna müharibəsi davam edir və s. Amma sabah vəziyyət dəyişəcək. Rusiyada, Türkiyədə, ABŞ-də və eyni zamanda Avropanın digər bölgələrində müəyyən proselər baş tutarsa, həmin ölkələr arasındakı münasibətlərin nədən ibarət olacağı məlum deyil. Cənubi Qafqazla bağlı hansı qərarların veriləcəyi naməlumdur. Burada danışıqların ortaq məxrəci kimi hansı məsələlər ətrafında fikir mübadiləsinin aparalıcağı da bilinmir. Bu məsələlər ətrafında razılaşıb-razılaşılmayacağı da mübahisəlidir.
- Bu kontekstdə Azərbaycan-Ermənistan münasibətləri hansı formada önə çıxa bilər?
- Ermənistan və Azərbaycan arasında konkret olaraq nəticəli görüşlərin olması və sülh sənədinin imzalanması vacib amil kimi önə çıxır. Bunu Ermənistanda da başa düşməlidirlər. Çünki Ermənistan dövlətçiliyi 30 il ərzində qurulmayıb. Bu ölkənin suverenliyinin özü də kövrək haldadır. Sözsüz ki, Nikol Paşinyan da etdiklərinə görə, regional ölkələr qarşısında bu və yaxud digər şəkildə cavab verəcək.
- Ermənistan silahlanması ilə bağlı məsələlər gündəmdədir. Ola biləcək mümkün təhdidlərə qarşı adekvat reaksiyalar necə ola bilər?
- Sözsüz ki, keçmişə deyil, gələcəyə baxmaq lazımdır. Azərbaycan qalib tərəfdir. Ermənistan bu reallığı qəbul etməlidir və kiməsə bel bağlamamalıdır. Erməni tərəfi silahlansa da, “Azərbaycandan revanş alaq” anlayışından qurtulmalıdır. Çünki bu mümkün deyil. Azərbaycan oturub Ermənistanın silahlanmasını izləmək niyyətində deyil. Ölkəmizin suverenliyinə və ərazilərinə qarşı hər hansı bir təhdid olarsa, Ordumuz lazımi anda dəqiq zərbələrlə Ermənistana məxsus silahları Meğridə, Qafanda, Qarakilsədə, Çəmbərəkdə və digər bölgələrdə məhv etmək gücünə, imkanına malikdir. Bunu Ermənistan tərəfi unutmamalıdır.
- Artıq tərəflər arasında vasitəçi olmadan təkliflərin qarşılıqlı olaraq göndərildiyi bildirilir. Bu prosesin davamı necə nəticələnəcək?
- Hazırda Azərbaycanla Ermənistan arasında danışıqlar gedir. Bu danışıqlar artıq tərəflər arasında birbaşa aparılır. Bu müzakirələrdə ortaq məxrəcə gəlinən maddələr olsa da, üst-üstə düşməyən məsələlər də var. Yanvarın 4-də Ermənistandan Azərbaycana göndərilən təkliflərə baxıldıqdan sonra burada verilən cavablar diqqət mərkəzindədir. Bu cavablar sırasında Qarabağ erməniləri ilə bağlı hər hansı bir məsələnin burada yer almaması irəliyə doğru addımdır. Yaxşı olardı ki, erməni tərəfi bununla bağlı konkret mövqeyini ortaya qoysun. Ermənistan və onun havadarları unutmamalıdır ki, Azərbaycanın tarixi torpaqları harada başlayıb, harada bitir. İndiki Ermənistanın hansı ölkənin varisi olduğu bilinməlidir. Fakt odur ki, bundan öncə “Ararat Respublikası” mövcud olub. Azərbaycan ərazisində belə bir qondarma dövlət yaradılmışdı. Bundan sonra isə Cənubi Qafqaz keçmiş SSRİ-nin hakimiyyəti altında idi. Daha sonra müstəqillik qazanan ermənilər “Ararat respublikası"nın davamçıları hesab edilir.
- Sərhədlərin dəqiqləşməsi ilə bağlı əsas detallar nədən ibarətdir?
- Delimitasiya və demarkasiya məsələsində tələsməyə ehtiyac yoxdur. Təhlillər qarşılığında ortaq məxrəcə gəlmək mümkündür. Bunun əksinə olaraq ərazi iddiaları ermənilər üçün yaxşı sonluq vəd etmir. Son 30 il və yaxın 3 illik müddət göstərdi ki, ermənilər məsələlərin vaxtını uzatdıqda özlərinin ziyanına olan proseslər baş verir.
- Azərbaycanın post-müharibə dövrü və gələcəklə bağlı əsas baxışları nəyə hədəflənib?
- Ümumilikdə Prezident İlham Əliyev müsahibəsində çox vacib məqamlara toxundu. Bu məqamlar beynəlxalq ictimaiyyətin və Ermənistanın məsələləri bir daha anlaması üçün çox vacib idi. Ölkə başçısı həmişəki kimi açıq və səmimi danışdı. Bir daha əminlik yarandı ki, Azərbaycan 2023-cü ilin 20-i sentyabrından sonra yeni bir tarixi mərhələyə başlayıb. Azərbaycan dövlətçiliyinin bu yeni mərhələsidir. Artıq yeni ideyalarla, gənc nəslə istiqamətlənmiş konseptual baxışlarla Azərbaycanınln davamlı uğurlarını təmin etmək mümkün olacaq.

Dalidag.az



Kateqoriya: Qarabağ
Tarix: 13-01-2024 12:28
Baxış sayı: 497
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını