Yüz nəfərdən on biri sağ qaldı, yenə də təslim olmadılar! -ŞƏKİLLƏR

01-06-2023 12:10

(Qoca ləqəbli Pərvinin qəhrəmanlıq dastanı)

Yeniyetmə yaşlarından fotoqraf, yaxud da videooperator kimi fəaliyyətə başlayan Pərvin vurğunu olduğu peşəni elə peşəkarların əhatəsində öyrəndi. Harada bir gözəllik, heyrətamiz, könül ovsunlayan mənzərə gördüsə aparatın, kameranın yaddaşına köçürüb paylaşdı hər kəslə. Günəşin dənizdən doğuşu, qağayıların qığıltısı, insan selindən qaynaşan sahil, xəzrinin, gilavarın vıyıltısı onun şah əsərinə çevrildi. O, bu əsərləri ilə rejissorluq qabiliyyətini də ortaya çıxardı.
   Pərvin demək olar ki, idmanın bütün növü - boks, güləş, ağır atletika, yüngül atletika, cüdo ilə məşğul olur, dostlarını da ətrafına yığırdı. O, yaxşı bilirdi ki, idmanda əldə etdiyi nailiyyətlər haçansa dadına çatacaq, axı torpaqlarımız düşmən tapdağı altında idi. Axı onun hərbçi olmaq istəyi hələ yeniyetməlik illərindən başlamışdı.
   Paytaxtın Əmircan qəsəbəsində şəhid Abil Səfərov adına 114 nömrəli məktəbi bitirən Pərvin Culfada, Naxçıvanda həqiqi hərbi xidməti başa vurandan sonra videooperator kimi yenidən fəaliyyətə başladı. Ta ki 2020-ci ilin sentyabrına qədər...
    Qoca ləqəbi ilə silahdaşları arasında tanınan, hər kəsin etibar, güvənc yeri olan Pərvinlə görüşmək üçün zamanın ixtiyarını əlindən alıb sipər çəkdim qarşısına. Amansız günlərin xatirəsini vərəqləmək nə qədər çətin və ağrılı olsa da, dodaqdan çıxan hər kəlməni yaddaşımın ixtiyarına deyil, sözbəsöz vərəqlərə bükdüm. 


-Pərvin bəy, müqəddəs torpaqlarımıza uzanan əlləri, murdar ayaqları birdəfəlik kəsmək üçün mübarizəyə qalxdınız. Hər an ölümlə üzləşmək, yaxud bədənin hansısa bir parçasını itirmək təhlükəsi bir yana, düşmənə ağır zərbə vuraraq geri oturtmaq, işğalda inləyən torpaqlara sülh gətirmək ən böyük və ən müqəddəs arzunuz olub. Vaxtın, vədənin yetişdiyi gün ön sırada yer alanlardan biri də siz oldunuz. O günləri xatırlamaq çətin deyil ki?

-Müharibə insanlığın yaşaya biləcəyi ən ağır situasiyadır. Müharibənin içərisində olmayan insan onun ağırlığını dərk edə bilməz, yaxud hansısa döyüş filmini izləməklə ona qiymət vermək olmaz. İnsan şüuraltı dərk edir ki, cəbhənin iki üzündə dayanan tərəflərin bir-birinə qarşı silahlı istifadəsidir müharibə. O günlər arxada qalsa da, mən hər gün o anları yaşayıram, istər yuxuda, istər avtomobil idarə edəndə, istərsə də iş başında hər hansısa bir səs məni bir anlıq da olsa, müharibənin içərisinə sürükləyir. Nələri yaşamışamsa bir neçə dəqiqə ərzində eynilə o anları yaşayıram. Bir də ayılıram ki, insanların əhatəsindəyəm. Sanki özümdən çıxıb başqa bir aləmə daxil oluram. Müharibənin ən çətin tərəfi isə bir neçə saniyə əvvəl deyib güldüyün, bir damcı suyunu, bir loxma çörəyini böldüyün, güvəndiyin, etibar etdiyin, kürək-kürəyə, çiyin-çiyinə döyüşdüyün silahdaşın, qardaşın qan içində gözünə baxa-baxa səndən kömək diləyir, amma əlindən heç nə gəlmir. Bir yandan düşmən həmləsini dəf edərək irəliləməlisən, bir yandan azad etdiyin postu qoruyub saxlamalısan, digər bir yandan da illərlə həsrət qaldığımız torpaqlara ayaq basırıq... hislər bir-birinə qarışır. Bax insan ən böyük zədəni o zaman alır.

-Həqiqətən də bu kimi ağır zədələr döyüşçünü çətin suallar qarşısında qoysa da, vaxt itkisi ağır nəticələrə səbəb ola bilər. Operativlik, çeviklik isə baş verə biləcək təhlükənin qarşısında səddə çevrilir. 

-Ötərxan müəllim, döyüşdən öncə poliqonda idik. Təlim zamanı bir fikri əldə bayraq etmişdim. “İnsan içindəki qorxu ilə elə mübarizə aparmalıdır ki, ona qalib gələ bilsin”. Hər zaman demişəm, hər kəs də təsdiq edə bilər ki, qorxmayan insan anormal insandır. Sözsüz ki, hər birimizdə qorxu vardı. Mən ən çox yaralanmaqdan qorxurdum. Hər gün Allaha dua eləyirdim ki, şəhid olsam belə hiss eləmədən, yəni ağrılar içində qıvrılmadan o məqama ucalım. İkinci qorxum isə əsir düşmək idi.

-Həqiqətən də qorxu hissi canlı məxluqa, insana məxsusdur, bu təbii haldır.

-Bəzən silahdaşlarımızdan biri qan görəndə, yaxud yanındakı döyüş yoldaşı şəhid olanda özünü itirir, nə edəcəyini şaşırırdı. Həmin an ona dəstək olur, qorxu hissini yenmək üçün ürək-dirək verirdim. O zaman bəlkə də kimsə fərqli qəbul edərdi fikrimi, ancaq atdığım addımların doğru olduğunu yaxşı bilirdim. Hətta bu gün həmin şəxslərin minnətdarlığı ilə rastlaşıram, “düşmənə aman vermədən üzərinə yeriməsək onların gülləsinə tuş gələcəyik deməsəydin, bizi döyüşə ruhlandırmasaydın bəlkə də o vaxt özümü doğrulda bilməzdim” deyə haqq qazandırırlar.

-Pərvin bəy, o gün heç bir əmr gözləmədən səfərbərlik idarəsinə yollandın. “Mən döyüşə getməliyəm, mən o torpaqların düşməndən azad edilməsində sinəmi sipər etməliyəm” deyə hayqırtı ilə səsini hər kəsə çatdırdın. Ətrafda sənin kimi vətənpərvər, yurdsevər oğullar da az deyildi. Evdə isə hələ təzəcə ayaq tutan üç körpə vardı. Bəs onları kimə tapşırdın?

-Sentyabrın 21-də təlimlər başlayanda səfərbərlik idarəsi məni də çağırmışdı. Amma biləndə ki, üç övladım var, imtina etdilər, zərurət yaranacağı təqdirdə əlaqə saxlayacaqlarına söz verdilər. Kor-peşman evə döndüm. 
Ayın 27-də obaşdan anamın duaları ilə yuxudan oyandım. Xalqımıza, ordumuza, səngərdə olan əsgərlərimizə dua eləyirdi. Səsindəki titrəyişdən vaxtın yetişdiyini anladım. Cəbhədə nələrin baş verdiyini öyrənmək üçün televizorun qabağına keçib kanalları dəyişdim. Prezidentin köməkçisi Hikmət Hacıyevin nitqini dinlədikdən sonra birbaşa yollandım səfərbərlik idarəsinə. Nə qədər israr etsəm də, yenə də “yox” dedilər. Ertəsi gün məhəllə uşaqları döyüşə yollanırdı, Anar Bayramov da onların arasında idi. Dedim ki, narahat olmayın, mən də sizinlə çiyin-çiyinə olacağam (qismət elə gətirdi ki, eyni taborda döyüşdük Anarla). Səhər saatlarında Anargili yola saldıq. Həmin gün “doğum günü” çəkilişim vardı. Söz verdiyim üçün imtina edə bilməzdim.  Nə isə, günortaya qədər çəkilişi başa çatdırıb, birbaşa yollandım səfərbərlik idarəsinə. Şəxsən rəisin otağına girib razı salmağa çalışdım, yenə də etiralar yüksəldi. Axır ki, 3 saatlıq qətiyyətim bəhrə verdi. “Sənin kimi inadkar insana rast gəlməmişəm, sanki öz qəsdinə durmusan, elə bu gün yola düşürsən, get hazırlaş!” demək istəyirdi ki, sözünü yarımçıq kəsdim: -Rəis, Vətən hər birimizindir, hər birimiz də onun yolunda müsəlləh əsgərə çevrilməliyik” deyib az qala rəisi qucaqlamaqdan özümü güclə saxladım, sevincimdən qanad açıb uçacaqdım sanki.
Artıq 3 saat vaxtım vardı. Anamla bacım mətbəxdə xörək hazırlayırdı. Yan otağa keçdim, atam televizorun qarşısında nəyisə həyəcanla izləyirdi. Qarşısına keçib, vaxtilə Kərbəladan gətirdiyi torpaqdan istədim bir az.
 
–Neynirsən ki? 

–Allah qismət eləyər lazım olar, dedim. 
Başa düşdü məni. Hətta bələd olduğu üçün heç bir söz əlavə etmədən uğurlar dilədi. Anam göz yaşlarını saxlaya bilməsə də, “getmə” deməyə dili gəlmədi. Çünki bu Vətəni daha çox o sevdirmişdi mənə. Vətən uğrunda necə mübariz olmağı, onu candan artıq sevməyi hələ körpə yaşlarından o təlqin eləmişdi. Boynunu qucaqladım, göz yaşları yanağımı islatdı, ürəyinin tuppultusu köksümü titrətdi. Bir anlıq elə zənn etdim ki, icazə verməyəcək. Amma gözlər nə qədər bulud kimi dolsa da, ürəyin diktə etdiyi dil məni uğurlamaq üçün hazır idi. Ona görə də sükutu pozmağa cürət elədim. “Anacan, narahat olma, məndən sonra iki oğul var yerimdə, dadına çatacaqlar. Vətən də anadır, mən də o anamın köməyinə gedirəm. Onu tək qoya bilmərəm. O, məni çağırır, mənə ehtiyacı var. 
Ötərxan müəllim, mənim düşüncəmə görə Vətən evdəki doğma anamızdan fərqli deyil. Necə ki, Məhəmməd Əmin deyib, “Vətən – isti ana qucağı”. Həqiqətən də beşik başında dinlədiyimiz ninnilər, laylalar müqəddəs anamızın dili ilə ruhumuza, qanımıza necə hopursa, suyunu içdiyimiz, barından, bəhrəsindən daddığımız, havasını udduğumuz Vətən də sözlə ifadə edilməyəcək qədər müqəddəsdir. Müqəddəsləri qorumaq isə biz övladların təmənnasız, umacaqsız borcudur. Əgər Vətən təhlükədədirsə mübarizəyə qoşulmalıyıq, bu yolda min dəfə ölsək də, yüz min dəfə ölsək də. Beləcə, 28 sentyabr axşam saat doqquz tamamda təyinat üzrə hərbi hissəyə yollandıq.

-Pərvin bəy, artıq cəbhənin müxtəlif istiqamətlərində şıdırığı döyüş gedirdi. Hər iki tərəfdən itkilər olsa belə, ordumuz irəliləyir, düşməni tutduğu mövqelərədən vurub çıxarmağa, darmadağın etməyə çalışırdı. Və həqiqətən də bunu bacarırdılar. Siz Füzuli istiqamətində hərəkətə keçəndə artıq döyüşün ikinci günü idi, yəni yerin-göyün od tutub yandığı gün. Yaddaşınızda necə qalıb o günlər?

-İnanın ki, hələ də döyüşün ilk günlərini yaxşı xatırlamıram. Füzulinin Zobucuq qəsəbəsinə daxil olduq, kənd sakinləri arasında əli silah tutanlarla birgə iki gün müdafiədə dayandıq. Lazımi qədər silah-sursat əldə etdikdən sonra Füzulinin kəndləri uğrunda əməliyyata keçdik.

-İlk həmlənin nəticəsi necə oldu?

-İlk həmlələr ağır idi, hücuma yeni qoşulmuşduq deyə, döyüş səhnələrinə alışmamışdıq. Düşmən iriçaplı silahlardan, əsasən də minaatanlardan istifadə edirdi. Təlim zamanı bizə mərmilərin istiqamətini təyin etmək üçün səsin trayektoriyasını, yaxud mərmilərdən qorunmaq üçün müxtəlif fəndləri öyrətsələr də, döyüş zamanı o təlimlər qalır bir kənarda, özün özünə təlim keçirsən. Və bu təlimi keçərkən qorxu sənə qalib gəlmək istəyir ki, hər an addımı dala atasan. Qorxu qalib gəldisə, büdrəyəcəksən, arxaya çəkiləcəksən, qorxu cəsarətə çevrildisə düşmən qarşısında mərdi-mərdanə dayanacaqsan.
Döyüşün ilk günlərində nələrin baş verdiyini anlamağa çalışsam da, çətinlik çəkirdim. Yer düşmən cəsədləri ilə örtülmüşdü, kifayət qədər silah-sursat olduğu halda hamısını atıb qaçırdılar. Düşünürdüm ki, yəni bir insan nə qədər qorxaq ola bilər ki, onu qoruya biləcək can yoldaşını – silahını atıb qaçsın. Yox, əgər döyüşməyə cəsarətin çatmırsa hərbi texnika ilə qaç, avtomobillə qaç. Nədənsə, piyada qaçmağa üstünlük verirdilər. Yəqin ki, “Bəyin oğurlanması” filmində Yaşar Nuri ilə Mirişin səhnəsini xatırlayırsız. Miriş Yaşarın maşınına minmir, yox, tələsirəm, deyib qaçmağa üz tutur. Ermənilər də eləcə... 
Düşmənin hərbi texnikası, döyüş taktikası, ordunun nizam-intizamı bir mərkəzdən idarə olunsa da ordumuz qarşısında tab gətirə bilmirdilər. Çünki onların cəsarəti, rəşadəti ilə yanaşı, qeyrətləri çatışmırdı ki, üzbəüz döyüşə girsinlər. Ona görə də çıxış yolunu qaçmaqda görürdülər. Düşüncəmə görə hərbi texnika, silah-sursat namus deməkdir. Yəni bir insan namusunu necə atıb qaça bilər. Bu gün Hərbi Qənimətlər Parkında sərgilənən qənimətlərin bəlkə də iki misli qədəri Cəbrayıl-Füzuli-Ağdam düzənliyindədir. Onların hər biri düşmənin necə qorxaq və rəzil olduğuna canlı şahiddir. Və o şahidlər Azərbaycan ordusunun qəhrəmanlıq tarixinə imza atanların möhürüdür. 

-Pərvin bəy, Füzuli istiqamətində düşmənin yaratdığı mif – Ohanyan səddi ordumuz tərəfindən qısa zaman ərzində darmadağın edildi. Doğrudanmı düşmən bu qədər zəif idi? Yox, əgər zəif deyildisə, kimə və yaxud nəyə güvənib bu iddia ilə çıxış edirdilər?

-İllər öncə Aprel savaşında, Günnüt hadisələrində, Tovuz döyüşlərində ordumuzun gücünü sübut etmişdik. Nəzərə alsaq ki, düşmən haqqı danmağı, şər-böhtan atmağı, başqasına məxsus olanı mənimsəməyi, özünü dünyanın ən ağıllı və ən qədim xalqı hesab etməyi, tarixi saxtalaşdırmağı yaxşı bacarır, ona görə də onlara etibar etmək, inanmaq, bağışlamaq ən böyük yanlışlıq olar. Çünki hələ son yüz ildə dörd dəfə hücum edərək əliyalın insanları isti ocağından didərgin salmış, misli görünməmiş qətliamlar, soyqırımları törətmişlər. Əgər o günləri unutsaq, hələ başımız çox bəlalar çəkəcək. Bu səbəbdən də döyüş meydanında onlara öyrətdik ki, Azərbaycan ordusu və elit qoşun olan Xüsusi Təyinatlı Qüvvələri istənilən an gözəgörünmədən Ermənistanın ən güclü medafiə olunan strateji obyektlərini dağıtmağa qadirdir. Necə ki, ermənilərin betonqala deyilən postlarını dağıtdıq. Hansı ki eni bir metrdən artıq, hündürlüyü isə bir neçə metr olan yeraltı səngərə daxil olmaq qeyri-mümkün idi. Artıq müharibənin ikinci günündə Azərbaycan ordusunun bayrağı orada dalğalanırdı. Ordumuzun rəşadəti və oğullarımızın ölümü bahasına olsa da, addımı qərarla yerə vurduq. Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə Xüsusi Təyinatlılarımız elə bir iz qoydular ki, bu gün XTQ (Yaşma) deyiləndə Qərbi Zəngəzur mahalındakı dəstələri vəlvələyə düşür. Yəni “XTQ”, “Yaşma” kəlməsi onlarda bir kabusa çevrilib. Çünki Azərbaycan ordusu illərdir qərarlı şəkildə müdafiə sənayesini, ordusunu gücləndirir, qonşu-dost dövlətlərlə təlimləri artırır, döyüş təcrübəsinə yiyələnir... Azərbaycan ordusu təbii ki, 1992-ci ildəki ordu deyil, o zamanın ordusu ilə müqayisə etmək də yanlışdır.

-Bəli, ordumuz ən nüfuzlu, ən qüdrətli ordular sırasındadır. Füzuli ərazisi, eləcə də, betonlaşdırılmış postlar, minalanmış sahələr, yeraltı tunellər, labirint səngərlər və guya keçilməz olan Ohanyan səddi darmadağın edildikdən sonra Cəbrayıl istiqamətində, xüsusən də Quyucuq kəndini və ətraf əraziləri düşməndən təmizləmək üçün əməliyyat başladı. 

-Dan yeri sökülməmiş əmr gəldi və dərhal hərəkətə keçib sanki bir göz qırpımında Cəbrayıla daxil olduq. Təsəvvür edin, illərdir ayaq dəyməyən torpaq, minalanmış sahə... Demək olar ki, Cəbrayılda mina basdırılmayan sahə qalmamışdı. Təəssüf ki, bir neçə silahdaşımız o minalara tuş gəldi, ağır bədən xəsarəti aldı. Amma dayanmadan irəlilədik. 
Günlər bir-bir arxada qalırdı. Ən dəhşətli, ən amansız, ölüm qoxulu günlərdən keçirdik. İtki versək də aypara şəklində düşmənin üzərinə yeriyir, daha ağır zərbə vurmağa çalışırdıq. Ta ki Xocavəndə qədər nəfəs dərmədən irəlilədik. Baxmayaraq ki, bütün mövqelər, əsasən də strateji yüksəkliklər onların əlində idi. Biz açıq sahə ilə onlara doğru hərəkət edirdik. Bunun nə qədər təhlükəli olduğunu dilə gətirməyə ehtiyac yoxdur.

-Həqiqətən də apaydın görsənən əraziləri vurmaq elə də çətin deyil, nə mərmilərdən daldalanmağa bir ağac, bir kol, bir daş var, nə də mövqe seçmək üçün bir təpə. Bəs bu sizi qorxutmurdumu?

-Xeyr, qorxu artıq geridə qalmışdı. Doğru dediniz ki, Cəbrayıl ərazisində daldalanmaq üçün heç bir şey yox idi. Gördüyümüz mənzərə tüstülənən tanklar, toplar idi ki, ordumuz tərəfindən darmadağın edilmişdi. Yüksəkliklərə baxanda isə erməni hərbi birliklərinin atış üçün hazırladığı topları görürdük. Ən önəmlisi o idi ki, bütün gördüklərimizə rəğmən əsgərlərimizdə qorxu hissi yox idi. Güllə yağışı altında strateji obyektlərə daxil ola bilirdik. Çünki şüarımız bir idi – “Yalnız irəli!” Hətta şəhidimizi çiynizmizə alıb hədəfə doğru irəliləyirdik. Çünki şəhidin də arzusu həmin nöqtəyə çatmaq idi.

-Ayağınız altında qalan leşlər irəliləməyə mane olmurdu ki?

-Sağ erməni mane ola bildi ki, ölüsü də əngəl törətsin?! Amma həqiqətən də onların leşi saysız-hesabsız idi. Meydanda həm mərmi ilə mübarizə aparırdıq, həm də cəsədlərlə, çünki qaldıqca üfunət iyi bürüyürdü aləmi. Ona görə də sürəti artırmaq lazım idi ki, növbəti əraziləri azad edək. Yoxsa gərək leş təmizləyəydik. Leş də, yararsız texnikalar da saysız həddə idi. 
Onu da qeyd edim ki, XTQ bizdən öndə idi, əsas hədəfləri onlar təmizləyir, biz isə onların ardınca irəliləyərək lazımi dəstək verirdik. Hər dəfə də postlara daxil olanda inana bilməyəcəyimiz səhnələrlə rastlaşırdıq. 7-10 nəfərlik bir dəstənin 100-lərlə erməni silahlısını yerindəcə məhv etməsi, kifayət qədər silahların, ağır texnikanın qənimət olaraq ələ keçirilməsi bir yana, artıq növbəti posta həmləyə keçiblər. Bu da bizə qürur verirdi. Qarşımızda bu cür igidlərin olması bizi daha da ruhlandırırdı döyüşə. 

-Onlar da bilirdilər ki, arxalarında sizi kimi cəsarətli, dönməz oğullar var. Ona görə də dayanmadan irəliləyir, bütün sədləri yarıb keçirdilər.
-Pərvin bəy, az öncə qeyd etdiyiniz kimi düşməni darmadağın edib irəlilədikcə və qarşıda XTQ-nin əl işləri ilə rastlaşdıqca qürurlanırdınız. Bu qüruru sözlə ifadə etmək çətin deyil ki?


-Qeyri-mümkündür. O hissi yaşayan bilər. Artıq Ağoğlana daxil olmaq üçün hazırlıq gedirdi. Əmr gəldi ki, vaxt çox azdır, dərhal azad olunmalıdır.

-Hansı addımı atdınız?

-Döyüş xəritəsinə əsasən Ağoğlana arxadan daxil olacaqdıq. Bu vaxta qədər XTQ bizdən öndə olduğu halda, budəfəki hücumda çiyin-çiyinə idik. Bir çox hərbi birləşmələr, XTQ və döyüş taborlarımızın birgə addımı ilə Ağoğlana yaxınlaşdıq. Cıdır düzünə bənzər böyük silsilə, qayalı dağlar... Təsəvvür edin, dayanıb dağlara baxırıq, insan oğlunun qalxa bilməyəcəyi yüksəklik... Tabor komandirimizin orada etdiyi çıxış olduğu kimi yadımdadır: “Əgər həqiqətən də döyüşə gəlmişiksə, torpaq azad etmək fikrimiz varsa və əgər qeyrətimiz varsa, bu alçaqlar bu torpaqdan çıxmalıdır. Qorxmayın, mərd olun, cəsarətli olun. Allah bizimlədir.” Və uca səslə bir daha “Mən sizə arxayınam, irəli!” deyərək hər kəsi döyüşə həvəsləndirdi. Bir çox filmlərdə görmüşdüm ki, komandir arxada gedir, amma bizim komandirlər öndə idi. Onların bir neçəsi ölümü qucaqlayıb ki, arxadakı əsgər salamat qurtulsun. Tabor komandiri, polkovnik-leytenant Elmar Əhmədov, hərbi hissənin qərargah rəisi, polkovnik Tinayev və leytenant Teymur Abbaslı... 

Biz irəlilkəyərkən qrad, top, minaatan mərmiləri dayanmadan dörd tərəfimizə səpələnirdi. 380 nəfərə yaxın idik, belimizdə ağır yük olsa da elə bir sürətlə o yüksəkliyə qalxırıq ki, təsəvvürə gətirmək belə vahiməlidir. Qrad mərmisinin düşdüyü an insana necə zərbə vurduğunu yalnız yaşayan bilər. Hansı ağırlıqda zərbənin səs kütləsi olaraq gəldiyini düşünmək isə ağıl işi deyil. Həmin an beyin elə bir zədə alır ki, gözlərini bir nöqtəyə zilləməyə çalışsan da mümkün olmur, göz koordinasiyasını itirir. 
Keçiləsi mümkün olmayan bir məqama gəlib çatdıq. Düşündüm ki, mənimki bura qədərdi, buradan o tərəfə addım ata bilməyəcəyəm, çünki həm nəfəs ala bilmirəm, həm də bədənimin müqaviməti qalmayıb, bir sözlə, ən son an. 4 saatdan artıqdır ki, döyüş gedir. Bir yandan da dodaq yaşlamaq üçün bir damcı su yoxdur. Elə bu an leytenant Teymur Abbaslı əlini uzaadaraq hər birimizi qayalıqdan dartıb çıxardı. Qarşımızda geniş mənzərə açıldı. Sanki gözlərimizin işığı, dizimizin təpəri artdı. Qarşıda bizi gözləyən təhlükənin fərqinə varmadan irəlilədik. Təəssüf ki, bir neçə tankımız hədəfə tuş gəlmişdi. Əsgərlərimizdən biri (XTQ) yaralı halda tanka söykənərək sanki bayaqdan bəri yolumuzu gözləyirmiş, yanında isə bir şəhid vardı. Ona yaxınlaşdıq. Yarasından qan axsa da müvazinətini qoruyurdu hələ də. İlk kəlməsi “qardaşlar, Vətənə xoş gəlmisiniz!” oldu. Həqiqətən də qaçaraq ora gələndə beynimdə başqa fikirlər dolaşırdı. Düşməndən necə qisas alacağımız haqqında düşünürdüm. Onun kəlməsi mənə şillə kimi dəydi, ayıldım sanki, harada olduğumu anladım. O, bizə istiqamət göstərib “qardaşlarımız mühasirədədir, köməyinə çatın” -dedi. Ən çətin və ən böyük itki verdiyimiz anlar idi. Ancaq yenə də hədəfimiz mühasirədə olan qardaşlarımızın dadına çatmaq idi. Artıq hava qaralmışdı. Heç bir işıq gəlmirdi, bir yandan da yola-rizə bələd deyildik. İstiqaməti təyin etmək, atılan güllələrin haradan gəldiyini anlamaq mümkün deyildi. Üstəlik də hər bir ağacı insanı xatırladan sıx meşəlik. Qafqaz sıra dağları, strateji yüksəkliklər, hava çatışmazlığı da bir yandan... Heç vaxt inana bilməzdim ki, hər tərəfə mərmi yağışı yağa, tankların gurultusundan qulaq tutula, mən də o mərmilərə sinə gərərək irəliləyəm. Bu gün də oturub fikirləşəndə atdığım addımlar qarşısında aciz qalıram, bunu mən etdimmi, biz etdikmi, Azərbaycan ordusu etdimi?! Bunları bizə etdirən hansı güc, hansı qüvvə idi görəsən?! Hələ də cavab tapa bilmirəm. Nə isə, biz Ağoğlana daxil olduq, küçə döyüşlərində əsas üstünlüyü ələ aldıq. Dan yeri işıqlaşanda silahdaşlarımızın bir neçəsinin şəhid olduğunu eşitdik.

-Pərvin bəy, az öncə dediniz ki, mühasirədə olan qardaşlarınızın köməyinə tələsdiniz. Vaxtında çata bildinizmi?

-Gecədən sübhədək düşmənin bütün postlarına həmlə etdik. Lazımi zərbə vurduqdan sonra mühasirəni yarıb onları silahla təmin etdik. Düşmən itki verərək geri çəkildi. 
Artıq Günəşin al şəfəqləri Azərbaycan bayrağını salamlayırdı.
Döyüş uğurla başa çatdı. Düşmən geri çəkilməklə yanaşı, həm də bir çox hərbi texnikanı sahədə buraxdı. İllərdən bəri tapdaq altında inləyən Ağoğlan azadlığına qovuşdu. Qarı düşmən bir daha gördü ki, Azərbaycan ordusu güllə yağışı altında itki versə də məqsədinə doğru irəlilədi. Köməkçi qüvvələr Ağoğlanın müdafiəsini möhkələndirdikdən sonra XTQ Daşaltı-Şuşa istiqamətində hərəkətə keçdi. 
Ağoğlan qəsəbəsində bəzi strateji mövqelər vardı ki, düşmən ora böyük sayda hərbi texnika və canlı qüvvə yeritmişdi. Bizim tapşırığımız isə düşmənin bütün strateji hədəflərini susdurmaq idi. Koordinatorlar hədəfləri seçir, biz də bir-bir sıradan çıxarırdıq. Tuğ istiqamətindəki əməliyyat da uğurla başa çatmışdı. Baxmayaraq ki, ağır döyüşlər oldu. Tuğun ətrafında yerləşən kəndlərə də həmlə edib nəzarəti bərpa etdik. Və beləcə, çatdıq Qırmızı Bazara. 

-Qırmızı Bazar strateji əhəmiyyətə malikdir. Bütün istiqamətlərdən yönələn yollar məhz orada kəsişir. Ona görə də düşmənin ən böyük canlı qüvvəsi də, hərbi texnikası da orada cəmlənmişdi.

-Haqlısınız. Düşmən Qırmızı Bazar istiqamətindəki dağların içində hərbi hissə yaratmışdı. Biz ilk dəfə ora ayaq basanda topların, minatanların, artilleriyanın atış istiqamətini təyin edə bilmirdik. Nəhayət, kəşfiyyatçılar hərəkətə keçdi. Hədəflər müəyyən edildikdən sonra anladıq ki, bu 30 il ərzində dağları dələrək hərbi hissələri orada yerləşdiriblər. Nə qədər maskalanmağa çalışsalar da peşəkar kəşfiyyatçılarımızın gözündən yayına bilmədilər. Əmrə əsasən fərqli cinahlardan gələn qüvvələrin qarşısını Qırmızı Bazarda kəsmək üçün hərəkətə keçdik. Şuşa istiqamətində irəliləyən XTQ üçün əngəl ola biləcək qüvvələrə zərbə vurduq. Həqiqətən də taborumuzun Qırmızı Bazardakı xidmətləri danılmazdır. Hətta deyə bilərəm ki, həmin ərazidə XTQ-nin sərgilədiyi döyüşdən heç də geri qalmadı. Həm dayanmadan düşmənin üzərinə həmlə edib hərbi qənimətlər ələ keçirdik, həm strateji obyektlərini məhv etdik, həm də illərlə tikib yaratdıqları, mifləşdirdikləri postlara sahibləndik. Bu döyüş düz altı gün davam etdi.

-Artıq bu döyüş o zaman baş vermişdi ki, Şuşadan qələbə ətrini duymaq mümkün idi. Elə deyilmi?

-Gecə saatları idi, mühasirəyə düşmüşdük. Dedilər ki, arxadan dəstək gəlir. Qorxunc bir mənzərə vardı. Kiçik təpənin arxasında uzanmışdıq, yalnız göy üzü görsənirdi, atışma səngiməmişdi hələ. Bu arada ard-arda mirvari dənəsi kimi düzülmüş Xüsusi Təyinatlılar təpənin başından keçirdi. Hara getdiklərini soruşuq, mənzilimiz Şuşadır dedilər.

-Sizin mühasirədə olduğunuzdan onların xəbəri vardımı?

-Vardı, amma onlar təyinatı dəyişə bilməzdilər, hədəf bəlli idi, vaxt itirmək olmazdı. Arxada gələn qrup isə kömək üçün gəlirdi. Özlərini vaxtında yetirdilər, koordinat düzgün verildiyi üçün düşmənin gözünə görünmədən lazımi silah-sursatı çatdıra bildilər. Daha düşmən qarşımızda tab gətirə bilməyəcəkdi. Qırmızı Bazar istiqamətində ferma postu deyilən məntəqə vardı. Həmin nöqtəni Xüsusi Təyinatlı Adil İbrahimli qrupu ilə bərabər ələ keçirmişdi. Ərazidə əməliyyat keçirdiyimiz zaman xəbər gəldi ki, artıq Xüsusi Təyinatlılar Cıdır düzündə döyüş salnaməsi yazır.

-Səhv etmirəmsə sonuncu döyüşdə ağır zədə almlısınız?

-Ferma postunun qarşısındakı yüksəkliyi yenicə ələ keçirmişdik. Səhər saatlarında düşmən hücuma keçdi, 100 nəfəlik bölüyün 10-12 nəfəri təminat üçün getmişdi. İkinci gün idi ki, dilimizə su dəymirdi. Qidamız tamam tükənmişdi. Sursat qıtlığı, yuxusuzluq, yorğunluq, bir yandan da döyüşün ən ağır saatları. Düşmən bizi geri oturtmaq üçün fəallığını artırmaqda idi. Qarşıdakı nişançının yerini müəyyən etmək üçün ayağa qalxmaq istəyirdim ki, arxa tərəfimə mərmi düşdü. Böyük silkələnmə oldu, sanki zəlzələ idi. Gicgahda, ənsədə ağrılar hiss etdim. Gözlərim də, qulaqlarım da tutuldu bir anlıq. Küt bir ağrı bədənimə daxil oldu. Özümə gələndə döyüş yoldaşımın ağacın dibində qanlar içində çabaladığını gördüm. Ona tərəf qaçdım, təhlükəsiz bir yerə çəkmək istəyirdim ki, hər iki tərəfə top mərmisi düşdü. Bu dəfə isə ayağıma və bədənimin müxtəlif yerlərinə qəlpələr sancıldı. Döyüş yoldaşlarım dadıma çatdılar, qan fəvvarə vururdu, qarşısını almağa çalışsalar da bacrmırdılar, çünki lazımi tibbi ləvazimat yox idi. Nəhayət, özümü toparlayıb dikəldim. Silahdaşlarımın gözündə ən qorxmaz, ən cəsur bir döyüşçü olduğum üçün onların ruhdan düşməsinə imkan verə bilməzdim. Hər kəs Qoca deyə müraciət eləyirdi mənə. Və beləcə, 10-a qədər yaralını və bir şəhidi təhlükəsiz yerə çəkdim. Amma hələ də qan axırdı. Silahı çiynimə aşırıb mavazinətimi saxlamağa çalışırdım.

-Bəs həmin mövqeni əldə saxlamaq mümkün oldumu?

-O gün ağır itki verdik, səhv etmirəmsə 10-11 nəfər sağ qalmışdı. Ancaq yenə də düşməni geri oturtmaq üçün ölümə meydan oxudular silahdaşlarımız və nə yaxşı ki, 15-ci bölük onların köməyinə çatdı. 
Uca boylu, enli kürəkli, dizi taqətli, bükülməz qollu Qoca ləqəbli Pərvin həm də hər kəsin etibar etdiyi, güvəndiyi oğul idi. Onunla çiyin-çiyinə döyüşə girənlər yüz faiz əmin idi ki, qələbə ilə dönəcəklər. Çünki tədbiri, ehtiyatı əldən vermirdi Pərvin. Ona görə də Füzulidən, Cəbrayıldan, Ağoğlandan Tuğa, Kiçik Tağlara, Böyük Tağlara, ta ki Qırmızı Bazara qədər irəliləyə bildilər. Sonuncu məntəqədə ağır yara alan Pərvin, neçə-neçə yaralını və şəhidi təhlükəsiz yerə çəkməyi bacardı. Amma taqətdən düşdüyü üçün müvazinətini saxlaya bilmədi. Çünki kifayət qədər qan itirmişdi. Nə yaxşı ki, silahdaşları onun dadına çatdı. 

Manqa komandiri, qazi Pərvin Əbülfət oğlu Mirzəağayev döyüşlərdə göstərdiyi rəşadətə görə “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” 3-cü dərəcəli, “Vətən Müharibəsi iştirakçısı” medallarına layiq görüldü.

Ötərxan ELTAC











Kateqoriya: Qarabağ
Tarix: 01-06-2023 12:10
Baxış sayı: 2150
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını