Leytenant Pərvin Əlizadənin qəhrəmanlıq dastanı

02-06-2022 10:32



Səmimi olduğu qədər də dəliqanlı biri idi Pərvin. Qorxu, hürkü bilməzdi. Ağzıbütöv, sözübir, sədaqətli və etibarlı, güvənli oğul idi. Hər sözə reaksiya verməz, fikir bildirməzdi. Baxışları da kəlməsi kimi kəskin idi. Elə uşaqlıqdan belə dəli-dolu böyümüşdü Pərvin. 
Həbçi olacağını qətiləşdirəndə hələ orta məktəbdə oxuyurdu. Şanı ilə qürur duyduğu Xosrov bəy Sultanov və Həbib bəy Səlimov kimi generalların uğurlu döyüş yolundan ibrət götürərək ən yüksək zirvələri fəth edəcəyinə əmin idi. General olmaq istəyirdi. Bir dəfə qonşunun hərbi libasını geyinib necə yaraşdığını soruşmuşdu anasından. Anası da “kişiyə mərdlik, qeyrət və dürüstlük yaraşan kimi” demişdi. Onda bir daha qürurlanmışdı Pərvin.
Pərvinin hərb sənətini seçməkdə atası Vüqarın rolu böyük idi. Çünki illər öncə Birinci Qarabağ savaşında – Goranboy, Tərtər, Kəlbəcər istiqamətindəki döyüşlərdə düşmənə aman verməmiş, hətta silahdaşları ilə birgə postlara girərək xeyli silah-sursat ələ keçirmişdi. Silahsız kənd əhalisinin, eləcə də yaralıların təhlükəsiz yerə çıxarılmasında da danılmaz xidmətlər göstərib Vüqar. Meydançay, Çaylı, Şıxarx, Qamışlı məntəqələrində düşmənin canlı qüvvəsinin və ağır texnikasının məhv edilməsində də Vüqar Əlizadənin daxil olduğu dəstənin rəşadəti qiymətsizdir. Pərvin bu kimi fərqli döyüş taktikalarını atasının dilindən eşitdikcə, düşmənə qarşı nifrəti artır, bir gün qisas alacağına daha da ümidlənirdi.
Bərdənin Qazaxlar kəndində dünyaya göz açan Pərvin (əslən Laçındandır) doğulduğu kənddə şəhid Möhübbət Bayramov adına tam orta məktəbi başa vurandan sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olundu. Uşaqlıqdan idmana böyük maraq göstərən Pərvin boks yarışlarında neçələrini nokaut elədi. “Laçın Kinqboksinq Klubu”nda ən cəsur idmançılardan biri idi. Dəfələrlə birinci yeri sahibi olan gənc idmançı Tiflisdə rəqiblərini məğlub edərək gümüş medala layiq görülmş, Zaqafqaziya çempionu olmuşdu. O gün hakimin ədalətsizliyi ucbatından ikinci yerlə kifayətlənməli olan Pərvin hələ də özünü bağışlaya bilmirdi. Çünki o hər zaman aparıcı, öncül olmaq üçün çalışırdı. Saysız-hesabsız Fəxri Fərmanlarla təltif edilən Pərvin həm də idman hakimi idi.
İllər sonra ali təhsilini başa vuran Pərvin “N” saylı hərbi hissədə əsgəri borcunu yerinə yetirdi. Ötən bir il ərzində o həm silah-sursatın dilini öyrəndi, həm də üç aylıq kurs keçib leytenant rütbəsinə yiyələndi. O gün ən qürurlu gün idi Pərvin üçün. General olmaq üçün ilk addımı atan gənc leytenant artıq Ağdam istiqamətində “N” saylı hərbi hissədə tağım komandiri kimi fəaliyyətə başlamışdı.
2020-ci il 27 sentyabr... dan yeri yenicə ağarmışdı. Öləzimiş payız günəşi zülmətin bağrını yarmaqda idi. Qara donlu qaranlıq günəşin qızılı saçlarına bələndikcə rəngini dəyişir, zülmət ağ günə çıxırdı. Quşların çikkiltisi çayların şırıltısında əriyib yox olduğu kimi, vəhşi heyvanların da ara-sıra eşidilən ulartısı qeybə çəkilmişdi. Artıq qurd quzudan seçilirdi. Bir an belə nəfəs dərməyən əqrəb rəqəmləri tapdalayıb altıya can atırdı. 
Hər kəs döyüş əmrinə müntəzir idi. Üzlərdə qələbə sevinci parlayırdı. Hamı inanırdı ki, düşmənə vurulan zərbə çox amansız olacaq və işğal edilən bütün ərazilər murdar nəfəslərdən təmizlənəcək. Elə gözlənilən kimi də oldu.
Leytenant Əlizadə 12 nəfərlik bölüyü ilə ön sırada idi. Tərtərdən Ağdərəyə, daha dəqiq desək Suqovuşana istiqamətlənən yolda namərd düşmənin ön xəttini yarmaq üçün dəqiqələr, bəlkə də saniyələr qalırdı. İlk top atəşi dağları silkələyəndə yurd sevdalı oğullar irəli atıldı. Uzaqvuran artilleriya lazımi nöqtələrin susdurulması üçün arasıkəsilməz atışdan sonra tankların nərəsi dərələrdə əks-səda verdi. Sanki dağlar məhvərindən qopub gəlirdi. Toz dumanı ətrafı boz rəngə bələməkdə idi. Pərvin qumbaraatanı çiyninə aşırıb qarşıdakı tankı hədəf seçdi. 
Əmirxan Şəmilxan oğlu: Döyüşlər başlayanda mən də könüllü olaraq silaha sarıldım. Artıq oktyabrın 3-ü idi. Ən qaynar nöqtələrdən birinə - Tərtər -Ağdərə istiqamətinə hərəkətə keçdik. Düşmən artilleriyası nə qədər vurmağa çalışsa da irəliləyir, bizi səbirsizliklə gözləyən silahdaşlarımıza yardıma tələsirdik. Düşmən gülləsindən yayınmağa çalışsaq da bir neçə maşın hədəfə tuş gəldi. Amma yenə də çox çətinliklə də olsa, Pərvin Əlizadənin rəhbərlik etdiyi dəstəyə çata bildik. Neçə gün idi ki, ac-susuz, yuxusuz döyüşən cəngavərlər bütün yorğunluqlara baxmayaraq, döyüşür, bütün çətinliklərə tab gətirirdilər. Hətta gəlişimizdən o qədər sevinmişdilər ki... Çünki ölüm-dirim meydanında həm sursat və ərzaq qıtlığı yaranmış, həm də sıralar seyrəlmişdi bir qədər. Amma Vətən eşqi onları məğrur və yenilməz etmişdi. O gün komandir Pərvin Əlizadə ilə ilk dəfə tanış oldum və həmin gün strateji bir postu düşməndən azad edib orada möhkəmləndik, həm də düşmən yeni qüvvənin gəldiyinə şahidlik etdi.
Ələ keçirilən mövqe “Tülkü dərəsi” adlanan ərazidə idi. Ucu-bucağı görünməyən bu uzun və enli dərə hələ illər öncə çox döyüşlərə şahidlik etmişdi. Birinci Qarabağ savaşında neçə-neçə şəhidimizin qanı axıdılmışdı burada. Burada həm də neçə-neçə düşmənin leşi qalaqlanmışdı. Bu dəfə isə Pərvinin komandanlığı altında düşmən qüvvələrinə lazımi zərbələr endirilir, ərazilər addım-addım düşməndən təmizlənirdi. Az öncə ələ keçirilən postu geri qaytarmaq üçün düşmən hücuma keçsə də, yenə də itki verərək geri çəkilmişdi. Cəbhənin bütün istiqamətində irəliləyən ordumuz düşmən qüvvələrini darmadağın edərək Qələbəyə doğru addımlayırdı. Artıq növbəti hədəf Suqovuşan idi.
Qeyd edim ki, yol boyu düşmən fərqli cinahlarda ordumuzun həmlələrinə müqavimət göstərir, irtitrilmiş torpaqları geri qaytarmaq üçün bütün vasitələrdən istifadə etməyə çalışırdı. Sanki dolu yağırdı. Baş qaldırmaq, hədəfi seçmək mümkün deyildi. Şıdırığı döyüşün əsas məqsədi digər bir istiqamətdən cəbhəni yarmaq, bölüyü mühasirəyə salmaq idi. O gün bölük şəhid versə də, düşmənin məkrli həmləsini dəf etmək mümkün oldu.
Ordumuzun hansısa bir istiqamətdən irəliləməsini asanlıqla müşahidə edə bilməsinlər deyə, bütün strateji nöqtələri atəş altında saxlamaq üçün komandir əmr verdi. Məqsədin nəyə hesablandığını anlayan hiyləgər düşmən bir neçə dəfə bölüyün məlum taktikasından istifadə etməyə cəhd etsə də, qoç oğulların ayıq-sayıqlığı mənfur düşməni yerinə oturtdu. 
***
Bir gün vaxt tapıb evə gəlmişdi Pərvin. O gün Vəsilə ana o qədər sevinmişdi ki: 
-Oğul, yaxşı ki, gəldin, doğum gününü bir yerdə keçirək, sonra gedərsən, -demişdi. 
-Yox, ay ana, qala bilmərəm, təcili dönməliyəm. Özü də ki, doğum günümü silahdaşlarımla bir yerdə - səngərdə keçirəcəyəm. Bir boxça hazırla, bir az sonra yola düşürəm. O toğlunu da posta aparacağam, orada kəsib kabab eləmək üçün, deyib zənbilini qabğardı Pərvin. 
-Oğul, gəl bu toğlunu kəs, kabab çəkək, sonra apar, orada əziyyət olacaq, kömür yox, şiş yox. 
-Səngər kababının ayrı ləzzəti olur, deyib anasının boynunu qucaqladı Pərvin. 
O gün səngərdə süfrə açılmışdı. Hər kəs komandirin şərəfinə sağlıq deyir, qarşıdakı savaşda bir-birinə uğurlar arzulayırdılar.
***
Düşmən kimdir ki, bizi susdursun, son gülləni də düşmən üçün saxlayın, deyirdi Pərvin...
Yağışlı, yağmurlu günlərdə bəzən daşın üstündə yatmağa məcbur olurduq. Uzunboğaz çəkmələr günlərlə, bəzən həftələrlə ayağımızdan çıxmırdı. Bəzən ac-susuz, yorğun halda səngərin bir küncündə müharibədən sonrakı illərin xəyallarını qurur, tikəcəyimiz evin çertyojunu çəkirdik, hətta alacağımız maşın nömrəsinə qədər gözümüz önündə canlanırdı. Pərvin deyirdi ki, “bu da keçəcək, müvəqqəti çətinlikdir. Biz qalib olmalıyıq, Şuşamızı, Laçınımızı, Kəlbəcərimizi, bütöv Qarabağımızı azad edib orada toy-düyün quracağıq”. Maraqlıdır ki, bu qədər çətinliklərə baxmayaraq, hər kəsin qəlbində bir ümid işığı vardı. Məhz o işıq bizi Qələbəyə aparırdı, inamlı Qələbəyə.
Xəyallarımız tükənmirdi heç...
Pərvin nişanlısına söz vermişdi. Söz vermişdi ki, Şuşanı azad edəndən sonra orada elə bir toy çaldıracaq ki, sədası bütün məmləkəti bürüsün. Onu da demişdi ki, Xarıbülbülü nişan əvəzi taxacaq sinəsinə, bənövşədən-nərgizdən çələng hörüb qoyacaq başına. Beləcə, bolluca vədlər vermişdi istəklisinə. Çünki inanırdı, inanırdı ki, arzusu çin olacaq. Hətta silahdaşlarını da xəbərdar eləmişdi ki, Qələbə bayrağını Şuşaya taxan kimi yığışıb gəlsinlər toya.
***

Ağdamın Təzəkənd kəndi istiqamətində amansız döyüşlər davam edirdi. Namərd düşmən ordumuzun gücü qarşısında tab gətirmədiyini zənn etdiyi üçün daha çox mülkü şəxsləri hədəf alır, əhali arasında xof, vahimə yaratmağa çalışırdı. Döyüş bölgəsindən kilometrlərlə uzaqda yerləşən Gəncənin bombalanması, eləcə də Tərtərin, Bərdənin raket atəşinə tutulması hiyləgər siyasətin təzahürü idi. Bir çox Qərb və Avropa ölkələri tərəfindən qınanılan bu addım ermənilərin dağıdıcı, vandal, işğalçı, qul və kölə təfəkkürlü oluğunu dolayısı ilə təsdiqləmiş oldu. Amma yenə də bu monoetnik, vassal “dövlət” himayədarlarına arxalanaraq silahsız əhalinin məhv edilməsi üçün döyüş arealını genişləndirməyə cəhd etdi. Amma dəmir yumruqlu cəsur oğullar düşmənin silahlı qüvvələrini bütün cəbhə boyu darmadağın edərək geri oturtdu. Hətta ağır itkilərə məruz qalan düşmən qaçmaqla ölümdən qurtula bilmədi. Mahir nişançılar onları tək-tək hədəfləyib nəfəslərini kəsdi. İşlək vəziyyətdə ələ keçirilən ağır texnikaların, artilleriya qurğularının və silah-sursat anbarlarının dəyəri milyardlarla ölçüldü. Döyüşün ilk günündən müzəffər ordumuz “keçilməz Ohanyan xətti”ni sanki bir çəpər kimi yarıb keçdi. İstər Füzuli-Cəbrayıl-Hadrut (Ağoğlan)-Zəngilan-Qubadlı, istərsə də, Murovdağ-Ömər aşırımı-Suqovuşan istiqamətində ordumuzun ildırımsürətli irəliləyişi düşməni kapitulyasiya aktına daha da yaxınlaşdırdı.
Pərvin qorxmazlığı ilə düşmənə meydan oxuyurdu. Hər kəsi irəli səsləyir, özü isə hər kəsdən öndə olurdu. Sanki sinəsini silahdaşları üçün sipər eləmişdi. Baxmayaraq ki, düşmən əsasən durbin və gecəgörmə cihazları ilə təmin olunmuş silahları məngənəyə bərkidərək qarşı tərəfə tuşlayır, özü isə səngərdə oturub təhlükəsiz şəkildə idarə edirdi. 
Səkkiz gün idi ki, ərzaq və sursat təminatı gəlmirdi, çünki hərəkət edən obyekti düşmən dərhal hədəf alır, darmadağın edirdi. O gün hər kəsin gözü önündə baş verən hadisəni xatırlamaq necə də dəhşətdir, İlahi!. Ərzaq dolu yük maşını düşmənin hədəfinə tuş gəldikdən sonra alova büründü. Açılan qapıdan bir nəfər üzü üstə yerə yıxıldı, yəqin ki, ağır yara almışdı. Sürücü sükan arxasından tərpənə bilmədi, digəri isə alovlar içində sağa-sola qaçır, ölümdən qurtulmağa çalışırdı. Təəssüflər olsun ki, alovlar içində yanıb külə döndü. Heç birimiz kömək edə bilmədik. İstəsək də onun yardımına yetişə bilməzdik, həm məsafə uzaq idi, həm də səngərimiz hədəfdə idi. Əmirxan o anları dilə gətirmək üçün özünü tox tutmağa çalışdı, amma bacarmadı. Köksündən qopan ah yanağını qurutsa da, gizlədə bilmədi hıçqırtısını.
Səngərdə baş verən şirin söhbətləri də unutmadı Əmirxan.
Artıq öyrəşmişdik güllələrə, hərdən bir-birimizlə zarafatlaşır, düşməni ələ salırdıq. “A köpəy oğlu, o gülləyə heyifin gəlsin, hədəfi düz seç, bir az sağa, bir az da yuxarı, yox, yox, sol tərəfə at. Ay daaa, yenə də düz seçmədi hədəfi. Adını döyüşçü qoyub, güllələri də havaya sovurur. Ə bacarmırsan, get qoyununu otar da, boş-boş nə guruldadırsan. Bax belə vurarlar, al gəldi” – deyib tətiyi çəkirdik. İndi o günləri fikirləşəndə mənə nağıl kimi gəlir. Özümü nağılların ruhundan qopan sehirli dünyanın möcüzəsi kimi görürəm bəzən. Bəli, bəlkə də elə o sehirli dünyanın möcüzəsi idi bizi ölümün ağuşundan alıb bu günə çatdıran. 
Bir gecə düşmən qonşu mövqelərin birinə atəş zərbəsi endirdi. Elə bir zərbə ki, o anda kiminsə baş qaldırıb bir güllə atmaq imkanı mümkün deyildi. Əgər silahdaşlarımıza yardım etməsəydik, bəlkə də kimsə sağ qalmayacaqdı. Komandir Əlizadə dərhal hərəkətə keçdi. Bütün qüvvə düşmən atəş nöqtələrini susdurmağa çalışdı. Çaşbaş qalan düşmən zərbənin istiqamətini təyin edə bilmədiyi üçün kor-koranə, pərakəndə halda atəş açdı. Hətta vahiməyə düşən silahlılar artilleriya atəşi ilə hədəflərimizi susdurmağa çalışdılar. Rabitə vasitəsi ilə qərargahla əlaqə saxlayandan sonra atəşə məruz qalan posta kifayət qədər canlı qüvvə və ağır texnika yeridildi. Düşmən susmağa məcbur oldu.
Dörd nəfərlik dəstə ilə düşmənin üzərinə yeridik. İz buraxan güllələrdən onları atəşə tutmaqda məqsədimiz bəlli idi. Komandir Pərvin Əlizadənin bu taktikası ilə düşmənin diqqətini özümüzə çəkməli, digər qrupun düşmənin arxasına keçməsi üçün şərait yaratmalı idik. Həmin an düşmən adekvat cavab verdi, atılan bütün güllələr məni hədəfləmişdi. sanki hər tərəfimə səpələnən güllələr məni dövrələyir, ölümdən qoruyurdu. AQS, minaatanın mərmisi yanımda yerə sancılır, məni ehtiyatlı olmağa səsləyirdi elə bil. Bu an komadir səngərin içi ilə bizə yaxışnlaşdı. Əslində plana uyğun olaraq komandir başqa cinahda olmalı idi. Sən demə bizi qorumaq üçün mövqe seçibmiş: “Başınızı qaldırmayın, snayper ətrafı izləyir haaa” bizi xəbərdar etdi. Bir qədər sonra snayper gülləsi səngərin qaşında üst-üstə yığılmış üzüm dirəklərinə dəyib istiqamətini dəyişsə də, dirəkdən qopan bir parça Əmirxanın başına sancıldı. Huşunu itirən Əmirxan özünə gələndə qanlar içidə idi. Amma nələrin baş verdiyinin fərqində deyildi. Komandir Əlizadə qollarını yaralının boynuna doladı. Göz yaşlarını saxlaya bilmədi. “Əmi oğlu, sənin ölümünü görmək, mənim üçün ölümə bərabərdir, sənə güvənib, sənə etibar edirəm. Sən mənim bükülməz biləyim, döyünən ürəyimsən. Çox şükür Allaha ki, səni mənə bağışladı. Bir də ehtiyatı əldə vermə haaaa” deyib bir daha Əmirxanı bağrına basdı.
Müharibədə tanış olsalar da, ötən qısa zaman onları bir-birinə çox bağlamışdı.
Şiddətli döyüş gedirdi. Elə bil zülmətin rənginə od vurub yandırmışdılar. Səma al rəngə bələnmişdi. Od yağırdı elə bil. Tankın üzərinə birləşdirilmiş TƏİR (tank əleyhinə isti raket) raketindən atəş açıldı. Partlayışın dalğasından yarğana çırpılan Əmirxan torpaq qatının altında qaldı. Görən olmasaydı, bəlkə də kimsə xəbər tutmayacaqdı. Komandir Əlizadə dərhal özünü yetirdi, əli ilə torpağı qazıb, ölüm çuxurundan Əmirxanı çıxardılar. Üzünə nə qədər su vursalar da ayılmırdı. Güllə yağışı altında nəfəsi kəsilmiş bir igidin həyata dönüşü üçün komandir bütün vasitələrdən istifadə edir, sanki ölüm mələyi ilə savaşırdı. Nəhayət, uzun fasilədən sonra Əmirxan gözlərini açdı. Komandirin gözlərindən axan damla Əmirxanın yanağını islatmasaydı, bəlkə də çəkdiyi əziyyət boşa geəcəkdi. 
Komandir onun hospitala getməsi üçün israr etsə də, Əmirxan qətiyyətlə yox dedi. Ona görə ki, ağır zədə almamışdı, həm də düşünürdü ki, hospitala gedəcəyindən xəbər tutan valideynlər narahat ola bilər, bir yanda da silahdaşları.  
Komandir Əmirxanın halından məmnun idi. Söz verdikləri kimi hələ qarşıda çox döyüşləri olacaqdı. Ta baba yurdu Laçına qədər kürək-kürəyə verib od yağdıracaqdılar düşmənin başına. Amma güllə yağışı altında yol hara qədər davam edəcək, harada bitəcək, kimsə təxmin edə bilməzdi. Odur ki, komandir Əlizadə bamağındakı qoşa (gümüş) üzükdən birini çıxarıb canı qədər sevdiyi, inanıb etibar etdiyi Əmirxana bağışladı. “Aramızdakı səmimiyyətin, dostluğun nişanəsi olsun” -dedi. Hədiyyədən məmnun olan Əmirxan üzüyü alıb taxdı barmağına. O gün hətta xeyli zarafatlaşıb, deyib güldülər.
O üzük cəsur bir igidin hədiyyəsi olmaqla yanaşı, dostluğun, sədaqətin, etibarın, güvənin nişanəsi oldu həm də.
  Əmirxan o amansız günləri tarixin köksünə həkk eləmək üçün yaddaşının növbəti səhifəsini açdı.
Tağım komandiri leytenant Pərvin Əlizadənin komandanlığı altında başqa bir mövqe vardı ki, adına 11-ci post deyirdik. Gizir Ayaz Məmmədov orada manqa komandiri idi. Biz isə 12-ci postda idik. Nisbi sakitlikdən istifadə eləyib komandir Əlizadə ilə ora baş çəkir, ərzaq, yaxud sursat çatışmazlığını yoxlayır, məsələni yerindəcə həll edirdik. Amma bir gün həmin mövqedən bizə atəş açıldı. Dərhal rabitə ilə əlaqə saxladım. Oradakıları hər birini yaxşı tanıyırdım.
-Xəqani, Tural, Əli, Ayaz, bu nə deməkdir, hara atəş açdığınızdan xəbəriniz var? A kişi, düşmən qarşınızdadır, ora atın eee... bizə yox! 
Sən demə, düşmən bizi qarşı-qarşıya qoymaq üçün hiyləgər taktikaya əl atıbmış. Yaxşı ki, vaxtında bir-birimizi başa düşdük. Amma yenə də ara-sıra atəş açılır, hətta buna görə onlar da bizi günahlandırırdı. 
Məsələni ayırd etmək üçün komandir Əlizadə Əmirxanla birgə 11-ci posta tərəf yol aldı. Bir qədər getmişdilər ki, qarşıdakı kiçik təpədə nəsə bir fərqlilik olduğunu sezdilər. Sən demə, hiyləgər düşmən mövqelər arasında kiçik də olsa post qurub, pulemyotlar yerləşdirib. Postların ara-sıra atəşə tutulmasında əsas məqsəd də bölüklərimizi bir-birinə qarşı qoymaqmış. Dərhal geri dönən komandir postun məhv edilməsi üçün əmr verdi. Bir qədər sonra postdan əsər-əlamət qalmamışdı. Qumbaraatanlar işin öhdəsindən layiqincə gəlmiş, silahlıları torpağa gömmüşdülər.
Növbəti əməliyyat “Tülkü dərəsi” deyilən ərazidə olacaqdı. Düşmən qüvvələri daha əlverişli mövqedə yerləşirdi. Demək olar ki, bölüyün hər addımını izləmək imkanı vardı. Açıq sahədə irəliləməyin nə qədər qorxulu olduğunu dərk edən Pərvin əməliyyata keçmək üçün münasib zamanı deyil, hansı istiqamətdən zərbə endirəcəyini düşünürdü. İlk atəş dərədə əks-səda verəndə güllələr yağış kimi ətrafa səpələndi. 
Düşmənin artilleriyası, ağır texnikalar ordumuzun mövqelərini növbəti dəfə atəşə tutdu. Yer-göy od tutub yanır, qan su yerinə axırdı. Minaatanlar, toplar, pulemyotlar, tanklar eyni anda hədəfə tuşlanmışdı. Mövqelərimizi yarmaq üçün yavaş-yavaş irəliləyirdilər. Baş qaldırmaq mümkün deyildi. Pərvin pulemyotu sinəsinə sıxıb ayağa qalxdı. -Başqa cür mümkün deyil, onların irəliləməsi bizim üçün ölümə bərabərdir, - deyib hədəfləri bir-bir aşırdı. Komandirin hayqırtısından ruhlanan əsgərlər düşmənin başına od yağdırdı. Artıq əvvəlki kimi cəsarət edə bilmirdilər. Hətta döyüş xeyli səngimişdi. Sən demə, düşmən snayperi hədəfdə imiş. 
O gün ürəklər parçalandı, dillər lal oldu... Ağızda kəlmələr dondu, amma gözlər qurumadı... O gün bir həyat söndü, amma sönən ocağın külü altından közərən eşq düşməni yaxıb-yandıracaq qədər alovlandı. Parçalanmış ürəklər vəcdə gəldi o gün, kükrədi, coşdu, çağladı, nifrət püskürdü məkrli düşmənə. O gün qisas hissi artdı bir daha... Pərvinin, eləcə də igər şəhidlərin qisası üçün  qisası üçün fırtına olub yerlə-yeksan etdilər, zəlzələ olub altını-üstünüə çevirdilər, sehirkar olub cəhənnəm tonqalı yaratdılar, sonra da sel olub yuyub apardılar. Aldılar qisasını igidlərimizin... 
Əmirxan bu gün də komandiri Pərvin Əlizadənin yoxluğunu qəbul edə bilmir. “O mənim üçün təkcə Azərbaycan ordusunun zabiti, əsgəri deyildi, o həm komandirim, döyüş yoldaşım, həm də güvəndiyim, etibar elədiyim cəsur bir oğul idi. Qısa zaman ərzində bir-birimizə o qədər bağlanmışdıq ki. O mənim görən gözüm, mən onun döyünən ürəyi idim. Hətta lazım gələndə bir-birimizin libasını geyinirdik. Amma kimin ağlına gələrdi ki, üzüyünü sənə bağışlayan, bir qabdan su içib, yemək yediyin, həm komandirin, həm dostun, silahdaşın, uğurlu əməliyyatlara birgə imza atdığın o kəs bir neçə gün sonra şəhid olacaq və sən heç nə edə bilməyəcəksən. Çox təəssüf ki, ordumuz elə bir zabiti, mən isə bir dostumu, qardaşımı, əzizimi itirdim. Onun yerini kimsə doldura bilməz.
O qədər çevik idi ki, qumbaraatanla hədəfi vurub, PK-nın arxasına keçirdi. Gah da snayperlə hədəfi bircə-bircə dənləyirdi. Qorxmaz və cəngavər, etibarlı və mərd bir oğul idi Pərvin. 
Adını hərb tariximizin şanlı səhifəsinə qanı ilə yazan leytenant Pərvin Vüqar oğlu Əlizadə göstərdiyi rəşadətə görə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalları və “Rəşadət” ordeni ilə təltif edildi. Bərdə şəhərinin mərkəzi küçələrindən biri də şəhid Pərvin Əlizadənin adını daşıyır.


Ötərxan Eltac

Dalidag.az


Kateqoriya: Qarabağ
Tarix: 02-06-2022 10:32
Baxış sayı: 4309
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını