Azərbaycan ordusu Xankəndiyə girsə…

28-05-2021 10:16

Azərbaycanın suverenliyini bərpa etmədiyi ərazilərdə - Qarabağın yuxarı hissəsində tam hakimiyyəti bərqərar etməyin yolu kimi antiterror əməliyyatları təklif olunur. Cəmiyyətdən və siyasətçilərdən vaxtaşırı belə çağırışlar səslənir ki, Xocavənd, Xocalı, Əsgəran, Ağdərə və ən əsası Xankəndində suverenliyin təmin olunmasının, orada qalan silahlı erməni dəstələrinin, araiklərin, balasanyanların  zərərsizləşdirilməsinin   mexanizmi məhz ordumuzun əməliyyatlarından keçir.
Lakin hərbi əməliyyatların siyasi reallıqlar baxımdan indiki halda nonsens göründüyünü əsaslandıranlar var. Hələ bir müddət əvvəl politoloq Zərdüşt Əlizadə yazmışdı ki, Azərbaycan Ordusu 44 günlük müharibədə Xankəndinə daxil olsaydı, Rusiya BMT-yə qətnamələr təqdim edəcəkdi, bu əməliyyat etnik təmizləmə kimi qiymətləndiriləcəkdi, ikinci “erməni genosidi” ilə bağlı qərarlar qəbul olunacaqdı. Ona görə də rəsmi Bakı səbirli və təmkinli davranıb.
 
İndi isə antiterror əməliyyatları keçirilərsə, oxşar situasiya, beynəlxalq təzyiqlərlə qarşılaşacağımız şəkk-şübhə doğurmur. Bir tərəfdən Rusiyanın, bir tərəfdən Fransanın, digər tərəfdən ermənipərəst qüvvələrin üzərimizə gələcəyi istisna deyil. Eyni zamanda bəzi ekspertlər bu barədə danışanda Azərbaycan üçün hərbi yolun riskli olduğunu deyirlər. Çünki bu halda Rusiya 2008-ci ildə Gürcüstana qarşı tətbiq etdiyi Cənubi Osetiya ssenarisinə əl ata bilər.
 
Yəni “sülhməramlıları” qorumaq adı altında bölgəyə əlavə hərbi güc yeritmək istəyər ki, bu da Azərbaycanın maraqlarına qətiyyən cavab vermir. Rusiya 2008-ci ildə Gürcüstanla separatçı Cənubi Osetiya qoşunları arasında silahlı münaqişəyə müdaxilə etmişdi. Hazırda Cənubi Osetiyada əhalidə əsasən rus pasportları var, hərçənd ki, BMT, Avropa İttifaqı və ABŞ tərəfindən, eyni zamanda beynəlxalq razılaşmalara əsasən Gürcüstan ərazisi kimi tanınan mübahisəli bölgədir. Cənubi Osetiya müstəqilliyini 1990-cı ildən elan edib. Gürcüstan hökuməti isə osetinlərin müstəqillik istəyinə onların muxtariyyət hüququnu ləğv etməklə və osetinlərin yaşadıqları əraziyə ordu yeritməklə cavab verib. Bu, Cənubi Osetiya müharibəsinə səbəb oldu. Müharibə nəticəsində Cənubi Osetiya de-fakto müstəqillik əldə etsə də, onun müstəqilliyi heç bir dövlət tərəfindən tanınmırdı. Gürcüstan ikinci dəfə Cənubi Osetiyaya qoşun yeridəndə Rusiyanın tərəf kimi  çıxış etdiyi müharibədə məğlub oldu. O halda Bakı Qarabağdakı ərazilərinin qalan hissəsində separatizmin, yeni revanşist qüvvələrin fəallaşmasını necə qabaqlamalı, “artsax”a necə son qoymalıdır?
 
Əgər antiterror əməliyyatlarına başlasaq, Rusiya həqiqətən sülhməramlı qüvvələri qorumaq adı ilə bölgəyə hərbi qüvvə yeridə və bizə qarşı silah istifadə edərmi? Artıq ermənilərin də ürəyindən keçən bölgədə Cənubi Osetiya variantının mövcudluğudur. İkinci rəsmi dilin rus dili olması barədə status verilməsi, sülhməramlıların komandanına yarınmaq cəhdləri separatçıların niyyətindən xəbər verir.
 
Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər “Yeni Müsavat”a bildirdi ki, bu sual çox ciddidir və tam dəyərli kəşfiyyat informasiyası olmalıdır: “Bu da hələ yetərli deyil, həm dünyada, həm regionda vəziyyət təhlil olunub qiymətləndirilməli, qüvvələr nisbətinin analizi aparılmalıdır. Ondan sonra ciddi hərbi əməliyyatlar haqda siyasi qərar verilə bilər. Ona görə indi kiminsə əlində dəyərli informasiya yoxdur, analiz aparmaq imkanı məhduddur”.
 
S.Əkbər hesab edir ki, istənilən halda bu ərazilərdə suverenliyin bərpası üçün Azərbaycan daxili gücünü artırmalı, beynəlxalq münasibətlər sistemində layiqli yer tutmalı, kompleks addımlar atmalıdır: “Zaman, məkan və güc uyğun olan anda həmin məsələni həll etmək lazımdır. Ola bilsin ki, siyasi-diplomatik, ola bilər siyasi-diplomatik və iqtisadi yolla, yaxud siyasi diplomatik və hərbi yolun bir-birini tamamlaması ilə sizin dediyiniz məsələlər həll olunacaq. Buna dair qəti söz deyə bilmərəm. Amma siyasi iqtidar həmin vaxta hazırlaşmalıdır və məsələni həll etməlidir. Bunun nə zaman olacağına ölkənin siyasi və hərbi rəhbərliyi tam kəşfiyyat məlumatları əsasında qərar verə bilər”.
 
Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, ermənilərin nəzarətində olan ərazilərdə suverenliyin təmin olunması yaxın 5 il üçün mürəkkəb görünür. Onun fikrincə, rus sülhməramlılarının bölgədə olması səbəbindən həmin ərazilərdə bizim qanunların işləməsi prosesi yubanacaq: “Azərbaycan əsaslı olaraq Xankəndinə, Əsgərana və Xocavəndin mərkəzinə daxil olmadı. Qərb dünyası üstümüzə gələcəkdi. Bu məsələnin həlli zamana bağlıdır. Ermənilər bu qeyri-müəyyənlik içərisində çətin ki, o bölgədə çox qalsınlar”.
 
Ekspert hesab edir ki, antiterror əməliyyatları aparmağa tam haqqımız çatır: “Üçtərəfli bəyanatda da göstərilib ki, erməni silahlı qüvvələri ərazilərdən çıxmalı, yerinə sülhməramlılar gəlməlidir. Bu bəndi icra etmədiyi üçün Azərbaycan Ordusu əməliyyatlara başlaya bilər. Ancaq siyasi baxımdan hələ real görünmür. Rusiyanın məsələyə reaksiyası ağır ola bilər. İndi əsas məsələdə sərhədlərin delimitasiyası işidir. Ermənilər Zəngəzur dəhlizinin açılmaması üçün bütün təxribatlardan istifadə edirlər. Əgər Qarabağda antiterror əməliyyatlarına başlasaq, Ermənistan bütün dünyanı ayağa qaldırar ki, etnik təmizləmə aparılır”.

Dalidag.az



Kateqoriya: Qarabağ
Tarix: 28-05-2021 10:16
Baxış sayı: 3228
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını