Reklam
Murovun o üzü bizim Vətəndi...
04-04-2021 13:17
...Murovdağdan söz düşəndə, adamın 28 il öncə kəlbəcərlilərin min bir zülmlə aşıb gəldiyi günlər kino lenti kimi gəlir göz önünə. Murovdağdan o üz Kəlbəcərdi. 28 il idi ki, doğmalarının yolunu gözləyən, 28 bahara, qışa tamarzı qalan Kəlbəcərdə bu il kəlbəcərlilər (hələlik, rəsmi idarələrin işçiləri olsa da) ocaq qalayır, çörək bişirirlər.
Murovdağın azad edilməsi asan başa gəlməyib. 27 il idi ki, ermənilər Murovdağın zirvələrini işğal altında saxlamışdı. Bu üzdə Toğana kəndindən yuxarıdakı məşhur Turşsuyadək getmək olurdu...
Ötən ilin sentyabrında başlayan Vətən müharibəsində cəngavər igidlərimiz Murovdağın azad edilməsi uğrunda canlarından keçdilər. Belə igidlərimizdən biri də Kəlbəcərdə doğulmayan, lakin kəlbəcərlilər kimi, o zirvənin alınmasında canından keçən mayor Rahib Babayev idi...
Bu cəsur komandirin ömür və döyüş yoluna nəzər salanda həm qürur hissi keçirirsən, həm də belə oğullarımızı itirdiyimiz üçün, sadəcə, heyfsilənməkdən savayı əlindən bir şey gəlmir.
Tanışlıq üçün: Babayev Rahib Bəxtiyar oğlu 1985-ci il iyunun 19-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Külüs kəndində anadan olmuşdu.
1992-ci ildən 1996-cı ilə kimi Külüs kənd məktəbində oxumuş, 1997-1999-cu illərdə Naxçıvan şəhər 14 nömrəli orta məktəbdə orta təhsilini davam etdirmişdir. 1999-2002-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə, 2002-2006-cı illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə hərb sənətinə yiyələnmişdi.
Sumqayıt şəhərində, Qazax, rayonlarında, daha sonra isə Murovdağ silsiləsində xidmət etmiş, mayor rütbəsinə qədər yüksəlmiş Azərbaycan Ordusunun zabiti Rahib Babayev sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Murovdağ-Kəlbəcər istiqamətində gedən döyüşlərdə vuruşub.
Rahib Babayev sentyabrın 30-da başçılıq etdiyi taborla birlikdə bir neçə düşmən postunu ələ keçirmiş, misilsiz şücaətlik göstərmişdir. Sentyabrın 30-da şəhidlik zirvəsinə ucalmış Rahib Babayev oktyabrın 2-də Sumqayıt şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 90, 95 və 100-illik yubiley, eləcə də “Qüsursuz xidmətə görə” 3-cü və 2-ci dərəcəli medalları, “Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ”Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən (ölümündən sonra), "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və bir də “Kəlbəcərin azad olunmasına görə” medalları ilə də təltif olunmuşdur.
Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün
Tabor komandirinin döyüşçülərindən biri - Sərxan facebookdakı səhifəsində maraqlı bir paylaşım edib. Olduğu kimi təqdim etmək istədik: “…Onunla sön görüşümüz 6-7 il öncəyə təsadüf edir. Murovdağa gedirdi. Ağstafada yolüstü görüşmüşdük. İndi isə yenə görüşdük...”
Sərxan yazır: “…Rahib Azərbaycan xalqının zabiti idi. İllərin zabitidir, amma, maddi demək olar heç nəyi yoxdur. Öz cibindən əsgər üçün xərcləyənlərdən idi. Biz belə oğulların hesabına az itki verib, qələbə qazandıq. Ailəsinin başı ucadır. Amma şikayətçidirlər, əksər şəhid ailələri kimi, diqqət, qayğı görmürlər. Yerli strukturlardan gələn gəlib orada şəkil çəkdirir, vəssalam. Şəhid ailəsinin evini muzeyə çevriblər.
Şəhid ailəsi bilmir acısınımı yaşasın, yoxsa sənəd-filan arxasıncamı qaçsın, ya şəhidinin haqqını bərpa etsin. Onlar belə düşünməmişdilər, biz şəhidlərin, qazilərin ailələrinin daha yaxşı yaşayacağına ümid edirik. Çünki buna onların haqqı çatır. Dövlətimizin başçısı belə ailələrə göstərdiyi nümunəni niyə yerlərdə məmurlar görmürlərmi? Amma, hələlik, bu, ümid olaraq qalır…”
Bir zabit isə internetdə yazıb ki, Rahib Babayevin komandiri olduğu tabor təkbəşına həmin postu ala bilməz. Çox çətin bir post idi ora. Bu da Sərxan qardaşımıza pis təsir edib. Həmin zabitə tutarlı cavabının əsas hissəsini burada sizə təqdim etmək qərarına gəldik. Çünki, kimsə kiminsə halal haqqına girməsi günahdı. Rahib Babayevin vətənpərvərcəsinə döyüşüb ermənilərin alınmaz qala hesab etdikləri həmin postu alması, həm də itkisiz, bir yaralı ilə, əsl qəhrəmanlıqdır: “Həmin zabit nəfərinə deyirəm: sənə sübut edərəm ki, “Canavar sol” (3382 metr yüksəkliyi) döyüşün ilk günü saat 08:20 radələrində “N” saylı hərbi hissənin 1-ci ön xətt taboru tərəfindən (tabor komandiri mayor Rahib Babayevin başçılığı ilə) düşməndən tam azad edilib, mən özüm ön postda yaralanmışam. Nə qədər elədim, başa sala bilmədim ki, bilmədim.
Araşdırsaq, bilərik ki, bəlkə də həmin zabit döyüşlər vaxtı Şəmkirdəki həmlə taborunun kazarmalarını mühafizə edirmiş. Orda-burda bir-iki nəfərin deməsi ilə gəlib mənimlə döyüşü müzakirə edir. Müzakirə etsə yenə dərd yarıdır. Dirəşib at kimi sifətimə!
Qeyd edim ki, bu tabor Kəlbəcər rayonunun işğalından sonra 27 sentyabr döyüşlərinə qədər Murovdağ silsiləsində Ömər aşırımı-Yanşaq-Kəlbəcər istiqamətində yerləşən düşmən qüvvələri ilə qarşı-qarşıya müdafiədə dayanıb…”
Komandirin haqqının özünə verilməməsi döyüşçü, qazi Sərxanı çox narahat edir: “Vətən müharibəsində verilən fəxri adlarla bağlı ciddi problemlərin olduğunu bu gün hər birimiz bilirik. Vətən müharibəsində Tofiq Şahmuradov qardaşımızın da, dünənki paylaşımında qeyd etdiyi kimi, Biləcəridən o yana keçməyənlərin fəxri adla və ya hər hansısa medalla təltif olunması qəbulolunmazdır.
Tofiq qardaşımız dünənki paylaşımında tabor komandirim Rahib Babayevin də layiq olduğu "Vətən müharibəsi qəhrəmanı" adı ilə təltif olunmadığını təəssüflə qeyd etmişdi. Mayor Rahib Babayevin tabeliyində xidmət edən hərbçi kimi bu paylaşımı da yazmağı özümə borc bildim.
Əvvəla, onu deyim ki, Rahib Babayev xidmətinin 8 ilini Murovdağda keçmişdi. Taqım komandirliyindən tabor komandirliyinə kimi “N” saylı hərbi hissənin 1-ci taborunda bu vəzifəyə qədər yüksəlmişdi. Həmin taborun ərazisi Kəlbəcər-Göygöl-Daşkəsən birləşmələrindən başlayır və Göygöl-Ağdərə-Kəlbəcər “stiki”nə qədər əraziləri əhatə edirdi. Xüsusi qeyd etmək istəyirəm ki, düşmən quvvələri tərəfindən 1994-cü ildən möhkəmləndirilən və xüsusi əhəmiyyət kəsb edən Ömər zirvəsi (3395.5m) və Ömər aşırımı (deyilənlərə görə, düşmən bu ərazidə 3 ayrı postda da 1 tabora qədər quvvə cəmləmişdi), ərazidə yeləşən, bizim üçün təhlükəli hesab edilən, şərti adı “Elşən zirvəsi” (3381m), strateji əhəmiyyətli “Canavar sol” və “sağ” zirvələri, düşmənin 1 bölüyə qədər quvvəsi olan 3223.0 yüksəkliyi (bölük dayaq məntəqəsi) və digər adlarını qeyd etmədiyim quvvələr taborumuzun müdafiə xəttinin qarşısında yerləşirdi. Ərazinin relyefini bilənlər-bilir ki, düşmən bizim taborun qarşısında çox yaxşı və əlverişli hakim yüksəkliklərdə idi. Bir neçə mövqeyimiz düşmən postlarının altında müdafiə xəttində dayanırdı. Necə deyərlər, bir daş atsalar başımıza düşərdi. Düşmənin Ömər və Ömər aşırımı, Güzgü, adsız və “Elşən zastavası”nın əhatəsində olan “Təbriz” postumuz (3159.0 m) çətinliyi ilə Murov istiqamətində seçilən postlardan idi. Bu posta getmək üçün hansı yolla gedirdiksə düşmən bizi açıq müşahidə edirdi. Ona görə də bu posta ancaq gecə qaranlığında və dumanlı hava şəraitində, çox ağır şərtlərlə 4 km yol qət edərək gedə bilir və təminat edirdik. 1-ci taborun hər mövqeyinin öz çətinliyi var idi, nə qədər yazsam azdır”.
Sərxan yazır ki, Rahib Babayevin taboru bu çətinliklərdə onun başçılığı ilə Vətən müharibəsindən üzüağ çıxmağı bacardı az itki ilə: “Taborumuz 44 günlük döyüşlərdə 4 şəhid verdi: Mayor Rahib Bəxtiyar oğlu Babayev - tabor komandiri, kapitan Rövşən Mahmud oğlu Pənahov - bölük komandiri, leytenant Sərvan Mehman oğlu Göyüşov - taqım komandiri və əsgər Behbud Rubail oğlu Behbudlu - qumbaraatan vəzifəsində xidmət edirdilər. Şəhidlərimizdən Rahib və Rövşən düşməndən azad edilən “Canavar” döyüş mövqeyinin əldə saxlanılması, leytenant Göyüşov Cabir döyüş mövqeyinin müdafiəsi, əsgər Behbudlu Rübail sipər döyüş mövqeyi müdafiəsi uğrunda şəhid olmuşdurlar. Taborumuz Murovdağ istiqamətində heç bir itki vermədiyi üçün seçilmişdir. Döyüşün qızğın zamanlarında xüsusən adını qeyd etmək istəmədiyim bir neçə hərbi qulluqçumuz var ki, əsgərlərimizin şəhidlərimiz və yaralılarımızın döyüş meydanından çıxarılması zamanı çox əziyyətləri olub.
Koroğlu mövqeyinin bölük komandiri (adını qeyd etmirəm) döyüşlərin idarə edilməsində çox zəhməti olmuş və onun idarəçiliyi ilə ilk günlərdə çox yaxşı nailiyyətlər əldə olunmuşdur. Lakin ona layiq olan fəxri ad və medallarla təltif olunmamışdır. Xüsusən də tabor komandiri Rahib Babayevin “Canavar postu”nun əldə saxlanılmasında çəkdiyi əziyyətləri, 8 illik qüsursuz xidməti - bunların heç biri nəzərə alınmayıb. Biz Murovdağ döyüşçüləri komandirimiz Rahib Babayevin "Vətən müharibəsi qəhrəmanı" adına layiq olduğunu yekdilliklə bildiririk. İnşallah ki, hər bir şəxs layiq olduğu adlarla və medallarla təltif olunacaqlar…”
Eldən gedənin ev dərdləri və həmdərdliləri
Aygün xanımla 2008-ci ilədə ailə qurublar. Mələk, İbrahim və Əli adlı 3 övladları var. 13 illik evliliyin bəhrəsi olan bu uşaqlar da istedadları ilə seçilirlər. Aygün xanın deyir ki, tələbəlik illərində tanış olublar Rahiblə: “...İlkimiz Mələkdir, 11, Əlinin 6, İbrahimin isə 2 yaşı var. Tale məsələsidir. Ailəmiz sevgi üzərində qurulub. Əli Naxçıvandan, mən isə Masallıdanam. Hərbçi ailəsi olduğumuz üçün səbirliydik. Aylarla evə gələ bilmirdi, amma, gəldiyində də mənə hər işdə köməyi olurdu. Ata-anam Masallıda yaşayırlar, ali təhsilli müəllimdirlər. Mələk 4-cü sinifdə oxuyur, əlaçıdır. Rahibin atası dünyasını dəyişib. Anası, bacısı, qardaşı Naxçıvanda yaşayırlar.
Çox gözəl həyat yoldaşı idi: qayğıkeş, mehriban. Ailəsinə bağlı biriydi. Müharibə başlamamışdan öncə, sentyabrın 13-də sanki bizimlə vidalaşmağa gəlmişdi. Öz işi haqqında heç nə soruşmurduq, çünki demirdi, hərbi sirr idi axı. Buna alışmışdıq. Evə gələndə ancaq evin, ailənin, xüsusən də uşaqların qayğıları ilə məşğul olardı. Evə az-az gəldiyinə görə gəlişi bizim üçün toy-bayram olurdu. 8 il idi Murovdağda xidmət edirdi. Ötən ilin iyununda 10 günlük məzuniyyətə gəlmişdi. Biz də rayondaydıq. Ona görə Masallıya, atamgilə gəlmişdi. Orada uşaqlara “hovuz” oyuncağı alıb gətirmişdi. “Hovuzu” su ilə doldurdu, qoydu günəşin altına ki, isinsin, uşaqlara soyuq olmasın. Həmin gün uşaqlar çox sevinmişdi. Axşama kimi uşaqlarla həyətdə oynadı, heç bilmirdi ki, hansını qucağına götürsün, hansını öpsün. Bu həyatda ən çox dəyər verdiyi ailəsi, uşaqları idi. Heç kimin xətrinə dəymirdi, incitmirdi.
Murovdağın Kəlbəcər istiqamətində "Canavar sol” deyilən postda idi son günlərində. Orada da şəhid oldu. Rahib böyük qəhrəmanlıqla, şücaətlə götürmüşdü o postu. Müharibə başlayanda ermənilərdən alınan ilk post idi. Öz taboru ilə götürmüsdü.Təəssüf ki, ona “Vətən müharibəsi qəhrəmani” adı layiq olsa da, verilməyib. Bu da, əlbəttə, həmin hərbi hissənin komandirinin vəzifəsi idi ki, təqdimat yazsın. Bilmirik niyə yazmayıb. Bütün döyüşçülər Rahibin qəhrəmanlığını təsdiq edən faktlardan danışırlar.
Onu qohumlar necə tanıyırdı?
Qaynatası (İntiqam Quliyev, müəllim):
-...Babayev Rahibin qaynatasıyam, 12 ildir onu tanıyırdım. Rahib mənim də övladımdır. Bu tanışlıq qızım ilə ailə həyatı qurduqdan sonra oldu. Ailəmizin bir üzvünə çevrildi Rahib. 3-cü övladım oldu, onları bir-birindən fərqləndirmədim. Rahib çox vüqarlı, qabiliyyətli, qanacaqlı, dəyanətli oğul idi. Uzun illər idi hərb sənətinə yiyələnmişdi. 35 yaşı tamam oldu ötən ilin yayında. O, hər zaman Ali Baş Komandanın əmrini gözləyirdi. Deyirdi ki, axı, bu əmr nə vaxt veriləcək ki, biz 30 il əsarətdə olan torpaqlarımızı düşmən tapdağından xilas edək?! O, şərəfli bir ömür yolu keçdi. Müharibə başlayan kimi, sentyabrın 27-də öz taborunun igidləri ilə döyüş meydanına atıldı. Çox qısa bir zaman daxilində düşmənin bir neçə postunu götürdü. Rahib şəhid oldu, amma, biz onun bu şəhidliyi ilə qürur duyuruq. Çünki bu, gələcək nəsillər üçün bir vətənpərvərlik simvoludur. Övladlarımız ondan tərbiyələnəcəklər. Onun keçdiyi döyüş yolu gələcək nəsillər üçün bir nümunədir. Rahib şəhidlik zirvəsinə sentyabrın 30-da ucaldı. Ötən müddət ərzində biz hər an onu xatırlayırıq. Biz onunla hər zaman fəxr edəcəyik. Çünki o, bizə başucalığı gətirib. Vətən torpağını qorumaq namuslu şərəfli bir işdir. Arzu edirik ki, Rahib Babayev “Vətən müharibəsi qəhrəmanı” adına layiq görülsün. Murovdağ zirvəsinin əldə olunmasında Rahibin əziyyətləri həddən artıq olub. Döyüş başlayan günlər, hamımıza məlumdur ki, ən sərt, ağır günlər olub. Bütün bunlara baxmayaraq, onlar şəhid və qalib olublar. Buna da fədakarlıqla nail olublar...
Qızı Mələk bala:
-Mən atamla hər zaman qürur duyurdum. İndi isə daha çox qürur duyuram. Mənim atam qəhrəmandı! O, evə çox gec-gec gələrdi. Bayramlarda yanımızda ola bilmiridi. Biz ondan bunun səbəbini soruşduğumuzda deyərdi ki, axı, mənim əsgərlərim də var, mən onları tək qoyub gələ bilmərəm. Biz onun üçün çox darıxırıq. Atam məni həkim görmək istəyirdi. Mən dərslərimi yaxşı oxuyub, onun arzusunu yerinə yetirəcəyəm. Mən atama laiq övlad olacağam...
Qaynanası (Fəridə xanım Quliyeva):
-Mənim az yaşım yoxdur. Cavan qohumlarımı itirmişəm, amma, Rahib qədər mənə təsir edən olmamışdı. Rahib reklam sevməzdi. Göz qabağında olmağı sevmirdi, şəkil, video çəkdirməklə arası yox idi. Elə bir işıq idi Rahib. Biz onun işığına yığışırdıq. Onun yanında bir az olan kimi bilirdin ki, necə insandı. Rahib o qədər gözəl əxlaqa malik, təqvalı insan idi ki... Özünü sevdirməyi bacarmışdı bizə...(ardı var)
Məhəmməd NƏRİMANOĞLU
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 04-04-2021 13:17
Baxış sayı: 3768
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23