44 günlük Vətən müharibəsi Azərbaycan ordusunun tətbiq etdiyi yüksək dəqiqlikli silahlar, müxtəlif tipli pilotsuz uçan aparatlar və istifadə olunan hücum taktikası baxımından hələ də aparıcı dünya ölkələrinin hərbi mütəxəssisləri tərəfindən təhlil olunur. ABŞ başda olmaqla bir çox ölkələr isə artıq bu müharibənin təcrübəsini nəzərə alaraq silahlanma konsepsiyasına dəyişiklik edirlər, gələcəyin müharibələrində dronların kritik rol oynayacağını nəzərə alırlar.
Bu müharibə zamanı Azərbaycan ordusu daha bir taktikası ilə dünyanı heyrətləndirmişdi. Belə ki, sovet dövründən qalma, “kukruznik” kimi tanınan birmotorlu An-2 təyyarələri pilotsuz təyyarələrə çevrilmişdi və onları yalançı hava hədəfi kimi istifadə edərək ordumuz düşmənin hava hücumundan müdafiə sistemlərinin yerini aşkarlayırdı. Müharibənin ilk həftələrində Ermənistan Müdafiə Nazirliyi hər gün Azərbaycanın bir neçə “qırıcısını” vurduğu haqda raportlar verirdi, yalnız həftələr sonra düşmən əslində nəyi vurduğunu anlamağa başladı. Onda isə gec idi, çünki düşmənin Qarabağdakı hava hücumundan müdafiə sistemləri demək olar tam sıradan çıxarılmışdı.
İndi bu unikal fənd barədə ABŞ-ın Çikaqo ştatında mənzillənən “Bulletin of the Atomic Scientists” analitik mərkəzinin online nəşri olan “The Bulletin” yazır. Nəşrin analitikləri Benjamin Fogel və Andro Metyuson yazırlar ki, 2020-ci ilin sentyabrında, Qarabağda hərbi əməliyyatların ikinci günündə erməni komandanlığı öz bölmələrindən birinin aşağıdan və yavaş sürətlə uçan hansısa hava hədəfinə “yer-hava” tipli raketlə atəş açdığına dair görüntüləri yaymışdı. “Lakin erməni əsgərlərinin vurduqları ultramüasir avtonom uçan aparat deyildi, ilk dəfə 1940-cı illərdə keçmiş Sovet İttifaqında kənd təsərrüfatı sahələrinin monitorinqi və dərmanlanması üçün istehsal olunan birmühərrikli təyyarə idi”,-məqalədə deyilir.
“The Bulletin” qeyd edir ki, sonradan Azərbaycanın bir neçə An-2 təyyarəsini pilotsuz uçan təyyarəyə çevirdiyi məlum oldu. Müharibə zamanı onları dəfələrlə kamikadze-dronlar qismində Ermənistan HHM sistemlərinin yerini müəyyən etmək üçün havaya qaldırdılar. Ermənilər isə öz zenit-raket komplekslərindən bu hava hədəfinə atəş açmağa məcbur oldular və beləliklə, öz mövqelərinin yerini Azərbaycan komandirlərinə bildirmiş oldular. Növbəti mərhələdə isə həmin zenit-raket komplekslərinə müasir kamikadze-dronlar istiqamət alırdı.
“Bununla da Azərbaycan dünyaya nümayiş etdirdi ki, hətta An-2 kimi köhnəlmiş texnikanı da yeni profilə gətirmək və dron qismində effektiv şəkildə müharibədə istifadə etmək olar. Bu da hərbçilərin avtonom sistemlərdən istifadəyə dair novator üsullar axtarıb tapmaqda olduqlarını göstərir”,-müəlliflər bildirir.
Məqalədə deyilir ki, Azərbaycanın bu taktikası gələcək münaqişələrdə istifadə olunacaq. Bu tip pilotsuz təyyarələr düşmənin yerini və imkanlarını aşkarlamaq üçün effektiv alət ola bilər və eyni zamanda onu əsas missiyasından yayındırar. Onlar həm də ucuzdur, dəyəri hansısa sınıq-salxaq avtomobilin dəyəri ilə müqayisə oluna bilər və nəticədə belə aldadıcı hədəfləri itirmək risk yaratmır.
“Qeyd etmək lazımdır ki, əvvəllər pilotlu təyyarə olmuş An-2 təyyarələrini yarımavtonom vasitəyə çevirməklə Azərbaycan hərbi təyinatlı dronların yayılmasını ləngitməyə yönəlmiş beynəlxalq səylərin də zəif yerini aşkara çıxarmış oldu”,-müəlliflər bildirir.
Xatırladılır ki, An-2 təyyarələri ötən əsrin 50-ci illərində SSRİ-də, Polşada və Çində kütləvi istehsal olunub. Və hələ də istifadə olunmaqdadır. Bu təyyarələrin təyinatını sifarişçinin istəyi ilə dəyişmək çox asandır və nəticədə onları hərbi təyinatlı drona çevirmək mümkün olub. “Qarabağdakı müharibə dövründə ümumi mövqe belə idi ki, həmin təyyarələr döyüşdə istifadə olunmaq üçün çox köhnədir və yararsızdır. Lakin Azərbaycan bu mövqeni rədd etdi və An-2 erməni HHM qüvvələrinin mövqelərini, avadanlıqlarını aşkarlamaq üçün istifadə olundu”,-amerikalı təhlilçilər vurğulayıblar.
Bildirilir ki, müharibə zamanı Azərbaycan dəfələrlə bu təyyarələri ermənilərin zenit-raket komplekslərinin yerini aşkarlamaq üçün istifadə edib. Eyni zamanda onları partlayıcı maddə ilə yükləyib. Ermənilərin yaydıqları videoların bəzilərində bu təyyarələrin yerə düşərkən böyük partlayış törətdiyi görünür. Bu da amerikalı təhlilçilərin qənaətinə görə, ondan xəbər verir ki, Azərbaycan hərbçiləri An-2 təyyarələrini nəinki yalançı hədəf kimi istifadə edib, eyni zamanda ermənilərə onları vurmamaqdan, beləliklə də mövqelərini aşkara çıxarmaqdan başqa şans buraxmayıb. Çünki ermənilərin zenit-raket kompleksləri bu təyyarələrə atəş açmasaydı onlar böyük dağıdıcı gücə malik kamikadze-dron qismində onların mövqelərinə çırpılacaqdı.
“Azərbaycan qüvvələrini dəstəkləyən mühəndislər çox güman ki, An-2 təyyarələrində avtopilota yönləndirilən pnevmatik sistemlər quraşdırmaqla onları pilotsuz təyyarəyə çeviriblər. 2018-ci ildə ilk dəfə Çin bu təyyarələri pilotsuz yük təyyarələrinə çevirmişdi. Azərbaycan isə başqa yolla gedib və texnikanın profilini döyüş aparmaq üçün dəyişdirib”,-məqalədə deyilir.
“The Bulletin” qeyd edir ki, müharibədən bir neçə həftə əvvəl kommersiya peykləri Yevlaxdakı aerodromda 60-dan çox An-2 təyyarəsini qeydə almışdı. Müharibənin sonlarına yaxın isə onlardan yarıdan çoxu artıq aerportda yox idi. Açıq mənbələrdə yer alan məlumatlarda isə azı 11 belə təyyarənin erməni qüvvələri tərəfindən vurulduğu bəlli olur.
Təhlilçilər yazırlar ki, əslində pilotsuz təyyarələrdən aldadıcı hədəf kimi istifadə edərək düşmənin hava hücumundan müdafiə komplekslərinin mövqelərini aşkara çıxarmaq taktikasından 1982-ci ildə İsrail Livandakı müharibə zamanı Suriya HHM sistemlərinə qarşı istifadə edib. Suriya ordusunun silahlanmasında yer alan sovet zenit-raket kompleksləri öz radarlarında həmin PUA-ları görərək onları F-16 qırıcıları zənn edirdi. Daha sonra ABŞ ordusu da pilotsuz təyyarələrdən Fars körfəzində İraq HHM sistemlərinə qarşı uğurla istifadə edib. Onlar İraq zenit-raket komplekslərinin diqqətini özlərinə cəlb ediblər, tipini aşkarlayıblar və daha sonra artilleriya atəşi, və ya qırıcılar tərəfindən məhv edilməsinə imkan yaradıblar.
“Ancaq Azərbaycanın An-2 təyyarələrinin qismində köhnə avadanlığı orijinal və qənaətcil şəkildə olduqca müasir və texnoloji baxımdan inkişaf etmiş silahların tətbiq edildiyi regional münaqişədə tətbiq edib. Digər ölkələr, xüsusən də öz arsenalında bolluca köhnəlmiş sovet texnikası olan ölkələr yəqin ki, Azərbaycanın bu nümunəsini istifadə edəcəklər”,-nəşr yazır.(virtualaz.org)
Reklam
Azərbaycan ordusunun DÜNYANI HEYRƏTLƏNDİRƏN “kukruznik” taktikası - Amerikalı analitiklər yazır
13-02-2021 14:56
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 13-02-2021 14:56
Baxış sayı: 2268
Yazı axını
26 / 12 / 2024
25 / 12 / 2024
25 / 12 / 2024
24 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
Ən çox oxunanlar