Göyçə həsrətli, Təbriz nisgilli

09-01-2025 20:21
Göyçəli Səyyad Əhmədlinin sazlısözlü könlünün oxunmamış səhifələri


Necə də birbirinə  yaraşır bu iki dogma kəlmə: SAZ VƏ SÖZ!  Biri olmayan yerdə o birisi də sönük görünür. Çünki saz sözü bəzəyir, söz də sazı. Saz ustad əlində olanda o, daha da müdrikləşir. Dədə Qorqudumuzun yadigarı,  ulu ozanların mirası olan saz milli kimliyimiz, Türkün həm də qılıncdan kəsərli silahıdır. Bu mənada sazla söz birləşəndə cəlladlar belə əl saxlayır, səmada qartallar qanad…
Hər sənətin öz xiridarı olur. Əslində, sənətlərin hər biri dəyərlidir. Onu dəyərli edən də sənətkar və sənətsevərlər olur. Sənətin millisi də olur, ümumbəşərisi də, siyasisi də, mədənisi də, iqtisadisi də...  
Hər bir sənəti öyrənmək mümkündür. Kimsə  deyə bilməz ki, filan sənət asan, ya da çətindir. Hər bir sənət asan da  görünə bilər, çətin də. Onu  asan və çətin qəbul edən biz insanlarıq  sənəti sevənsevməyən, bacaranbacarmayan...
Bir qədər uzaqdan başladım. Söz sənətdən düşmüşkən, indiyədək demək istədiklərimin məqamı olduğuna görə, bir az təfərrüatı ilə başlamaq məcburiyyətindəyəm.

Azərbaycan ədəbiyyatında öz dəstxətti ilə seçilmiş, aşıq poeziyasının bilicisi Osman Sarıvəlli ocağının yadigarı, fəlsəfə elmləri doktoru, professor mərhum Babək Qurbanovun təbirincə desək, insan oğlu ən qədim zamanlardan bəri təbiətlə olan münasibətlərində onun qanunauyğunluqlarını kəşf etməklə birlikdə, qazandığı bilgiləri təbiət üzərində hökmranlığını sürdürmək üçün gərəkli bilmiş, eyni zamanda öz intellektual və mənəvi mədəniyyətini də zənginləşdirmişdir. 
Dədə Şəmşir ocağının odqoruyanlarından biri olan Cavid Qənbəroğlunun “Dünya qəmli nağıl imiş” şeirlər kitabına yazdığı məqalədə  professor Babək Qurbanov  belə qeyd edirdi: “...Bu uzun və mürəkkəb sosialtarixi prosesdə bir çox təbiət və cəmiyyət elmləri ortaya çıxmış, təbiətin və cəmiyyətin bir çox problemlərinin öyrənilməsində geniş perspektivlər açılmışdır. Fizika, kimya, botanika, həndəsə, triqonometriya kimi dəqiq təbiət elmləri, arxeologiya, tarix, fəlsəfə, etika, estetika, siyasət, hüquq kimi ictimai elmləri meydana gətirmiş insan, XIX əsrin ortalarına kimi konkret olaraq bir fərd, subyekt, sosial varlıq olaraq insanın özünü tədqiq edən bir elm meydana gətirə bilməmişdir...”
Professorun gəldiyi qənaətə söykənib, biz də vurğulaya bilərik ki, yalnız bu dönəmdən başlayaraq, bir fərd olaraq, insanın təbiətinə, onun zəngin potensialdəyişdirici gücünə, davranış xüsusiyyətlərinə, psixoloji quruluşuna, zəngin emosional dünyasına və s. olan maraq artmağa başlayır. Hətta, bütün bu problemləri tarixilik baxımdan araşdıran konkret bir elm sahəsinin belə ortaya çıxması məqsədəuyğun görülür, insan fəlsəfəsi və ya antropoloji fəlsəfə kimi ictimai bir elm sahəsinin ortaya çıxması hadisəsi belə baş verir. 

İnsan fəlsəfəsi ilə məşğul olan mütəxəssislər daha çox insan fenomenlərinin, hadisələri öncədən görə bilmək, onlara dəyər verə bilmək, bu hadisələri gərəkli olubolmaması baxımından seçmək, ailə, dövlət yaratmaq, dil, din, incəsənət meydana gətirmək, təhsiltərbiyə verə bilmək, maarifləndirmək, tərbiyələndirmək və nəhayət, sevmək və sevilmək kimi fenomenlərin incələnməsinə, tədqiq olunmasına xüsusi diqqət yetirirlər. 
Qarşımdakı şeirləri oxuduqdan sonra professorun nə qədər haqlı olduğunu bir daha yəqinləşdirdim. Həqiqətən də insanı, onu digər canlılardan ayıran xüsusiyyət məhz bu fenomenlərdir. Təbii ki, digər canlılarla onların psixoloji davranışları ilə müqayisəli araşdırmalar bir daha sosial fərd olaraq yalnız insana xas xüsusiyyətlərin, davranışların, hisslər, duyğular dünyasının sirlərinin açılmasına şərait yaratmış olur. Bununla belə bir ictimai elm kimi on doqquzuncu yüzilliyin sonlarına doğru formalaşmaqda olan antropoloji fəlsəfənin irəli sürdüyü bu fenomenlərin araşdırılmasını yalnız ictimai və humanitar elmlərin müvəffəqiyyətləri ilə məhdudlaşdırmaq düzgün olmazdı. 
Zənnimcə, burada bəzən “insanşünaslıq” adlandırılan ədəbiyyatın, habelə digər sənət növlərinin rolu heç də az deyil. Birdəfəlik yaddaşlara həkk etdirmək lazımdır ki, insan təbiətini, duyğular, emosiyalar, psixoloji vəziyyətlər, əhvalruhiyyələrin zənginliyi olmadan düşünmək belə mümkün deyil. 
Bədii yaradıcılığın, xüsusilə də musiqi və şeir sənətinin insan duyğuları və həyəcanlarını ifadə etmək yolunda sonsuz potensialestetik imkanları olması faktı mütəxəssislərə yaxşı tanışdır. Bu anlamda, yuxarıdakı fəlsəfi düşüncələrə istinadən Göyçəli Səyyadın poetik ruhlu olmasının də bir sıra səbəblərinin olduğunu deyə bilərik.
Tarixin dərinliklərindən gələn çoxtərəfli, zəngin şifahi xalq yaradıcılığı xalqımızın orijinal bədii təfəkkürə malik olmasını sübut etməklə birlikdə, həm də onun zəngin hisslər, duyğular, həyəcanlar aləmi haqqında da ətraflı məlumatlar verir. 
Yüzlərcə, minlərcə poetik folklor nümunələrində, xüsusilə də ozanaşıq şeirində insanlarımızın düşüncə tərzi, adətənənələri, hiss və həyəcanları, mənəviestetik idealları və s. tərənnüm olunmuşdur. Həmin mütərəqqi meyli bu gün də izləmək mümkündür. 
Sənət adamlarımız keçmişin mütərəqqi bədiiestetik xüsusiyyətlərindən günümüz baxımından yaradıcılıqla istifadə edərək, müasir insanlarımızın hiss və həyəcanlarını, sevincini, kədərini, sevgiyə nifrətini, hər bir sosial haqsızlığa qarşı barışmazlığını əks etdirməyə çalışırlar. 
Yuxarıda sıraladığımız insan fenomenləri burada təbii ki, elminəzəri izahdan daha çox estetik, emosional, hiss və həyəcanlarla yoğrulmuş bir tərzdə ifadə oluna bilir. Əslində, bütün bunlarsız insanı sosial varlıq kimi düşünmək mümkün olmur. 
Bəli, insan təbiətini, onun yuxarıda qeyd etdiyimiz fenomenlərinin izahında bədii yaradıcılıq nailiyyətləri antropoloji fəlsəfənin müxtəlif humanitar və ictimai elmlərə təməllənərək insan haqqında ortaya qoyduğu bilgilərdən heç də az önəm daşımır. Məsələn, insan fəlsəfəsi sevgi fenomenini hansı bir tərəfindən izah edirsəetsin, burada insan hissləri, həyəcanları, emosiyaları, əhvalruhiyyələrinin izahı, daha doğrusu, ifadəsi olmadan, natamam qalacaq. 

Bütün bu fəlsəfi gəzişmələrdən sonra qayıdaq sənətə və sənətkarlığa. Sənətkar olmaq şərəflidir. Sənəti sevmək, sevdirmək, yaşatmaq çox vacibdir. Hər bir sənət millət, dövlət, xalq, bəşəriyyət üçün gərəklidir. İncə sənət  bu baxımdan birbirinin dilini bilməyən millətlər arasında mənəvi körpü də ola bilir.
Azərbaycan xalqını sənətkarlıq  baxımdan bəxti gətirənlərdən saymaq olar: milli mətbəxindən başlayaraq, incəsənətinədək zəngin və uludur. 
Dədə Qorqud yaşıdlılardan biri də, əlbəttə, sazsöz sənətidir. Ozan, yanşaq, aşıq kimi bugünümüzədək  yol gələn aşıqlıq sənətini yaşadan da məhz elə sənətkarlar olublar. Nə yaxşı ki, yaşadılıb, unudulmayıb. UNESCOnun mədəni irs siyahısında qorunan aşıqlıq sənəti  də milli sərvətimizdir. Onu qorumaq bizim mənəvi və vətəndaşlıq borcumuzdur.
Məsələyə bir qədər uzaqdan başladığımın fərqindəyəm, buna məcbur idim. Çünki haqqında söz açmaq istədiyim söz sənəti də uludur. Tarixin alt qatlarından bu günümüzədək  gəlib çatan ozan, varsaq, yanşaq, aşıq kimi tanınan xalq sənətini yaşadanlar ustadnamədən başlayar, el məclislərini müxəmməslə başa  çatdırardılar. Aşığı saza aşiq edən də məhz ana kəlmələrimiz olan sözdür. Mən də ustadların yolunu müqəddəs hesab edərək, haqqında bildiklərimi və eşitdiklərimi, sonralar isə oxuduqlarımı ümumiləşdirməklə, bir söz sərrafımız barədə fikirlərimi qələmə almaq istədim.
Özünü  çoxdan tanıdığım (indiki qədər yox), lakin bədii yaradıcılığı barədə bircə kəlmə belə eşitmədiyim Səyyad Əhmədli həm də uzaqyaxın (əsasən də ana tərəfimdən) qohumdur. O, məni özümdən yaxşı tanıyırmış. Üstəlik, yazıpozularımı sosial şəbəkədə izləyir və təbliğ edirmiş. 
Bütün bunları deməkdə məqsədim var. Mən onu br yaradıcı insan kimi gec tanımışam. Bilmirəm mənim günahımndır, yoxsa, onun utancaqlıq hissidir buna səbəb. Xaraktercə “uşaqxasiyyət” olan Səyyad Əhmədlinin qələminin məhsulunu oxuyan hər kəs ilk andanca onun göyçəli olduğunu özündən soruşmadan da ayırd edə bilər. Allah, adam da bu qədər oxşayar doğma yurdyuvaya?!
Adamlar tanıyıram ki, “dünən kənddən gəlib” (mənim kimi), şəhərdə ikiüç ay dolandıqdan sonra başlayır “qədeş”lənməyə: “dilini də dəyişir, donunu da” (“min ağac uzaq”!). Amma Səyyad qardaşımız sanki Göyçədən, Zərkənddən elə bu gün gəlib, necə varsa elədir: sadə, səmimi, istiqanlı, milli təəssübkeş, əsil göyçəli, kəlbəcərli...

Ozanaşıq, şeirsənət dünyasında azman kimi tanınmışların bir xeylisi haqqında qələm çalmışam. Xüsusilə Azərbaycan Aşıqlar Birliyinin orqanı “Ozan” qəzetinin redaktoru olanda bugünün Aşıq Əkbəri, Aşıq İmranı kimi tanınan tovuzlu Aşıq Məhərrəm Hüseynlini yaxından tanımağım, bu sahədəki bilgilərimi xeyli artırmış oldu. Allah ömür versin. Miskin Abdaldan, Dədə Ələsgərdən, Təcniz Alıdan, Növrəs İmandan,  kürəyinə qaynar samovar bağlayıb, daşnakların sızıldadasızıldada qətlə yetirdiyi, yandırdığı Göyçəli Nəcəfdən... onlardan da öncə Dədəm Qorquddan başlayan sazsöz sənəti ilə yaxından tanışlıq mənim üçün bir ayrıca akademiya demək oldu.

Adlarını çəkdiyim ustadlarımızı bizdən əvvəlki nəsil də yaradıcı aşıq kimi tanıyıblar. Çünki onlar yalnız ifaçı aşıq olmayıblar, özləri sazın  istər şah, istərsə də baş və zil (“beçə”) pərdələrinə uyğun ustadnamə (“Divani”), qoşma, gəraylı, təcniz, müxəmməs və s. qoşub, həm də oxuyublar. Dövrümüzdə də belə yaradıcı aşıqlarımız az olmayıb.
Deməyim odur ki, qarşımdakı bir qalın kitablıq şeirlərə nəzər saldıqca sanki sazın səsini dinləyirəm, ustadların ifasında. Şeirlərdən saz nəfəsi yaz həvəsi gəlir adama:

Yenə xəyallarım qanadlanıbdır,
Dolandı başına Ulu Göyçəmin.
Sızıldatdı ürəyimin başını,
Talan olmuş sağı, solu Göyçəmin.

Vəsf elədim gözlərimin selində,
Barmaqlarim dondu sazın telində/
O ətir yox çiçəyində, gülündə,
Ürəyi qubarla dolu Göyçəmin.

Ata yurdum, şanşöhrətli Vətənim,
Əzəlaxır mənimsən ki, sən mənim!
Soysuzlar nə qədər kəsilsə qənim,
İnşAllah, açılar yolu Göyçəmin.

Yaman günün ömrü azdı, deyərlər,
Qarlı qışın sonu yazdı, deyərlər!
Üçbeş misra Səyyad yazdı, deyərlər,
Olaraq bir sadiq qulu Goyçəmin.


Bu qoşmanı belə bütöv verməsəydim, sanki paralanmış, yaralanmış Azərbaycandan uzaq düşmüş Göyçəmizə aid olmazdı. Hansı saz havasına ifa etmək olmaz ki, bu şeiri?! Bunu sazsöz xiridarları bilir…
Şairlərlə həmsöhbət olmaq  heç də asan məsələ deyil. Heç onlarla yol getmək də sizə rahat gəlməsin. Ölməz söz sərkərdələrimizdən biri Məmməd Aslan səmimi etiraf edirdi ki, onunla 5 addım yol getmək mümkün deyil. Dediklərində həqiqət var idi. Şairlə yol yoldaşı olmaq üçün gərək onunla həmsöhbət olmağı da bacarmalıydın. Bu qabiliyyətin yox idisə, Məmməd Aslan neyləsin?!
Söz vaxtına çəkər. Sözün də vaxtı, məqamı olur. Onu yerində, zamanında  məqamında demədinsə, “daldan atılan daş” kimi olur. Söz adamlarının “dilinin qıfılı”nı açmaq üçün səndəki “dil açarı” pərgar olmalıdır: Sözlə yağlamalısan ki, dilin “qıfıl”ını aça bilsin. Ona görə də şairlərlə həmsöhbət olmaq çətindir. Lap belə peşəkar jurnalistlər də bəzən şairlərin qonağı olanda bu çətinliyi hiss edirlər.
Bir vaxtlar bu sətirlərin müəllifi də həmin  “çətinliyi” yaşayıb. Kəlbəcərdən didərgin düşdüyümüzün beşinci ili idi. Bəhmən Vətənoğlu ilə həmsöhbət olmaq istədim. Kəlbəcərsiz ötən hər il üçün bir rəmzi sual yazıb göndərmişdim. Bir həftədən sonra aldığım cavabdan heyrətləndim. Şair “salamsağolu” da qafiyələndirmiş, misralandırmış, hər sualı özünün bir qoşması ilə cavablandırmışdı...

...Neçə vaxtdır ruhuma, hiss və duyğularıma sığal çəkən poeziya nümunələrindən ayrıla bilmirəm. Nə yaxşı ki, imkanım oldu. Tanrıdandı vallah! Dalbadal iki günə, həm də xəstəhal olaola, 20 Yanvarın dəhşətlərindən yazayaza, iki şairin yaradıcılığına da boylana bildim. Onlardan biri dövrümüzün qəzəlxanı adlandırdığım, poeziyanın bütünlüklə “dilini” bilən, hər vəzndə özünü, qələmini sınağa çəkən, dadlıduzlu, hərdən də hirslihikkəli, dalğalıləpəli, birdən isə bulaq suyu kimi qəlblərə damcılayan şeirlər müəllifi Eldəniz Xuduzadə (ÜmmanSÖZ), digəri isə Göyçəmizin göynək yarasını şeirlərinin dili ilə sarıyan, məlhəm bilib, sağaltmağa çalışan Göyçəli Səyyad Əhmədlidir  söz qədrini bilənlər.
 Onu bilirəm ki, soyuq qış gecələrimin poetik ovqata köklənməsinin səbəbi məhz  bu dəfə  Səyyad bəyin şeirləridir...
Bu yazını “qələmə alırdım” (oxu: klaviyaturada yazırdım) ki, onun FS səhifəsində ürəkaçan bir xəbəri oxudum. Sən demə, Göyçəli Səyyad böyük TURANda da tanınır, seviləsevilə oxunur. Məhz bu sevginin bəhrəsidir ki, o, 2024cü ili başa vurarkən TURANın bir parçası olan Qırğızıstanın böyük şairi Çingiz Aytmatov adına təsis edilmiş “Altın Kalem” ali mükafatına layiq görülüb.

Göyçəli Səyyad Əhmədli Ulu Göyçəmizin Basarkeçər rayonunun axarbaxarlı, Kəlbəcərlə yaylaq qonşusu olan Zərkənddə dünyaya göz açıb.  Çox təəssüf ki, ömrünün gənclik çağlarında, 1988ci ilin qarlıboranlı qış aylarında daşnaklar yenidən Göyçə mahalını işğal edərək, göyçəlilərimizi yurdyuvalarından didərgin saldılar. O vaxt Səyyad qardaşımızın da atalıanalı ailəsi Göyçədən  qovulanda Kəlbəcərə sığındı. “El elə sığsa da, ev evə sığmaz”,deyib dədələrimiz. Onlar da özlərinə bir yuva qurmaq üçün  Gəncə və Bakıda məskunlaşdılar. Səyyad da elə o vaxtlardan dərdliqəmli dünyasına qapılıb, uşaqlıq və gənclik illərinin həsrətini qəlbində misralandırırdı...
Beləliklə, qohuməqraba hiss elədi ki, Səyyad da digər göyçəli şairlər kimi, könlünü sözə verib. Ancaq İlahisinə sığınan şair şeir dili ilə deyir:

Qərib tale yaşadım gənc yaşımdan,
Ayrı düşdüm torpağımdan, daşımdan.
Səyyadam, dumanlar getmir başımdan,
Sənə sığınmışam, sənə, İlahi!


Səyyad tifilkən anasını itirib, Göyçəsi ilə birgə, bax o vaxtdan yetimliyin acısını, ağrısını daşıyır sınıq könlündə. “Dünya” qoşmasında da  elə bozüzlü dünyaya belə  gileylənir:

Məni tifilikən çöllərə saldin,
Əlimdən eşqimi, anamı aldın.
Verdiyin zülümdən razımı qaldın,
Çəkdirdin Səyyada çox cəfa, dünya?!
Yox imiş ki, səndə  heç vəfa, dünya!


Ana! Hər kəsin  dilinin ilk kəlməsi olan bu üç hərfin birləşməsi bütün canlıların yaradıcısıdır  Anadır! Ana haqqında nə qədər müdrik deyimlər var, amma, psixoloqların, mütəxəssislərin fikrincə, sevgi ilə ana olduqları kimi ifadə edilməyiblər. Hər kəsin öz dünyası və anası olduğu üçün, onların vəsfi də fərdi yanaşma ilə izah edilir. Səyyad da ananı vəsf etdiyi eyni adlı  qoşmasında fikrini belə nəzmə çəkir:

...Kəlməsi, hikmətdi, əməl et, Səyyad,
Onun göstərdiyi yolla get, Səyyad,
Peyğəmbər (s) söylədi, sırğa et, Səyyad,
Həm cənnətin, dinimanın anadı.


Səyyad da digər klassik şeir növlərinə vurğunlar kimi, ustadlardan qalma əmanətlərə övlad səxavəti göstərərək, şeiriyyəti sevdiyi kimi də, onu sevdirməyi, yaşadılmasını özünə borc bilir. Buna görə də onun şeirlərində heca vəzninin daha üstünlük təşkil etməsini hiss edirik. Divani klassik aşıq şeirinin ilklərindəndir. Adətən, eldəobada toy məclisləri divani (ustadnamə) ilə açılar, müxəmməslə (sazda ”Gözəlləmə”) bağlanardı. Doğrudur, bu gün restoran və şadlıq saraylarında keçirilən toylar şənliklərində bundan əsərəlamət görünmür. Lakin, Göyçəli Səyyad kimi qələmli şairlərimiz bu ulu adətənənəyə sadiq qalaraq, bədii söz yaradıcılığında divani, təcnis, müxəmməs (ustad Dədə Ələsgərin yaradıcılığından bəhrələndiyi üçün) kimi şeir növlərini yaşadırlar. Şairin “Bilmirəm” divanisindən bir bəndə nəzər salaq:

Bir kimsəyə zərrə qədər pis niyyətim olmadı,
Dar günümdə çoxu qaçdı, heç eyninə almadı,
İnsanlıq məhv olub getdi, səmimiyyət qalmadı,
Bu gedişlə axırımız nə olacaq, bilmirəm…


Səyyad Əhmədlinin ədəbi aləminin zənginliyi ondan bilinir ki, o, ustad irsinə sadiq qalaraq, yaradıcılığında aşıq şeir növlərini yeni, özünəməxsus deyim formasında təqdim edir. Hər şeirini bir əsər adlandırmaq olar. Lakin, mən isə şairin qəlbinin çırpıntılarını bir mənzum drama bənzətdim. Burada nəsr də var, nəzm də. Hisshəyəcanla yanaşı, bir işıqlı yola çıxan simanın kölgəsini də görmək olur. Haradan gəlib hara getdiyini isə onun şeirlərini oxuyanda bilirsən ki, o, kimdir.
Səyyad Əhmədlini yalnız ədəbi üfüqdən boylanan bir günəş kimi təqdim etmək istərdim, ulularımızın müqəddəs ruhlarından icazə istəməklə. Çünki, o, aşıq ədəbiyyatının carçısıdır. Çünki  o, ulu Göyçədən başlayan ədəbi yolun layiqli davamçısıdır. Çünki o, səmimiyyəti, sadəliyi, şəhərə yovuşmamağı ilə də gəncliyindən indiyədək dəyişməyən simanın sahibidir.
Qələm və söz adamlarının taleyində, nədəndirsə, döngələrdönmələr, ağrıacılar daha çox olur, ya da onlar bunu digərlərindən fərqli yaşayırlar. Ona görə də hiss etdirirlər. Səyyad qardaşımın da şeirlərində hiss olunan nakamlıq, dərdlilik yalnız atababa yurdunun itirilməsi ilə bağlı deyil. Sanki nakam sevgi onun həyatının mənasına çevrilib:

…Səyyad ilk görüşdə sənə vuruldu,
Gül üçün çırpınan bülbüllər kimi.
Bulanıq sular da təzdən duruldu,
Qönçədən açılmış tər güllər kimi.


Bir vaxtlar bax bu şeiri qəlb döyüntüləri ilə sevdiyinə yazan  şairin ömürgün sevdasını çox erkən itirməsi onun taleyində olduğu kimi, yaradıcılığından da qara xətt kimi keçir.
 
“Gülüm” gəraylısında olduğu kimi:

Təvəllüdün qeyd elədim,
Təkcə baş daşınla, gülüm.
Çox dərdləşib, sel ələdik,
Altmış beş yaşınla, gülüm.

Həyatdan küskün oldurdun,
Ömrümü kökdən soldurdun.
Ürəyimə ox doldurdun,
Çatqın gözqaşınla, gülüm.

Şən yaşadıq bir qərinə,
Dözdük “istiyəsərinə”.
Səyyadı gömdün dərinə,
Nakam baxışınla, gülüm.


Çox qəribə də olsa, Göyçəli Səyyadın çapa hazırlanan “Könlümün sarı simi”ndəki şeirlərini oxuduqca fikrimə və yadıma mərhum professorun Cavid Qənbəroğlunun yaradıcılığına verdiyi qiymət düşdü. Deyəsən, hər ikisinin taleyindən keçən qara xətt idi bu eynilik və məni özünə çəkən. Buradakı şeirlərin də, demək olar ki, əksəriyyəti nakam sevgi fenomeninə, vətənvətəndaşlıq mövzusuna həsr olunub. 
Mənə elə gəlir ki, burada təəccüb olunası heç bir şey yoxdur. Min illərdən gələn şifahi xalq ədəbiyyatında, xüsusilə də aşıq poeziyasında sevgi mövzusu mərkəzi yerlərdən birini tutub. Zənnmcə, şeirlərdə bu əbədi mövzunun daha çox yer alması heç də təsadüfi deyil: Vətəni Göyçəni, anasını və ömrünün parasını itirmiş bir şair ancaq belə kədər yüklü şeirlərlə özünü ifadə etməliydi. 
Müəllif, ümumiyyətlə, sevgi anlamını insan həyatının, onun  fəaliyyətinin əsası olaraq izah etməyə çalışır. Sevgisiz insan yaşamının mənasız, bəhrəsiz, gərəksiz olmasını sübut etməyə təsadüfi deyil ki, şeirlərinin birində  fikri aydın bir şəkildə aşağıdakı misralarla ifadə etməkdədir:

Nə müddətdi həsrətində qalmışam,
Bir ana nəfəsli qucağın, ellər.
Ömrümün qayğısız keçdiyi yerin,
Göyçə adlı yurdun, ocağın, ellər.

Əvvəl yurdum, sonra sonam da getdi,
Dözməyib xiffətə, anam da getdi,
Xeyri yox, alışam, yanam da, getdi,
İtirdim həyatın bucağın, ellər.

Ruhum gəzir Göyçəmizi dolanıb,
Fikrim yenə xəyallara calanıb,
Səyyad atəşlərə elə qalanıb,
Külünə çevrilib ocağın, ellər.


Sözün və fikrin düyünə düşdüyü an: burdan o yanası yoxdur. Səyyad qardaşımıza ədəbi aləmdə tutduğu yolda səyyah ömrü arzulayıram. Yolun uzun olsun ki, bəlkə Göyçəmizə qovuşasan, biz Kəlbəcərlə qucaqlaşan kimi, qələmli, poeziyası dərdliələmli şair…












Hörmətlə:
Məhəmməd NƏRİMANOĞLU
Bakı, 8 yanvar 2025-ci il



Kateqoriya: Poeziya-nəsr
Tarix: 09-01-2025 20:21
Baxış sayı: 216
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını