Reklam
Ruha dönüb Kəlbəcərə uçan Əmrah Qəmxar
23-07-2021 20:16
Anası sağ olanda da Əmrah yetim imiş
Yurdun, Vətənin qəribi kimi
...Qəhər məni boğur, dilimdə kəlmələrim, əlimdə qələmim donur, elə bil ki, 2007-ci ilin fevral ayıdı, Gəncədən üzüyuxarı Hacıkəndə qalxırıq, bizi aparan köhnə “Jiquli”nin “dizləri qırılıb” qalır “Qoşabulaq”dan aşağıdakı “Hacıkənd” yazılan sərt döngədə. Ha çalışırıq… düşüb itələyirik, qar-çovğun imkan vermir ki, irəli, Hacıkəndə, əslində, Kəlbəcərə, Murovdağa sarı bir addım ataq. Donurduq, əynimiz qalın olsa da, hətta kəlbəcərsizlik dərdindən yayın qızmar çağlarında donduğumuz kimi, o gün də titrədirdik, dil-dodağımız gömgöy olub. Onda Əmrahın bir şeirini söylədim ki, guya, qızınaq sözlərindən, amma üşütməmiz kəsmədi:
Dədə Şəmşir, bu dağların dərdini
Söyləsəm daşa da, kövrələr, ağlar!
Qan tökülür bənövşənin üstünə,
Ağaclar titrəyər, pöhrələr ağlar.
Dolansa da zimistanı, yazı yox,
Gözəllərin baxışı lal, nazı yox.
Nakam gedən oğulu çox, qızı çox,
Qəbrimi qazanda Kəlbəcər ağlar!
Köməksizdi, igidlərin təklənib,
Əmrah “Yanıq Kərəmi”yə köklənib.
Neçə Çimnaz, Şahlar qana bələnib,
Boylanıb yollara körpələr ağlar!
Bu yazını yazmağa başlayanda bax həmin üşütmə doldu canıma. Əmrahlı günlərimə qayıtdım. Lap hələ Kəlbəcərdə, mədəniyyət evində işlədiyim, Ağcakənddə hər bir kəlbəcərlinin tanıdığı və hörmətlə yad etdiyi, hazırcavab, loğman, folklor bilicisi, qəlyanı ilə də yaddaşlara yazılan, “Maraloyunu” və “Kilimarası” meydan tamaşalarının ifaçısı Mehralı babanın ocağına səfər etdiyim günlər kino lentinə dönüb gözlərimi qarsıladı…
Əmrah Qəmxarla Kəlbəcərdən perik düşəndən bir müddət bir-birimizi görə bilmədik. Sən demə, o, torpaqlarımıza düşmən diş qıcayana qədər, yəni 1990-cı ilin fevral ayına kimi qərib ellərdə imiş, daha dəqiq desəm, Udmurtiya Daxili İşlər Nazirliyində işləyirmiş, doğrusu, bundan xəbərim olmamışdı. Qanlı “20 Yanvar” hadisələrindən sonra o, Vətənə qayıdır və torpaqlarımızın erməni vandalları və silahlı quldur dəstələrindən müdafiə olunmasında silaha sarılır. Onsuz da Vətənə yaralı qayıdan Əmrah buradakı döyüşlərdə də sinəsini torpaqlarımıza tuşlanan düşmən gülləsinə sipər eləməkdən yorulmadı. Döyüşlərdə dəfələrlə yaralanıb cərrahiyyə əməliyyatla “həyata qayıtmışdı”. Əslində, bədənində qəlpə, ürəyində anasızlıq dərdindən qanayan yaralarla “yaşayırdı”.
Əmrah təbiət vurğunu idi. O, nəinki qələmi və duyğulu qəlbi ilə, fotoaparatının obyetivi ilə də Azərbaycan təbiətinin ecazkarlığını yaddaşlara yazırdı. Hacıkəndə, mənim 50 yaşımın qar işığına gedəndə çəkdiyi şəkillər bu gün mənə təkcə göz yaşı, göz dağı deyil, həm də ən əziz və yaddaqalan günlərimin birindən xatirədir…
Həmin günlərin daha bir əziz xatirəsi də onun mənə yazdığı şeirlə bağlıdır. Niyə onda, təngnəfəs olanda Əmrah bu şeiri mənə oxudu, indi anlayıram. Şeir mənə həsr edilməmişdi. Doğrudur, sonrlar o, mənim 50 yaşıma “Üzündən görürəm ürək çəkəni, yaxud palıdlar bir əsr qocalıb indi” sərlövhəli məqalə yazmışdı. Həmin yazı mənim 50 illiyimə dostlar hazırladığı “Ömrüm kitab ömrü”ndə verilib.
Əmrah sözün nazıyla oynamayıb, buna nə vaxtı var idi, nə də həvəsi. O, atasız qalacaq üç qız balasını, onların da qayğısını elə ataları qədər daşıyan ömür-gün yoldaşının özündən sonrakı ağır və əzablı, Əmrahsız illərini düşünürdü sanki.
1964-cü ildə Kəlbəcərin Ağcakənd kəndində Möhübbət kişinin ailəsində dünyaya gələn Əmrah gözünü açmamış, qəddini düzəltməmiş, yaxşı-yamanı hələ ayıra bilməmiş, tale onun çiyinlərinə dərd, qəlbinə möhnət yükü şələləmişdi. O da bu ağır yükün altında dizləri qatlansa da, çiyinlərini əyməməyə, dost-tanışdan, qohum-əqrabadan geriləməməyə can atırdı, amma özü də bilirdi ki, canı gedir…
Xatirələr o qədər ki, hər biri də özünəməxsus… Bir dəfə İctimai Televiziyadan bir neçə kəlbəcərli qələm və söz adamlarından veriliş hazırlanması barədə şair dostim Yusif Heseyndən məlumat aldım. Əmrahdan xahiş etdim ki, fotoaparatını da götür gəl. Vədələşdik, iş elə gətirdi ki, qocaman bir şairimizi də həmin tədbirə (Xızı dağlarına) dəvət etdik, mən aparıcılıqdan uzaqlaşdırıldım (söz adamı, yəni, şair olmadığım üçün?!-M.N.). Əmraha bildirdim ki, mən gedə bilməsəm də, sən mütləq gəl, adını siyahıya yazdırmışam. O, mənim getmədiyim təqdirdə həmin dəvəti qəbul eləməyəcəyini təkidlə bildirdi. Mənə görə gəlmək istəyini də gizlətmədi. Yalvardım ki, mən orada artıq adam hesab olunuram, ona görə də sən hökmən gəlib getməlisən.
O, gəldi və onun xatirinə mən də həmin tədbirə qatıldım, amma hər ikimizin də ürəyi paralandı həmin gün. Birincisi, bizi Xızının vulkandan yaranan və ot cücərtməyən, çılpaq dağlarına qaldırdılar,-əzab çəkdik. Onda belə bir şeir dedim bədahətən:
Bir zamanlar cənnət idi,
Göz dağına dönən dağlar.
Uşaqlığım orda keçib,
Olubdumu dünən, dağlar?!
Duman yenə alır başın,
Sırsıra bağlayır qaşın?
Doqquz ay keçirmi qışın,
Buz bağlayır sinən, dağlar?
Yox imiş ki, oğlun, qızın,
Nə çiçəkli bahar-yazın,
Çəkəmmədik sənin nazın,
Üzü bizdən çönən dağlar.
Şair Nəbi Dilsuzun Xızıda məskunlaşan oğlu Həbibin bizim gəlişimiz münasibətilə elə Kəlbəcərdəki kimi, bulaq başında açdığı süfrədən sonra televiziya çəkilişi başladı. Gələnlərdən nə mən, nə Əmrah Qəmxar, nə də şair Nəbinin nəvəsi Zöhrabın çəkilməyi lazım və ya məsləhət bilinmədi. Hansı ki, əvvəldən Bakıda hamı ora qələm və söz adamı kimi dəvət olunmuşdu. Bu təklif məni əsəbləşdirdi. Mən, ümumiyyətlə, qəzetçi kimi (yəqin məqalə yazamağa görə) kənara durmağım məsləhət görüldü. Çəkildim, hem bir kadra düşmədim. Əmrahın da fotoqraf kimi kimi burada olduğu deyiləndə, dözməyib, ağsaqqalın “üzünə ağ oldum”. Dedim ki, Əmrah Qəmxarı şair kimi tanımayanların yazıq halına və onun bir şeirini söylədim. Bundan sonra epizodik olsa da, Əmrahı da həmin verilişə çəkdilər. Qayıdanbaşı Əmrah mənim düşdüyüm hala dözmədi. Sakitləşdirdim. Könlünü alıb yola saldım. Veriliş efirə gedəndən sonra zəng vurdu ki, bir daha özümü təhqir olunmuş saydım, göstərməsələr bundan yaxşı idi - söz, kəlmə, misra yarımçıq kəsilmişdi.
Məni yandıran odur ki, həmin şair “ağsaqqal” sonralar Əmrahın ölümünə bir şeir yazıb redaksiyaların qapılarını döyürdü ki, dərc elətdirsin...
Əmrah gözümüz görə-görə için-için əriyirdi, amma kömək edə bilmirdik. Bakıda “Eksperimentalnı” adlanan Elmi-Tədqiqat Cərrahiyyə İnstitutunda növbəti dəfə əməliyyat olunmalıydı. Getmək istəmirdi. Bildim ki, səbəbi nədir. Dedim ki, arxayın ol, nazirliklə danışmışam, əməliyyat dövlət tərəfindən maliyyələşdiriləcək. Onda birtəhər ki, razılaşdı. Xəstəxanada yatdığı müddətdə hər axşam-səhər baş çəkirdim: işə gedəndə də, gələndə də. Bir güm zarafatla qayıtdı ki, bəlkə məni qəsdən əməliyyat elətdirdin?! Dedim ki, o niyə elə olur? Güldü, qayıtdı ki, Zərraf həkimdən soruş. Deyir müəllim tibb bacılarını işdən-gücdən eləyib. Gələn kimi hamısı başına yığışır, hər biri də onun xatirini çox istəyir, axır bu qızları sənətdən uzaqlaşdırıb ya şair eləyəcək, ya da jurnalist.
Hər ikimiz də doyunca güldük və Zərraf həkim bütün bunların bir zarafat olduğunu söylədi.
Əmrahı sonralar, ayda-ildə bir dəfə, ya Bakıya yolu düşəndə, ya da mən Gəncəyə gedəndə görüşərdik. Aslanov Köçərinin qardaşı Bəhlulun yanında fotostudiyada çalışırdı, Azərbaycanı başdan-başa dolaşır, təbiət gözəlliklərini çəkib bizə gətirməkdən sanki zövq alırdı.
...Bir gün Gəncədə hüzr yerindəikən cib telefonuma zəng gəldi: “Əmrahın yerinə gəlirsənmi?!” Eşitdiyimə inanmadım, sisdum. Səs yenidən gəldi: “Əmrah ruha dönüb Kəlbəcərə uçdu”... Fikirləşdim ki, yəqin Şaplar Dilqəmlə birlikdə Kəlbəcərə gedib ki, indiki vəziyyətinu çəkib gətirsin, ona görə zarafata yozdum. Aylar, illər keçdi, onun telefonuna etdiyim zənglər susdu, mənim o xəbəri alanda sisduğum kimi. Sən demə, o zaman mənə zəng edən əmisi Şəfaqət Süleymanov (uzun müddət Kəlbəcər Mədəniyyət evinin direktoru olmuş, məni incəsənətə həvəsləndirmiş dostum) imiş. Cavab vermədiyimdən, o da inciyib və küsüb, sonralar da deməyib. Əmrahın torpağa qovuşmasından bir ildən artıq vaxt keçmişdi mən biləndə. Artıq çox gec idi... Onun ruhunu Kəlbəcərin səmasında axtarmaq olardı.
Bəli, bu dərd məni onu vaxtsız-vədəsiz itirməkdən betər yandırdı. Bu itkiyə atası Möhübbət əmi də tabalaşa bilməzdi... O da getdi... Əmrah isə qələmi ilə qəlbimizə elə damıb ki, bizimlə birgə yaşayır, amma yarada bilmir... Yurdunda qalan qız balaları onun ruhu şad olsun deyə, ağıll-kamallı, tərbiyəli boy atırlar. Hətta ali məktəb tələbəsi olanı da var. O evdə hər şey olsa da, Əmrahın nəfəsi, səsi olmadığından, bumbuzdur, deyirlər.
Əmrahın yaradıcılığını bir araya toplayan sədaqətli dostlara, ilk hövbədə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri, ağsaqqalımız Qənbər Şəmşiroğluna, Həbib Misirova, “Hərənin öz dünyası var” kitabının redaktoru şair Nofəl Ədalətə, eləcə də BDU-nun müəllimi, filologiya elmləri üzrə fəlsəfə doktoru, tanınmış şair-publisit Ələmdar Cabbarlıya minnətdarlığımı bildirir, bu işi böyük savab sayıram. Ruhu şad olsun, Əmrah Qəmxarın.
Əmrahın 50 yaşıma yazdığı məqalədə deyilir: “... Məhəmməd Nərimanoğlunun anadan olmasının 50 illik yubileyi barədə söz açmaq istərkən nələr düşmədi yada. Məhəmmədin ömür kitabı da başdan-başa həsrət, dərd-ələm, hicran, qəm-qüssədir ki, bizi bir-birimizə isinişdirib. Mənim taleyimdən danışanda kövrələn və hönkürən Məhəmmədin özünün də ömür yolu tikanlıqdan, daş-qayalıqdan, yuxusuz gecələrdən, ağır şələlərdən, yanaqlarda buz bağlamış göz yaşlarından ibarət imiş.
Hacıkənddə yetimxanada məskunlaşan qardaşı İbrahim Məhəmmədin 50 yaşını sakitcə, kimsəsiz, öz ailəsi ilə birgə keçirmək istəyirdi. Dəvət aldım, məni də özləri ilə aparırdılar, dostluğumuza görə. Təbii ki, fotoaparatı da götürmüşdüm. Yolda başlayan tufan, boran bizim kimi, mindiyimiz maşını da, deyəsən, yarıyolda qoyurdu. Məhəmməd təmkinini pozmadan ”mənim taleyimə yağan qar-borandı,-dedi və əlavə etdi ki, Kəlbəcərdən gələn günü Murovdağda anamla, qardaşımla düşdüyüm tufan-borandır, dəyməyin, qoyun sovursun qarı, gözlərimə doldursun Kəlbəcərin havası kimi”...
Gözlərindən axan leysan buz bağladı, anası Güllər xalanın 1993-cü ilin 5 aprel səhərində Murovdağda yanaqlarında donan göz yaşları kimi...
Qardaş, səni kövrəltmirəm, Ənvər Rza yazırdı:
Kövrəltmərəm, özcə dərdi azdımı,
Bir yandan da mən dağ olam dağlara”...
Bunları xatırlatmaqda məqsədim var. Bu il oktyabr ayının 13-də Əmrahın 50 yaşı tamam olacaq (13 oktyabr 1963-cü ildə anadan olmuşdur). Vəfasız dünyanın etibarı olmadığından, bu yazını da onun 50 yaşı tamam olmamışdan öncə qələmə aldım. Kitabından boylanan poetik dünyasında ürəkaçan, könül sevindirən, dodaqqaçıran bircə misaraya rast gəlmədim. Ona görə də, yazı başdan-başa dərd libasına bürünmüş, yayda da donan bir kəlbəcərli şairin obrazını xatırladacaqsa, çiynimdəki mənəvi borcu qismən də olsa, ödəmiş oluram. Əmrahsız qalan qapı-baca, qohum-əqraba məni bağışlasın. Bu yazını mənə Əmrahın yuxusuz gecələrimdə ruhu ilə pənah gətirməsi yazdırdı. Qınadı məni, amma küsmədi, ”dostun dostdan inciyib-küsməsi yaz havasına bənzəyər: bir anlıq olar”,-dedi.
Hə, hər şeyin bir sonluğu olur. Bu da yazının sonunci qoyacağım nöqtə. Ömrünə qoyulmuş nöqtəyə bənzəyəcək. Amma, yazının əvvəli də, sonu da Əmraha məxsusdur. Qoy bu sonluğu o, özü versin, bir vaxtlar anasına yazdığı, Hacıkənddə gecə yazıb mənə verdiyi şeiriylə:
Xatirələr üzdü məni,
Unudulmaq nə ağırmış?
Güvəndiyim dağlara da
Duman gələr, qar yağarmış…
Məni xəzan, qış gözləyir,
Kimsə əliboş gözləyir.
Bir lal-dinməz daş gözləyir,
Sənin ömrün ilk baharmış…
Gözləsən də “yüz il” məni,
Düyün saldın düz ilməni.
Əli əldən üzüləni
Sel aparar, çay boğarmış…
Yetim qoydun arzuları,
Yollar gəlmir mənə sarı.
Göz açdım ki, ömür yarı,-
Ürək sınmış, saç ağarmış…
Heç çatmamış yarı yaşa,
Ömrü sənsiz “vurdum başa”,
Hey dəyirəm daşdan-daşa,
Əmrah, səni kim qarğamış?!.
Məhəmməd NƏRİMANOĞLU
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 23-07-2021 20:16
Baxış sayı: 4536
Yazı axını
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
06 / 11 / 2024
06 / 11 / 2024
05 / 11 / 2024
Ən çox oxunanlar
15-11-2024 10:41
21-11-2024 15:23