Reklam
Nəsillərə nümunə: kəlbəcərli şairələr
12-07-2021 13:29
DƏRDLİLƏRİN DİLLƏRİNDƏ “DİL AÇAN” “EH!”
Nailə ƏLİQIZI:
“Nədəndi bilmirəm, yad torpaqlara əkdiyim bənövşə, nərgiz də bitmir”...
Dərd! Dördcə hərfin ağırlığına dözməyən insanın əlacı kəsilir, başlayır onu sevməyə ki, bəlkə bir az yüngülləşə. Ona görə də dilində bayatıya, ağıya çevrilir. Uşaq yaşlarımızdan nənələrimizin (mən nənələrimi görməsəm də, dillərindən eşitməsəm də-M.N.) ipi sarıya-sarıya, kələfi yumaq eləyəndə, cəhrə əyirəndə, ya da yamaq yamayanda öz-üzünə gumuldanar, bayatı çağırar, layla deyərdilər. Ağı başqa şeymiş. Ağı bayatıların ən ağır, ağrılı formasıymış, yeddihecalı olsa da, yeddimin yeddiyüz batman ağırlığında dərdin sözlə ifadəsiymiş.
Hə, şifahi xalq ədəbiyyatından yox, onu yaşdanlardan söz açmaq istəyirəm. Əslində, 30 ildir ki, ədəbi dilimizin, mədəniyyətimizin, mənəvi sərvətimizin daşıyıcıları ilə yaxından tanışlıq onları mənə, məni də, güman edirəm ki, onlara sevdirib.
Uşaq yaşlarımda anam yazıq tez-tez deyərdi: “Nə oxuyub olursan ol, amma, aşıq sənətini öyrən. Səni çalıb-oxuyan görmək istəyirəm. Qardaşım Əlinin yarımçıq qalan saz-söz sənətini yaşadacağına inanıram, çünki süddə, qanda, ilikdə var”.
Bir az böyüdüm, saza-sözə meylim və həvəsim artırdı. İlk saz çalmağı öyrənməyə başladım. Evimizdən saz əskik olmayıb. Kəlbəcərdən didərgin düşən gün evimizdəki balaca sazı (cürəni) 4 yaşlı oğlum Sənan qucağına basıb gətirmişdi. Kəlbəcərdən yalnız bu cürə saz yadigar qaldı. Burada isə nəvəm Ümidimizə aşıq, sazbənd Əliş Quliyevin ustad oğlu Asif müəllim bir gözəl uşaq sazı bağlayıb hədiyyə edib ki, ən böyük dəyərli hədiyyəm odur, əlləri var olsun). Sonra qarmona da meylim artdı. Segah, muğam, təsnif qarmonda gözəl səslənirdi. Vurulmuşdum qarmona. Qarmonçalan Xəlilimiz var idi, Kəlbəcərin Comərd kəndindən, Birinci Qarabağ müharibəsində şəhid oldu, Allah rəhmət eləsin! Gitarada Ziyadxan müəllim, qarmonda Xəlil, nağarada Şakir, qara zurnada Salman, balabanda Sədir... çalanda el-oba tamaşalarına çıxardı.
Aman Allah, xalq sənətinin daşıyıcıları necə də elin sevimliləri idilər. Qəmkeş Allahverdi, ustad Xalıqverdi Həmidoğlu, onun da oğlu, saz ifaçısı Haqverdinin bizim toyumuzda necə dövran açdıqlarını unuda bilərik ki?! Qəmkeş Allahverdinin nəsli aşıq-şairlərdən ibarət olub. Kəlbəcərdə hamı bu nəsli sayılıb-seçiləndən bilirdilər. Qəmkeşimiz hər toya gedə bilmirdi, çünki el-oba böyük, ustad dillər əzbəri. Təkcə Qarabağ, Gəncəbasar deyil, bütünlüklə qonşu Borçalı, Naxçıvan, Dərbənd... də Qəmkeşin yolunu gözləyər, toylarında ustadı görmək, onun ustadnamələri ilə başlayan toyları sabaha kimi çəkərdi, yorulan olmazdı.
Tale elə gətirmişdi ki, ustadla Aşıq Şəmşir adına Kəlbəcər rayon mədəniyyət evində birgə çalışdıq bir müddət. Mən mədəniyyət evinin, ustad Qəmkeş isə Xalq aşıqlar ansamblının bədii rəhbəri idi.
BAŞLADIM YAZMAĞA, AĞLAYA-AĞLAYA...
Qəmkeşimizdən də yazmışam, amma, sağlığında, cismən aramızda olan vaxtlarda yox, itirib qəlbimizdə heykəlini bitirəndən sonra. Qardaşı İdris müəllim, onun alim qızı Mirvari xanımdan, nakam taleli, şair qəlbli Qismətindən də yazdım...
Kəlbəcərsizlik bizi bir-birimizə daha yaxın etdi deyəsən. Biz kəlbəcərliləri deyirəm. Əlim qələm tutandan şəhidlərimizdən başladım yazmağa, ağlaya-ağlaya, hələ Kəlbəcərin mühasirə illərində (1988-93-cü illər). Bakıda camaat öz şəxsi dərd-sərini daşıya bilməyəndə arxivlərdə Kəlbəcəri axtardım. Axı, fiziki mənada Kəlbəcəri yağı düşmən əlimizdən almışdı havadarlarının hesabına.
Kəlbəcərsizlik illərində neçə-neçə sinəsində söz közərən ellilərimizin dərdlərinin şeir dilini öyrəndim. İki kitab çapa verdik dostlarla. 500-ə yaxın kəlbəcərli söz-qələm adamının lirik, poetik, həm də dərdli dünyasının qapılarını açanda orada gözlərimə ilk dəyən qız-gəlinlərimizin həsrətdən yoğrulan xəmirlərindən bişirdikləri, acı dadan, dodaqları büzən, ürəkləri üzən “mənəvi qidalar”dan daddım. Ağzım zəhrimar daddı, gözlərin qan ağladı. Düzü, Kor Bəstidən sonra Kəlbəcərdə yazıb-yaradan qadın aşıq-şairlərə rast gəlinməmişdi, hardasa 2-3 əsr. Son illər şairlərimizin arasında onların səsinin gəlməsi sevindirici olsa da, oxuyanda qəm-möhnət yüklü bir dərd karvanını gördük.
Budur, o qələm sahibərindən birinin də sinəsinin dərd kələfinin dolaşığını açmaq istəyirəm.
Bilirsiniz kimdir? Ustad Qəmkeşimizin bacısı qızı. Atası Əli dayının Kəlbəcər şəhərinin Yuxarı düz ərazisindəki 2N-li orta məktəbin aşağı hissəsində dükanı var idi. Bizim həmin məktəbdə tarix müəllimimiz olan Vəli Heydərovun qardaşı Əli dayını deyirəm, yenə tanımadınız ki?
Mən, düzü, Kor Bəstidən yazdıqdan sonra, anam yazıq babal qoydu boynuma ki, kəlbəcərli qız-gəlinlərin şeirlərini, sənətlərini (barmaqları zərgər olan analarımız olublar, Allah məkanlarını cənnət eləmişlər) üzə çıxar. Özünün yaradıcılığı illərlə gizli qalmışdı axı. Buna görə də fiziki, maddi, mənəvi imkanım çatan həddə çalışdım ki, son 30 ildə Kəlbəcərin ədəbi dünyasının simalarını xalqımıza tanıdım.
Bu gün də daha bir kəlbəcərli qələm adamının – Nailə Əliqızının könül çırpıntılarına çıraq tutmağa çalışacam. Əslində, bu işi çoxdan görməliydim. Nailə müəlliməni Kəlbəcərdə komsomol fəali kimi tanıyırdıq. Dükanlarına o qədər qaçmışıq ki, məktəbimizə yaxın idi. Hər şey var idi, sənaye mallarından ərzağadək. Çox vaxt atası Əli dayı olardı dükanda. Bu mavigözlü qız dükanda satış piştaxtasının arxasında görünməzdi. Vaxtımı var idi? Orta məktəbi bitirib ali təhsil almağa getdi. Qayıdanda isə komsomol və raykomluqda vəzifə başında, iclaslarda, tədbirlərdə...
Nailə xanımın da şeir yazmasını sosial şəbəkədən öyrəndim. Ara-sıra şeirlərə bildirdiyi münasibət hiss etdirirdi ki, şairlər yurdunun bu övladının da qəlbində söz tonqalı çatılıb, amma, abır-həya dediyimiz pərdə qoymur ki, o,“mən də qələm əhliyəm” desin.
Bir gün xahiş elədim ki, qısa tərcümeyihalınızı mənə yazın. Aylar keçdi, nə yox demədi, nə də hə.
Bu, indi siz oxuyacağınız bir məktubu alanda sevindim. Ona görə ki, sözüm yerə düşürdü, eşitmirdi, “qələmimə hörməti yoxdu...”-düşünürdüm. Ona görə də əsas səbəbin nədən ibarət olmasını gəlin birlikdə oxuyaq. Haqqında yazmaq istədiyim Nailə Əliqızının mənə ünvanlı məktubun özü bir məqalədir.
YOLUM QƏHƏR, YOLDAŞIM QƏM...
“Salam, çox dəyərli qardaşım Məhəmməd Nərimanoğlu!
Mənim haqqımda yazmaq istədiyinizi biləndə həm sevindim, həm də kədərləndim. Sevindim ki, mənim dərdimi duymaq istəyən bir yazarımız var. Kədərləndim ki, kimisə öz dərdlərimlə kədərləndirib ağladacağam.
Bəli, qardaş, ömrün xoşbəxt çağlarını, varını-yoxunu, yurdunu, dünyalar qədər sevdiyi anasını, qardaşlarını bacısını, atasını, bir zamanlar həyatda yaşamağın yönünü, səmtini itirən - ölümlə yaşamaq arasında fərq görməyən mən sizə nələri yazmağı bilmədim və aylar keçdi. Ömər Xəyyam sanki mənim üçün yazmışdı:
Sadəlöv könlümdən mən cana gəldim,
Cəfakeş canımdan cəzana gəldim.
Mənsiz də dünyanın işi keçərmiş,
Əcəba mən neyçün cahana gəldim?!
Bilirsən, qardaş, mən viranə bir ölkə, qoşunu dağılmış sərkərdə, xəzana dönmüş bağam. Qardaşlarım həyatımın şirinliyini, gözlərimin gülüşünü, saçımın qaralığını, ürəyimin dəyanətini, dözümünü aparıblar: yolum qəhər, yoldaşım qəm...
Bir zamanlar dayım oğlu Xəqani “Azma, durna qatarı” adlı bir şeir yazmışdı. Xoşuma gəldi. Ona bir bir cavab yazdım:
Daha yalvarma, qardaş,
Azıb durna qatarı.
Olma onlara yoldaş,
Azıb durna qatarı.
Yerdəki kiçik daşı
Çeviribdi bir naşı,
Tapmaz yarı-yoldaşı,
Azıb durna qatarı...
...Yusif bizim öycülümüz idi. Öycül öləndə durna qatarının səfi pozulur. Yusifdən sonra biz də dağıldıq. Həyata küsdüm. Yusiflə bərabər Akiflə həyat yoldaşı da dünyasını dəyişdi. Atasız, anasız, yaş yarımda bir qız uşağı qaldı. Aradan bir az keçmiş bu dərdlərə dözməyən bacım 47 yaşında dünyasına əlvida dedi, əbədilik. Mən cavan idim, çiyinlərim bu dərdlərə tab gətirə bilmirdi. Hələ Kəlbəcərdə anamı itirəndə 26 yaşımda dərd əymişdi məni. Çox şən, şaqraq, qəhqəhəli gülüşlü biri olan Nailə daha yox idi, dəyişmişdim:
DƏRD BİZƏ VURULMUŞDU, YA MƏN DƏRDİ SEVMİŞDİM...
Mən deyəsən, əfsanəyəm, nağılam,
Ya yuxuyam, ya xəyalam, ya da meh.
Çat binayam – qorxuram ki, dağılam,
Ya çiskinəm, ya yağışam, ya da şeh.
Əfsanəmi oxuyammaz hər yetən,
Bir nağılam - sonu kədərlə bitən.
Bir fikirəm - gah var olan, gah itən,
Dərdlilərin dillərində “eh”əm, eh!
Qardaşlarımın hərəsinin bir qızı qaldı, bir-iki yaşlı. Yusifin həyat yoldaşı hər ikisini saxlamaq üçün atamdan icazə aldı. Yusiflə Akif bacanaq idilər. Bacının biri də qardaşlarımla birgə dünyasını dəyişmişdi. Yusifin həyat yoldaşı hər iki qızı böyütdü, gəlin köçürdü. Dəhşətli virus gələndə elə birinci gəlişində Şəfəqi apardı. Qızlar tək-tənha qaldılar! Elə bil dərd bizə vurulmuşdu, ya mən dərdi sevmişdim...
Yusif, Akif və həyat yoldaşları Gəncədə İmamzadədə bir yerdə dəfn olunublar:
Mənim həyatımın ağrı-acısı,
Mənim ürəyimin qəmi bu daşlar.
Mənim taleyimin tufanı, qışı,
Mənim gözlərimin nəmi bu daşlar.
İki ailə yatır bu daşlar altda,
Sorğulu-suallı baxışlar altda.
İlməsi pozulub yağışlar altda,
Vədəsiz qocaldıb məni bu daşlar...
Hə, qardaş, daşlardan boylanan doğmalarımla bölüşürəm dərd-sərimi. Yusif kimi qardaş itirən bacı necə ola bilər?! İllərdi ki, dərdlərimlə baş-başayam, amma, onlarla barışa bilmirəm. Bəzən Yaradana üz tutub, “nədən, Allahım, niyə mən, nəydi günahım?!”-deyir, bəzən də övladlarımın mənə olan sevgisindən bir xoşbəxtlik axtarıram.
Bu qədər dərdə dözmək, bu qədər ağır yüklə ömür yolunu addımlamaq, lap belə sürünmək çox çətin oldu. Şeir yazmadım, ağı söylədim. Övladlarım “kiçik bir kitabını çıxaraq” dedilər. Mən isə “onu heç kim oxumayacaq”-deyib istəmədim: “Ayıbdı Kəlbəcər şairlərindən”-düşündüm.
Qardaşım, mən bunları siz oxuyun deyə yazdım. Siz özünüz nə yazsanız yazın. Bax, buna görədir aylardır sizə yazmağı, məlumat verməyi gecikdirdim, bağışlayın. İstəmədim qəmlənəsiniz. Dərdimi heç kimlə bölmək istəmirdim.
GÖZÜNÜN DİDƏSİ QƏM ÇİLƏYİRDİ...
...1962-ci il noyabrın 17-də dünyaya Kəlbəcərdə gəldim. Kəlbəcər şəhər 2N-li orta məktəbini 1980-ci ildə bitirdim. 1987-ci ildə ali təhsilimi başa vurub “Fərqlənmə” diplomu alıb doğma Kəlbəcərə qayıtdım. İlk gündən Kəlbəcər rayonunun Zar ətçilik-südçülük sovxoz partiya komitəsinin azad katibi vəzifəsinə təyin olundum. 1988-ci ildə Kəlbəcər rayon Komsomol Komitəsinə dəyişdirildim. 1989-cu ildə isə RPK-nın ideologiya şöbəsinə təlimatçı vəzifəsinə təyin edildim. 1992-ci ildə Kəlbəcər rayon İstehlak Cəmiyyətləri İttifaqına sədr müavini göndərildim.
1993-cü ilin məşum aprel günlərində Kəlbəcərin işğalı başladı. İşğaldan sonra, daha doğrusu, 1999-cu ildə Kəlbəcər rayon 34 saylı tam orta məktəbində müəllimlik fəaliyyətinə başladım. Çünki sonradan mən ixtisas təhsilimi dəyişib sinif müəllimliyini də oxumuşdum.
Bütün bu illərdə çətinliklərə, dərdə dözməyim və bu günə gəlib çıxmağımda bir nəfərə minnətdaram: həyat yoldaşıma, dərd ortağıma, sirdaşıma, çox həlim xasiyyətli, ailəcanlı Eyvaz müəllimə borcluyam! O, mənim eyni zamanda iş yoldaşım, yol yoldaşım, həyat yoldaşımdır! Məni vaxtından əvvəl ölməyə qoymayan bir insan kimi sevgimlə baş tacım bilirəm! Üç övladımızın atasını deyirəm – Pərvinin, Ləmanın və Nurlanənin atası Eyvaz müəllimdən danışıram! Hər üçünün də ali təhsil almasında can yandıran, yol göstərən atalarına onlar da minnətdardırlar. Qızlarımız müəlimədir, oğlumuz Pərvin isə Bakıda özəl sektorda çalışır.
***
Onu da deyim ki, Kəlbəcərdə, Zarda işləyəndə gözəl qəlbli insanlarla qarşılaşdım. Mənə elə gəldi ki, bura mənim öz kəndimdir. İlyarımdan çox orada işlədim. Bundan sonra məni rayon komsomol komitəsinə gətirdilər. Burada da az işlədim. RPK-ya dəyişdilər məni. Ailə həyatı qurduqdan sonra belə inzibati, məsul vəzifələrdə işləmək mənə çətin oldu. Ərizə verdim, işimi dəyişdirdilər rayon istehlak cəmiyyətləri ittifaqına sədr müavini...
Məcburi köçkünlük mənə çox ağır təsir elədi. İşdən aralandım. Sonra həyat yoldaşımın təkidi ilə 2000-ci ildən başlayaraq müəllimlik peşəmə qayıtdım. İndiyə kimi pedaqoji sahədə çalışıram, uşaqlarla baş-başa olmaq xoşbəxtliym var.
Mən nə şairəm, nə də yüzlərlə şeirlərin müəllifi. Yüzə çatar-çatmaz, bilmirəm, şeirlərim var. Onlara şeir demək mümkünsə, itirdiklərimi ağlamışam bu dillə.
Gəncliyimdə yaxın dostum Kifayət Umudqızının təkidi ilə Kəlbəcərdə çıxan “Yenilik” qəzetində ara-sıra şeirlərim, Kəlbəcərin ilk ali təhsillisi, maarifpərvər ziyalısı Mirzə Nəsirdən 3 qəzet səhifəsi həcmində məqaləm dərc edildi.
Anamı itirəndən sonra şeir yox, dərd yazdım:
Bir qız ağlayırdı tənha, nigaran,
Baxışlar yalvarıb nə diləyirdi?!
Bir qız ağlayırdı tənha, nigaran,
Gözünün didəsi qəm çiləyirdi,
Hardasa, ay ana, “ana!”-deyirdi...
QƏMLƏR ƏRİŞLƏRİM, DƏRD ARĞACIMDI...
Həə...
Burada məktub sona yetdi. Mənim yazımın qəhrəmanı nə lazım idisə yazdı, mənə onun dərd yumağını sarımaq qaldı. Bircə-bircə təhlil edə bilməyəcəm şeirlərini. Amma oradakı həsrət., hicran, möhnət yükünü çəkmək istərdim, söz tərəzisində, ovqat “qapan”ında. “Qapan” bilirsiniz necə çəki tərəzisidir? Düşüncəni, sirri, dərdi, möhnəti bu “qapan”da çəkmək mümkündür, ağır olduğuna görə. Yoxsa onun ağırlığını necə biləsən ki?
Nailə müəllimənin şeirləri janr baxımdan rəngarəng olsa da, əsasən qoşma və gəraylılardan ibarətdir. Mənə göndəriklərindən də görünür ki, doğrudan da, özü demişkən, Nailə Əliqızı, yalnız könlünü ovundurmaq üçün şeir yazmayıb. O, dərdlərinin şəklini sözlə ifadə edib. “Bu, mənəm,-dedim” şeirinə nəzər salaq:
Dağları bürüyən dumana, çənə,
Gözləri ağladan nisgilə, qəmə,
Saçları qar kimi bürüyən dənə
Küskün könüllərə-bu, mənəm,-dedim.
Soluxan bənizə, solan yanağa,
Vədəsiz qırılan cavan budağa,
Dərddən çat-çat olan titrək dodağa,
Saralan güllərə - bu, mənəm,-dedim.
Vədəsiz taleyi talan qardaşa,
Məni bu günlərə salan qardaşa,
Baxıb tanımayan dosta, sirdaşa,
Solan gözəlliyə - bu, mənəm,-dedim.
Yağan yağışlara, daşan sellərə,
Ömrümün bağına əsən yellərə,
Saçıma sığalı çəkən əllərə,
Ölən sevgilərə - bu, mənəm,-dedim.
Bənövşə haqqında əli qələm tutanlar şeir yazıb, onun məsumluğunu vəsf ediblər. Amma Nailə xanımın bənövşəsi yalnız boynubükük deyil, o, həm də Vətəndə, yurdda məzarı qalan ağbirçək anadır, nənədir, bacıdır, xala-bibidir. Yaxud Xocalıda solan sonadır:
Ay məsum çiçəyim, səni
Gözlərim görüb nə vaxta.
Niyə belə tez gəlmisən,
Səni qarsıyacaq şaxta?!
Bənövşəm, ay ömrü azım,
Həm qışımsan, həm də ayzım.
Daha yoxdu işvə-nazım,
Tökülüb qaldı bu baxta.
Qəmli-kədərli çiçəyim,
Mənim hamıdan göyçəyim.
Ay mənim anam, ağbirçəyim,
Vətəndə, məndən uzaxda.
Bu nə qəmli görkəmdi, de,
Yoxsa taleyin kəmdi, de.
Gözlərin niyə nəmdi, de?!
Gəl, məni qoyma soraxda!
Yurdsuzluq ağrısı şairimizin poetik dilində dil açsa da, yurddan uzaqda, qəriblikdə əkdiyi nərgiz, bənövşə gül açmır. Bunu necə ifadə eləmək olar bu şeirdəkindən savayı?
Başına dolanım, a qarlı dağlar,
Sənə harayımız, hayımız yetmir.
Bu qərib torpaqda, yad qapılarda,
Gecələr gözümə yuxu da getmir.
Qaytar, ya Rəbb, məni qaytar dağlara,
Barlı bağçalara, buz bulaqlara.
Nədəndi bilmirəm, yad torpaqlara
Əkdiyim bənövşə, nərgiz də bitmir.
Qışın həsrətindən yandı, kül oldu,
Göz yaşlarım axdı-axdı, sel oldu.
Ayrılıq yaşımız neçə il oldu,
Nə acı azalmır, nə dərd tükənmir.
“Məni” rədifli şeirindəki istəyə, həsrətə, arzuya baxın, adamı dağlayır vallah. Yurd itirənlərin təşənəli sinəsinin ağrıları baş qaldırıb elə bil, sızıldayır:
Daha tükənibdi səbri-qərarım,
A dağlar, qoynuna gəl apar məni.
Sənsən bu dünyada bir tək həyanım,
Burada eləcə dərd tapar məni,-
A dağlar, qoynuna gəl apar məni.
Apar bulaqların üstünə məni,
Ver orda dumana, çiskinə məni.
Qaçqınlıq salıbdı pis günə məni,
Bu pis günlərimdən gəl, qopar məni,-
A dağlar, qoynuna gəl apar məni.
Qalıbdı qız-gəlin qürbətdə ağlar,
Elə çat-çat olub xəstə dodaqlar.
Başına dolanım, a buz bulaqlar,
Göndər, sevindirsin bir çapar məni,-
A dağlar, qoynuna gəl apar məni.
ZAMAN SEVİNCİMİ ALDI ƏLİMDƏN...
Yuxarıda qeyd etdim ki, Kəlbəcərdə əsasən klassik aşıq şeirinə maraq güclü olub. Saza yazılan şeirlər uzunömürlülükləri ilə yadda qalır və sevilirlər. Bəlkə buna görədir ki, o dağlarda sinəsi söz körüyü olanların hamısı divani, təcnis, qoşma, gəraylı, müxəmməs, bayatı yazmaqları ilə diqqəti çəkiblər. Son illər isə sərbəst vəzndə qələmini sınayanların uğurları az olmayıb. Xüsusən gənc nəslin nümayəndələri klassik şeir növlərindən fərqli olaraq, modernzmə də meyilləniblər. Əslində, burada pis heç nə yoxdur. Biz bu gün Avropa və dünya klassikləri ilə yanaşı, yeniliksevərləri də oxuyuruq. Poetik fikrin oxucuya çatdırılmasında janr bu gün o qədər də önəm daşımır. Vacibi dur ki, sözün fəlsəfəsi, sətiraltı eyhamı olsun. Məqsəd və məram özünü ifadə edə bilsin. Bir sözlə, Kəlbəcərdə də sərbəst vəzndə yazanlarımız artıq barmaqla göstərilmir, çünki sayları və sanbalları ilə seçilirlər. Nailə xanımın da yaradıcılığında bir bəndlik şeirlər az deyil. Əslində, onların hər biri bir qoşma, ya da gəraylının yarımçıq qalmış bəndləridir. Elə bircə bəndlə də şair fikrini bizə çatdırmağı bacarır:
Zaman sevincimi aldı əlimdən,
İstədi dərdlərə yüklənə könlüm.
Dağların qoynunda kiçik bir evcik,
Qurub, dərdləriylə təklənə könlüm,
Çətin bir də bəmə köklənə könlüm.
***
Dönüb əfsanəyə, dönüb nağıla,
Öz-özümü oxuyuram gecələr.
Qəmlər ərişlərim, dərd arğacımdı,
Nakam tale toxuyuram gecələr.
***
Bulaq həzinliyi vardı könlümdə,
axıb getdi.
Çiçək təmizliyi vardı könlümdə,
baxıb getdi.
Tütək yanğısı vardı könlümdə,
çaxıb getdi.
Şirin xatirələr vardı könlümdə,
yıxıb getdi...
***
Solan soldu ürəyimdə,
Görən bir də bitəcəkmi?
Bu kədərin, dərdin izi,
Nə zamansa itəcəkmi?
Ana haqqında kim yazmayıb ki? Şairlərin bəlkə də ilk şeirləri ana ilə bağlı olub. Mənim fikrim subyektivdir, lakin, elə şair olmayıb ki, onun yaradıcılığında ana mövzusu ana xətt olmasın. Ana müqəddəs varlıq olduğu üçün elə bəlkə İlahi ilk şeiriyyəti də ana südü ilə verir övladlara?!
Nailə Əliqızının anasına, yaxud da analara həsr etdiyi şeir isə başqa bir ovqatla yazılıb. Kəlbəcərdə erkən, gəlin yaşlarında itirən şairə şeiri ilə anasını haraylayır, həm də durna qatarında.
BAHARDA DURNALAR QAYIDACAQLAR...
Bu şeiri oxuyanda mərhum şair təbli anam Güllərin “Qəriblər ağısın oxuyan durna” düşdü yadıma. Nailə Əliqızı deyir ki, ay ana, nolar, baharda durnalar qayıdanda onlara qoşul qayıt. Bunu poetik dillə demək sizə asan gəlməsin. Gəlin görək, necə yalvarır bala anasına. O ansına ki, illərdir balalarını gözüyaşlı qoyub. Balası da dözməyib şeirlə dil açıb:
Baharda durnalar qayıdacaqlar,
Sən də durnalarla qayıt gəl, ana!
Dağlarda, düzlərdə açanda çiçək,
Açan çiçəklərlə qayıt gəl, ana!
Ya payızda qayıt, ya qışda qayıt,
İstəsən çiskində, yağışda qayıt.
Əgər səhvim varsa bağışda, qayıt,
Əsən küləklərlə qayıt gəl, ana!
Gör dərd oymamış haram var mənim,
Himindən sökülən qalam var mənim!
Nə olsun anayam – balam var mənim,
Dərdli diləklərlə qayıt gəl, ana!
Anasının qayıtmadığını görən, bundan oddanan, küsən bala bu dəfə görəsən kimə üz tutub yalvarır ki, onu aparsın dağlara?! Axı, dağların yolu açılıb, özünü dağların vəfasız qonaqlarından sanan balanın da:
Apar məni, yalvarıram,
Apar məni o dağlara.
Çat-çat olub dodaqlarım,
Tapşır məni bulaqlara.
Dindir orda çiçəkləri,
Solubdurmu ləçəkləri?!
Hanı elin göyçəkləri,-
Qırış düşüb yanaqlara.
Ayrılıq illər çəkəcək,
Saçımı dən bürüyəcək.
Görən dağlar nə deyəcək,
Bu vəfasız qonaqlara?!
Analar çox hallarda dərdini bilirsiz kimə və necə pıçıldayır? Qucaqalrında layla dedikləri balasına dərdini açır, qulağına pıçıldayır ki, yaddaşına yazılsın. Aman Allah Nailə Əliqızı, görəsən, ayrılıqdan bezib anasının qulağına nə pıçıldayır:
Bir taleyi kəməm mən,
Başdan-başa qəməm mən.
Kiprikləri nəməm mən,-
Beləyəm, körpə balam.
Eli köçmüş aulam,
Güman var ki, dağılam.
Əfsanəyəm, nağılam,-
Beləyəm, körpə balam.
Başı qarlı bir dağam,
Tüstülənən ocağam.
Küsdürülən uşağam,-
Beləyəm, körpə balam.
Qəmli ötən bir çağam,
Gözü dolmuş bulağam,
Leysan yağış tək yağam,-
Beləyəm, körpə balam.
“Ağlayacaq” şeirini oxuyuram. Oxuya bilmirəm, göz yaşlarım imkan vermir. İstəyirəm zəng edib oxucularını niyə ağlatmaq istədiyinin səbəbini soruşum. Zəng edə bilmirəm. Sanki şeirindən səsi gəir:
Elə kövrəlmişəm, elə dolmuşam,
Saçıma səpilən dən ağlayacaq.
Mənim ürəyimdə o qarlı dağlar,
O duman, o çiskin, çən ağlayacaq.
Kövrəlibdi günüm, ayım, illərim,
Ən şirin, ən acı xatirələrim.
Tarıma çəkilib ömür simlərim,
Mən zilə çəkdikcə bəm ağlayacaq...
SƏNƏ QURBAN OLUM, A DAĞ KÜLƏYİ
Gülün, bülbülün ayrılıq nəğməsi kimləri kövrəltməyib ki? Bülbül gülün, gül də bülbülün yaşaması üçün yaradılıb sanki. Bu mövzu da az işlədilməyib poeziyada. Lakin hər birinin də özünəməxsusluğu olub. Nailə Əliqızının qələmindən çıxan mövzu bir başqa ovqat yaradır oxucuda. Burada yalnız hicran, ayrlıq, dərd-möhnət yox, həm də sorğu-sual var. Şair özünün dərdlərini dilə gətirmək üçün bir fənd işlədir. Axı, o, doğulduğu yurda illərdi ki, həsrətdir:
Bülbül, dərdin-qəmin çoxdu,
Niyə belə sızlayırsan?!
Bir yaxın, həmdəmin yoxdu,
Niyə belə sızlayırsan?!
Qəlbinə dağ vurubdular,
Yuvanı uçurubdular?!
Qanadını qırıbdılar,
Niyə belə sızlayırsan?!
Səni didərgin saldılar,
Uzaq qürbətə aldılar?!
İllərlə də aldatdılar,
Niyə belə ağlayırsan?!
Bəlkə ocağın sönübdü,
Taleyin tərsə dönübdü?!
Qoşa qardaşın ölübdü,
Niyə belə sızlayırsan?!
Nailəyəm, dərdim Araz,
Qorxma, dərdləşək bir az.
Hanı o gözəl, o xoş avaz,
Niyə belə sızlayırsan?!
Allaha üz tutub şikayətlənmək şairlərin, daha doğrusu, xanımlarımızın sanki yeganə təsəllisidir. Nailə xanımın da “Allah” rədifli beşlik qoşmasında Tanrısına nədən üz tutmasına birlikdə baxaq. İzahı çətindi vallah, çətin:
Çevrilib çiskinə, dönüb dumana,
Perikib gedirəm dağlara vallah.
Mən dözə bilmirəm qaçqın adına,
Qayıdaram ötən çağlara vallah,-
Perikib gedirəm dağlara, Allah!
Mən gedib taparam buz bulaqları,
İçib doyduraram çat dodaqları.
Təzədən taparam al yanaqları,
Çəkilərəm barlı bağlara vallah,-
Perikib gedirəm dağlara, Allah.
Enişdən yoxuşa qalxaram yenə,
Təpədən dərəyə baxaram yenə,
Daşqın selə dönüb axaram yenə,
Qoşularam dəli çaylara vallah,-
Perikib gedirəm dağlara, Allah!
“A dağ küləyi” sən kimlərin həsrəti olmadın ki? Son 30 ildir dağ küləklərində saçını daramaq həsrətindən qovrulanlardan biri də Nailə Əliqızıdır. Dağ küləyinə qısqanclıqla üz tutması təsadüfi deyil şairin. Kəlbəcərindən perik düşəndən dağ yeli sinəsini doldurmur, göynərtisinə məlhəm olmur. İtirdiklərinin dərdindən pörşələnən sinəsini Murovdağa tutsa da, oradan əsən yel ürəyini sərinlətmir, saçlarını daramır. Qoşdaşdan əsən bir mehin həsrətindən çat-çat olan dodaqları qaysaq tutanda köməyinə qələmi və dərdli qəlbi yetişib. Yazır ki:
Niyə qarsıyırsan yanaqlarımı,
Yaman çatladırsan dodaqlarımı,
Elə büdrədirsən ayaqlarımı,
Sənə qurban olum, a dağ küləyi.
Nə olsun dağlardan əsib gəlmisən,
Səbrimi, ay külək, kəsib gəlmisən!
Yoxsa mənim kimi küsüb gəlmisən,
Sənə qurban olum, a dağ küləyi?!
Yamanca coşmusan, bilmirəm nədən,
De, hansı həsrətdi səni göynədən?!
Gəl, otur danışaq bir az Vətəndən,
Sənə qurban olum, a dağ küləyi.
...Bu da son. Həsrətimizin, hicranımızın sonu olsun! Nailə xanımın dərdlərinə bir nöqtə olsun bu yazı. Allahım onu qaytarsın doğma, həsrətindən qovrulub yandığı analı-atalı dünyası qalan Kəlbəcərinə. İtirdikləri yetərincədir. Qəlbində bitirdiklərini Tanrımız Kəlbəcərdə göyərtsin. Arzuları bundan sonra ilin bütün fəsillərində çiçək açsın, bəlkə təsəlli tapa...
Məhəmməd NƏRİMANOĞLU
Bakı, 11 iyul 2021-ci il
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 12-07-2021 13:29
Baxış sayı: 3735
Yazı axını
04 / 12 / 2024
03 / 12 / 2024
02 / 12 / 2024
02 / 12 / 2024
01 / 12 / 2024
01 / 12 / 2024
01 / 12 / 2024
28 / 11 / 2024
27 / 11 / 2024
25 / 11 / 2024
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
Ən çox oxunanlar