Məhşər günü tapdığım dost - İbrahim Səfərlər - 60

11-07-2021 21:17

İbrahimlə ilk görüşdüyümüz o gün yadıma düşəndə ölümdən çox-çox dəhşətli bir həyat yaşayıram.
Yox, vallah, buna həyat demək olmazdı. Bu, yalnız dini hədislərdə deyilən kimi, "dünyanın sonu", "qiyamət günü" idi. Ondan heç bir fərqi yox idi. Yerlə göy qovuşurdu. Göydən od ələnirdi, sanki dünyada həyatın sonu çatmışdı. Od göydən ələnsə də, su yerdən çıxmırdı, dəryalar təlatümə gəlib yer üzünü suyun altına almırdı. Su da göydən coşub qəzəblə yerə tökülürdü. Özü də qarla qarışıq gəlirdi. Baş açmaq olmurdu bu Göyün yerə keçən qəzəbidi, yoxsa elə Yerin yerdəkilərə misilsiz etdikləridi. Əslində, baş qalmamışdı açıla da, hamı öz başını itirmişdi. Dedim axı, bu, təkcə "Qiyamət günü"nə oxşayırdı. Ancaq günlər idi insanlar Qiyamətin qopmasını gözləyirdilər. Qiyamət, əslində, qopmuşdu, qopub qurtarmaq bilmirdi....
Neçə illər idi bu millət ümidini bir Allaha, bir də başı olmayan başçılarımıza bağlaya-bağlaya gözləsələr də, artıq ümiddən də ümidlərini üz müşdülər. Düşmənlərimiz heç bir ictimai, bəşəri və dini qanunlara sığmayan vandallıqlar edirdilər. Bu vandalların əlindən baş götürüb qaçan
60 min insan haraya, kimin kölgəsinə qaçır, kimə pənah aparırdı sualına cavab tapmadan qaçırdılar. Bunu mən 1993-cü ildə "Murovdağın müsibəti" poemamda yazmışam: 

Tarix çəkdi bizi sərt imtahana, 
Bu xəbər yayıldı Azərbaycana. 
Dedilər, Kəlbəcər işğal olundu, 
...Bütöv bir el Murovdağa yeridi,- 
Murov Kəlbəcərin matəm yeridi.
Ayağı tutan da Murova qaçdı, 
Mülkünü atan da Murova qaçdı. 
Qanına batan da Murova qaçdı, 
Murovu satan da Murova qaçdı.
“Allah-aman” yeri oldu Murov dağ,
Ümid, güman yeri oldu Murov dağ...

Biz, yəni mən və mənim bu yazımın qəhrəmanı, baxın belə bir gündə, ömrümüzdə ilk dəfə Murovdağda, dünya dağılanda, Qiyamət qopanda, Məhşər ayağında görüşdük. Buna görüşməkmi demək olardı?!!! 
Yenə həmin poemadan bir stata baxaq və o günləri yaşadacaq misraları oxuyaq, xatırladaq:  

Heç bir insan oğlunun qan yoxdu yanağında, 
Hamı can harayında, hamı can sorağında.
Yaşamaq çox şirindi, hanı Haqqın pənahı? 
Allah necə götürür bu zülümü, bu ahı?

Görürsənmi ordaki o titrəyən qocanı? 
Gör onun da özünə necə şirindi canı. 
Yandırıb ayağını Murovun buzu, qarı, 
Dizləriylə gəlirdi bayaq bu dağ yuxarı...

Bəli, biz bu zülmü yaşayanda görüşdük o dağda. Onda Dağların da, təbiətin də üzü bütün insani hisslərdən məhrum ermənilərin üzündən də pis bozarmışdı. Bu məcbur yaşanan zülmün içində hər oğul anasınına oğulluq borcunu yerinə yetirməkdə aciz idi. Hər qardaş bu zülmə can verən bacısının əlindən tuta bilmirdi, çox ana ölümdən xilas etməyə çalışdığı balası qucağında öldüyünü bilmirdi, analar vardı ki, oğlunu tar əlindən alıb dibsiz dərələrdə yox etdiyindən havalanıb şaxtanın, qarın, buzun üstündə qol götürüb oynadığından xəbərsiz idi...
Oy... oy, oy!!! Getsin, bir də geri gəlməsin o günləri. 
Həmin məşər günü anasına öz oğulluq borcunu qaytarmağa bütün varlığı ilə çalışan oğullardan biri də  İbrahim idi... İbrahim Sadiqzadə Səfərlər...
Murovdağın son aşrımında iki ayağını bir başmağa qoyub:
- Bura Kəlbəcər qurtaran yerdi, mən burdan oyana addım da atmaram!- deyən Güllər nənəni bərk-bərk qucaqlayan İbrahim. 
- Burda Kəlbəcər qurtarsa da, Azərbaycan qurtarmayıb, dünya qurtarmayıb. Gəl gedək, ana! Qayıdacağıq, inşəAllah, tez qayıdacağıq,-deyə yalvaran İbrahimi deyirəm ey... 
Bu səhnə "dünya qopan günün" içində daha dəhşətli bir səhnə idi. Neçə gündü ağlamaqdan çanağı qanla dolan gözlərim bunu da görəndə artıq əsl qiyamət qopdu. İndi dəryalar da təlatümə gəldi sanki, yer üzünü Murovun başına çatana qədər su basdı. Nuhun gəmisi də bu suyun üzündə gəldi, ancaq ayaq üstə gəlmədi, arxası üstə gəldi.
Məni də özücən dərdli görən şair Güllər nənə əvvəlcə üzünü İbrahimə tutub: 
Dar ayaqda əyilmə, mərdanə dayan bir az!!! 
Sonra da mənə: 
Yaz, ay oğlum, gəl sən  də qoşduğum sözləri yaz: 

Hər dərdə dərdi insan,
Dərd edib dərdi insan. 
Dərdə bax, dərd əlindən 
Dərd əkdi, dərdi insan,-dedi.

Bu bayatıdan sonra mənə elə gəldi ki, artıq su boğazımıza qədər də qalxdı. Bu çəkilməz dərdin dəryasında batdıq. Birdən yenə Murovun başı bayatıya qarışdı: 

Mən aşığam qar daşı, 
Qarlı dağdan qar daşı.
Gözün aydın, ay ana, 
Qardaş tapdı qardaşı. 
 
Bu səs də Məhəmmədin səsi idi; Nərimanoğlu  Məhəmmədin. O Məhəmmədin ki, bu " məhşər günü" başlayandan İsrafilin "Sur tütəyi"nin "Dünyanın sonudu" sədası altında Murovda ölüm yaşayan düz 60000 bəlalının arasında bir ana, bir qardaş axtarırdı.
Bu qiyamətin içində buna da şükür ki, tapdı.
Elə İbrahimlə mən də bir-birimizi tapdıq. O gündən bir qərinə boyu çəkdiyimiz zülmün boyunduruq yoldaşı olduq. Hələ bu gün də bu zülmü yaşayırıq.
İbrahimin özü haqda söhbətə başlamamış onu İbrahimliyə çatdıran ailə haqqında bir neçə kəlmə demək istəyərdim. Ailənin böyüyü, sahibi, atası Nəriman dayını mən görməmişdim. Mən o ailəni yaxından tanıyanda kişi dünyasını dəyişmidi (məkanı cənnət olsun). 
Şair Güllər nənəni isə hələ sovetlər birliyinin vaxtında mötəbər yığıncaqlarda görmüşdüm, alovlu, məntiqli çıxışlarından tanıyırdım. Həm natiq bir xanım kimi, həm də hər yerdə haqq sözünü deməyi bacaran, istedadlı bir qələm əhli, söz adamı kimi tanıyırdım.
Güllər ananı tək mən yox, onu tanıyan bütün insanlar ürəkdən sevirdi. Bu sevgini mən Güllər ana dünyasını dəyişib, Haqqa qovuşanda "Dünyadan ana köçür" rədifli şeirimdə imkan qədər deməyə çalışmışam: 

Bu dan yeri qəm ilə, kədər ilə sökülür,
Bu gün göydə günəşdən yerə kədər tökülür, 
Yerdəki bütün sevinc, fərəh göyə çəkilir. 
Bir analar anası köçür qoca dünyadan, 
Ruhu Haqqa qovuşur uça-uça dünyadan

Son görüşə dayanıb bir insan izdihamı, 
Haqqa dua eyləyir görüşə gələn hamı.
Əllər göyə açılır, oxunur Haqq kəlamı,
Bir analar anası köçür qoca dünyadan, 
Ruhu Haqqa qovuşur uça-uça dünyadan. 

Ana elə anadı, olsa hansı sinnində,
Anaya ehtiram var hər millətin dinində.
Dünyamız da baş əyir anamızın önündə, 
Bir analar anası köçür qoca dünyadan.
Ruhu Haqqa qovuşur uça-uça dünyadan. 

Onun haqqı, haq yolu olubdu uca dağlar, 
Dünyanın əkiz tayı, tarixcən qoca dağlar, 
Yağış yağdır, gün çıxar-yola nur saç, a dağlar,
Bir analar anası köçür qoca dünyadan, 
Ruhu haqqa qovuşur, uça-uça dünyadan. 

Köçən dünya gözəli şair Güllər anadı,
Ürəkərdə qalacaq onun ünvanı, adı. 
Gələn qalmaz, gedən gəlməz, dünya belə dünyadı,
Bir analar anası köçür qoca dünyadan,
Ruhu haqqa qovuşur uça-uça dünyadan. 

Söhbətimin mərkəzində İbrahim Səfərlər dayanır. Mən İbrahimi, dediyim kimi, 1993-cü ilin aprel ayından tanıyıram. Hər ikimiz ailəvi Gəncə şəhərinin Kəpəz rayonunun Hacıkənd qəsəbəsində  məskunlaşdıq. Ailələrimiz də, özümüz də çox yaxın münasibətdə olduq. 
Bu qəsəbədə məskunlaşmış Kəlbəcərli məcburi köçkün ailələrin uşaqları üçün tam orta məktəb açdıq. Mən həmin məktəbdə müəllim (direktor) işləməyə başlsdım. İbrahim isə bu məcbiri köçkün ailələrin işi üzrə Qaçqınkomun nümayəndəsi işlədi. İbrahim işə başladığı ilk gündən bütün köçkünlərin işini öz işi, problemlərini ailəsinin problemi hesab etdi. O, elə bir insan idi ki, kimliyindən asılı olmayaraq, heç kəsi darda, çətində tək buraxmadı. Qeydiyyat işində çətinlik çəkənə, yardım ala bilməyənlərə, çörəkpulu işi kəsir olanlara elə anındaca kömək edər, işini yoluna qoyardı...
Ona görə də hər bir köçkün İbrahimi özünə bir köynək də doğma bilirdi.
Hal-hazırda İbrahim Sadiqzadə Kəlbəcər rayon arxiv idarəsinin müdiri işləyir. Hər hansı kəlbəcərlini dindirsən, İbrahımin yaxşı insan olduğundan danışar.
İbrahim həm də şairdi. Qoşma, gəraylı, divani, çarpaz onbirliklər yazır. Oxuduqca adamı valeh edir:

O dağların gül ətirli nəfəsi 
Bir əvəzsiz dərman imiş, sən demə.
Ana yurdun bircə udum havası 
Təmənnasız loğman imiş, sən demə. 

Bir şair kimi İbrahimin yaradıcılığına nəzər saldıqda görürük ki, onun janr baxımından olduğu kimi, mövzu baxımından da çox zəngin bir yaradıcılığı var. Ana, Vətən, dağlar, məhəbbət, məcburi köçkün  həyatı, nəsihət və s. mövzularda gözəl sənət əsəri nümunələri yaradıb İbrahim Səfərlər.

"Dolanım" rədifli şerində yazır: 
Tərtərin,Tutqunun gözündən öpüm, 
Hikmətli dədəmin sözündən öpüm, 
Güllərin al-yaşıl üzündən öpüm, 
Bahar çağı tellərinə dolanım...

Və ya "Ayrılıq"şerindən oxuyuruq: 

Çəmənə şeh düşüb, dağlara qırov, 
İzlər qan qoxuyur, görünmür bir ov.
Kəkliklər yuvada qalıbdı girov, 
Naləsi bürüyüb dağı, ayrılıq. 

İbrahim Səfərlərin bir böyüklüyü də ondadır ki, o, özünü həyatda haqqın, ədalətin övladı sanır, düzlüyün, insafın, vicdanın daşıyıcısı bilir və buna da əməl edir.
Bu insanı yaxından tanıyanlar bilirlər ki, onun çox geniş, təmiz və həssas qəlbi var. Adama elə gəlir ki, bu insanı Allah yalnız yaxşılıq etmək üçün, hörmət qoymaq üçün yaradıb.
Mənə qalsa, onun adının yanına bir təxəllüs-ləqəb də qoyardım: Ədalət İbrahim, Haqq İbrahim, Vicdan İbrahim...
Bütün bu müsbət  keyfiyyətlərini nəzərə alaraq (İbrahim həyatda bütün varlığı ilə müsbət adamdı) ona 100 il sağlam canla mənalı ömr arzu edirəm.

Iqbal BABA
Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 11-07-2021 21:17
Baxış sayı: 3388
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
 
01 / 12 / 2024