Laçınlı şairin torpaq həsrətli poeziyası

28-02-2021 13:30
Torpaq ətrini yurd, torpaq həsrətlilər qədər duyan çətin tapılar. Torpaq, el nisgili qədər acı heç nə yoxdu. Söz adamları həm də həssas ürəyi ilə torpağın ətrini və nisgilini duyurlar. Bizlərdən fərqli olaraq sözdən nəhəng mülk yaradanların urəkləri həm də əlavə lamisə üzvüdür. Onlar Tanrının yaratdığı ən mükəmməl varlıqdır...

Sevinc Qəribin də "umduğu bir ovuc torpaqdı, suyunu, havasını istəmir", o torpaq onun "yastıq əvəzidi, nəfsinin ilməsi sap-sap sökülür, hər gecə yuxuda torpaq yeyir". O torpaq onun "nəfəsini azadlığa çıxarır". Sevinc xanım əla bilir ki, üçrəngli libası geyinib torpağın ağuşunda yatanlar əbədi yaşayırlar. Həm də çox rahat. Bəzən unuduruq ki, bir ovuc torpaq o dünyadan çox bu dünyada gərəkdi bizə. Torpaq namusumuz, qeyrətimiz, vicdanımız, maddi və mənəvi bütövlüyümüzdür.

Nəyim var, nəyim yox, nəyim olacaq,
min şükür çəkmirəm vicdan qıtlığı.
Cismimə bu torpaq əyin olacaq,
ruhuma vermişəm göy azadlığı.


Ruhuna göy azadlığı verən Sevinc xanıma daha nəyə görə lazımdı bir ovuc torpaq? Cavab lap möhtəşəmdi:

Umduğum bir ovuc torpaqdı, torpaq!
Dünya qoy dünyanın qalsın özünə.
Mənim könlüm yalın, ruhum da çılpaq,
Bir ovuc torpaq ver, çəkim üstümə.


Sevinc Qərib "bir ovuc torpağın üzünə dabanları həsrət çəkən", dərdin yuvasına düşüb ağrıyla "kefdə" olsa da "bütün varlığını ümidə büküb, ovuclarından göylərə üfürdüyü namələrinin ünvanına yetişəcəyinə inanan" Vətən aşiqidir, dərdlərinə sinə gərən, "həb havasına uçsa da, ruhu yaşamağa köklənən" el-oba, yurd həsrətlisidir.

Can üstəyəm, ölmürəm ki,
İnadım var "qara yelə".
"Razılığa" gəlmirəm ki,
Can borcum var əsir elə.


"Ruhunda dolaşan" lirik duyğuları "könlünə qonaq edib, göy üzüylə qucaqlaşan bir şeir" kimidi Sevinc xanım. Səmanın aydın simasına könlündəki həqiqətləri mavi fonda bəyaz misralarla yazır:

Duyğularım uçuq, pərən,
Ruhum leysanlara təslim.
Ehh... nəfəsindən öpərəm,
Dönsə könlümə söz fəsli...


"Ömür deyib sürdüyünə dərd baxıb bağrı yarılan" şair xanımın ("şairə sözünün əleyhinəyəm, söz adamının cinsi olmaz - V.O.) söz fəsli həmişə ümidlidir, al-əlvan çiçəklidir. O, sözü ilə həsrəti, nisgili ovundurur, özünə munis edir. Onun həsrəti, nisgili də poetik duyğuları kimi heç kiminkinə bənzəmir.

Sevinc xanımın poeziyasının bir ali məramı var: insanlığı qorumaq, sevgilərə sahib çıxmaq. Bu "proqram" onu hər şeirindən bir "Ağ yol" kimi keçir. Qırx dörd günlük ikinci Vətən savaşındakı zəfər o "Ağ yol"un adını doğruldacaq.

"Mən sözü sevirəm!" Görün necə ali sevgidi.
Mən körpəmdən yetim idim...
Sən balam oldun...
alışdım qismətin yoxluq dadına.
Sənə qədər ümidlərimin
məzarlığıydı ürəyim.
Gəldin...
bir qadın doğuldu içimdə.
Sevdin...
boy-boy çiçəkləndim,
sevgi-sevgi böyüdüm,
Mən oldum,
SƏN oldum...


Sevinc Qərib ağrının, dərdin, el-oba yanğısının, içindən oğrun-oğrun boylanan həsrətin və sözün qayğıkeş anasıdı. O, bütün "övladları" ilə bərabər "misra-misra ömür edir, ruhu göylərə körpüdü". Bəşərdən nigarandı:

Oğul düşmən çəpəriymiş,
Çəpər "göyərdə" bilmədim.
Qız dizinin təpəriymiş,
Təpərsizdi dizim, ana...


Sevinc xanımın sevgisi də özünəməxsusdu, üzü bozarmış şüar, şablon "hisslər" deyil. Səmimidir. Onun sevgisindən nəinki yerdəkilər, hətta "göy üzü xoşhal olur, mələklər yerə nur gətirib, göyə dua aparırlar". Onun şeirləri göylərə göndərilən dualardı:

Ovcun əllərimin isti yuvası,
Əllərim ovcunda ən əziz sakin.
Sən məndə var olan ilahi adam,
Mən səndə yaşayan bəxtəvər qadın.
Bizim yaşamağa evimiz yoxdu...
Sən mənim EVİMSƏN,
Mən sənin EVİN...


Şairin poetik dünyası həyatın gerçək üzüdür - rəngiylə, ən ümdəsi ruhuyla. Bəzən kiminsə ruhu başqasının ruhuyla əkiz olur. Sevinc xanımın ruhuna əkiz tapa bilmədim. "Çoxdan özündən keçsə də", anda gərək olmadığını anlasa da, tale onu qıt sevinclə sınağa çəksə də onu yeni fikir axtarışından döndərə bilmir, o, sözünü çox etibarlı bir yerdə tapır - ürəyində. Ancaq duasız da qala bilmir, həmişə söz adlı körpəsinin imdadına tələsir:

Ovcum duasız göynəyir,
Əlim yumruğa sıxılıb.
Dilim dişimi çeynəyir,
Sözüm içimə yıxılıb.


Sevinc xanımın ürəyi "yaşanmayan ev kimi ölü, nəfəs toxunmayan pəncərə kimi cansız" deyil, onun ürəyində "sevgidən başlanır, sevgidə bitir bütün notlar".

Bir nəfərlik kupe kimidir
mənim ürəyim,
bileti əlində qalar, keçməyə
həddi olmaz hansısa sərnişinin...
Sən o balaca otağa necə
sığmısan bilmirəm,
rahatca gəzib dolaşırsan
künc-bucağında.
"Zəbt etdiyin" bütünümün evi,
yaşamağa davam yeri olmusan...
...Hər gecə yuxuları aldadıb
ürəyimə köçürürəm,
səliqəyə salıram dağınıq
eşq süfrəsini,
gündüz tökdüklərimi yığıram
öz yerinə.
Sonra öpüb gözündən enirəm
yatağıma.
Gecə də laylay çalır
dizlərində uyuyan
o bəxtəvər qadına...


Aylı-ulduzlu bir gecə şəlalə zülfünü dağıdıb dünyanın bəxtəvər vaxtına. Uzaqlarda bir anadil həzin nəğməylə sirdaşını axtarır. Və bir sevda dolu ürək

"acanda xatirələrdən süfrə qurur,
hər xatirənin yanına bir şeir düzür
çörək əvəzi...


Sevinc xanımın "çoxdanıncı ildən qalan bir şeir"i var: "Nigaran ruhumdu qatara minib"... Şair xanımın gözləri bu qatarın yolundadı. Bəli, "çoxdanıncı ildən". Bu qatara minib Sevinc xanımın uşaqlığı, gəncliyi ruhuyla birgə. Bu qatarın yolunda indi niğaran gözlər dayanıb baxır əlçatmazlıqlara. "Əsir arzular uşaqkən yazılmış cızma-qaralar o qatara özünü çatdırıb". Bəs niyə gəlmir? Yenə bir ovuc torpaq. Tanrı, Sevinc xanımı o torpağa yetir, qoy "qübar edən könlündə" əbədi torpaq sevgisi onun ömrünə daha mənalı ömür qatsın, gözdolusu yaşasın. O qatar

Bəlkə o könlümdə min qübar edən
Vətəndən bir ovuc torpaq gətirir.
Bəlkə də özümdən inciyib gedən
Özümün könlünü alıb gətirir....


Bəli, Sevinc xanım, nəhayət "səbri daha dar gəldi bu torpağın əyninə", ərənlər zəfərə yol açdılar, "Tüstüsüz bacalarda quyruq bulayan şeytanların" nəinki quyruğunu, boş başlarını kəsdik, xəbis ürəklərinə dağ çəkdik, otuz il "qapısında iblisin nökərləri yallanan yurd yerlərimizdə sülənənləri dəmir yumruqla məhv elədik. İndi o yerlərdən gələn müjdələr həsrətə, nisgilə qənim kəsilir, ümidlərimiz göyərdi, arzularımız çiçəklədi. Gözlədiyimiz qatarlar həsrətə son qoyacaq. Orada qoyub gəldiyimiz uşaqlığımıza, gəncliyimizə bizi yenidən qovuşduracaq o qatarlar.

Sevinc Qərib mənəvi balalarının əyninə heç vaxt süni paltar - "pafos", səmimilikdən uzaq söz libası geyindirmir".

"Misra-misra qızınıb sətir-sətir yanaraq dönüb şeir olan" ürəyinin çırpıntılarından al-əlvan poeziya çələngi hazırlayıb özünün söz ömrünü əbədiləşdirən Sevinc xanımın duyğularından mənəvi doymazlıqla hələ çox qidalanacağıq. Bunu şair xanım qoy bilsin ki, onun bizlərə "söz borcu" var. Tanrı belə buyurub...













Vaqif Osmanov
27.02.2021
Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 28-02-2021 13:30
Baxış sayı: 3742
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını