""Qiyamçı" - Qarabağın tale kitabı imiş..."- Aygün Yaşarın təəssüratları

27-02-2021 13:31
"QİYAMÇI" ƏLABBAS  
Müharibə adlamış yazı

Yüzlərlə bədii əsər oxumuşam. Elə bilirdim Viktor Hüqonun "Səfilləri"nin birinciliyini dəyişə bilən əsər çıxmaz qarşıma. "Qiyamçı" "Səfillər"i ikinciliyə uğurladı mənim ilk onluğumda. Buna görə Viktor Əlabbasdan inciyərdimi, ya təəccüblənərdimi, bilmirəm. Məncə, hər gözəlliyin məhz Allahdan gəldiyinə inanan Hüqo "Qiyamçı"nı oxusaydı, növbəti dəfə düşünərdi: "Sən necə möcüzəli təxəyyül sahibləri yaradırsan, İlahi!" 

Bir yazıçının, şairin nə qədər möhtəşəm olduğunu eşitsək də, onun üstünlüyünün nədə olduğunu məhz əsərini oxuyanda dərinliyinə qədər hiss etmək olur. Əsər yazıçının döyüş meydanıdır. Döyüşə kənardan baxmaqla, o meydanda baş verənləri duymaq olmaz - məhz duymaq. Çünki ədəbiyyat məhz duyğularla "oynayan", onları inkişaf etdirən, tərbiyələndirən, şövqləndirən olanda oxucu zövq alır. Əsər bitir və sehrli aləmdən öz reallığına qayıdırsan. Amma "əliboş" deyil, tapıntılarla. Məhz bu məqsədlə oxumağa başlamamışdınmı kitabı? Və o anda ən azı yazıçı qədər həyəcanla qələmə sarılmaq, təəssüratlarını bölüşmək, kəşf etdiyin aləmə başqalarını da çağırmaq arzusu keçir qəlbindən. Elə bu arzu - səbəb ilə "Qiyamçı"dan yazmaq istədim. 

Bu yazımın içindən bir müharibə də keçdi. Sözün həqiqi mənasında. 27 sentyabrda başladılan Qarabağ müharibəsindən öncə yazmağa çirmələndiyim bu yazının davamını 44 günlük müharibə + QƏLƏBƏ GÜNÜ + 44 günlük şəhid balalarımızın yas hüznündən + 44 günlük Covid-19 "həbs"indən sağ çıxmağa müəssər olduqdan sonra Allahın izni və İlham pərimin könül xoşluğu ilə qələmə alıram. 
 
"Qiyamçı" - Qarabağın tale kitabı imiş. 
Əyriqar elə Qarabağ imiş...
Yazıçı "Qarabağı oğul itirən kimi itirdik" - deyə oğul itirən ata kimi yana-yana kitabına "Ön söz" yazanda Tanrı  da ona gülümsəyərək baxırmış: "- Eh Yazıçı, Yazıçı, sən yazdığını yaz, gör Mən nə yazıram!"- deyə.
Əslində əsərin içində 10 Noyabradək yaşayacaqlarımızın, qələbəyə necə nail olacağımızın yolları keçilmiş və "Qarabağ" işarətli  Əyriqar azad edilmiş, Əyriqarlı qalib gəlmişdi. "Qiyamçı"nın yazı prosesindən söz açarkən Yazıçı həqiqətən də, doğru deyirmiş ki, " bunu da yazan yazdırıb, xəttatı mənəm." Yazdıran Yazıçının barmaqları ilə Qarabağın taleyini, aqibətini yazırmış. Biz bunu yalnız indi - Qələbədən sonra əminliklə dərk edə bilirik.

"- Onu deyirdim axı, - Zülfüqar müəllim söhbətinin mabədinə qayıtdı,- rusu Yaxın Şərqdən, Avropadan İTİ QOVAN KİMİ qovublar. İraqdan başqa onun Yaxın Şərqdə bir kimsənəsi qalmayıb. Bir azdan onun da qulağını kəsəcəklər. Sonra növbə İranındı. O da özünü yaxşı aparmır. Sənin o Əmirkə dediyin sözünü onda deyəcək.

-  O növbə ki, deyirsən, bəs ondan  erməniyə çatmayacaq?
- Nə qədər SSSR var, yox. Heç gözünü də üfürməyəcəklər. Amma məqam gəlib yetişsə, rus ermənini odun, alovun içində qoyub aradan çıxacaq, heç dalına da baxmayacaq." 
Və daha çoxu...
  Yazıçı hissiyyatı, məntiqi analizi və əsaslı nəticəsi gerçəkləşmədimi?! 90-cı ildə son nöqtəsi qoyulmuş  romanda Zülfüqar müəllimin analiz və mülahizələrini oxuduqda heyrətlənməmək mümkün deyil. Belə də oldu. 
"Bəs Türkiyə hara baxır, Əmirkə nə deyir buna? ....
- ...nə deyəcək? ...gərək bizim özümüzdə hərəkət olsun ki, o da bir söz desin. ...Daha İttifaqda İttifaqlıq qalmayıb. Sənə deyim ki, əgər elə bir şey olsa, bundan ən çox türk xalqları qazanacaq. 
- Müəllim, çox türk, türk deyirsən, neyləyib axı bu türk? ...
- Onu biləsən ki, türk olmasaydı, səni burda plov kimi yeyərdilər. ...hələ bu xarabanın özündə (SSSR-də.A.C) nə qədər türk mənşəli xalq yaşayır, otuzdan çox. Sayı da yüz milyona yaxın. Bizi həmişə, zaman-zaman qırıblar, yoxsa dünya türkü tutmazdı."
Bu cümlələr 90- cı ildə yazılıb bitirilmiş bir əsərdəndir. Növbəti cümlələr isə "Qiyamçı"nı bir bədii əsərdən- romandan daha artıq Vətən tarixinin yazıldığı bir tarixi salnaməyə çevirir:
"Rusun, farsın can qoyduğu odu ki, bu birləşməyə imkan verməsin. Azərbaycan ilk dəfə pay-puş olunanda, sənə keçən əsrin əvvəllərindən söhbət eləyirəm, ərazisi dörd yüz on min kvadrat kilometr idi. Az qala iki yüz il tamamdı ki, onun ikiyüz səksən mini İranın, yüz otuz mini Rusiyanın nəzarətindədir. Amma rus onu da bizə çox gördü. Borçalını gürcülərə, Dərbəndi dağıstanlılara bağışladı. Nə az- nə çox, düz səkkiz qəzanı da dədə malı kimi ermənilərə peşkəş elədi. İndi qardaşın "Türkmənçay"dan üzü bəri əldən gedən qəzaların təkcə adını desin, sən də bir-bir barmağını qatla. İrəvan, Dilican, Üşməzdin, Zəngəzur, Göyçə, Loru- Pənbək, Dərələyəz, Şərəyel- Gümrü, bir də Zəngibasar. Onların da hər birinin tərkibində nə qədər mahal, nə qədər kənd- köy! ...On səkkizdə Demokratik Respublika qurulanda ərazimiz yüz on dörd kvadrat kilometr idi. İndi nə qalıb? Vur- tut səksən altı min. Külək ki belə əsir, bəlkə, elə oldu, axırda hələ buna da şükür elədik."
 Yazıçı  əsərin kitab şəklinə salındığı və çap olunduğu dövrdə əksəriyyətimiz kimi ümidlərinin son qığılcımlarının da sönməməsi üçün artıq əlindən gələn hər şeyi edib bitirmişdi. Ediləcək bir cəhd belə qalmamışdı, "Atəş!" əmrini gözləməkdən başqa. O "Atəş!" açılmalı idi. Bütün Azərbaycan tətikdə idi- oğlunu öldü bilən Ata kimi - elə Yazıçının özü kimi kəfənini geyinib durmuşdu ayağa- itirəcək bir şeyi olmayan adamı heç nə qorxutmaz. Silah ya düşmənə tuşlanmalı idi ya da öz başımıza...
Yazıçı Əlabbasın bir yazısını oxudum. Şamil Qurbanovun Xocalı soyqırımı barədə haqlı ittihamının təsirindən elə tədbir bitməmiş küsüb gedən Fransa səfirindən "ayıb oldu səfirdən, o boyda Fransanın səfirini küsdürdü" deyib Şamil müəllimi tənqid edənlərin əksinə olaraq tərəfkeşlik edir o yazıda. 
"İndi Şamil müəllim günah yiyəsidir ki, onun xalqını anasız quzu kimi mər-mər mələdən, soyqırıma məruz qoyan, terrorda əli olduğu sübuta yetirilən bir erməni dığasının - Robert Köçəryanın döşündən order- medalı bütün dünyanın gözü qarşısında məhz hələ də avamcasına ümid bəslədiyimiz " qonşu kişilərindən biri" olan Fransa prezidenti asıb? Fikir verin: özü də hansı şücaətinə görə!...Şamil müəllim də onun davasını eləyir ki, nə yatmısan, ay bədbəxt millət, ermənilər XOCALIda  vuruşan ordunu yox, əliyalın, dinc camaatı qanına qəltan eləyiblər. Bəs Fransa prezidenti bu fakta niyə göz yumur?! ...İndi görün Şamil müəllimin xalqı necə xalqdır ki, bu zülmə tab gətirə bilir, adi, sıravi səfir isə güldən ağır bir söz eşidən kimi az qalır respublikanı tərk eləsin."("Qonşu kişisi" portret-yazısı,"İnam yolu"qəzeti, 30 aprel, 2002.)
Haqq sözünü vəzifəsini itirməkdən qorxmadan ləyaqətlə deyən adamlar ola bilər ki, həmin vaxt daşa tutula. Zaman isə belə ədalətsizlikləri yerinə qoymaq işində maraqlıdır. 18 il sonra 44 günlük müharibə zamanı kreslo qarşısında zağ- zağ əsənlər Fransa iqtidarının da nə mal olduğunu çox açıq- aydın şəkildə görməli oldular. Şamil müəllimdən üzr istəyin, yaltaqlar. 
Əlabbas müəllimin roman həyatı ilə real həyatının fərqlənmədiyinə bir sübut da bu deyilmi? Hər iki həyatının mərd qəhrəmanıdır O. Haqqın, ədalətin dostudur və bunu gizlətmir. 
"Qiyamçı" ilə əslində Yazıçı həm də bir politoloq olduğunu isbat etdi. Bu gün televiziyalarda Biri(nci)nin dediklərini tutuquşu kimi təkrar etməklə gözə girən eynəkli "polituluq"lardan daha çox məntiqli və orijinal mülahizələr deyir Onun qəhrəmanları. 
" - Söhbət deyəndə ki, yenə təkrar eləyirəm, rus əl qatmasa erməni bu qələti eləyə bilməzdi. On səkkizdə Azərbaycan çalxananda vəziyyət indikindən qat-qat ümidsiz idi, kim inanardı, vaxt gələcək erməni- Azərbaycan dostluğunu vəsf eləyən əsərlər yaranacaq, qardaşlıq haqqında mahnılar qoşulacaq, hələ biqeyrət- biqeyrət gedib onlardan qız alan oğlanlarımız da tapılacaq? Çünki bu Moskvaya gələcək planlarını həyata keçirmək üçün lazım olub. Nəticəsi indi görünür bax, bu gün...Dediyim odu ki, əgər rusa sərf eləsə, bir şillə onların ağzına, birini də bizim ağzımıza vurub oturdacaq yerimizdə. Yenə hər şeyhəmən-həmən olacaq, get- gəl başlanacaq, umu- küsülər yaddan çıxacaq, çünki biz yaddaşsız xalqıq. Ola da bilər ki, geri qayıtmaq söhbətini ortaya atsınlar. HƏLƏ RUS MANEVR ELƏYİR görsün, Azərbaycandakı ermənilərlə necə davranacaqlar, onun özünün burdakı maraqları təmin olunacaq, ya yox?! Əgər görsə ki, işlər fırıqdı, o istəyən məcrada davam eləmir, onda mən dediyim yola əl atacaqlar. Yox əgər bizimkilər biqeyrətlik eləsələr, onda vay halımıza! BİZİM HAMIMIZI BİR NƏFƏR KİMİ QARABAĞA APARMAQ LAZIM İDİ. ONDA NƏ ERMƏNİ, NƏ DƏ RUS BU QƏLƏTİ ELƏMƏZDİ".
Hesab edirəm ki, bu cümlələr isə 10 Noyabrdan sonrakı gələcəyin güzgüsündən görünənlərdir. Xocalı soyqırımını, Bakı soyqırımını, Quba soyqırımını, Daşaltını, Gəncə, Bərdə qətliamını yenidən yaşamamaq üçün unutmamalıyıq yaxın keçmişimizi!  Yazıçının 30 il(!) öncədən yazdığı mülahizələr sadəcə təxəyyül məhsulu deyil, keçmişdən - real tariximizdən çıxardığı məntiqi nəticələrdir. Və biz bunları, həqiqətən yaşadıq. Yazıçının həm də bir politoloq, filosof, alim olduğunu bəyan edən "Qiyamçı" həm keçmişimizin, həm bu günümüzün, həm də gələcəyimizin KİTABıdır. 
Elə buna görə də yazımı gerçəkləşəcəyinə ürəkdən inandığım Əlabbasın - Təbrizin qızıldan qiymətli cümlələri ilə tamamlayıram:
" ...deyirdi ki, Cənubi Azərbaycanla Şimali Azərbaycan birləşsə, həmişə də belə deyirdi, Cənub, Şimal dünyada ikinci böyük türk dövləti yaranar, əlli milyondan da çox olarıq. Deyirdi, geci- tezi var. O gün mütləq gələcək, mütləq."(Ardı var)











Aygün Yaşar
Dalidag.az




Kateqoriya: Poeziya-nəsr
Tarix: 27-02-2021 13:31
Baxış sayı: 3470
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını