Kəlbəcərli həkim-şairin yarımçıq qalan arzuları

25-02-2021 16:13
Gənc yaşlarından təkcə doğulub boya-başa çatdığı Kəlbəcərdə deyil, eləcə də bütün respublikamızda tanınan həkim-travmatoloq Sabir Mirzəyevin ömrü çox qısa oldi. Əlli dörd il yaşasa da bütün ölkə ərazisində onu tanıyanların, ondan bir həkim kimi, eləcə də bir insan kimi razı qalanların sayı kifayət qədər idi. 
Mirzəyev Sabir (Mahir) Hacı oğlu 1964-cü ildə Kəlbəcər rayonunun Başlıbel kəndində ziyalı ailəsində anadan olmuşdur. Atası Hacı müəllim Kəlbəcər rayonunun tanınmış ziyalılarından idi. Ailənin sonbeşiyi olan Sabir uşaq yaşlarından özündən böyük qardaşları Salehin, Tahirin və Sabirin, bacısı Əminənin elmə və biliyə olan işgüzar münasibətlərini davam etdirərək 1986-ci ildə Azərbaycan Tibb Universitetinə daxil oldu. Tibb Universitetinə daxil olana qədər onu hamı  Mahir adı ilə çağırırdı. Sənədlərini universitetə verəndə məlum oldu ki, doğum haqqında şəhadətnaməsində onun da adı özündən böyük qardaşı Sabirlə eyni adda yazılmışdır. On yeddi yaşına qədər Mahir adı ilə tanınan Sabir elə gənc yaşlarından maraqlı şeirlər yazar, onun yazdığı şeirlər tay-tuşları arasında sevilərdi. Universitetdə oxuduğu illərdə də şeirlər yazmağı davam etdirən Sabir həmişə doğulub boya başa çatdığı Başlıbelin yurd adlarını öz şeirlərində əks etdirirdi. 1993-cü ildə Kəlbəcərin ermənilər tərəfindən işğalından sonra Sabirin yazdığı şeirlərin əksəriyyətində yurd həsrəti öz əksini tapırdı:

Keçiqalan, keçilərin hardadır?
Daha səndə niyə heç kim qalmayır?
Bəlkə qalıb dağ başında dardadır?
Bu keçilər səni saya salmayır.

Arpa Çuxuru bu nə gündür, bu nə hal,
Əkinçilər niyə gəlmir hayına?
Arpa Çuxuru, keçmişləri yada sal,
El dolanıb sənin arpa payına.


Uşaq yaşlarında kənddə yaşadığı illərdə yaz aylarında tay-tuşları ilə birlikdə almaçiçəyi, maralotu yığmağa gedər, çaşır və baldırğan yığardı. Bu da ömrü boyu onun yadından çıxmaz, Kəlbəcəri həmişə cənnətə bənzədərdi. Sonralar həkim işlədiyi illərdə rastına çıxan insanlara, istər xəstələr olsun, istərsə də sağlam insanlar, qulluq edəndə öz hərəkətindən bir zövq alardı. O, hiss etmişdi ki, ömrü ona vəfasız çıxacaq, ömrü yarımçıq qalacaq:

Ömrü boyu oyaq yatdım,
kipriyimlə od götürdüm, kül üfürdüm, ocaq çatdım
Bu da ömrün son mənzili, gəlib çatdım,
Salam məhşər ayağı, salam gör qazan
Salam ömrün əlli biri, yarı ölü, yarı diri
Yoxsa əgər Kəlbəcəri,
Salam qıl körpüsü, salam qır qazan... 


Bir müddət hərbi həkim də işlədi. Torpaqlarımızln düşmən tapdağında olması ilə heç cür barışmaq istəmirdi. Doktorluq üzrə elmi işi də müdafiəyə hazır idi. Əcəl macal vermədi doğma yurdumuzun azad olmasını görməyə. Sabir (Mahir) Mirzəyevin "Mahir Hacib" təxəllüsü ilə yazdığı şeirlərdən bir neçəsini oxucularımıza təqdim edirik. Allah rəhmət eləsin!   
 
Oqtay SALAHLI

DÜNYA


Hamı bu pəncərədən boylanıb baxar,
Görər ki, bürünüb qumaşa Dünya.
Hərə bircə dəfə səhnəyə çıxar,
Bu nə cür oyundur, tamaşa, Dünya?

Kimini şah etdin, kimini vəzir,
Hərə ovlamağa bir şikar gəzir.
Çox da ki, at çəkir, top sünbül əzir,
Mat qaldım səndəki gedişə, Dünya!

Sevinc becərənə qəm yedirtmisən,
Azca bir yaxşını gözə dürtmüsən.
O qədər düz sözü səhv dedirtmisən-
Nə deyim səndəki gərdişə, Dünya.

Bir dəfə bilmədin dərdi-sərimi,
Sındırdın qolumu, kəsdin əlimi.
Aldınsa əlimdən Kəlbəcərimi
Dəymərsən gözümdə quruşa, Dünya!

Tükənməz qəlbimin dərdi-gileyi,
Getməz qulağımdan torağay neyi.
Yaramın üstünə duz səpələməyi
Durmusan fələklə yarışa, Dünya.

Nə qədər od tutub alovlansam da,
Daşlı yollarını hamarlasam da,
Mən səni nə qədər tumarlasam da,
Çevrildin alnımda qırışa, Dünya.

Hamilik etmisən şərəfsizliyə
Çağırma bizi sən Dilqəmsizliyə.
Öyrətmə Mahiri Vətənsizliyə,
Ölərəm, gəlmərəm barışa, Dünya.

YAYLAQ TOYU OLMASIN
 

Tərtər çayı çağla indi, çağ indi,
Dərələrin haray-həşir qoparsın.
Kəlbəcərim əsir düşmüş gəlindi,
Sel-su yuyub bərələri aparsın.

Əsir lalə, əsir nərgiz solmasın,
Ay biçənək, ay yaylaqlar, ay mağa.
Ağ buludlar, ağ dumanlar qoymasın,
Gəlin qayam saçlarını yolmağa.

Girov düşən Ceyran bulaq, Göy bulaq
İstisuyum, göz yaşların axmasın.
Məğrur dayan Dəlidağım, Murovdağ,
Qarı düşmən qoy sevincək baxmasın.

Deyin bu il yaylaq toyu olmasın,
Bəzənməsin Güzdəkliyal, Lalalıq.
Tutquçayı bəbəklərin dolmasın,
Bir gün gələr, sona yetər ayrılıq.  

HƏZİN LAYLA


Xəyalım göylərdən qayıtmır yerə,
Davası bir ərçim bulud üstədi.
Yaman kövrəlmişəm, dəyməyin mənə,
Ürəyim bir həzin lay-lay istədi.

Axır gözlərimdən ayrılıq çayı,
Ərsəyə dirənib ahı-harayı,
Uçdu can evinin qızıl sarayı,
Talandı xaniman, ocağım lay-lay.

Vaxtsız ümidlərim, gümanım vaxtsız,
Vaxtsız yaşayanım, ölənim vaxtsız,
Yoxluğum, varlığım, olanım vaxtsız
Vaxtsız keçmişlərim, bu çağım lay-lay.

Dadıma yetən yox, yetənim girov,
Kəndim-kəsəyim, çətənim girov,
Qucmağa Vətən yox, Vətənim girov,
Sınan qol-qanadım, qucağım lay-lay.

Mahir HACİB
Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 25-02-2021 16:13
Baxış sayı: 3565
Müəllif: Hüseyn Mirzə
Tarix: 25 fevral 2021 22:32
Mahirin şeirlərində fəlsəfi yüklü misralar çoxdur, məsələn:

Mən səni sevirəm, Vətən! Lap elə,
Yetim yuxuda anasın sevən kimi...
Mən səni sevirəm, Vətən! Lap elə,
Yetim yuxuda sevilən kimi...

...Qayalar qoynundan asılan o daş,
Bəhanə axtarır dərəyə düşə,
Deyirəm nə ola, ay dərə qardaş,
Hər kəsin öz daşı, hərəyə düşə.
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını