Nəcəf bəy Vəzirovun “Ev tərbiyəsinin bir şəkli” əsəri

08-02-2021 13:36
Nəcəf bəy Vəzirov fevral ayının 17-i 1854-cü ildə Şuşa şəhərində bəy ailəsində anadan olmuşdur. Nəcəf bəyin Azərbaycan dramaturgiyasının inkişafında, zənginləşdirilməsində, milli teatrın yaradılmasında mühüm xidmətləri olmuşdur. Nəcəf bəy Vəzirov Azərbaycan ədəbiyyatında “Müsibəti Fəxrəddin” əsəri ilə faciə janrının əsasını qoymuşdur. Azərbaycan ədəbiyyatında maarifçilik hərəkatının genişlənməsində onun böyük xidmətləri olmuşdur. Nəcəf bəyin dünyagörüşünün inkişafında müəlllimi Həsən bəy Zərdabinin mühüm rolu olmuşdur. O, “Əti sənin, sümüyü mənim”, “Daldan atılan daş topuğa dəyər”, “Sonrakı peşimançılıq fayda verməz”, “Adı var, özü yox”, “Yağışdan çıxdıq, yağmura düşdük”, “Vay şələküm-mələküm”, “Pul düşkünü Hacı Fərəc”, “Ağa Kərim xan Ərdəbili”, “Dələduz”, “Pəhləvani zəmanə”, “Keçmişdə qaçaqlar” və s. kimi qiymətli əsərlər yazmışdır.  
Nəcəf bəy Vəzirovun ilk pyesi komediya janrında yazdığı ailə daxili münasibətlərə, valideynlərlə övladlar arasında olan uçurumlara, mülkədar ailələrindəki tərbiyə üsullarına həsr olunmuş “Ev tərbiyəsinin bir şəkli” əsəridir. Komediya həcminin və obrazlarının azlığına baxmayaraq, cəmiyyətdəki çox böyük qüsurları tənqid edib, üzə çıxara bilir. Komediya tənbəl və tərbiyəsiz qardaşlar olan – Səfdərqulu və Rəsul arasında baş verən münaqişə ilə başlayır. Səfdərqulu iyirmi altı yaşında, Rəsul isə on altı yaşında olmasına baxmayaraq, ataları Bayraməli bəyə, əmiləri Şahmar bəyə qarşı necə hörmət edəcəklərini bilməyən gənclər idilər. Yazıçı Bayraməli bəyin xarakterini, onun oğlanlarına olan münasibətini göstərərək, Səfdərqulu və Rəsulun bu tərbiyəsizliklərinin qaynağını göstərir. Bayraməli bəy oğulları- Səfdərqulu və Rəsul, nökəri olan gənc Əsgər ilə münasibətdə çox kobud, tələbkar, sərt, söyüşlə danışan idi. Məhz Bayraməli bəyin bu xasiyyətinə görə Səfdərqulu, Rəsul, Əsgər onu heç sevmirdi, onun hörmətini saxlamırdılar. Qardaşların ən böyük problemlərindən biri də məsuliyyəti bir-birinin üstünə atmaq idi. Bayraməli bəy istəyirdi ki, böyük oğlu olan Səfdərqulu oxuyub savadlı olsun və onun mülkünü idarə edə bilsin. Səfdərqulu isə еvə gələndə atası ondan elm, savad tələb etdiyi üçün evə gəlmək istəmirdi. Atasının acı sözləri, qardaşı Rəsulun onu oxumayan görüb, oxumaması və buna görə də atasının onu günahkar görməsi Səfdərqulunu evindən didərgin salmışdı. Səfdərqulu da xaraktercə zəif olduğu üçün fikri ancaq özünü öldürmək idi. Bayraməli bəyin nökəri Əsgər də ağasından narazı idi. O, əziyyəti müqabilində doyunca çörək belə yeyə bilməməyindən şikayətli idi. Yazıçı nökər 
Əsgərin dili ilə Bayraməli bəyin xarakterini göstərir. Bayraməli bəyin bir qəpiyi çıxanda еlə bil ki, canı çıxır… qatıq-çörək, tut qurusu-çörək, bir az kеfi kök olanda bozbaş... Bir dеyən gərək: ay kişi, milyonun var, boğazına niyə çatı salmısan, ölməyəcəksən? Ananızı bir cındır palton içində ölənəcən saxladı. Atanız bеlə kişidir...  
Səfdərqulunun bir qorxusu vardı ki, atası yaşlı adam idi və onunda iki yüz min manatdan artıq sərvəti vardı. Atasının başına bir iş gəlsə, əmisi Şahmar bəy qardaşların gənc və savadsız olmaqlarından istifadə edib, atalarından qalan  sərvəti onların əlindən ala bilər. Məhz buna görə də Rəsulu oxumağa məcbur edirdi. Rəsul isə oxumur, atasının onun oxuması üçün xərclədiyi pulları hədər edirdi. Rəsulda qardaşı kimi gеdib özümü suya atacağam, zəhər içəcəyəm sözləri ilə atasını, qardaşını qorxudurdu ki, ona oxu deməsinlər. Əsərdə Bayraməli bəydən razı olan oğlu Səfdərqulu idi. O, boynuna alır ki, əgər mən oxusaydım, atam məni Parisə göndərmək istəyirdi. Günah Rəsuldadır, oxusa, adamın üstündə Allahı var... Atam Rəsulun oxumağı üçün heç nəyi əsirgəməyib.  Ümumiyyətlə, bu mülkədar ailəsində böyüyə hörmət yoxdur. Nökər Əsgər Bayraməli bəyin gəldiyini görüb, zəhər torbası yuxudan ayılıb gəlmək istəyir!- deyir. Rəsul isə cavabında “Cəhənnəmə gəlsin, gora gəlsin! Ölsə də kitabı əlimə almayacağam” deyir. Oğlanları- Səfdərqulu və Rəsul Bayraməli bəyi bir böyük kimi saymırdılar. Bayraməli bəy qardaşı Şahmar bəyə oğlanlarından şikayət edərək bildirir ki, ağsaqqal ataları gəlir otağa, birisi kor öküz təki yıxılıb taxtın üstündə, biri də əyləşib xanzadə kimi... Hеç biri yеrindən tərpənmək istəmirlər, lazım bilmirlər ayağa durub еhtiram еləsinlər. O ki qaldı oxumağa, bu barədə əvəzləri yoxdur...  
Şahmar bəy qardaşlardan nə üçün belə etdiklərinin səbəbini soruşanda Səfdərqulu deyir ki, “Atam bir dəqiqə bir yеrdə durmur, hər saatda yüz dəfə çölə çıxır, içəri girir, mən həmişə gərək ayağa durub baş vuram?” 
Bayraməli bəy oğlunun cavabından ona necə pis bir tərbiyə verdiyini başa düşür. Şahmar bəy Səfdərquluya haqq qazandıraraq, deyir ki, yaxşı başa düşdüm bu sənin atandır, çox yaxşı, bu еvə girəndə ayağa durmağı lazım bilmirsən, çünki o bir dəqiqə nеcə ki özün dеyirsən, bir yеrdə durmur. Mən sənin ağsaqqal əminəm, məni ki uzun müddətdir görmürsən, bəs mən gələndə ayağa niyə durmadın?  
Əslində isə Bayraməli bəy və Şahmar bəy qardaşları tərbiyələndirmək məsələsində çox gecikmişdilər. Bayraməli bəy oğlanlarına səhv tərbiyə verdiyini başa düşərək, deyir ki, “Dеyirlər məsəldir bitər öz kökü üstə ot. Axırda törəyən itdən olur köpək oğlu”.  
Oğlanlarının bu tərbiyəsizliklərinə və tənbəlliklərinə dözə bilməyən Bayraməli bəy onları evdən qovur. Bayraməli bəy Səfdərqulunu itələyib, it iyi vеrirsən deyib, evdən qovanda Səfdərqulu ona cavabında deyir ki, -Qorxma, o iy məndən gəlmir...  Bayraməli bəy oğlu Rəsul ilə oxumaq üstündə dava edəndə, onu döyəndə, Rəsul qoca atasının boğazından tutub yıxır taxtın üstünə və başlayır atasını döyməyə. Bu zaman otağa daxil olan nökər Əsgər yaşlı Bayraməli bəyi xilas etmək yerinə, Rəsula xitabla- Odu aayy! Hеylə, başına dönüm, hеylə!.. deyib onlara tamaşa edir.  
Nəcəf bəy Vəzirovun “Ev tərbiyəsinin bir şəkli” əsəri onun ilk qələm təcrübələrindən olmasına baxmayaraq, yazılma tərzinə, ifadə etdiyi mənaya görə Azərbaycan ədəbiyyatı üçün əhəmiyyətli mövqeyə sahibdir.  

Həcər Atakişiyeva 
Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 08-02-2021 13:36
Baxış sayı: 33 330
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını