“Günəş üzlü qadınlar” - Günel Natiq yazır

07-02-2021 13:38
“Qadın öz potensialını tapmalı, onu inkişaf etdirməlidir və yalnız bundan sonra onu gözəl gələcək gözləyir”. Düşünürəm ki, filosof Oşonun bu fikirlərini yazıçı Narıngül Nadirin yeni “Günəş üzlü qadın” kitabının mahiyyətinə aid etmək olar. Kitabdakı hekayələr qadın ruhunun azadlığı və əsarətindən boy alıb.
Yazıçı kitabı bir hekayəsinin adı ilə- “Günəş üzlü qadın” adlandırıb. Əslində bu adı demək olar ki, kitabdakı hər hekayəyə başlıq seçə bilərik, çünki hər hekayətdə bir günəş üzlü qadın var; sevən, inanan, ruhunu bəsləyən, yol gözləyən bir qadın.
Hətta bu qadınlar öz qəhrəmanlarını tapmaq üçün uzaq- uzaq yollara çıxmaqdan da qorxmurlar. Bəlkə ona görə də bir məqamda Qadın öz yarını nağıl qəhrəmanına bənzətmək istəyir, amma qəlbinin dərinliyində bilir ki, bu sadəcə ümidsiz bir cəhddir və reallıqla nağılların yerini dəyişik salmaq sonda məyusluqla bitir.
“Başlandı... Bir bəhanə tapıb uzaqlaşmaq gərəkdir, elə etmək lazımdır ki, xətrinə də dəyməsin. Nə mənası var, onsuz da hər şey yarımçıq qalacaq. Yarımçıq heç nə istəmirəm, mənə bütöv həyat lazımdır. Romanımı tamamlamaq üçün lazımdır”.

Kim bilir, bəlkə bu roman da bəhanədir. Əslində yarımçıq olan roman deyil, Qadının öz həyatıdır, arzularıdır. Emosional ehtiyacları təmin edilməyən qadın özünü yarımçıq hiss edir; daxili tarazlığa nail olmaq, özüylə barışmaq və bəlkə də özünü bağışlamaq üçün üçüncü qüvvəyə- sevgiyə ehtiyac var.
Axı qadınlar nə istəyir? Deyilənə görə, hətta Freyd də bu sualın qarşısında naçar qalıb və özünə haqq qazandırmaq üçün qadınlara cürbəcür xoşagəlməz anlamlar yükləyib. Və bu fikri dilə gətirib ki, qadın kişinin malik olduğu fiziki xüsusiyyətlərdən məhrum olmuş, hansısa mənada yarımçıqlığa məruz qalmış bir adamdır. Bəlkə də bu fikirdə “Qadınlar nə istəyir” sualının açarı var.
Narıngülün qəhrəmanları duyğusal, incə ruhlu qadınlardır. Onlar ehtiyac duyduğu xoşbəxtliyi mehr-məhəbbətdə arayır. Heç bir maddi zənginlik qadının üzündəki yorğunluğu, zamanın izlərini gizlətməyə qadir deyil. Çünki ən gözəl qadın sevilən qadındır- yalnız məhəbbət qadına onun bütün qüsurlarını unutdura bilər.
Məhəbbətin tərifini kim verə bilər? Yəqin ki, məhəbbətin nə olduğunu heç kim dəqiqliklə ifadə edə bilməz. ONU yalnız insan tapanda anlayır. Nazim Hikmətin dediyi kimi, okeanları görmək yox, yaşamaq lazımdır.
Və nə nə qədər ki, “ONU” tapmamısan, özünü dənizdə yelkənsiz qayıq kimi hiss edirsən.
“Məni qınama tanrım, axı sən heç vaxt qadın olmamısan”, Marina Svetayeva deyirdi. Svetayeva stereotiplərdən uzaq, şəxsi azadlığını hər şeydən çox dəyərləndirən, cəsur bir qadın idi. Və ən böyük bəraəti qadın olması idi.
Narıngülün qəhrəmanları bu düşüncənin içində bütövləşən qadınlardır. Onlar sevir, inanır, mübarizə edirlər.
 Qadın- bütün həyatını elmə həsr edib sevilməyi təxirə salan, sonradan xoşbəxtliyə şansı olduğuna ümid edən, amma səsinə boz divarların əks səda verdiyi professordur, ayrılmamaq üçün sevgilisi ilə intihar etmək kimi dəlicə bir arzusu olan saf bir qızdır,  evdə özünə qurduğu dar ağacından qaçmaq üçün çıxdığı yolda özünü kəşf edən “uğur böcəyi”dir...
Kitabı oxuduqca düşünürəm ki, yazıçı ilə onun qəhrəmanları arasında bir “qadın həmrəyliyi” var.  Onları sevir, qoruyur, bəraət verir. İç dünyasının dərinliklərinə nüfuz edir, qadın psixologiyasının gizli tərəflərini məharətlə açıqlayır.
Bu hekayələr qadın- kişi münasibətlərinin mürəkkəb tərəflərinin yozumuna yönəlib. Və biz görürük ki, qadınla kişi arasındakı qarşıdurma əslində qadının öz daxili təbəllüatlarıdır. Qadın əslində kişini deyil, özünü sorğulayır, onunla deyil, öz şübhələriylə danışır, kişini deyil, öz xəyallarının qəhrəmanını gözləyir. Bəlkə də instinktiv olaraq özünü gözlənilən mənəvi təhlükələrdən qorumaq istəyir beləcə. Ona görə də onun hisslərini bəzən qarşı tərəf anlamaq iqtidarında deyil.
Və bəlkə də ona görə ki, qadın üçün həyati önəm daşıyan bir məsələ kişilər üçün elə bir əhəmiyyət kəsb etmir.
“Axı mən çox şey istəmirəm. Sevib sevilmək istəyirəm” bir məqamda deyir Qadın. Bu arzudan təbii nə ola bilər? Və eyni zamanda, daim dəyişən dünyada iki insanın bir birinə bağlı olmağından qeyri-mümkün nə ola bilər?
Yazıçı isə qadınlarının həyatını anlatmaqda, yol gözləməkdə, onların arzularını, xəyallarını qorumaqda davam edir.
“Yolda” hekayəsində qadın və kişi psixologiyasının bir- birindən fərqli döngələri, dalanları ilə rastlaşırıq.
Qadın yolda- maşında tanış olduğu kişini instinktiv olaraq xəyallarının qəhrəmanına çevirir. Qadın “və beləcə uzun və xoşbəxt həyat sürdülər” tipli xəyallar qurarkən, kişinin planları qısamüddətli münasibətə hesablanır.
Bu yol yalnız bir neçə kilometr davam edəcək yol deyil. Bu yol Qadın adlı bir nağıl qəhrəmanının yoludur. Çünki qadın özü əslində nağıl qəhrəmanıdır. Xəyallardan ocaq çatıb, üşüyən əllərini bu ocaqda  isidən ən bəxtsiz nağıl qəhrəmanı.
Paradoksa baxın ki, ən bəxtəvər “Ağ oğlan” nağıl qəhrəmanını ən bəxtsiz nağıl qəhrəmanı- Qadın uydurub.
Müəllif hekayələrinin birində sevən qadını izdihama bənzədir. Çünki o, kişini sevdikcə, xəyali olaraq onun rəqibləri çoxalır, bütün bu qadınlar onunla birgə onun sevdiyi kişini, onun ətrafını, fikirlərini sarır. 
Narıngül Nadirin qadınları xaraktercə müxtəlifdir. Kimi gözəldir, kimi ağıllıdır, kimi sadəlövhdür. Amma bu qadınları birləşdirən bir özəllik də var. Onların hamısı cəsur qadınlardı. Bu qadınlar heç bir halda zəif deyillər. Onlar qətiyyən təslim olmayan, xoşbəxtliyi uğrunda mücadilə edən qadınlardır. Filosoflar deyir, yalnız azadlığı dərk edən insan həyatı və kainatı dərk edə bilər. Bəlkə ona görə heç bir vəziyyətdən asılı olmayaraq bu qadınlardan həyat eşqinin ətri gəlir. Hətta özünü payıza bənzədən qadın belə gözümüzdə yazın dolu, parlaq rənglərinə bürünür.
Narıngülün hekayələrində təbiət də qadın cinsini ehtiva edir. Qadın və təbiətin harmoniyası kişi və qadın münasibətlərini ahəngdar edir.  Sanki təbiət də qadını dəstəkləyir, onun arzularının qoruyucusuna çevrilir. Təbiət və insan ruhu qadın obrazlarında bütövləşir.
“Ağrı” hekayəsində Narıngül Nadirin sanki zamanı qabaqladığını və yazıçı intuisiyası ilə olacaqları öncədən gördüyünün şahidi oluruq. Ya da mətn öz müəllifini qabaqlayıb, onun şüuraltı ağrılarına bələdçilik edib. Davadan gələn oğlunun yaralarını sarıyan və özü də həmin ağrılara bələnən ana həm doğmadır, həm də bəşəri.
Narıngül Nadirin “Günəş üzlü qadın”ları uydurma deyil, həyatidir, gerçəkdir. Hər birimizdə bu qadınlardan nəsə var. Amma onlar həyati olduğu qədər də nağılvari qəhrəmanlardır, çünki ideal eşqə, sevginin bütün problemlərin həlli olacağına inanırlar. Onlar üçün sevgi hava, su kimi bir ehtiyacdır. Müdrik Oşonun fikirlərini xatırlayıram. “Qadınları anlamaq yox, sevmək lazımdır”.
“Sevgi elə bir teoremdir ki, onu hər gün isbat etməlisən”- sevdiyimiz film qəhrəmanı baron Münhauzen belə deyir.
Bəlkə də bu fikir bir aksiomdur; elə bir aksiom ki, isbata ehtiyacı yoxdur.
Uzaq bir kənddə Oşodan, baron Münhauzendən, hər cür teoremlərdən, aksiomlardan xəbərsiz ömür sürən qırmızı paltarlı, qara taleli Güllü də şüuraltı olaraq bu teoremin isbatını gözləyir...
Bədii əsərin bir vacib şərti də var. Yazıçı özünü qəhrəmanın yerinə qoymamalıdır, ona çevrilməli, ona nəsə verməli və almalıdır. Narıngül Nadir və onun “Günəş üzlü qadın”ları kimi...

Günel Natiq

Dalidag.az




Kateqoriya: Poeziya-nəsr
Tarix: 07-02-2021 13:38
Baxış sayı: 3770
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını