Zirvələrdən uca el sənətkarı

01-02-2021 17:59

Ecazkar təbiət mənzərələri ilə insanları valeh edən Kəlbəcər rayonu özünün yaradıcı insanları ilə də həmişə məşhur olmuşdur. Bu dağlar diyarında ökəmizdə məşhurlaşan neçə -neçə sənətkarlar, şairlər, aşıqlar olmuşdur. Belə yaradıcı aşıqlardan biri olan Aşıq Xalıqverdi Həmidoğlunun yaradıcılığı ilə oxucularımızı tanış etmək istərdim. 
Aşıq Xalıqverdi Həmidoğlu doğma Kəlbəcərimizi həmişə respublika miqyasında ləyaqətlə təmsil etmiş, Azərbaycan aşıq sənətinə öz töhfələrini vermişlər. Aşıq Xalıqverdi Həmidoğlu ustad aşıq pilləsinədək yüksəlmişdir. O, bu yolda ustad aşıqlarımız olan Ağdabanlı Qurbandan, Dədə Şəmşirdən, Aşıq Mehdidən, Aşıq Hüseyndən, Aşıq Bəstidən bəhrələnmiş, onların irsini davam etdirmişdir. Dədə Şəmşirdən dərs almış, aşıqlığın sirrini ondan oyrənmişdi. Kəlbəcər toylarında dəfələrlə ustadı Aşıq Şəmşirlə bərabər iştirak etmiş, onun söylədiyi dastanları mənimsəmişdir. Axı, Kəlbəcər toyları dastansız keçmirdi. Əsasən ilin payız fəslində keçirilən Kəlbəcər toylardında aşıqlar axşamdan başladıqları dastanı dan yeri sökuləndə başa çatdırardılar. Aşıq Xalıqverdi dəfələrlə dastan söylədiyi toylarda həmişə xalqın böyük məhəbbətini qazanmışdı. Aşıq Xalıqverdi həm də yaradıcı aşıq idi. O, məclislərdə klassik Azərbaycan aşıq sənətinin incilərindən oxumaqla bərabər, həm də öz sözlərini də oxuyurdu. Yurd nisgili məcburi köçkünlük dövründə onun şeirlərinin ana xəttini təşkil edirdi: 

Atamsan, anamsan, a dağlar mənim, 
Qollarım boynuna salmağım gəlir. 
Sədəfli sazımı basıb bağrlma, 
Bir "Çoban bayatı" çalmağım gəlir. 

Qalmışam, qalıram hələ gümanda, 
Ayrılıq həsrəti var hələ canda. 
Çalıb-çağırdığım toyda, nişanda, 
Yenə olduğumtək olmağım gəlir. 

Gün-gündən qaradı, il-ildən nəsdi, 
Qulağıma bir yanıqlı səs gəldi. 
Ömür gülşənimə bir tufan əsdi, 
Naqafil saralıb solmağım gəlir. 

İçin-için qovruluram oduma, 
Şahlar şahı gəlib çatsın dadıma. 
Ötən günlər hey düşəndə yadıma, 
Oturub başıml yolmağım gəlir. 

Yazdı Həmidoğlu qəmli əsəri, 
Kim sənə qarğadı:"Şam kimi əri!" 
Saxla, Kəlbəcərim, bir məzar yeri, 
Ölüb torpağında qalmağım gəlir. 

Ölərkən Kəlbəcər torpağında dəfn olunmaq onun arzusu idi. Lakin ömür vəfa etmədi. Gözü yolda, sözü yarımçıq qaldı ustadın... Aşıq Xalıqverdi ustad adını ustadları öyrənə-öyrənə qazandı. Məclislərdə iştirak edə-edə püxďtələşdi. Onu da qeyd etmək lazımdır ki, 1928-ci il oktyabrın 28-də doğma Kəlbəcərimizin Zivel kəndində anadan olan Aşıq Xalıqverdinin atası Aşıq Həmid də gözəl şeirlər yazırdı. Aşıq Həmid 1871-ci ildə Cavanşir qəzasının Kəlbəcər mahalının Çıraq kəndində anadan olmuş, sonralar Ziveldə yaşamış və Göyçəli Aşıq Alının məclislərində oxumuşdur. Səsi və saz çalması Aşıq Alını valeh etmişdir. Aşıq Alı ustadı Ağ Aşığın və özünün şeirləri yazılmış qalın qara cildli dəftəri ona bağışlamışdır. Sonralar Aşıq Həmidin oğlu Aşıq Xalıqverdi həmin dəftəri Kəlbəcərdə Əli Əmirova vermişdi. Əli Əmirov həmin dəftərdən Aşıq Alının şeirlərinin çoxunu ərəb əlifbasından kiril əlifbasına çevirmişdi. Əli Əmirovun qardaşı Sovet həkim həmin dəftərdəki qalan şeirləri kiril əlifbasına çevirmək üçün Bakı şəhərinə aparmış, qayıdanda yolda avtomobil qəzasına düşmüş və həlak olmuşdur. Nəticədə həmin qalın dəftər də itib - batmışdır. Aşıq Həmidin Aşıq Hüseyn Bozalqanlı ilə, Şahsəvənli Qara Çobanla deyişmələri olub. Aşıq Həmid şeirləri bədahətən deyirmiş. Belə bir ocaqda böyüən Xalıqverdi Həmidoğlu uşaqlıqdan saz-söz sənətinə bağlı olub. O, saza, sözə marağının olduğunu görüb gənc yaşlarında Dədə Şəmşirə şagirdliyə başlayıb və onun ilk şagirdi olub. Aşıq Şəmşir Xalıqverdi Həmidoğlunun aşıqlığını çox bəyənmiş, onu yüksək qiymətləndirmiş və ömrünün son illərində söhbət zamanı dəfələrlə deyib ki, məndən sonra Kəlbəcərin həm yaradıcı aşığı, həm də dastançı aşığı Aşıq Xalıqverdi olacaq. Aşıq Xalıqverdi Həmidoğlu da öz növbəsində ustadı Aşıq Şəmşiri yüksək qiymətləndirmiş, ona əlçatmaz bir zirvə kimi baxmış, onun şagirdi olduğu üçün fəxr edərmiş: 

Sazım, sözüm axtarar 
İldə Dədə Şəmşiri. 
Unuda bilməz ürək 
Dildə Dədə Şəmşiri.

Doğrudan da Aşıq Xalıqverdi ustadı Aşıq Şəmşirin yolunu ləayaqətlə davam etdirərək neçə-neçə gözəl şeirlər yazmış, neçə-neçə dastanlar söyləmişdir. O, onlarla ustadnamənin müəllifidir:

Kərəmsiz ağadan,vəfasız quldan, 
Yaxşıdı bir qara daş, yeri gəlsə. 
Yaramaz övladdan, fərsiz oğuldan, 
Tutduqca ayağın, qaç, yeri gəlsə. 

Qəm yeməkdən saçlarıma düşüb dən, 
Həsrətimlə saralıbdı çöl, çəmən. 
Qeyrətsiz qohuma açma süfrə sən, 
İgid düşməninə aç, yeri gəlsə. 

İkiüzlü yaltağın kəsəsən başın, 
Sökəsən xanasın, tökəsən daşın. 
Bədnəzər qonşunun, paxıl yoldaşın, 
Vurasan boynunu, kaş, yeri gəlsə. 

Qalıb bizə atalardan söz miras, 
Mənə baxıb örtmə qara, tutma yas. 
Cilidi mömin var,xilqəti xənnas, 
Tökər gözlərindən yaş, yeri gəlsə. 

Desin Həmidoğlu karım var mənim, 
Sərraf bilir, xiridarım var mənim. 
Əsil dosta etibarım var mənim, 
Qoyaram yolunda baş, yeri gəlsə.

Aşıq Xalıqverdinin ifasında neçə-neçə dastanlar həmişə el toylarında söylənilmiş, həmyerlilərimiz həmin dastanlara dönə-dönə qulaq asmışlar."Aşıq Alı və Pəri xanım" dastanı, "Səlvi Xuramanla Çoban Məhəmməd "dastanı, "Aşıq Qərib" dastanı, "Aşıq Valeh və Zərnigar xanım " dastanı və bir çox dastamlar Aşıq Xalıqverdinin sevə-sevə söylədiyi dastanlardır. Həmin dastanlardan "Aşıq Alı və Pəri xanım" dastanı ilə "Səlvi Xuramanla Çoban Məhəmməd" dastanı lentə alınmış və internet istifadəçiləri onu "YouTube" kanalında izləyə bilirlər. Kəlbəcər aşıq məktəbinin ağsaqqalı olan Aşıq Xalıqverdinin neçə-neçə yetirmələri var:
Aşıq Əliş Quliyev, Aşıq Firudin, Aşıq Haxverdi Həmidoğlu, Zəylikli Aşıq Əhliman, Aşıq Sevindik və başqaları. Onlardan da dünyasını dəyişənlər var, yerləri behişt olsun. Ustad Aşıq Xalıqverdinin yetirmələri onun yolunu davam etdirirlər. Dünyasını dəyişən sənətjarlarımıza Allahdan rəhmət diləyir, qalan sənətkarlarımıza isə doğma Kəlbəcərdə çalıb-oxumağı arzulayıram. 




















Oqtay Salahlı
Dalidag.az



Kateqoriya: Poeziya-nəsr
Tarix: 01-02-2021 17:59
Baxış sayı: 31 539
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını