Reklam
"Şikəstə Rüstəməm, özümdən sonra söz-söhbətim gəzər dil arasında..."
13-09-2020 12:40
“Dördəlli tutmadım dünya varını,
Adımı gözlədim el arasında”
Şikəstə Rüstəm
Kəlbəcərimizin həmişəyaşar şairlərindən biri də Şikəstə Rüstəmdir. Elə gəncliyindən yazdığı şeirlərlə həmişə gündəmdə olmuşdur. Şairin şeirləri bütün saz-söz məclislərinin yaraşığına çevrilmişdir.
Rüstəm Xəlil oğlu Xəlilov 1882 cı ildə Kəlbəcər rayonunun Qamışlı kəndində anadan olmuşdur. (Ancaq bəzi mənbələrdə şairin düzgün olmayaraq doğum tarixini 1890 ci yazmışdılar.) Rüstəm kişi də zamanın tələbinə uyğun molla məktəbində təhsil alıb. Uzun müddət Meşə təsərrüfatı idarəsində meşəbəyi işləyib. Müəyyən müddətlərdə kənd soveti sədri, kolxoz sədri vəzifələrində olub. O nəinki öz kəndinin, hətta rayonumuzun sayılıb-seçilən, mötəbər insanlarından biri idi. 1930 cu illərdə Rüstəm kişi kolxoz sədri işlədiyi müddətdə, şair Növrəs İman, Ağdabanlı şair Qurban müxtəlif vaxtlarda onun yanında katib vəzifəsində çalışmışdılar. Şairin yazdığı qoşmalar, gəraylılar və müxtəlif səpkili şeirləri elə o zamandan aşıqların dilinin əzbəri və məclislərin bəzəyi olmuşdur.Rüstəm kişi də digər Kəlbəcərlilər kimi dostluqda çox etibarlı, hörmətdə çox səxalı və səxavətli bir insan kimi yadda qalıb.Onun duzlu-məzəli deyimləri indi də camaatımız arasında yeri düşdükcə söylənilir:
Həqiqi dostların hər zəhmətini,
Çəkərəm cahanda el əvəzində..
Desələr tikan var dostun yolunda,
Tutaram dəstimdə gül əvəzində..
Dost zəhməti dosta gül gərək olsun..
Dəqiqə ayrısı il gərək olsun...
Arada bir şirin dil gərək olsun,
Yamanı yaxşılıq bil əvəzində...
Şikəstə Rüstəməm, şikəstə halım,
Sədaqət yolunda qurbandı malım..
Leyli- nahar kəşt eyləyər xəyalım,
Dastanım dolaşar dil əvəzində..
Xoşbəxtliyimin biri də odur ki, Rüstəm əmi ilə şəxsən, üzbə surət görüşmüşük və birlikdə çörək yemişik. Bu 1972 ci ilin avqustunda olub. Onda rəhmətlik Meşəbəyi idi, Qamışlı zonasında.Qışa odun tədarükü üçün icazə bileti alıb onun yanına getmişdik. Bu o zaman idi ki Rüstəm kişinin yaşı doxsanı haqlamışdı. Amma insafən çox qıvraq və yaxşı qalmışdı.
Ömrü-günü qədirbilən dostlarla gözəl məclislərdə, gözəl yaylaqlarda at belində keçən adam belə gümrah da qalmalı idi. Meşədə süfrə saldıq və birlikdə yemək yedik. Rəhmətlik öz atı ilə gəlmişdi. Odun doğrayan “Drujba” işlədənə dedi ki, mən gedirəm. Bu kişilər əlini hansı ağaca uzatsa onu da kəsərsən. Belə bir geniş ürəkli ağsaqqalı necə yaddan çıxarmaq olar. Həm də ki gözəl təbli şair ola?!
Hiss edirsən ki, şair yaşlandıqca həyatın keşmə-keşlərini olduğu kimi necə də aydın və təsirli bir şəkildə nəzmə çəkə bilir:
Kəpəzin tərlanı, dağlar qartalı,
Qocalıb şikardan qalan çağıdı...
Ömür baharının gülü, çiçəyi,
Könül baxçasının solan çağıdı...
Köhlənim yorulub, nə mənzil basa?!
Gedibdi xəyalım, batıbdı yasa...
Qatarım kürk olub, tüfəngim əsa,
İllərin saçını yolan çağıdı...
Gəzdiyim oylaqlar yad olub məndən,
Həsrətin çəkirəm kənardan, gendən..
Qəlbim təlaşlanır dumandan, çəndən,
Gözümün leysantək dolan çağıdı...
Rüstəm yüz yaşını qoyubdu gerdə...
Huşu dağılıbdı, qalmayıb sərdə...
Ölüm xoşdu baş əyməkdən namərdə,
Viranə könlümün talan çağıdı...
Şikəstə Rüstəm şerin bütün növlərində gözəl sənət nümunələri yaratmışdır. Onun təcnisləri, divanılıri də gəraylıları və qoşmaları kimi axıcı və yadda qalan idi. Ölümündən sonra övladları əldə olan şeirlərini kitab halında nəşr elətdirmişdilər. Əfsuslar ki mənə o kitabdan gəlməyib. Şairin bir şerini də sizlərə ərməğan edirəm dostlar:
Köhnə yaram qövr eylədi təzədən,
Bülbül kimi..gül yadıma düşəndə..
Güneylərdə cüyür-ceyran oylağı,
Sona kəklik, çil yadıma düşəndə...
Kamil ovçu oldum, oxum-kamanım,..
Yorulmaq bilməzdi cavan zamanım..
Daha qocalmışam, qaralır qanım,
Laçın qaya, Çal yadıma düşəndə...
Könlümü bürüyüb çiskinli duman,
Ömür sarayıma qalmayıb güman..
Düşəndə yadıma sirdaşım Qurban,
Göz yaşımdı sel, yadıma düşəndə...
Rüstəmin qəlbini oxuyan bilər...
Kimisi ağlayar, kimisi gülər...
Divanə könlümdən gör keçir nələr?!
Şux gözəllər, tel yadıma düşəndə...
Şikəstə Rüstəm ağırtaxtalı bir el ağsaqqalı idi.Mən çəkinmədən deyərdim ki, Şikəstə Rüstəm də Kəlbəcərimizin Filosof şairlərindəndir. Elə o zamanda əzbərimdə qalan bir bəndi:
Dördəlli tutmadım dünya varını,
Adımı gözlədim el arasında...
...Şikəstə Rüstəməm özümdən sonra
Söz-söhbətim gəzər dil arasında..
Bəli həqiqətən də sən dillərdə gəzən, könüllərdə yaşayan şairsən Rüstəm Əmi.
Həyat yoldaşları dünyasını vaxtsız dəyişdiyindən Rüstəm kişi dördüncü dəfə ailə qurub. Bu evlilklərindən 20 övladı olub.
Rüstəm əmi 1987 ilin sentyabr ayında 105 yaşında dünyasını dəyişdi. Və doğma Qamışlı kəndində dəfn olunmuşdur. Sonuncu evlənmə ərəfəsində qardaşı şair Zal Cabbarlı zarafatyana, duzlu-məzəli bir şeir yazmışdı. Sizlərə həmin şeri də təqdim edirəm əziz oxucular:
Eşitmişəm təzə eşqə düşmüsən?!
Təzədən evlənmək çala yaraşmaz...
Uşaq olsan öyüd vermək asandı,
Daha sən tək əhli-hala yaraşmaz...
Üç arvad almısan bəsdi, bezə var...
Dördün arzulasan el səni qınar..
Böyüklər bir yana, cavan uşaqlar,
Baxar, gülər bu münvala, yaraşmaz...
Altmışa yetməyə yaşın az qalıb...
Saç tökülüb, başın tamam daz qalıb...
Saqqalın ağarıb, haran düz qalıb?!
Nəinki Rüstəmə, Zala yaraşmaz...
Allah qəni-qəni rəhmət eləsin hər iki qardaşa. Onların hər ikisinin yaradıcılığı da Kəlbəcər mənəviyyatının tərkib hissəsidir. Belə insanları unutmaq özü günahdır.
Sonda onu da xatırladım ki, şəkildə Rüstəm əmi qızı Şükufə ilə birlikdədir. İndi Şükufə xanım Mərdəkandakı Kəlbəcər məktəbində müəllimə işləyir. Və çoxlu nəvələri var. Özü də gözəl şairədir, gözəl şeirlər müəllifidir. Deməli Doğma Kəlbəcərsiz də nəsil davam edir. Allah qorusun!
Yusif Hüseyn, şair-tədqiqatçı
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 13-09-2020 12:40
Baxış sayı: 41 083
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02