Asif Məmmədov -"Psixin intiharı" -Hekayə

12-09-2020 15:56
"Onlar mənim ədalət hissimi öldürdü, mən də onları öldürüb intiqamımı aldım, onlar mənim məğrurluğumu öldürdü, mən də onları öldürdüm".
Dalidag.az gənc yazar Asif Məmmədovun bir hekayəsini təqdim edir:

                                                     PSİXİN İNTİHARI

M
əni son hadisədən sonra ələ keçirmişdilər. İndi mən boş, ağ divarlı və otağı lazımından çox işıqlandıran lampanın altına qoyulmuş masada oturmuşdum. Qandallı əllərimi masanın üzərində sabit saxlayıb, bu günə qədər bu əllərin törətdiyi cinayətləri xatırlayır, onların ölmədən öncə son yalvarışından fərəhlənirdim. Mən inqtiqamımı almışdım. Xatirələrimin arasında səyahətdə olarkən nəhayət qapı açıldı. İçəri girən polisə oxşamırdı. Əlində kofesi, boz cızıqlı kostuyum geyinmiş adam masama qədər irəliləyib mənimlə üzbəüz oturdu. Onun “salam” və yaxud başqa nə iləsə söhbətə başlamasını gözləyirdim, lakin o heçnə demədən mənə baxırdı. Mənsə onun diqqətlə məni süzən gözlərinə. Özünü rahat aparırdı amma gözlərindən rahat olmadığını başa düşürdüm. Baxışları mənə eyni zamanda qəzəb yağdırırdı. Bunu da anlayışla qarşılyarıdım, onlarla insanın qatili idim.

-Özünü necə hiss edirsən?- Nəhayət sükutu pozub bu qəribə sualı verdi.

-Ürəyim sıxılır, pəncərəni aça bilərsən?

Mən onun pəncərəni açacağına inanmırdım amma o bunu etdi. Heçnə demədən ayağa qalxıb arxamdakı, bu balaca otağın tək pəncərəsini açdı. Gecənin sərin mehi otağın atmosferin yüngülləşdirdi. O da yenidən gəlib qarşımda oturdu.
-İndi bəs?

-İndi daha yaxşıdır.
 Cavabımı eşidib arxasına yaslandı.

-Hə onda danış görək nə məsələdir belə?
 Ondan tam sual eşitmək istəyirdim, beləsini yox.

-Hansı məsələ?
 O xəfif dodağını qaçırdı mənim cavabıma.

-Mənə sənin haqqında hər şeyi qısa yoldan həll edər, mövzunu çox uzatmaz deyirdilər.

-Sən nə eşitmək istəyirsən?

-Bütün olanları. Onlar nəyə görə idi? Nəyə görə bir insan ictmai ortamlarda sayılıb seçilən valideynlərini öldürsün, nəyə görə iki il görmədiyi komandirini və altı il görmədiyi müəlliməsini öldürsün?

-İlk baxışdan daha maraqlı suallar verəcəyini düşünmüşdüm. Səncə mən qatiləm?

-Qatillərin də qatil olma səbəbləri var amma, bu adı üstlərindən silmək üçün əllərindən heç nə gəlməz.

-Qatillər üçün doğru bir cümlədir, mənim üçünsə yox.

-Elədiyin cinayətləri boynuva almısan indi nəyi gizlətməyə çalışırsan?
 Onun sifətinin dəyişməsi və bir anda özünü yığışdırıb duyğularını bayaqkı kimi gizlədən sifəti mənim dodağımı qaçırdı.

-Yox dediklərivin hamısını eləmişəm, amma mənim elədiklərim qatillik deyil.

-Bəs özün buna nə ad vermisən?

-İntiqam.

-Onları öldürməklə almamalıydın!

-Niyə?

-Çünki onlar sənə hər nə etmişdilərsə də ölüm qədər çarəsi olmayan bir şey deyildi. Onların sənə elədiklərini düzəltmək olar, bəs sən onlara elədiklərini necə düzəldəcəksən? Ölülər dirilmir.

-Hə məsələ də elə bundadır ölülər dirilmir, - biraz dayanıb onun sual verən baxışlarını gördükdə davam etdim: - Valideyinlərim cəmiyətdə öz yeri olan insanlar idi. Amma evdə mənimlə münasibətdə heç bir yerə layiq deyildilər. Məni heç vaxt normal bir insan olaraq görüb mənimlə söhbət etməmişdilər. Məktəbdən gələn ən kiçik şikayətə görə heç bir sorğu sualsız sadəcə döyürdülər. Məni oxumadığım üçün danlayırdılar amma bu yolda heç bir kömək göstərmirdilər səncə bu ədalətli idi?

-Ədalətli deyildi, amma sən özün dərslərini tək başına köməksiz oxuyub öz ayaqları üstündə dayanan bir adam ola bilərdin. Burda sənin də günahın var.

-Məni təhsilim maraqlandırmır, heç vaxt da maraqlandırmayıb. Məni maraqlandıran onların nəyə görə məndən uzaq olması və etdikləri ədalətsizliklər idi. Onlar mənim ədalət hissimi öldürdü, mən də onları öldürüb intiqamımı aldım, onlar mənim məğrurluğumu öldürdü, mən də onları öldürdüm.
Adam duruxub qalmışdı. Məndən bu cavabı gözləmədiyi bəlli olurdu mənsə davam etdim.

-Məktəbdəki müəlliməm isə məni heç vaxt döyməyib. Həmişə o lövhənin qarşısında gülüş obyektinə çevirib məni, onun bunu dəfələrlə təkrarlaması mənim qürurumu öldürdü, mən də qarşılığında onu öldürdüm.
Danışdıqlarım onu dərindən düşündürürdü. Bunu görə bilirdim.

-Sondada əsgərlik. Qürursuz bir insan əsgərlikdə kim ola bilərdi ki?! Məncə bunu təsəvvür eləmək çoxda çətin deyil. Bir gün komandirim məni yanına çağırıb xidmətdə telefondan istifadə edənlərin siyahısını istədi. Mənsə bunu deməyəcəyimi bildirdim. O da qışda dağın şaxtalı vaxtlarından birində məni çöldə saxladı. Mənim tez bir zamanda danışacağımı gözləyirdi, amma gözlədiyi kimi olmadı. Mən razı olmadım o isə inad edib bu sınağı davam etdirdi sonda sağ qulağım şaxtadan qopdu.
Papağımı qaldırıb sağ qulağımın halını ona göstərdim.

-Həmin gün çox qorxmuşdum dərhal komandirlə görüşüb adların hamısını saydım.
 O mənim sözümü kəsdi.

-Onun bu etdiyi tam cinayətdir.
Mənə ona güldüm.

-Cinayətkarlar sadəcə bizik. O gün komandir mənim vicdanımı öldürdü, mən də intiqamımı aldım.

-Bəs digər insanlar, onların günahı nə idi?

-Artıq vicdansız, ədalətsiz, əzilmiş bir insan idim. İntiqamımı aldıqdan sonra özümü cilovlaya bilmirdim. Ən kiçik mübahisəyə görə qarşımdakını öldürməli olduğumu düşünürdüm. Bunların qarşısını ala bilməzdim amma mənim qədər onlar da günahsız idilər. Buna görə də intihar edəcəm.
 
O bayaqdan söykəndiyi stuldan qalxıb mənim kimi əllərini masaya qoydu.

-Elə bilirsən öldürmək istədiyin sənsən? O sən deyilsən, içindəki canidir. Ölmək üzrə olsan sağ qalmaq üçün dəridən qabıqdan çıxacaqsan.
Mən onunla qətiyyən razı deyildim.

-Yox o cani elə mənim özüməm. Yalvarıb sağ qalmaq istəyəsnsə qorxu hissim. Bu axmaq mən bütün cinayətləri törədəndə niyə çıxıb heçnə demirdi. Onun son anlarda yalvarıb sağ qalmaq üçün etdiklərini görmək mənə ləzzət edəcək.

-Bəs bunu necə edəssən – özünü necə öldürəssən?
 
-İndi sən çölə çıxacaqsan yarım saat sonra gəldikdə isə mənim leşimlə qarşılaşassan.

-Mənim buna icazə verəcəyimi kim deyir.

-İcazə verəcəyini bildiyim üçün deyirəm. Əgər mən burdan sağ çıxsam sənin öldürülməyini tapşırmışam. Məncə mənə görə özünü təhlükəyə atmıyassan.
 
O duruxdu yenidən məni süzməyə başladı, hər şey ən başındakı vəziyyətə döndü. O məni süzürdü məndə onun baxışlarını.  

Asif Səfər oğlu Məmmədov

Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 12-09-2020 15:56
Baxış sayı: 31 364
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını