Molla Nəbi Kəlbəcərlinin çoxşaxəli yaradıcılıq dünyasından bir yarpaq...

06-09-2020 15:20
Şair Nəbi... Nəbi Dilsuz... Molla Nəbi

Nəbi Kərim oğlu Nəcəfov
İlk öncə onu deyim ki, Molla Nəbi də Kəlbəcərin möcüzəli hikmət sahiblərindən biri idi. Dedyimi  bütün kəlbəcərlilər təsdiq edə bilər.
1898 ci ildə Kəlbəcər rayonunun Milli kəndində anadan olmuşdur. O çox kasıb həyat keçirmişdir. Atası Kərim kişi ilə birlikdə 1924 cü ilə kimi rəncbərlik edib, böyük bir ailəni çətinliklə dolandırıblar. Mən çəkinmədən deyərdim ki, Kəlbəcər rayonun ilk sazbəndi də Nəbi kişi olub. Bunu o zaman hamıdan eşitmək olurdu.
1924 cü ildən 1930 cu ilə kimi kənd sovetində katib işləyib. 1930 cu ildən sonra rayonda müxtəlif vəzifələrdə çalışıb. 1969 cu ildə Kəlbəcərdə haqq dünyasına qovuşub. Dövrünün ziyalıları ilə həmişə mütəmadi görüşləri olub. O cümlədən mənim Əhməd dayımla yaxın dost idilər. Ayrımlı Hazırcavab Əhmədlə. Ruhları  şad olsun!
Nəbi hələ 15 yaşından aşıqvarı şeirlər yazmağa başlamışdır. Bu rəvan təbli şair dörd dastan yaradıb. Gözəl saz ifaçılığı olub və bütün aşıq havalarının mahir ifaçısı idi.
O 1926 cı ildə “Dilsuz və Xəzangül” dastanını yaradıb. Şairin “Dilsuz və Xəzangül” dastanı ilk dəfə 1930 cu ildə "Azərbaycan dastanları və nağılları" kitabına daxil edilmişdir. Şairin “Fəzl və Məhluqə” dastanı da el arasında böyük şöhrət qazanmışdır. Təəssüflər olsun ki Şair Nəbinin də yaradıcılığının böyük bir hissəsi mənfur düşmənlərimiz tərəfindən məhv edilib. Bu nəsildə neçə-neçə gözəl təbli şairlər yetişib. Şairin böyük oğlu, Dostum Məhəmmədəli Dildar da mükəmməl bir şair kimi el arasında tanınmışdır. Şairin digər oğlanları ilə yaxından dost olmuşam. Hər biri Vətənpərvər olmaqla gözəl də təbə malikdirlər. Zöhrab Kərimli, Şamama Nəbi qızı, Həbib Nəbi oğlu gözəl şairlərdi. Şeirləri vaxtaşırı məclislərimizdə ifa olunur. Şairin oğlu Müzəffərlə indi də dostluq əlaqələrimiz var. Şair Nəbinin nəvəsi Ülfət Kərimovun Qarabaq müharibəsindəki qəhrəmanlığı dillər əzbəridir. Öz gözlərimlə görmüşəm. Bütün Kəlbəcərlilər Ülfət Kərimovu Milli Qəhrəman hesab edir. Ruhu şad olsun!
Şair Nəbinin əlimizdə olan bir neçə şerini sizlərə təqdim edirəm, hörmətli oxucular. Şairin “Dağlar” şeri bu günümüzlə necə də həmahəng səslənir:

DAĞLAR...
Baharın puç oldu, gəldi zimistan,
Köçdü səndə qalan ellərin, dağlar...
Köksündə bayquşlar məskən eylədi,
Soldu, xəzan oldu  güllərin, dağlar...

Bir yanım Dəlidağ, bir yanım Qoşqar,
Alıbdı başını çiskin, duman, qar...
Uçubdu tərlanlar, çoxalıbdı sar...
Boş qalıb sonalı göllərin, dağlar..

Dolanmışam yaylağının yüzünü..
Yar seyr edən çəmənini, düzünü,
Ya qismət, bu Nəbi görə üzünü?!
Bağlandı hər yandan yolların, dağlar...

DÜNYADA...
Hörmətli qardaşlar, istəkli dostlar,
Yaxşılıq bir güldü, solmaz dünyada...
Həqiqət sarsılmaz möhkəm qaladı,
Ədaləti danmaq olmaz dünyada...

Mərd adam namərdə möhtac olanda,
Müşkülü həll olmaz, çətin zamanda...
Möhkəm saxla əldə qismət olanda...
Məsəl var: “Tökülən dolmaz, dünyada”...

Nəbi, daha sözün yetir tamama,
Namərd sayəsində yetməzsən kama...
Dərdini söylə sən qanan adama,
Nakəslər qedinə qalmaz dünyada...

DÖNDÜ, NƏ DÖNDÜ...
Şairin bu şeri də zəmanəmizlə necə də həmahəng səslənir:

Qəza vurdu, bəxtim oldu tənəzzül,
Xoş günüm ah-vaya döndü, nə döndü...
Xudam məndən kəsdi xoş nəzərini,
Üstümdən xoş sayə döndü, nə döndü...

Bu fani dünyada çox çəkdim cəfa,..
Heyiflər olsun ki, görmədim səfa...
Dostlar üz döndərdi, oldu  bivəfa,
Yazıq ömrüm zaya döndü, nə döndü...

Talehim uğursuz gəldi üzümə..
Qohum-qardaş ası oldu sözümə...
Dərd əlindən yuxu getmir gözümə,
Əlif qəddim yaya döndü, nə döndü...

Can deyən dostlara yetmir avazım...
Ancaq həmdəmimdi bu telli sazım...
Dostlara yazdığım nəsihət sözüm;
Mənasız hay-haya döndü, nə döndü...

Mən Nəbiyəm, soran yoxdu əhvalım,
Müddətdir çaşqındır huşum, xəyalım...
Loğmandan ziyada əqli-kamalım,
Müxtəsəri suya döndü, nə döndü...

Yusif Hüseyn, şair-tədqiqatçı
06 sentyabr 2020-ci il

Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 06-09-2020 15:20
Baxış sayı: 4896
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını