Elşən Əzim: "Otuz ildə Kəlbəcər yaddaşımı itməyə qoymamışdım, cığır-cığır yadımda saxlamışdım..."

20-11-2021 19:26

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə layihəsi olan “Şənbə qonağı”nda İntiqam Yaşar bu dəfə sizi şair Elşən Əzimlə görüşdürür. O Elşən Əzimlə ki, ədəbi mühit, poeziya barədə danışmaqla yanaşı, 18 yaşında Kəlbəcərdən çıxdıqdan sonra 45 yaşında ora necə qayıtmasından da danışır.

Dalidag.az həmin müsahibəni təqdim edir:

- Salam Elşən bəy, Mingəçevirdə keçən 30 ilə yaxın müddətdə yaradıcılıq fəaliyyətiniz ürəyinizcə oldumu, bu ilərdəi bir kəlbəcərli kimi Kəlbəcərdə olsaydınız necə olardı? 

- Bu 29 ilin 4 ilini hərbi xidmətdə olmuşam. Hərbi xidmətimin ilk aylarında atəşkəs elan olundu. Ordu sıralarına gedəndə ən böyük arzum işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda döyüşmək idi. Əsgərlik illərində atəşkəs səbəbiylə bu arzuma çata bilməsəm də 4 ilə yaxın xidmət etdim. O zaman müharibə vəziyyəti olduğundan ordudan tərxis haqqında əmr verilmirdi. Hərbi xidmətdə olduğum illərdə də şeir yazırdım, hətta bakılı, şamaxılı uşaqlara qoşulub meyxana da deyirdim (gülür). Yaradıcılığımın ən romantik, ən  kövrək dövrü Gəncədə keçirdiyim tələbəlik illəri ilə bağlıdır. Mingəçevirdəki yaradıcılıq fəaliyyətimdə də bir çox uğurlarım oldu. 1999-cu ildə Mingəçevirdə Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir filialı açıldı. O vaxtdan sonra şəhərdə ədəbi mühit canlanmağa başladı. 1997-ci ildən paytaxt mətbuatında çap olunmağa başlasam da Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir filialının açılışından sonra bu prosses daha da sürətləndi. Bu illər ərzində 3 şeir kitabım nəşr olundu, ölkədə və ölkə xaricində bir sıra tədbirlərə qatıldım. Bir sözlə, ədəbi aləmdə və xalq arasında şair kimi tanınmağım Mingəçevirdə yaşadığım illərlə bağlıdır. Dünya Gənc Türk Yazarlar Birliyinə üzv olmağım isə mənim üçün Türk dünyasının ədəbi həyatına bir açılım rolu oynadı.
Şeir yazmağa elə Kəlbəcərdə ikən başlamışdım. İlk şeirlərimi hələ ibtidai siniflərdə oxuyarkən çəkdiyim şəkillərin altında yazırdım. O vaxt da indiki kimi təbiət peyzajları çəkirdim, yazdığım şeirlər də təbiətlə bağlı idi. Artıq altıncı sinifdə oxuyanda qafiyəsi, hecası yerli-yerində olan qoşmalar, gəraylılar yaza bilirdim. Yəqin ki, Kəlbəcərdə olsaydım, şeirimin ovqatı, ruhu bambaşqa olardı. Çünki Kəlbəcərdə yazılan şeirlərin bir ayrı nəfəsi, havacat ruhu, fərqli intonasiyası, ritorikası olurdu. Əlbəttə, mənim də şeirlərim daha çox kəlbəcərli olardı. Ancaq onu dəqiq bilirəm ki, bu illəri doğma yurdumda yaşasaydım belə Kəlbəcər aşıq şeiri ənənəsi ilə məhdudlaşmazdım. Atam çox yaxşı ədəbiyyat müəllimi idi. O, məni hər zaman ciddi ədəbiyyata yönəldirdi. Mütaliəmə ciddi fikir verirdi, bəzi toyxana şeirlərinin təsirinə düşməkdən çəkindirirdi. Hər iki valideynim ədəbiyyatçı olduğundan daim “Ulduz”, “Azərbaycan”, “Gənclik” jurnallarına, “Ədəbiyyat və incəsənət” qəzetinə abunə olurduq. Evimizdə zəngin kitabxana vardı. Bütün bunlar ədəbi zövqümün formalaşmasında mənə çox kömək edirdi.

- Bölgələrdə keçirilən ədəbi tədbirlərdə həmişə iştirak edirsiniz. Ədəbi mühit baxımından paytaxtdan kənarda yaşayan yazar üçün çətinlik hiss edirsinizmi? 

- Azərbaycanda hər zaman sənətin bütün növlərində bölgə-paytaxt fərqi hiss olunub. İndi sosial şəbəkələrin olduğu, çap olunmağın çətin olmadığı dövrdə bu fərq elə də nəzərə çarpmasa da, dəqiq fikir verdikdə çox qayğıların olması göz önünə gəlir. Bölgədə yaşayan sənət adamlarına bir növ həvəskar kimi baxılır. Doğrudur, mən bu fikirlə razı deyiləm, öz yaradıcılığımla belə düşüncələri alt-üst etməyə çalışıram, bəzən müvəffəq oluram da. Ancaq yenə də müəyyən çətinliklərin olduğu danılmazdır. Bölgədə yaşayan ədəbiyyat adamlarının iş yerləri ədəbiyyatla, sənətlə bağlı olmadığından bəzən prossedən kənarda qalırlar. Ancaq bir məsələ də var ki, paytaxtda yaşayan şair və yazıçılar da ədəbiyyatla dolana bilmirlər, kitablarının satışı ilə maddi vəziyyətlərini sabit saxlamağı bacarmırlar, müxtəlif sahələrdə çalışırlar, ən yaxşı halda jurnalist kimi, redaktor kimi, tərcüməçi kimi fəaliyyət göstərirlər. Və ya bölgədə yaşayanlar da təqaüd alır, kitab nəşr etdirir, ciddi ədəbi mediada çap olunur və s.  Deməli o qədər də böyük fərqimiz yoxdur.

- Elşən Əzim Kəlbəcərdə doğulmuş şairlər arasında yaradıcılığını yüksək qiymətləndirdiyi hansı şairlərin adını çəkə bilər?

- Kəlbəcərlilər poeziyaya yanaşmada ənənəyə çox sadiqdirlər. Hətta bəzən ifrata vararaq “filankəs yaxşı şairdir, eyni Sücaət kimi yazır” və ya “filankəs Bəhmən kimi yazmırsa, deməli yaxşı şair deyil” kimi düşüncələr sərgiləyirlər. Bu da yeniliyə qarşı önyarğı yaradır. Bəzən Kəlbəcərdən olan istedadlı şairlər bu düşüncənin məngənəsində sıxılaraq təkrarçıya çevrilir. Mən təbii ki, Kəlbəcərdən olan əksər ciddi şairlərin şeirlərini əzbər bilirəm, Dədə Şəmşiri də, Bəhməni də, Sücaəti də, Məmməd Aslanı da, Ənvər Rzanı da, Əyyub Cabbarovu da, Adil Cəmili də uşaqlıqdan sevə-sevə oxumuşam və əzbərləmişəm. Dövrümüzdə də istedadlı şairlərimiz çoxdur. Ələmdar Cabbarlı, Namiq Dəlidağlı, Xəqani Həbiboğlu, Elməddin Nicat, Məhəbbət Kəlbəcərli, Yusif Hüseyn, Daşqın Ziyəddinoğlu, Cabir Qurbanov, Əlövsət Saldaş və b. həm el arasında, həm də ədəbi müstəvidə sözü, özü olan şairlərdir. Kəlbəcər adətən yalnız poeziya ilə tanınır. Xatırladım ki, nasirlərimiz də var. Hələ sovet dövrünün 70-ci illərindən roman və  povestləri kitab halında çap olunan yazıçı-publisist Zahid İsmayılov Kəlbəcərin Zülfüqarlı kəndindəndir. Dövrümüzün ən tanınan nasirlərindən olan Məqsəd Nur da əslən bizim kənddəndir. Ağsaqqal yazarımız Qənbər Şəmşiroğlunun da həcmli və oxunaqlı nəsr əsərləri var. Ələmdar Cabbarlının və mənim də hekayə və povestlərimiz ölkə mətbuatında yayımlanır.

- Məşhur "Qıfıl" şeirinin müəllifi, Kəlbəcərdə anadan olmuş Elşən Əzimin 2020-ci ili.  

- 2020-ci il tək Elşən Əzim üçün əziz deyil, tariximizin ən şərəfli səhifələrindən biridir. 44 günlük şanlı Vətən Müharibəsində igidlərimizin göstərdiyi şücaət, xalqımızın birliyi, Ali Baş Komandanın iradəsi tariximizə qızıl hərflərlə yazıldı. Bu ili başıuca, alnıaçıq yaşadıq. 18 yaşımda çıxdığım yurduma 45 yaşımda geri döndüm. Bütün bunları sözlə ifadə etmək çox çətindir. Bəzən mənə elə gəlir ki, yuxu görürəm.

-  Heca vəzni ilə yaradıcılığa başlasanız da, vəznlərə şablon yanaşmaları mütəmadi tənqid edirsiniz. Ümumiyyətlə vəznlər, formalar haqda fikirləriniz maraqlıdır. 

- Hansı vəzndə, hansı janrda yazmağından asılı olmayaraq, yazdığını şeir adlandırırsansa, orada əsas güc poeziyanın olmalıdır. Bəzən heca vəznli, əruz vəznli şeirlər yalnız ritmdən, səsdən ibarət olur, oxucunu bu səs aldadır. Bizim oxucu hər şeydən çox pafosa inanır. Daha dəqiq desək, bizim oxucunu pafosla aldatmaq asandır. Bax elə indi də ədəbiyyatda 44 günlük vətən müharibəsinin pafos dövrü yaşanır. Bu pafos həm nəsrdə, həm də şeirdə açıq-aşkar görünür. İkinci dünya müharibəsinin getdiyi dövrdə və ondan sonrakı on ildə sovet yazıçı və şairlərinin yazdığı əsərlər, çəkilən filmlər sabun köpüyünə bənzəyən pafosdan başqa bir şey deyildi. Sonrakı illərdə isə daha ciddi sənət nümunələri yarandı. Ona görə bəzən janrların, vəznlərin gətirdiyi pafosu, yalanı tənqid edirəm. Özüm əsasən hecada yazsam da mənə elə gəlir ki, sərbəst şeir daha səmimidir. Universiteti bitirində diplom işim Ədəbi tənqid mövzusunda olub. Bu sahədə az-çox biliyə malikəm. Bu yaxınlarda tənqidçi Əsəd Cahangirin sosial şəbəkədə təqdim etdiyi hekayə müzakirələrində yaxından iştirak edirdim. Yazdığım şərhlərə təəccüblənən Əsəd bəy mənim yaxşı tənqidçi potensialımın olduğunu demişdi. Bəlkə də tənqidçi Elşən Əzimlə şair Elşən Əzim bir-biri ilə tərs mütənasibdir. Çünki tənqid etdiyim nüansların bir çoxu elə öz yaradıcılığımda da var. Ümumiyyətlə mən təzadlı adamam, el dilində desək, "çətin adam"...

-  Kəlbəcərə getdiniz, Kəlbəcər işğaldan azad olunduqdan sonra. Nələr yaşadınız, nələr hiss etdiniz?

- Havanın açıq vaxtı Ömər aşırımından Kəlbəcərə tərəf baxanda sirli-sehrli bir gözəlliyin şahidi olursan. Göz işlədikcə sıra-sıra, cərgə-cərgə dağlar, qayalar görünür. O yerlərə nabələd adam inanıram ki, bu mənzərənin qarşısında bir az da vahimələnər, Murovu aşağı enəndən sonra bir labirintə düşəcəyini düşünər. Mən isə hara gedəcəyimi, hansı dağın dolaylarından, hansı dərəninin dərinliyindən keçəcəyimi yaxşı bilirdim. Bu otuz ildə Kəlbəcər yaddaşımı itməyə qoymamışdım, hər gün Kəlbəcəri düşünmüşdüm, cığır-cığır, qarış-qarış yadımda saxlamışdım. Kəndimizə çatanda maşını məktəbin qənşərində, Tutqu çayının üstündəki körpünün yanında saxladıq. Nə edəcəyimi bilmirdim, quruyub qalmışdım. Elə bu an bacım zəng elədi, “çatdınızmı” deyə soruşdu. “Kəndimizdəyəm” sözünü sonadək deyə bilmədim, hönkürdüm. Bəlkə də bu hönkürtü olmasaydı ürəyim dayanardı, bəlkə də məni o zəng xilas elədi.  Çünki zəng gələnə qədər çox ağır hallar keçirirdim. Bu barədə artıq geniş bir yazı hazırdı.

- Kəlbəcərə qovuşandan sonra yeni mətnlər yazıldımı?

- Elə Kəlbəcərdə olanda bir qoşma yarandı, heç yerə yazmadan söylədim, yanımdakı yoldaşlar telefona çəkdilər. Evimizə çatanda dəhşətli bir mənzərə gördüm. Təbii ki, ev dağılmışdı, divarların bir hissəsi qalırdı. Həyətimizdəki meyvə ağaclarından yalnız biri qalır. Digər ağaclar sanki evin içinə köçüblər, evi sakinsiz qoymayıblar. O mənzərə “Atam ağac, anam ağac, qardaşım ağac” şeirinin yaranmasına səbəb oldu. İkinci gedişimdə də bir şeir yazıldı. Bütün təəssüratlarımı cəmləyib ”Ulduz”  jurnalının “Özüylə söhbət” layihəsi üçün bir yazı yazmışam. 18 yaşında Kəlbəcərdən çıxan Elşənlə 45 yaşında Kəlbəcərə qayıdan Elşənin söhbəti...

-Elşən bəy, “İllərin o tayında qalan qız”ı sonra heçmi görmədiniz? Bir kitabınızın adı da o cür adlanır. Kitabınızı həmin qız gördümü, görəsən?

- Bu suala səmimi və ətraflı cavab vermək üçün hələ çox gəncəm. Adətən belə mövzular qocaldıqdan sonra yazılan memuarlarda yer alır. O şeir də tələbə vaxtı yazılıb, o qız da o zaman olub. Sonralar heç görmədim, harda olduğunu da bilmirəm.

- Kəlbəcərə hansı şairlə getmək istərdiniz?

- Kəlbəcər azad olunandan sonra düşündüm ki, orada qonaqlarım çox olacaq, hətta bu barədə planlar da qururam ki, şair dostlar gələndə necə qarşılayım, haralara aparım. İkinci dəfə, İTV -nin çəkilişinə gedəndə baxdım ki, şair dostlarım İbrahim İlyaslı və Ehtiram İlham da oradadır. İbrahim İlyaslı məni qucaqlayıb hönkürdü. Kaş o mənzərəni lentə alan olaydı. Bütün şair dostlarımı orda qarşılamaq mübhəm arzularımdan biridir. Yəqin ki, ilk qonaqlarımdan biri də siz olacaqsınız.

-  Bu gün gəncliyin yaratdığı poeziya nümunələri ilə öz gəncliyinizin arasında müqayisə, paralellər aparırsınızmı? Necə ifadə etmək olar fərqləri, bənzərlikləri? 

- Mənim üçün heç zaman mövzu məhdudiyyəti olmayıb. Gəncliyimdə də, indi də müxtəlif mövzularda yazıram. Həyatın, cəmiyyətin ən görünməyən tərəflərindən belə şeir üçün mövzu çıxara bilirəm. Şeir ən incə detalların axtarışında olmalıdır, şair heç kimin görmədiyi detalı görəndə şair olur.  Çox istedadlı gənclərimiz var. O gəncin yaradıcılığını daha çox sevirəm ki, onun istedadıyla yanaşı intellekti də olsun. XXI əsr üçün savadsız yazar anlayışı qəbul edilməzdir, təbii, ilhamı dağ çayı kimi coşqun olsa da... Qayıdıram yuxarıda qeyd etdiyim mövzu məsələsinə; bəzən gənc yazarlar sevgi mövzusundan kənara çıxa bilmirlər. Sabah o sevgi bir qədər indiki coşqusunda olmayanda nə yazacaqlar? Təbii ki, özləri özlərini təkrarlamaq zorunda qalacaqlar. Bir də ki, gənclərə nəsihət verəcək qədər yaşlı deyiləm. Özümü gənc hesab edirəm (gülür).

-Təşəkkür edirəm, maraqlı söhbət üçün.

- Çoxdandır ürəyimcə ədəbiyyat söhbəti etmək imkanım yox idi. Maraqlı suallarla ürəyimi boşaltmağa imkan yaratdığınız üçün mən təşəkkür edirəm.

Dalidag.az



Kateqoriya: Müsahibə
Tarix: 20-11-2021 19:26
Baxış sayı: 31 417
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını