Kəlbəcərli sazbənd Avropa və Asiya ölkələrindən də sifarişlər alır

22-10-2024 17:00

Türkün mənəvi dünyası, savaş ruhu, Dədə Qorqud qopuzunun övladı olan saz, səsində təkrarolunmaz sehr, incəlik və nisgil duyulan ud, dahi Nizaminin məsnəvilərində, böyük Füzulinin qəzəllərində, qəsidələrində, nakam Müşfiqin incə ruhlu misralarında vəsf etdiyi tar, saray məclislərində səsləndirilən qanun, kamança... Bu sirli-sehrli çalğı alətləri qədimdən çağdaş dövrümüzə qədər böyük yol keçib. Onlarla ifa edilən muğamlarımız, havacatlarımız xalqımızın milli yaddaşına yazılıb, ruhuna hopub, könüllərə yatıb, daha sonra dildən-dilə, nəsildən-nəslə ötürülüb.
Azərbaycançılıq ruhunun aşılanmasına, milli-mənəvi mədəniyyətimizin inkişafına xidmət edən musiqi alətlərimizin hər biri bizim üçün dəyərli və əvəzolunmazdır. Onlara həyat verən, ömrünü bu sənətə həsr edən ustadlarımızın, sazbəndlərimizin də sayı az deyil. Belə sənətkarlardan biri də Asif Quliyevdir.


Dalidag.az bildirir ki, AZƏRTAC-ın bölgə müxbiri saz-söz, aşıqlar diyarı kimi tanınan Kəlbəcərdən olan, Azərbaycanın mədəniyyət beşiyi Gəncədə məskunlaşmış 53 yaşlı Asif ustanın emalatxanasında onunla elə iş başında həmsöhbət olub.
40 ildir müxtəlif musiqi alətlərinin hazırlanması ilə məşğul olan Asif Quliyev indiki adı ilə Azərbaycan Milli Konservatoriyasında təhsil alıb, 1990-cı ildən Kəlbəcər rayon Uşaq İncəsənət Məktəbində tar müəllimi kimi fəaliyyət göstərir. “Beşiyimin başında saz çalınıb” - deyən Asif usta sazbəndliyin ona atasından miras qaldığını bildirir.

“Kəlbəcərdə ilk “Uşaq aşıqlar” və “Sazçı qızlar” ansambllarını yaradan ustad aşıq Əliş Quliyevin oğluyam. Atam həm də sehrli səslərin, musiqinin gözəlliyinin ilahi tərənnümü olan saz alətini düzəldirdi. Aşıq havalarını, sazın səsini eşidib, duyaraq böyüyüb, boya-başa çatmışam. Atamın emalatxanası həmişə marağımı çəkirdi, 12-13 yaşlarımda ondan mənə saz aləti düzəltməyi öyrətməsini xahiş etdim. Elə o zamandan sazbəndlik sənətinin incəliklərinə yiyələnməyə başladım. Atamdan fərqli olaraq mən tar da düzəldirəm”, - deyə Asif usta vurğulayır.
Onun sözlərinə görə, 1993-cü ildə doğma yurdu Kəlbəcər işğal olunduqdan sonra Gəncə şəhərində məskunlaşmalı olublar. Asif usta burada da sənətini davam etdirib. Pedaqoq fəaliyyəti ilə yanaşı, musiqi alətlərinin hazırlanması ilə məşğul olub. O, 15-ə yaxın çalğı aləti düzəldə bilir. “Saz, çoğur, ud, tar, bas tar, qanun, kamança, tambur, bağlama, dombra, skripka, gitara, banço, buzuki kimi bir sıra simli musiqi alətlərinin müxtəlif növlərini ənənəvi və elektron formada düzəldirəm. Emalatxanamda müasir tələblərə cavab verən bütün lazımi cihaz və alətlər mövcuddur. Ölkəmizlə yanaşı, Türkiyə, ABŞ, Braziliya, Çin, Koreya, Hindistan və digər xarici ölkələrdən materiallar sifariş edirəm. Qoz, tut, şabalıd, maun, zebrano, küknar kimi müxtəlif çeşiddə ağac materiallarından, aksesuarlardan, qurğulardan istifadə edirəm”, - deyə həmsöhbətim qeyd edir.

Deyir ki, bir alətin hazırlanması təxminən bir həftə vaxt aparır. Bütün musiqi alətlərinin alıcısı tapılır, ən çox tələbat isə Azərbaycan sazına və tarınadır: “Mən daim öyrənirəm, özümü inkişaf etdirirəm. Hazırladığım musiqi alətlərinin dünyada qəbul edilmiş səs sistemlərinə cavab verməsinə çalışıram. Türkiyə, Özbəkistan, Rusiya, İran, Ukrayna, Yunanıstan kimi ölkələrdən sifarişlər almışam. Əl işlərim yerli sərgi və festivallarda da nümayiş olunur və böyük maraq görür”.

Bütün simli alətlərdə ifa edə bilən usta əl işlərinin hamısının əziz olduğunu, ancaq sazın onun üçün digər musiqi alətlərinin zirvəsində dayandığını deyir. Sazbənd bildirir ki, saz sözün musiqiyə, musiqinin sözə qovuşduğu məqamdır, vətənpərvərliyə çağırışdır. “Aşıq sənəti, sazın yaranması tariximiz qədər qədimdir. Saz ruhumuzun yenilməzliyidir. 72 avazı olan sazın öz sözü – öz şeiri var. Dünyada elə bir çalğı aləti yoxdur ki, bir musiqi əsərində 3 nota köklənmiş bütün simləri eyni anda dayanmadan və harmoniya pozulmadan istifadə edəsən. Bu da sazın sehri, fərqliliyidir ki, sənə sənətini göstərməyə imkan verir”, - deyən Asif usta sazı sinəsinə basıb “Ruhani” havası ifa edir. Söylədikləri sazın simlərindən süzülərək öz təsdiqini bir daha tapır...
Asif Quliyevin ən böyük arzusu tezliklə doğma yurdu Kəlbəcərə dönmək, orada şagirdlər yetişdirmək, musiqi alətlərinin istehsalını genişləndirməkdir. 













Kəlbəcərli sazbənd Avropa və Asiya ölkələrindən də sifarişlər alır  FOTO VİDEO







Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 22-10-2024 17:00
Baxış sayı: 3295
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını