Kəlbəcərin qisası qiyamətə qalmadı - 2 aprel işğal günüdü

02-04-2021 12:35

Unutqanlıq xalqımıza çox baha başa gəldi. 70 illik sovetlər dövründə iyirminci əsrin əvvəllərində ermənilərin xalqımızın başına gətirdiklərini yaman tez unutdurdular bizə.Bundan sonra hər il rayonlarımızın işğal olunduğu günlər ərəfəsində tarixi vərəqləmək və ermənilərin dinc əhaliyə tutduğu divanı yada salmaq çox vacibdir.

Mənim ürəyimdi,mənim canımdı,
Düşmən süngüsünə keçən Kəlbəcər.
İndi ondan-bundan imdad diləyir,
Aqili nadandan seçən Kəlbəcər.


İyirmi səəkkiz ildir ki, ondan-bundan imdad diləyirik. ATƏT-ə az qaldıq ki, “Atam” deyək.İyirmi səkkiz il başımızın altına yastıq qoyub ,guya torpaqlarımızı sülh yolu ilə qaytaracaqlar deyə,ATƏT nümayəndələri turist kimi gəldilər,gəzdilər, dəfələrlə Qarabağda oldular,məscidlərimizdə ermənilərin donuz saxladıqlarına şahid olsalar da özlərini görməməzliyə vurdular. Bütün bunlar gec-tez Azərbaycan xalqının səbr kasasını daşdırmalı idi,nəhayət, daşdırdı da.Xalqımız öz Prezidentinin ətrafında sıx birləşdi.Prezidentimizin, Ali Baş Komandanımız cənab İlham Əliyevin başçılğı ilə Vətən Müharibəsinə başlayan Azərbaycan Ordusu “Dəmir Yumruq” əməliyyatını uğurla yerinə yetirdi,iyirmi səkkiz ildən çox işğalda qalan torpaqlarimizı mənfur düşmənlərin tapdağından azad etdi.Bu yolda şəhidlər verdik,əsgər və zabitlərimizin qanı töküldü. Allah bütün şəhidlərimizə rəhmət eləsin,yaralı əsgər və zabitlərimizə şəfa versin !
İyirmi səkkiz illik bir məsafədən baxanda Kəlbəcərin ermənilər tərəfindən işğal edilməsinin səbəbləri daha aydın görünür.Dövlət rəhbərliyi ilə xalq arasındakı uçurum,hərbi hissələrdəki hərc-mərclik,vahid komandanlığın olmaması, Bakıda başları vəzifə davasına qarışan dövlət və hökumət rəhbərlərinin Qarabağı ikinci plana keçirməsi və bir sıra başqa səbəblər 1993-cü il aprelin 2-də Kəlbəcər rayonunun işğal olunmasına gətirib çıxardı.

2 aprel Kəlbəcərin işğal günüdü - QİSAS QİYAMƏTƏ QALMADI

Kəlbəcər rayonuna ermənilərin hücumu əslində 1989-cu ildən başlamışdı. Kəlbəcərlə Ermənistanın sərhədi boyunca dəfələrlə ermənilər hücumlar təşkil etmiş,lakin Kəlbəcərin özünümüdafiə batalyonunun əsgər və zabitləri tərəfindən tutarlı cavab alaraq geriyə oturdulmuşdular.Kəlbəcər rayonunun Dağlıq Qarabağla həmsərhəd kəndləri də mütəmadi olaraq ermənilərin hücumlarına məruz qalır,burada da Kəlbəcərin özünümüdafiə batalyonunun əsgər və zabitləri tərəfindən düşmənlərin hücumlarının qarşısı alınırdı.Bütün tədbirlərə baxmayaraq bu hücumlar zamanı itkilərimiz də olurdu.1992-ci il aprel ayının 8-də ermənilərin Dağlıq Qarabağ ərazisindən Kəlbəcərin Ağdaban kəndinə hücumu zamanı kənddəki evlərin əksəriyyəti yandırılmış, 32 nəfər dinc sakin şəhid olmuş,onlarla insan yaralanmışdı.Həmin il Kəlbəcər şəhərində iki nəfər erməni əsirini götürməyə gələn erməni pilotun idarə etdiyi hərbi vertolyot şəhər stadionunda oynayan 8-13 yaşları arasında olan səkkiz nəfər şagirdin üzərinə düşmüş,nəticədə həmin uşaqların bədənləri parça-parça olmuş və ətrafa səpələnmişdi.
Ermənilərin Kəlbəcər rayonuna ardıcıl hücumu 1993-cü il martın 27-də başladı. O zaman mən Kəlbəcərdə çıxan ” Yenilik “ qəzetinin müxbiri kimi işimlə əlaqədar tez-tez cəbhə bölgələrinə və rayon icra hakimiyyətinə gedirdim. Səhər saat 10 radələrində icra hakimiyyətinə xeyli adam toplaşmışdı.Həyacanlı və təşviş içində idilər. Deyirdilər ki,ermənilər səhər tezdən Bağlıpəyə kəndinə hücum edərək kəndi yerlə yeksan etdilər,tanklarla kənd qəbiristanlığını şumladılar.Qəribədir ki,Bağlıpəyə kənd camaatı xəbəri iki-üç saatdan sonra gətirə bilmişdilər.Kəndlərlə heç bir rabitə əlaqəsi işləmirdi. Hər kənddə olan kolxoz sədrlərinin mindiyi xidməti UAZ markalı maşınlarda ratsiyalar qurulmuşdu. Buna baxmayaraq həmin gün ermənilərin Bağlıpəyəyə hücumu xəbərini kənd camaatı özü bir neçə saatdan sonra rayon rəhbərliyinə çatdırmışdı.Rayon icra hakimiyyətinə pənah gətirmiş Bağlırəyə kənd sakinlərindən ağsaqqalların beş nəfərini icra başçısı İlham Həsənov qəbul etdi. Mən də həmin qəbulda bir müxbir kimi iştirak edirdim.Ağsaqqallar həyacanla İlham Həsənova Kəlbəcərdəki hərbi briqada komandiri Əzizağa Qənizadənin satqın olduğunu bildirirdilər. Bunu da onunla əsaslandırırdılar ki , ötən axşam Bağlıpəyə kəndinə Dağlıq Qarabağdan gələn yola hərbçilərimizin əvvəllər basdırdıqları minaları ötən axşam Əzizağa Qənizadə çıxartdırmışdı. Minalar yoldan götürüldükdən sonra Ə.Qənizadə Bağlıpəyə kəndindən xeyli aşağıda, Ağdərə tərəfdən gələn ağ “Niva” markalı maşında gələn iki-üç hərbçi ilə görüşmüş,xeyli söhbət etmişlər.Həmin hərbçilərdən biri qadın olmuşdur.Söhbəti qurtarandan sonra ağ “Niva” maşını Ağdərəyə tərəf, Əzizağa Qənizadənin mindiyi maşın isə Kəlbəcərə tərəf yollanmışdı.Bütün bunlari kəndin qüzey tayındakı meşədə olan bir neçə nəfər birlikdə izləmiş,onlar gedəndən sonra kəndə gələrək ağsaqqallara danışmışdılar. Ağsaqqallar isə o qədər də fərqinə varmamış,hər ehtimala qarşı axşamdan qadın və uşaqları kənddən çıxarmış,səhər tezdən isə erməni tankları kəndə hücum etmişlər.Xoşbəxtlikdən ermənilərin Bağlıpəyəyə hücumu zamanı insan tələfatı olmamışdı.Lakin həmin günün sabahı,martın 28-də Taxtabaşı kənd sakinlərindən üç nəfər atlı qonşu kəndə gedəndə ermənilərin pusqusuna düşmüş,ermənilər atəş açaraq Taxtabaşı kənd sakini Musayev Mehman Camal oğlunu ağır yaralamış,digər atlılar qaçıb canlarıni qurtara bilmişlər. Musayev Mehman isə həmin gündən itkin düşmüş,ölməsi və ya sağ qalması barədə hələ də bir dəqiq məlumat yoxdur.Yaşlı ata-anasının,qardaş və bacılarınin isə 28 ildir ki,gözləri yolda,qulaqları səsdədir.
Həmin gündən ermənilərin Dağlıq Qarabağla həmsərhəd olan bütün kəndlərə hücumları intensivləşdi,onlarla qarşı-qarşıya olan Azərbaycan Ordusunun hərbçiləri öz mövqelərindən geri çəkilirdi.Eyni zamanda 1992-ci ilin noyabr ayına qədər Azərbaycan ordusu Kəlbəcərdən Laçın istiqamətində xeyli kəndi azad etmiş, demək olar ki, Laçın şəhərinə bitişik olan Qarı Kahası kəndinə,ermənilər üçün həyat yolu hesab olunan laçın koridorunun bir neçə yüz metrliyində yerləşən Tiqik-1 və Tiqik-2 kəndləri hərbçilərimizin tam nəzarətində idi.1992-ci ilin noyabrın 17-də mən hərbi müxbir kimi Laçın rayonunun Ərdəşəvi kəndində ezamiyyətdə olarkən briqada komandiri polkovnik Zaur Rzayevin o zamankı Baş Qərargah rəisi Surət Hüseynova telefonla raport verdiyinin şahidi oldum.Zaur Rzayev Tiqik -1 və Tiqik -2 kəndlərinin Azərbaycan silahlı qüvvələrinin nəzarətinə keçdiyini sevinə-sevinə Surət Hüseynova bildirdi və Laçın koridorunu bağlamaq üçün icazə istədi.Lakin koridorun bağlanmasına “hələlik” icazə verilmədi. Həmin “hələlik” isə otuz ilə yaxındır ki,davam edir.1993-cü il mart ayının 27-də Dağlıq Qarabağdan Kəlbəcər istiqamətində hücuma keçən ermənilərin bir həftəlik hücumu nəticəsində Kəlbəcər rayonu işğal olundu və Laçın rayonu ərazisində olan hərbi birləşmələr avtomatik olaraq mühasirəyə düşdülər.Həmin hərbi birləşmələrin əsgər və zabitləri Murovdağ istiqamətində hərəkət edərək mühasirədən çıxdılarsa da,onların bəzi qalıqları mühasirəyə düşdü. Mühasirəyə düşən əsgərlərdən yeddi nəfər Kəlbəcər işğal olunandan bir neçə gün sonra meşələrlə hərəkət edərək erməni silahlı qüvvələri ilə döyüşməkdən yayınmış və Başlıbeldə mühasirədə qalmış altmış beş nəfər dinc sakinin dəstəsinə qoşulmuşlar.
Altmış beş nəfər dinc sakinlə Laçından gələn yeddi əsgər 113 gün işğal olunmuş Başlıbel kəndi ərazisində ermənilərdən gizli şəkildə kahalarda yaşamış,lakin ermənilər aprelin 18-də onların gizləndiyi yeri müəyyən etmişlər. Erməni silahlı qüvvələrinin kahaya hücumu nəticəsində Zərdab rayonunun Qaravəllilər kəndindən olan Vüqar adli əsgər və dinc sakinlər qətlə yetirilir. Ermənilər uşaq demirlər, qoca demirlər,qadın demirlər,- ucdantutma hamını iri çaplı silahlardan atəşə tuturlar.
Ümumilikdə işğal nəticəsində Başlıbel kəndində 36 nəfər qətlə yetirilib,Onlardan 18 nəfəri aprelin 18-də kahaya hücum zamanı,9 nəfəri yol gələrkən Kəlbəcərin müxtəlf ərazilərində,qalan 9 nəfəri isə kahaya çıxmayan və ya çıxa bilməyərək öldürülənlərdir.Kahaya hücum zamanı14 nəfər,yollarda isə 5 nəfər girov götürülmüşdür. 1 nəfər-75 yaşlı İkinci Dünya Müharibəsi əlili Ələsgər Kazımov dağlarda qalaraq itkin düşüb. Qətlə yetirilənlərdən 14-ü qadın,biri azyaşlı uşaq,7-si 70 yaşdan yuxarı,o cümlədən 3-ü 100 yaşdan yuxarı qocalar olmuşdur.Girov götürülənlərin 9-u qadın,3-ü uşaq idi. Girov götürülən ən yaşlı qadının 93 yaşı,ən kiçik uşağın 2 yaşı var idi. Mühasirədən sağ-salamat çıxanların sayı 29 nəfər idi.Bu qətliam barədə jurnalist Elxan Salahovun “Qanlı Kaha” adlı sənədli povestində geniş məlumat verilmişdir.Elxan Salahovun araşdırmaları zamanı məlum olub ki,Laçın rayonundakı hərbi birləşmələrin əsgərlərindən mühasirədə qalan təkcə həmin yeddi nəfərlik dəstə deyil.Digər bir iyirmi iki nəfərlik əsgər dəstəsi də mühasirədə qalmış,əzablı yollarla Qalaboynu kəndinə gəlmiş,ermənilər yollarda onlara pusqular qurub,ölənlər və əsir düşənlər olub,son nəticədə iyirmi iki nəfərlik dəstədən doqquz nəfəri sağ qalaraq mühasirədən çıxmağa nail olublar.
Kəlbəcərin və kəlbəcərlilərin başına gətirilən müsibətlər bir məqaləyə sığan məsələ deyil. Biz yalnız bir-iki kəndin sakinlərinin başlarına gələn faciələri qələmə aldıq.Nəhayət,şükürlər olsun Allaha,nəinki Kəlbəcərdə həlak olan şəhidlərimizin, eyni zamanda Qarabağ uğrunda canını fəda edən bütün şəhidlərimizin qisasını şanlı Azərbaycan Ordusu aldı .”Qisas qiyamətə qalmaz!”-deyib atalar. Doğrudan da qisasımız qiyamətə qalmadı.İndi yavaş – yavaş üzü Kəlbəcərə tərəf getməyə hazırlaşırıq.

Oqtay SALAHLI
Dalidag.az



Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 02-04-2021 12:35
Baxış sayı: 2285
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını