Reklam
"Şəmşirəm, nə gözəl diyar oğluyam..."- Dədə Şəmşirin xatirəsinə
10-02-2021 16:21
Bu gün Dədə Şəmşirin anım günüdür. Cismani yoxluğunun 41-ci ili tamam olur. Xatırladaq ki, Aşıq Şəmşir 15 mart 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Ağdabanlı Qurban Aşıq Ələsgərin müasiri və dostu idi.
Sənətkar ailəsində doğulan Şəmşir çox keçmədən el yığıncaqlarında tanınmağa başladı. Miskin Abdal nəslinin davamçısı olan Dədə Şəmşiri bütün Azərbaycana daha yaxından tanıdan böyük Səməd Vurğun olub. İstisu yaylaqlarında istirahət edən görkəmli şair günlərin birində özünəməxsus səsi, sözü və çalğısı olan bir ozanla - Aşıq Şəmşirlə tanış olur və ona məşhur qoşmasını həsr edir.
Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaratmışdı. Onun 40-dan artıq şəyirdi vardı. Aşıq Qardaşxanın, Qəmkeş Allahverdinin, Aşıq Xalıqverdinin və bu gün çoxlarının yaxşı tanıdığı onlarla saz-söz sənətkarlarının yetkinləşməsində, kamilləşməsində Aşıq Şəmşir məktəbinin əvəzsiz rolu olub. Bu məktəb təkcə aşıq sənətinə deyil, ümumən saz-söz sənətinə təsir göstərməklə Bəhmən Vətənoğlu, Sücaət kimi şairlərin yetişməsinə münbit zəmin yaradıb.
Dalidag.az saytımızın mərhum əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Nailə MİRZƏYEVANIN Dədə Şəmşirin əziz xatirəsinə ithaf etiyi yazısını oxucuların ixtiyarına verir:
Türk dünyasının saz tutub, söz qoşan, ana yurdu qarış-qarış gəzib elin sevincini, kədərini Vətənin bir başından digər başına car çəkən, ağır məclislər, yığnaqlar, toylar-düyünlər yola salan, xalq həyatının güzgüsü olan dədə ozanlarımız tariximizin hər dönəmində olmuş və bugün də olmaqdadır.
Qam-şamançılıq ənənələrinin daşıyıcıları olan bu insanlar əvvəllər türk toplumunda müqəddəs, yəni gələcəkdən, olmuş və olanlardan xəbər verən bir varlıq kimi qəbul edilmişlər. Lakin cansız bütlərə inamın azaldığı, bütpərəsliyin bir ehkam halından çıxaraq, oyuncaq anlama çevrildiyi dövrlərdə bu insanlar, bir növ, öz əvvəlki mövqelərini itirmiş, xüsusilə də islam dininin qəbulundan sonra sadəcə, ozan olaraq fəaliyyət göstərmişlər. Ancaq yenə də eldən-elə gəzmiş, görüb eşitdiklərini Allahın bəxş etdiyi gözəl bir dillə insanlara çatdırmağa çalışmışlar. Kökü çox qədim zamanlara təsadüf edən ozan-aşıq sənətinin tarixi minillərlə hesablanmalıdır. İlk qam-ozan Qaumata (qam Ata) hesab olunarsa, bu sənətin yaşı 5-6, bəlkə də daha çox, min ili əhatə edər. Sonrakı dönəmdə tarixlərin yaşıdı olan Dədə Qorqud söz yaddaşımıza ən mükəmməl ozan-aşıq kimi daxil olmuşdur. Demək lazımdır ki, bu obraz həm qam-şaman, həm də ozan-aşıq simvolunun bütün xarakterik xüsusiyyətlərinin daşıyıcısıdır. Hadisələrə münasibət bildirməyi, qeybdən xəbərlər söyləməyi, müqəddəs şəxs kimi böyük nüfuza sahib olmağı bunları deməyə əsas verir.
XVI əsrə qədər olan böyük zaman kəsiyində ozan-aşıq sənəti haqda tutarlı məlumat yoxdur. Bu bir tərəfdən ölkədə olan siyasi qarışıqlıq, digər tərəfdən ərəb istilasından hələ də özünə gələ bilməyən dilimizin, mədəniyyəti-mizin yaşamaq uğrunda mübarizəsi dövrü idi. Ozan-aşıq sənətinin dirçəlişi Şah İsmayıl Xətai dövrünə təsadüf edir. Bundan sonra Aşıq Qurbani, Aşıq Abbas Tufarqanlı, Ağ Aşıq (aşıq Allahverdi), Aşıq Alı kimi ulu aşıqlarımız qam-şamanlar kimi qeybdən xəbər verməsələr də, xalqın mübarizəsini, arzularını, insanların könül pıçıltılarını, qəlb istəyini böyük ustalıqla şeirə gətirmişlər. Belə sağlam təməl üzərində inkişaf edən ozan-aşıq sənəti XIX əsrin ortalarından daha yeni dövrə: Aşıq Ələsgər mərhələsinə qədəm qoymuşdur.
Bu etap bir çox ustad aşıqların yetişib püxtələşməsi üçün bünövrə rolu oynayır. Aşıq Ələsgəri özünə ustad bilənlərdən biri də ağdabanlı Aşıq Şəmşirdir. Yeri gəlmişkən qeyd edək ki, Aşıq Şəmşirin atası Ağdabanlı Qurban Məşədi Məmmədalı oğlu dövrünün kamil el şairlərindən olmuşdur. Şair Qurbanın atası Şəmşəddin elindən köçüb əvvəl Gədəbəy rayonunun Böyük Qarabulaq, sonra isə Cavanşir qəzasının Dəmirçidam kəndinə gəlib, orada yaşamışdır. Şair Qurban və Səlmi xanımın evliliyindən Şəmşir Qurban oğlu Qocayev 1893-cü il mart ayının 15-də Kəlbəcər rayonunun Dəmirçidam kəndində dünyaya gəlmişdir. Sonradan isə ailə köçərək Ağdaban kəndinə gəlmişdir.
"Qartal düşüncəli, şair xəyallı, tərlan yuva salan dağlar oğluyam"
Aşıq Şəmşir 1907-1908-ci illərdən şeir yazmağa, saz çalmağa başlayaraq sənətin ilk sirlərini atası şair Qurbandan öyrənir. Şair Qurban da oğlunun qeyri-adi istedada malik olduğunu görür, ona dəyərli məsləhətlər verir. Təbii ki, dövrünün mahir ustad aşıqlarını tanıyan Qurban hansı aşığın nəyi daha yaxşı bildiyini, hansı aşıqdan nəyi və necə öyrənməyin yollarını gənc Şəmşirə göstərmişdir.
Ağdabanlı Qurban Aşıq Ələsgərin müasiri və dostu olmuşdur. Miskin Abdal nəslinin davamçısı olan Aşıq Şəmşir kiçik yaşlarından bu iki böyük sənətkarın maraqlı deyişmə və el havaları haqda söhbətlərini eşitmiş, Ələsgər yaradıcılığına yaxından bələd olmuş, gənc yaşlarından el içərisində tanınmağa və sevilməyə başlamışdır. Şair Qurbanın ocağına yığışan, onun evində tez-tez qonaq olan və sazımızın, sözümüzün «dədəsi» adlanan Dədə Ələsgər və o dövrün digər sənətkarları Aşıq Şəmşirin sonrakı sənət həyatı üçün örnək rolunu oynamışlar. Şəmşir öz xatirələrində dönə-dönə vurğulayır ki, Aşıq Ələsgərlə Qurban ocağının xüsusi yaxınlığı, dostluq əlaqələri olmuşdur. Aşıq Şəmşir onların saz-söz məclislərində boya-başa çatmış, sonralar özü də ustad kimi yetişmiş, bu qədim sənətin sirlərini könlünə, yaddaşına hopdurmuş, Göyçə–Kəlbəcər aşıq mühitinin deyim, ifaçılıq xüsusiyyətlərini mənimsəmişdir. 1915-ci ildən isə müstəqil aşıqlıq eləməyə, məclislər yola salmağa başlamışdır. Günü-gündən püxtələşən, gənclik çağlarında isə öz elində-obasında tanınıb, sevilən şair-aşıq klassik dastanlarımızın da mahir ifaçısına çevrilmişdir.
"Qartal düşüncəli, şair xəyallı, tərlan yuva salan dağlar oğluyam"
Sovet hakimiyyəti qurulduqdan sonrakı illərdə Aşıq Şəmşir yaradıcılığı daha da inkişaf etmiş, onun bir çox ziyalı və yaradıcı insanlarla dostluq münasibəti yaranmışdır. Ancaq Şəmşiriin məşhurlaşmasında Azərbaycanımızın ilk xalq şairi Səməd Vurğunun böyük rolu olmuşdur. İstisu yaylaqlarında istirahət edən görkəmli şair günlərin birində özünəməxsus səsi, sözü və çalğısı olan bir ozanla - Aşıq Şəmşirlə tanış olur və ona məşhur
Aşıq Şəmşir, Dəlidağdan keçəndə
Kəklikli daşlardan xəbər al məni.
Ceyran bulağından qızlar içəndə
Saz tutub, söz qoşub,yada sal məni.
qoşmasını həsr edir.
Göyçə aşıq məktəbinin layiqli davamçısı olan Aşıq Şəmşirin heç kəsə bənzəməyən səs tembrı, çalğısı onu öz dövrünün aşıqlarından fərqləndirmişdir. O, məşhur aşıq olmaqla yanaşı, həm də gözəl şair kimi tanınmışdır.
Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaratmışdır. Onun 40-dan artıq şəyirdi olmuşdur və Aşıq Qardaşxanın, Qəmkeş Allahverdinin, Aşıq Xalıqverdinin və bu gün çoxlarının yaxşı tanıdığı onlarla saz-söz sənətkarının yetişməsində, kamilləşməsində Aşıq Şəmşir məktəbinin əvəzsiz rolu vardır.
Dədə Şəmşirin qeyri-adi, heç kimə bənzəməyən səsi və çalğısı saz-söz sərrafı olan Kəlbəcər ellərində yüksək dəyərləndirilmişdir, ustad sənətkarın orijinal ifaçılığı və şairliyi heç kəslə müqayisəyə gəlməz dərəcədə özünəməxsusdur. Təbii ki, aşığın yaşadığı zaman payı elmi-texniki inqilab dövrü adlansa da, bugünkü texniki vasitələr yox idi. Və Azərbaycan radiosunun Qızıl fondunda saxlanılan lent yazıları min cür zəhmət bahasına yazılmışdır. Şükr edirik ki, nə yaxşı belə bir sənətkarın, fitrət sahibinin lent yazıları az da olsa, bu günümüzə qədər gəlib çatmışdır.
Aşıq Şəmşir gözəl şair olmuşdur. Onun yaradıcılığında aşıqlıq və şairlik qoşa qanad kimi paralel inkişaf etmişdir. Aşığın “Şerlər” adlı ilk kitabı 1959-cu ildə , şairin 66 yaşı olanda nəşr edilmişdir. Sonralar müəyyən fasilələrlə ustad sənətkarın 1971-ci ildə “Qoşmalar”, 1974-cü ildə “Seçilmiş əsərləri”, 1978-ci ildə “Dağ havası”, 1980-ci ildə “Şerlər”, 1996-cı ildə “Öyüdlər” və digər kitabları işıq üzü görmüşdür.
Aşıq Şəmşir şeiriyyətinin çox maraqlı xüsusiyyətləri vardır. Onun yaradıcı-lığında söz və ifadələrin zərgər dəqiqliyi ilə seçilməsinin, zərif, mədəni yumordan, canlı xalq danışıq dilindən, ədəbi və bədii dilin elementlərindən ustalıqla istifadənin şahidi oluruq. Səmşir yaradıcılığını şərtləndirən başlıca cəhət sözdən ən münasib şəkildə istifadə etmək bacarığıdır.
Aşıq Şəmşir şeirlərində özü, öz nəsli, atası Qurban haqda maraqlı məlumatlar verir. Öz zamanında nə qədər məşhur olsa da, əsil el ağsaqqalı, məsləhətçisi kimi təvazökarlıq edir. Özünü sizqa bulaq, atası şair Qurbanın təbini dərya ilə müqayisə edir.
Mən bir sızqayamsa, atam-bir dərya,
Həmin o dəryanın adasıyam mən.
Onun şeri bənzər daşqın bir çaya,
Payıma nə düşsə, dadasıyam mən.
Öz övlad payından razı qalan şair bu motivi də şeirə gətirir, övladları ilə fəxr edir:
Necə ki, gecənin olur sabahı,
Mən də bu varlığa ümidəm dahı.
Atmışam möhnəti, çəkmirəm ahı,
Qeyrətli oğul-qız atasıyam mən.
Özünü heç vaxt eldən-obadan kənarda təsəvvür etməyən aşıq, halallığı həyat amalı kimi qəbul etdiyini, son nəfəsini belə el üçün əsirgəməyəcəyini dilə gətirir.
Şəmşirəm, gözlədim adı-sanımı,
Haram yoldan pak saxladım canımı.
El qanından ayırmadım qanımı,
Axsa, el qanına qatasıyam mən.
Aşıq Şəmşir yaradıcılığı “lirik ensiklopediya”, xəritə rolu oynayır. Onun şeirləri ilk öncə Kəlbəcər coğrafiyasının sərhədlərini göstərən atlasdır. Aşıq «Kəlbəcərin» gəraylısında doğulduğu torpağın təbiətindən, nemətlərindən fəxrlə danışır.
Qaraxaçı, Dəlidağı
Al bəzənər bahar çağı.
Beçə balı, sarı yağı,
Boldu varı Kəlbəcərin.
Ümumiyyətlə, dədə Şəmşirin Kəlbəcər haqda yazdığı silsilə şeirlər bu torpaq haqda tam təsəvvür yaratmağa qadirdir. Onun qələmə aldığı şeirlər içərisində elələri vardır ki, burada doğma yurdun hər qarışının adı çəkilir. Təbii ki, bu ilk növbədə Vətənə olan böyük məhəbbətdən irəli gələn xüsusiyyətdir.
Sarıdağ, Dovudlu, Qurğan yalını,
Həmzə çəməninin yaşıl-alını.
Soruşub qohumun, dostun halını,
Eli-obasını bir də görəydim.
Çıxaydım Turşsudan Quş yuvasına,
Baxaydım Buzluğun tamaşasına,
Könlüm yetişərmi təmənnasına?
Təmiz havasını bir də görəydim.
Aşığın bir çox şeirlərində bütün Azərbaycan vəsf olunur. Təbii ki, Vətəni qarış-qarış gəzib, hər yerdə sevildiyini görmək, gülərüzlə qarşılanmaq hər adama nəsib olmur. Ancaq Dədə Şəmşir el məhəbbəti qazanmış sənətkarlarımızdan idi. O, haqlı olaraq, özünü bütöv Azərbaycanın oğlu hesab edirdi. Aşıq “Oğluyam” qoşmasında dediklərimizi belə sübuta yetirir.
Qartal düşüncəli, şair xəyallı,
Tərlan yuva salan dağlar oğluyam.
Anam İstisudu, atam Dəlidağ,
Murov, Lülpar, Qonur, Qoşqar oğluyam.
Bədənim Ərgünəş, Gülüstan, Çilgəz,
Vüqarım Şah dağı: əl çata bilməz.
Məkanım Çalbayır, oylağım Kəpəz,
Min çiçəkli bir laləzar oğluyam.
Cavahirdir Azərbaycan torpağı,
Qızıl, gümüş, hər sərvətin yatağı.
Uca zirvələrin-lalə bayrağı!
Şəmşirəm, nə gözəl diyar oğluyam.
Azərbaycan xalqı çox qədim və müdrik xalqdır. Bununla yanaşı, o, həm də ağsaqqal-ağbirçək hörməti saxlayan bir xalqdır. Nahaq yerə Azərbaycan türkünün «Quran»ı hesab olunan kitabımız “Kitabi-Dədə Qorqud” adlanmır. Aşıq Şəmşir, sözün həqiqi mənasında bir el dədəsi, ağsaqqalı olmuşdur. Təbii ki, bu adın qazanılması şəxsin dediyi söz və ifadənin məna tutumundan, sambalından asılıdır. Elə bu baxımdan onun yaradıcılığında atalar sözləri və zərb-məsəllərin istifadəsinə tez-tez rast gəlirik. Doğrudur, bu ifadələr əsrlərin sınağından çıxmış, cildlərə siğmayan fəlsəfi fikirlərin qaynağıdır. Lakin onların şeirdə işlədilməsi sənətkardan bacarıq və ustalıq tələb edir. Aşıq Şəmşir öyüd tipli şeirlərində bu üsuldan daha çox istifadə etmişdir. Onun ustadnamələri bu baxımdan çox maraqlıdır. Xalq şairimiz Osman Sarıvəllinin təbirincə desək, Ələsgərdən sonra “Ustadnamə” yazmaq hər adamın hünəri deyildi. Ancaq Dədə Şəmşir bu işin öhdəsindən şərəflə gəlmişdir. Aşığın
“Kimi” rədifli ustadnaməsində deyilir:
Namərd sənin qulluğunda qul olar,
Öz işi düzəlib-bitənə kimi.
Irişə-irişə gülər üzünə,
Əli bir tərəfə yetənə kimi.
Dostunu tanımaz nadan, sərsəri.
Bu, elin sözüdür nə vaxtdan bəri.
Qoy sellər aparsın nanəcibləri,
Bax dalınca gözdən itənə kimi.
Xoryatın ox sözü qəlbimə dəydi,
Büküb qamətimi, qəddimi əydi.
Bildirçin də bir ay payızda bəydi,
Darı sünbülündən yetənə(düşənə) kimi.
Şəmşir, gərək mərd ocağın qalansın,
Hər kəs çəkər öz dilinin bəlasın.
Qoy səni şir yesin, şir parçalasın,
Tülkü kölgəsində yatana kimi.
Ümumiyyətlə, Şəmşir yaradıcılığında nəsihət tipli şeirlər çoxdur.
Onun “Olur” qoşması, deyərdim ki, ailə-məişət, valideyn övlad münasibətlərinə həsr olunmuş ən gözəl şeir-nəsihətdir. Burada böyük-kiçik, ustad-şəyird, ər-arvad münasibətləri çox aydın bir formada izah olunur ki, bu da aşığın dünyagörüşünün genişliyindən, güclü müşahidəçilik bacarığından irəli gəlir.
Bir oğul bəd olsa ata üzünə,
Taleyi tərs olub, bəxti kəm olur.
Düşür nəzərindən yarın, yoldaşın,
Şad günü ahu-zar, dərdi-qəm olur.
Ağ olmasa ata, ana üzünə,
Nur saçılar o xələfin gözünə.
Ayaq basa həqiqətin izinə,
Taleyindən nə istəsə cəm olur.
Şeirin sonunda fikrində doğru olduğunu, bunu ariflərin də təsdiqlədiyini vurğulayır sənətkar.
Şəmşirin sözünü arif bəyəni,
Yol vuracaq ustadını söyəni.
Yarımasın atasını döyəni,
Taledən, qismətdən ömrü kəm olur.
Təbii ki, burada Ələsgərin məşhur “Bir şəyird ki, ustadına kəm baxa, Onun gözlərinə ağ damar, dammar” ifadəsini xatırlamamaq olmur. Və bu bir daha Şəmşirin, həqiqətən, bir Ələsgər sevdalısı olduğunu təsdiq edir.
Bundan əlavə Aşıq Şəmşirdə təkrar motivlərə rast gəlirik. Bu motivlər yaşı minillərlə ölçülən bayatılarımızdan gəlir. Təbii ki, belə mükəmməl parçaların şeirə gətirilməsi və yeni nəfəsdə xalqa çatdırılması sənətkardan böyük ustalıq və uzaqgörənlik tələb edirdi ki, bu da Dədə Şəmşirdə var idi. Məşhur
Aşıq, min ayə dəyər,
Qaşın Minayə dəyər
İl var bir günə dəyməz,
Gün var, min ayə dəyər.
Bayatısını aşıq şeirə bu formada gətirir
Dostun bir görüşü dəyər min aya,
Xoş keçən bir günə il çata bilməz.
Birləşsə, bir çaydır şəffaf bulaqlar,
Coşqun dəryalara göl çata bilməz.
Təbii ki, poetik fikrin belə ifadə forması aşığın özünəməxsusluğundan, dilinin axıcılığından irəli gəlir.
Aşıq Şəmşir şeirləri üçün incə yumor, kəskin satira mövqeyindən çıxış edir. O, tənqid etdiyi personajı elə incəliklə hədəfə alır ki, oxucu buna heyrətlənməyə bilmir. Onu da deməliyik ki, Aşıq Şəmşir atası Qurbandan çox Aşıq Ələsgərin mənəviyyat daşıyıcısıdır. Çünki incə yumorla həcv yazmaq, kinayəni çox siyasi yolla çatdırmaq Ələsgərə xas olan üsuldur. Ələsgərin “Şair Nağı” həcvində “Dörd yanın doludur baldırğan, çaşır. Doldur dağarcığı Göyçəyə aşır, Elə billəm qoca çaqqal ulaşır, Olsa sənin kimi yüz şair, Nağı” yazır və ondan bəhrələnən Aşıq Şəmşir də “Toxunma” qoşmasında
İgid gərək toxunmasın kəndinə,
Öyünməsin fitnəsinə, fəndinə.
Keçərsən qıfılbənd, söz kəməndinə,
El içində ada-sana toxunma.
Ağlın azıb, itiribsən sərini,
Gələndə meydana, tökmə tərini,
Anla qüvvətini, bil hünərini,
Bir kələ sürtünmə, dana, toxunma.
yazır. Təbii ki, Ələsgəri özünə ustad bilən bir sənətkar onun ənənəsini davam etdirməli, onun ədəbiyyat çeşməsindən su içməli idi.
Daha sonra aşıq «Üzünə» adlı qoşmada xaraktersiz, rüşvətxor, alçaq xislətli insanları tənqid atəşinə tutur. Doğrudur, şeirdə sarkazm var, ancaq aşıq bunu elə ustalıqla, eyni zamanda, şifahi nitqə məxsus ifadələrlə elə dəqiqliklə təsvir edir ki, şübhəsiz, şeirin obyekti o dəqiqə özünü tanıya bilir.
Sümüyüm eymənir, ətim ürpənir,
Hər baxanda qurumsağın üzünə.
Qiyamət başımda eləyir qiyam,
Necə baxım bu alçağın üzünə?
Üzə gülür baldan, yağdan “dərəndə”,
Əllərimi paylı-püşlü görəndə.
Bircə dəfə xurcunu boş görəndə,
Qara düşür sanki ağın üzünə.
Şeirdə xalq dilindən götürülmüş «sümüyüm eymənir», «baldan, yağdan dərəndə», «əllərimi paylı-püşlü görəndə» kimi canlı danışıqdan gələn ifadələr şeirə xüsusi bir rəng qatır, onu daha da oxunaqlı edir.
Onun şeirlərindəki yumor yalnız həcv olmaqla qalmır. Aşığın qocalıqdan şikayət ruhlu şeirlərində də bir tərəfdən ahıllığın məsuliyyəti, ağsaqqallığın cavabdehliyi hiss olunursa, digər tərəfdən də şairin bu məsələyə bir qədər yumoristik don geydirməsinin şahidi oluruq. Onun «Yazıq canım» qoşması bu tip şeirlərə gözəl nümunədir. Təbii ki, burada ifadə olunan fikir həm də incə yumorla müşayiət olunmaqdadır.
Növrəstələr sənə «dayı» deyəndə,
Ağlaya-ağlaya qal, yazıq canım.
Səndən nəzərini çəkdi gözəllər,
Oldu dilin necə lal, yazıq canım.
Qızlar baba deyir, gəlinlər əmi,
Mən çəkə bilmirəm bu qədər qəmi.
Kim olar mənimlə könül həmdəmi,
Qalmamış canımda hal, yazıq canım.
Şəmşir, qorxma, dərdə dərman tapılar,
Bu sınıq könlündə qala yapılar.
Görünür iqbalda açıq qapılar,
Sən də mətləbini al, yazıq canım.
Aşıq Şəmşir həm dostlarına, həm ailəsinə, həm obasına, həm də ümumilikdə, vətəninə sadiq bir sənətkar olmuşdur. Dədə ozanımızın dostları ilə olan münasibəti, onların bir-birinə şeir dili ilə yazdığı məşhur namələr, bu məktub-şeirlərdə əks olunan incə yumor ayrıca bir məqalə mövzusudur. Sadəcə, aşığın istər Səməd Vurğun və Məmməd Aslan ilə şeirləşməsi, istərsə də Osman Sərıvəlliyə ünvanladığı «Şair» qoşması onun öz dostlarına dərin hörmət və ehtiramından xəbər verir.
Yuxarıda qeyd etdiyimiz kimi Dədə Şəmşiri Azərbaycana tanıdan Səməd Vurğunu aşıq həm sənətkar, həm də bir qardaş məhəbbəti ilə sevmiş, Vurğunun «Məni» rədifli qoşmasına cavab olaraq «Səni» şeirini yazmışdır. Baxmayaraq ki, Səməd Vurğun aşıqdan bir neçə yaş kiçik idi, lakin Dədə Şəmşir Vurğun poeziyasının hansı zirvədə olduğunu bütün ruhu ilə duymuş, hətta «Səndən dərs almağa diyarbədiyar, Gəzirəm əlimdə şam-çıraq səni» yazmışdır. Atalar gözəl demişlər ki, zər qədrini zərgər bilər. Həqiqətən də Vurğun şeiriyyətinin məna tutumunu ancaq Şəmşir kimi söz sərrafı belə yüksək qiymətləndirə bilərdi. Vurğunun
Bəxt məni bu yerə qonaq göndərdi,
Gedirəm, yamandı ayrılıq dərdi.
Demə, Səməd Vurğun gəldi-gedərdi,
Unutmaz bu oba, bu mahal məni.
fikrinə, Dədə Şəmşir
Şəmşirlə görüşün qaldı yadigar,
Unutmaz nə qədər canında can var.
Səndən dərs almağa diyarbədiyar
Gəzirəm əlimdə şam-çıraq səni.-
yazır. Deyək ki, uzaqgörənliklə söylənmiş bu fikirləri burada deyilən sözlər, çözülən xatirələr də sübut edir.
"Qartal düşüncəli, şair xəyallı, tərlan yuva salan dağlar oğluyam"
Digər sevilən şairimiz Məmməd Aslanla şeirləşmə də çox maraqlı və bir qədər də yumor səciyyəlidir. Hər iki söz ustası yaxşı sözün, kəlamın vurğunu olmuş insanlardır. Xeyli müddət davam edən bu şeir yazışması bu gün də aşıqların dilindən düşmür. M.Aslanın zarafat ruhlu
Aşıq Şəmşir, nə müddətdi getmisən,
Heç demirsən: dostu-yarı görəydim.
Nə üz-gözüm öyrənəydi əzəldən
Nə də belə intizarı görəydim.
Sualına Aşığın cavabı da bu ruhdadır. Şeirin sonunda M. Aslanın
Aşıq olan dildən diribaş olur,
Hansına sirr versən, dərhal faş olur...
Niyə belə kasad olur, boş olur-
Aşıqların beh-bazarı görəydim?!
İfadəsinə Dədə belə son qoyur:
Şəmşirə dəyirsən, farağat otur,
Mənanı duyuram, düşürəm «qotur».
Elan etməlisən: söz kimi tutur?-
Gərək gəzib dilazarı görəydin.
Bir qədər əvvəl aşığın sədaqətindən, etibarından bəhs etdik. Onun elə-obasına, torpağına, ümumilikdə vətəninə layiq vətəndaş olmasından yazdıq, şeirlərindən örnəklər göstərdik. Lakin bu şeirlər içərisində hər kəsi təsirləndirəcək bir mövzu da var. Bu onun ömür-gün yoldaşı Güllü xanıma həsr etdiyi şeirlərdir.
Həmən bu yaylaqda qurduq alaçıq,
Hüsnü gözəl idi onda Güllünün.
Səhər tezdən o durardı baş açıq,
Qulac saçı hər yanında Güllünün.
"Qartal düşüncəli, şair xəyallı, tərlan yuva salan dağlar oğluyam"
Aşıq «Sənsiz» qoşmasında dünyanın bütün naz-nemətlərindən, var-dövlətindən imtina edir. Çünki onun gözündə bütün sadaladıqlarımın bir əvəzi-Güllü xanım var. Şair , hətta cənnətə belə bu xanım olmadan getmək istəmir.
Olsa cənnət evi mənzil otağım,
Hüsnünə baxmasam, yanmaz çırağım.
Hər yerdə səninlə gəlsin sorağım
Behiştə getmərəm, gəlmərəm sənsiz.
Aşığın öz xanımına həsr etdiyi şeirlər bununla bitmir. O, «Güllünün», «Sənsiz» şeirlərindən savayı, «Həyat yoldaşıma», «Gəlin» kimi poetik nümunələri də bu xanımın şərəfinə yazmışdır. Bu parçalarda da onun Güllü nənəyə olan böyük hörməti, saf sevgisi, bəzən də incik bir könlü almaq istəyi əks olunur. «Gəlin» gəraylısında deyilir:
Yar yarından əlmi çəkər?
Bu möhnətin belim bükər
Gəl, qapıda olum nökər,
Qul, başına dönüm, gəlin.
Yazır.
Aşıq Şəmşir yetirdiyi övladlar ilə hər zaman fəxr etmişdir. Bu sevgi onun şeirlərinə də sirayət etmişdir. Öncə dünyasını vaxtsız dəyişmiş oğlu Əkbər haqda yazdığı şeirlər Dədə Şəmşirin könül iztirablarından xəbər verir.
Gəncədə yanımda pay-pürüş alan,
Toyuna tədarük alagöz oğlan.
Məni qınamasın oğul ağlayan
Sinəmi yandırır bu dağın, Əkbər.
Oğlu Əkbərə yazılan şeirləri oxuduqda Güllü nənə ilə olan sarsılmaz bağlılığın daha bir səbəbi də aydınlaşır: bu insanlar hörmət, sevgi, dostluqdan əlavə, həm də dərd ortağı olmuşlar.
Aşığın övladlarına olan məhəbbətinin daha bir nümunəsi xəstə olarkən yazdığı parçalardır. Onun «Xəstəyə» şeirində bu istək, bu sevgi daha aydın hiss olunmaqdadır. Valideyn həmişə övladlarını bütün dərdlərinin çarəsi, dəvası hesab edir. Bu hissləri adı çəkilən şeirdə də oxuyuruq.
Bilib əhvalımı, üzə gülərdi,
Bu düşkün könlümə yol göstərərdi.
Qənbərin gəlməsi şəfa verərdi,
Gözləri yollarda qalan xəstəyə.
Bundan savayı aşığın «Mərdəkan», «Yaraşmır» qoşmaları da Mərdəkanda müalicə olunduğu vaxt yazılmışdır. Ancaq çox maraqlıdır ki, «Yaraşmır» şeiri bir qədər incə yumorla müşayiət olunur. Vurulan iynələrin ağrısını, içdiyi dərmanların acılığını şair , sanki, yumorla yüngülləşdirməyə çalışır.
Ömür salıb Mərdəkana yolumu,
Yaxşı yerə yaman demək olurmu?
Zalım qızı gündə deşir qolumu
İti iynə zərif cana yaraşmır.
Və ya
Ağrı vurur gah başıma, belimə,
Gündə biri dərman verir əlimə.
Xalqa tərif deyən şirin dilimə,
Acı dərman mərdiyana, yaraşmır.
Ümumiyyətlə, aşığın xəstəxanada yatdığı zaman yazdığı şeirlər kövrək insan qəlbinin yaşamaq, yaratmaq arzusundan xəbər verir. Və Azərbaycan xalqının sevimli sənətkarı Aşıq Şəmşir bu şeiri yazdığı müddətdən 10 il sonra, 1980-ci ildə əbədiyaşarlığa qovuşdu. O, bütün dünyaya sülh, əmin-amanlıq arzulayan xoşniyyətli bir insan idi. Aşıq haradan biləydi ki, bir neçə ildən sonra vətənin başı üstünü qara buludlar alacaq. Onun ölümündən 12 il sonra mənfur qonşularımız doğma Kəlbəcərimizi, xüsusilə də şairə doğma olan Ağdaban kəndini Azərbaycanın canından qoparacaq. İrəvanını, Kəlbəcərini, Qarabağını itirən yarımcan vətənin ürəyinə Xocalı ilə birgə Ağdaban yarası da vurulacaq. Ulularımzın yaşayıb-yaratdığı ziyarətgahlara getmək arzusu onların övladlarının gözündə qalacaq. Bəlkə də doğma Kəlbəcərini qorumaq üçün aşıq ölümün özünü öldürərdi. Təəssüf..
Ancaq biz, Azərbaycan xalqı olaraq bu torpaqların tezliklə düşmən işğalından azad olacağına inanırıq. Arzu edək ki, şairin «Ağdabanda» adlı qoşmasında deyilənlər tezliklə yerinə yetsin.
Yamanları nə şad olsun, nə gülsün,
Bilinməz sirləri, qoy, hamı bilsin.
Elin qəzəb əli başını bölsün,
Çəksin düşmən ahu-zar Ağdabanda!
Şairin ruhundan üzr diləyərək son misranı «Çəksin düşmən ahu-zar Vətənimdə» kimi səsləndirir, bu istəyin tezliklə yerinə yetməsi üçün «Amin» deyirik. Böyük ustadın ruhu şad olsun.
Dalidag.az
Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 10-02-2021 16:21
Baxış sayı: 41 294
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23