“Biz Ağdama qayıtmalıyıq!”- “Qayıdacağıq” yazmağa cəsarətimiz çatmır

23-07-2020 22:36

Ənənəmizə sadiq olaraq rayonların işğal günləri ərəfəsində oraları yada salırıq. Bəzən də günahkarcasına sükutla keçməyə üstünlük veririk.

Axı nə qədər işğal tarixini qeyd etmək olar? Başlıq nə vaxtsa “Azərbaycan Ordusu” qəzetində çap olunmuş məqaləmin sərlövhəsidir. Nə o vaxt, nə də indi “QAYIDACAĞIQ” yazmağa cəsarətimiz çatmır. Ağdam Qarabağ müharibəsində ən qara səhifələri ilə yadda qalıb. Bakıdan Qarabağ üzərinə yürüşə gedən 190 avtobusluq adam Ağdamdan geri qaytarılıb, guya Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasova kəlağayısını yerə atıb və igidlərimiz ağbirçək kəlağayısını ayaqlayıb keçə bilməyiblər. O vaxtkı Mərkəzi Komitənin birinci katibi Qarabağ Xüsusi Bölgənin komendantı Volskını çıxartdıraraq onun yerinə özünə yaxın Polyaniçkonu təyin etdirərək Qərargahın Xankəndindən Ağdama köçürülməsinə nail olmuş və bununla da Qarabağın tamamilə nəzarətdən çıxarılmasına gətirib çıxardan addım atmışdır. Xocalı qırğını gecəsi Ağdam döyüşçülərinin bu mənzərəni necə sükutla seyr etmələrini heç cür təsəvvür etmək olmur. 1992-ci il may ayının son günləri yüzlərlə həmyerlim kimi Rusiyada işimi, şəraitimi tərgidib vətənin müdafiəsinə qayıtdım. Baş Qərargah rəisi general-leytenant Valeh Bərşadlı ciddi-cəhdlə Ağdam cəbhəsinə getməyimi istədi, nədənsə, onun üçün Qarabağın azadlığı Ağdamdan başlayırdı. Mən isə elə bilirdim ki, öz rayonumuza qayıtmasam, ermənilər tezliklə bizim rayonu işğal edəcəklər. Eiə oldu ki, hər ikisi işğal olundu. Əmimin oğlanları Ağdam cəbhəsində vuruşurdular. Allahqulu neçə tank vurub, PDM-də vurulub, ağır yaralanıb, huşsuz vəziyyətdə vertolyotla Bakıya – hospitala aparıblar. Bədənində qəlpələr var, bərpa olunmayan əzalarının müalicəyə ehtiyacı var. O vaxt nə qədər təklif etsəm də dəyişilməyinə razılıq vermədi, Ağdamda qalıb vuruşmağına üstünlük verdi. Ağdamın işğalı ərəfəsində Goran poleqonunda məşq-təlimlər keçirdik. Bakı qarnizonunun qoşunları və əlavə çağırışçılar Goran və Seyfəli poleqonlarında cəmlənmişdi. Əfqan dəstələrinə də orda təlim keçirilirdi. Bir də başqa bir tabor da vardı, ayrıcaydı, heç kimə qaynayıb-qarışmırdı. Şuşada, Naxçıvanda döyüşlərdə iştirakı ilə şöhrət qazanmışdı. Komandiri də, deyəsən, ağdamlıydı. Cəbhə qərargahından əmr gəldi ki, həmin taboru Ağdamın müdafiəsinə göndərin. Tabor avtobuslara yükləndi, komandiri axtarmalı oldular. Sən demə, sərxoş komandir KQM maşınının altında yatıbmış. Düzdür, o taborun bir saat tez, yaxud gec getməsi nəyisə dəyişməyəcəkdi. Ancaq “ehtiyatlı” komandir sonralar çox yüksək rütbələr və fəxri adlar aldı. Ağdam işğal olunmuş rayonlardan ən böyüyüdü, altı mindən çox şəhid verib. Məncə, general Valeh Bərşadlı haqlıymış, Qarabağın azadlığına Ağdamdan başlamaq lazımdır. Ötən 27 ildə hər dəfə baş verən bir təxribat insanların eyni fikirə gəlməsinə mane olur. Bu il də Tovuzun Ağdam kəndində baş verənlər yenə də diqqəti yayındıra bildi. Tovuzun Ağdam kəndinin Ağdam rayonu ilə nə qədər cazibədə olduğunu deyə bilmərik, ancaq onu bilirik ki, bu dəfə də təfəkkür şansı belə əldən çıxdı. Ağdam coğrafi məkan olaraq yerindədir. İnsanlar ermənilərin fitnə-fəsadı nəticəsində ordan didərgin salınıb. Odur ki, gec-tez ağdamlılar öz dədə-baba yurduna qayıtmalıdırlar. Nə vaxtsa... bu, mütləq baş verməlidir.

Əli bəy Azəri,
23 iyul 2020




Kateqoriya: Manşet / Qarabağ
Tarix: 23-07-2020 22:36
Baxış sayı: 4370
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını