Üzeyir Hacıbəylinin məşhur əsəri erməni musiqisi kimi təqdim olundu - VİDEO

29-04-2020 19:07
Üzeyir Hacıbəylinin məşhur əsəri erməni musiqisi kimi təqdim olundu - VİDEO
Azərbaycan xalqına məxsus olan musiqi əsərləri, folklor nümunələri və digər qeyri-maddi mədəni irs nümunələri uzun illərdən bəri ermənilər tərəfindən oğurlanır, mənimsənilir və şəxsi nümunələr kimi təqdim olunur.
Dalidag.az xəbər verir ki, milli mətbəximizi, musiqimizi, musiqi alətlərimizi və s. oğurlayaraq öz adlarına çıxarmağa adət edən ermənilərin daha bir sənət əsərimizi mənimsəmə cəhdi üzə çıxıb.

Belə ki, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasının bir hissəsi erməni bəstəkarı Arno Babacanyan tərəfindən mənimsənilərək “Vaqaraşabat rəqsi” kimi təqdim edilib. Məyusedici digər məqam ondan ibarətdir ki, tanınmış musiqiçilər bu əsərləri dünyanın ən nüfuzlu konsert zallarında ifa edir və erməni musiqiçinin bəstəsi kimi qələmə verirlər.
Khatia Bunyatişvili adlı gürcü pianistin 2016-cı ildə Cenevrədəki çıxışı zamanı dahi bəstəkar Üzeyir Hacıbəyova aid olan “O olmasın, bu olsun” musiqili komediyasını “Vaqaraşabat rəqsi” kimi təqdim etməsi belə faktlardan biridir. Gürcü musiqiçinin sözügedən çıxışı AVETIS Assosiasiyasının yutub kanalında yerləşdirilib.
Məlumat üçün bildirək ki, Varduhi Xaçataryanın əsasını qoyduğu AVETIS Assosiasiyasının əsas məqsədi bədii sənətin müxtəlif cərəyanlarını təkmilləşdirmək, eləcə də erməni ideologiyasının, mədəniyyətinin və dilinin təbliğini gücləndirməkdir. Assosiasiya həmçinin İsveçrə-Ermənistan arasındakı mədəni münasibətlərin inkişafına təkan verir.


“O olmasın, bu olsun” operettasını Üzeyir Hacıbəyov 1910-cu ildə yazıb. İlk tamaşa 1911-ci il aprelin 25-də (mayın 8-də) Bakıda, Mayılov qardaşlarının teatrında oynanılıb. Əsərin musiqi partiyası ənənəvi xalq mahnı-rəqs havalarına əsaslanan orijinal parodiya uzərində qurulub. “Uzundərə” lirik xalq rəqsinin bir qədər dəyişdirilən melodiyasından istifadə olunub. Sonralar “O olmasın, bu olsun” musiqili komediyası müxtəlif dillərə tərcümə olunaraq Qafqazyanı ölkələrdə, eləcə də Türkiyə, Bolqarıstan, Yəmən və digər məmləkətlərdə tamaşaya qoyulub. “O olmasın, bu olsun” filmi 1956-cı ildə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ekranlaşdırılıb.
Erməni bəstəkar Arno Babacanyanın isə “Vaqaraşabat rəqsi”ni 1946-cı ildə qələmə aldığı göstərilib. Bu da onu bildirir ki, A.Babacanyanın yazmış olduğu “Vaqarşabat rəqsi” Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili operettasının şəksiz plagiatıdır.

Qeyd edək ki, ermənilər illərdir Azərbaycanın “Sarı gəlin”, “Süsən sünbül” və onlarca digər xalq mahnılarını, “Yallı”, “Vağzalı”, “Köçəri”, “Uzundərə”, “Mirzəyi” rəqslərini, qədim musiqi alətlərimizi (tar, balaban, zurna), hətta məşhur Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun əsərlərini, eləcə də müasir bəstəkarlarımızın mahnılarını erməni nümunələri kimi təqdim etməyə cəhd göstərirlər.publika.az

Dalidag.az


Kateqoriya: Manşet / Mədəniyyət
Tarix: 29-04-2020 19:07
Baxış sayı: 4764
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını