Ədəbi söz meydanında tanımadığımız tanışlar - Rövşən Hüseynli

24-02-2025 13:14

                                                         Rövşən Hüseynli

Hərənin öz dünyası olsa da…
Rövşən Hüseynli təsdiqləyir ki,
söz adamının özgə bir aləmi olur
Bədii fikir daşıyıcılarının bir özgə cür dünyaları olur. Onu sözlə ifadə etmək sizə o qədər də asan gəlməsin. Orada gündəlik sosial qayğılar dedi-qodular eşidilmir. Bir vaxtlar sovetlər dönəmində deyirdilər ki, vaxt gələcək, pul-para lazım olmayacaq. Yəni kommunizm qurulacaq, o vaxt yaşamaq da asan olacaq, dükan-bazardan aldıqlarına pul ödəməyəcəksən, nə bilim, nələr…
Digərləri başqa cür anlasa da, söz adamları, mənəviyyatı maddiyyatdan öndə bilənlərin “arşınında” bu fikir tamamilə başqa ölçü vahidi ilə ölçülürdü: “haqq-ədalət zəmanəsi gəlir, deyəsən…”
Belə düşünənləri “Allahın  bədbəxtləri” adlandırırdılar, çünki, “zəmanə adamı” ola bilmirlər: kimlərisə alıb-aldatmaq onların işi deyildi. Tanrının verdikləri onlar üçün daha önəmli, dəyərli idi.  Axı, Yaradan da  bilirdi ki, kimə nə verir…
Yaşımın-başımın ixtiyar çağlarında hələ də maddiyyatın daha vacib olduğunu anlaya bilmirəm. Bunun da səbəbləri var. Baxırsan ki, hər şeyi var: malı-mülkü, sərvəti, ölkənin hər yerində (bəlkə də dünyada) saraylar tikdirib, bir gecə qonaq da qalmayanların mənəviyyatları bir qəpiyə dəymir, onda özünün “kasıblığına” şükr edirsən.
Ömrüm sözlə keçdi,-deyə bilərəm, məncə. Ağlım kəsib, cümlə qurmağı bacarıb, “Əlifba”nı hecalayandan söz mənim üçün hər şey olub. Hətta, məni qınamayın, səmimiyyətimə inanın ki,  ac olanda da “sözlə doyurmuşam” özümü.
İllərdir ki, yurd-yuvasızlıq məni qələmə sarılmağa vadar edib, yorulsam da, əl çəkməmişəm bu “qələmlə gor qazmaq”dan, “çörək qazanmaq”dan.
Düşünürəm ki, nə yaxşı elə qələm-söz  adamı kimi tanındım və ana dilimi sevdim-sevdirdim.
Ədəbi aləmdə dəst-xətt olanların  bəzilərinin bədii yaradıcılığından söz açmaq üçün gücüm yetən qədər qələm çalmışam.
Bir dəfə ulu Göyçəmizin söz sərraflarından biri, Qaraqoyunlu dərəsindən perik düşüb Bakıda məskunlaşmız Şahmurad müəllimlə söhbət edərkən o, bunları elə tərzdə dedi ki, inciməyim:
-Bilirsiz,  kəlbəcərlilərdən kimi (uşaqdan-böyüyə, oxumuşdan-oxumamışına, qadınından-qızına) dindirirsənsə,  adama şeirlə cavab  verirlər.  Bu da Allahın bir vergisidir. Amma bu yaxınlarda Naşı Talıb adlı bir müəllifin şeirini oxudum. Məni yandırdı. Əslində, başa düşürəm, o, yandığından, qovrulduğundan elə deyirdi: “Bundan sonra Kəlbəcəri neynirəm?”
Sosial şəbəkədə oxudum. Ona  bu il sentyabrın 21-də belə bir cavab yazdım:
Naşı Talıb, pərən düşmüş elə bax,
Çadırların düzüldüyü çölə bax,
Yurdum üçün o uzanan ələ bax,
Qəlbini acıtmır bu olay məgər,
Nədən gərək deyil sənə Kəlbəcər?!

Bir cənnətdir Kəlbəcərin torpagı,
Ləli-zərdir hər küncü, hər bucağı.
Müqəddəsdir Dədə Şəmşir ocağı,
Orda qonaq olub Vurğun, Ələsgər,
Nədən gərək deyil sənə Kəlbəcər?!

Kəlbəcərdə ləl çıxarır erməni,
Bu sözlərin sevindirir düşməni.
Vətən dərdi üzdü şair Bəhməni,
Qoy rahat uyusun Şücayət, Ənvər,
Nədən gərək deyil sənə Kəlbəcər?!

Vaxtı keçmiş yardımlardan yeyirsən,
Əyninə sintetik paltar geyirsən.
İngilis, urusa sən də dayı deyirsən?!
Duyar Qaçaq Nəbi, eşidər Həcər,
Nədən gərək deyil sənə Kəlbəcər?!

Dəyişir fəsillər, dəyişir zaman,
Vətənin üstündən çəkilmir duman.
Gölkənd həsrətinə dözməyib, inan,
Şahmurad olubdur müsəlləh əsgər,
Nədən gərək deyil sənə Kəlbəcər?!”

Şahmurad müəllim Bakı Nəqliyyat və  Rabitə Kollecində çalışan bir pedaqoqdur. Allah saxlamışın elə şeirləri var ki… Dədə Ələsgər yurdundan olduğu ilk andaca  hiss edilir onunla söhbətdən.
O günkü görüşümüz bir dastan axşamını 
xatırladlırdı. Ya da  ustadlar buna  deyişmə də deyərdilər. Amma, biz nə dastan danışırdıq, nə də deyişirdik. Mən də sanki məqam tapmışdım, sözün ilahiliyi özünü göstərirdi: nə yorulurduq, nə də bezirdik. İkimiz də yurd həsrətli könlümüzü sözlə yükləyib  görüşə gəlmişdik sanki.
Onu  dilləndirmək üçün bir bənd qoşma dedim:
Yenə xəyallarla yol gedir şair,   
Yenə duyğuları dalğalanıbdı.                                                                                     
Dirsək dizə dayaq, əl də çənəyə,                                                                              
Qonçə kəlmələri lalaxlanıbdı.
Vətən, yurd ayrılığından şairə çevrilmiş Şahmurad müəllimlə söhbətimizi heç də ötəri yerə xatırlamadım. 
Bir ilin söhbətidir. Kəlbəcərin işğaldan azad edildiyini hər kəs kimi, mən də “toy-bayram” hesab etsəm, 30 il ərzində haqqında 30-a yaxın kitab yazsam, minlərlə məqalə dərc elətsəm də, ata-baba yurduma qovuşmaq - həsrətə son qoymaq kimi arzum reallaşmamışdı. Səbəbi o deyildi ki, borc-xərc edib (işləmədiyim üçün), “portal” açdırmaqla (naxırçı-çoban, yaxud da pətəyi belə olmayan arının arıçısı kimi) Kəlbəcərimə, ulu məkana baş  çəkib, xarabalığa çevrilən yurd-yuvaya qədəm basım.
Bu barədə sosial şəbəkədə yazdığım giley-güzar bir nəfərin diqqətini çəkmişdi. Mənə mesencerdən yazdı: “Məhəmməd müəllim, siz niyə Kəlbəcərimizi ziyarət etmirsiniz ki? Hər kəsdən öncə sizin haqqınızdır o yerlərə qədəm basmaq. Axı, Kəlbəcərdən, onun tarixindən və şəhidliyindən, mühasirə illərindəki müdafiəsindən, uğrunda candan keçən igidlərimizdən ən birinci siz yazmısınız və bu gün də işğaldan azad edildiyini Zəfər qələbəsi ilə qələmə alırsınız...”
Bu qısa yazışmamız daha bir vətənpərvər kəlbəcərlimi mənə tanıtdı. Kəlbəcər rayonunun Tatlar kəndində dünyaya göz açmış bu gənc oğlan, sən demə, kəlbəcərlilərin (əlbəttə, Mamed dayını tanıyanları nəzərdə tuturam) Dayı kimi tanıdığı Xudaquliyev Mamedin də nəsil davamçısı Rövşən Hüseynli imiş və “məni məndən yaxşı tanıyırmış”,- desəm daha doğru olardı.
Rövşən özünü mənə kiçik qardaş timsalında təqdim etdi. Təklifinə etiraz edə bilərdimmi?! Qətiyyən! Təklifi nə imiş bu insanın?! Ona yamanca pis təsir edib ki,  Kəlbəcərin işğaldan azad edilməsindən üç il keçməsinə baxmayaraq, mənim rayona getməməyimlə kimsə, rayonun  rəhbər vəzifədə çalışan, ictimaiyyətin nümayəndələrindən biri maraqlanmayıb. Əslində, “təklif” edilmişdi. Lakin Rövşən qardaşım kimi yox, “xala-xətrin qalması” - məni istəsəm, gedənlərin birinə qoşaraq, onlarla “yoldaş” etmək istəyi bildirilmişdi. Mən isə, “məni gedənlərin (imkanlıların) birinə qoşmağı nə o təklif sahibinə, nə də özümə rəva görmədiyimi bildirmişdim. Söhbət bununla bitmişdi. Buna mənim haqqımın olduğunu Rövşən də bildirdi.
Rövşən qardaşım onu da xahiş etmişdi ki, bu il (söhbət 2024-cü ildən gedir) məni, qardaşımı və ailə üzvlərimi Kəlbəcərə yola salcaq, buna onun imkanı var. Hansı yolla edəcəyini isə  mənə bildirmədi.v Sağ olsun, o, ailəmizin 4 nəfər üzvünün Kəlbəcəri, doğma ata-baba yurdumu ziyarət etmək üçün bizə yol açdı (xatırladım ki, artıq  mənim üçün yollar açıldı ki, Hacı Abbas qardaşım da bizi dağlarda uşaqlığımızı yada salmaq üçün doğulduğumuz yurda apardı, həm də xeyli ata-balanı).
Bunları yazmaqla, heç də məqsədim Rövşən Hüseynlinin  yalnız xeyirxah  biri olduğunu reklam etmək deyil. Onun buna ehtiyacı da yoxdur. Məqsədim tamamilə başqadır.
 İmzamı tanıyanlar bilir ki, mən yalnız şəhid yazılarının müəllifi deyiləm. Kəlbəcər ədəbi aləminin tədqiqi məni neçə-neçə almanax, antologiya  və ayrı-ayrı kəlbəcərli  şairin kitablarının redaktoru  kimi tanıdıb ədəbi ictimaiyyətə. Dədə Şəmşir ocağından başlayaraq, şair Nəbi Dilsuzun  poeziya ocağından xeyli kitablar buraxılıb ki, onların da naşiri və redaktoru olmuşam.
Rövşən Hüseynli, sən demə, bütün bunları bilirmiş. Bir gün onun FS səhifəsindən bir neçə şeir oxudum, Düzü, o, daim kəlbəcərli şairlərimizin poeziya nümunələrini və siyasi-ictimai əhəmiyyətli məlumatları paylaşır. Onun şeir yazması mənim üçün qeyri-adi olmadı. Tanıdığım kəlbəcərlilərin əksəriyyəti, ən azı, qafiyəli danışır. Anamın da vaxtilə şeir yazması məni təəccübləndirməmişdi. Mərhum şairimiz Şamil Dəlidağın anasının şeir yazmasını, bayatı-ağı müəllifi olmasını öyrəndikdən sonra anam Güllər Məmmədqızının da iki kitabını çap etdirməyi  özümə borc bilmişdim.
Beləliklə, bu qənaətə gəlmişdim ki, Kəlbəcərdə şeir demək (hələ yazmaq demirəm) ana dilini bilmək qədər sadədir.
Kəlbəcərlilərin şeirlərindən Adil Cəmil, Yusif Hüseyn, Bərzani Şamil oğlu ilə toplayıb nəşr etdirməyimiz də təsdiqləyirdi ki, ata-ana yurdumuz şairlər məskənidir.
O vaxtlar mərhum, Dədə Şəmşirin şair oğlu Qənbər Qurbanov həmin kitabların məsləhətçisi kimi, mənə demişdi:
-Məhəmməd, bala, çalışın, şeir yazan kəlbəcərlilərin biri də kənarda qalmasın. Çünki kəlbəcərlilər şairlik iddiasında deyil. Adını çəkmiyəcəm, bir kəlbəcərli dədəmin yanına gəlib şeir oxuyurdu. Baxdım ki, o qədər zəifdir ki, amma, atam bu adama  demədi ki, get, işinlə-gücünlə məşğul ol, şeir yazmaq sənlik deyil”.
 O adam gedəndən sonra dədəmdən soruşdum ki,  o nə  idi oxudu, ay dədə, şeir deyildi axı, sən niyə təriflədin? Dədəm cavabımda dedi:
-Ay Qənbər, oğul, mən o adama deyə bilməzdim ki, bu, şeir deyil, onda qəlbi sınardı, elə bilərdi ki, xainlik edirəm. Qəlbimdə  şeir yazanlara bir ayrı sevgi var - Tanrı məhəbbəti. Şeiri hər adam yaza bilməz. Bu adam da iddia eləmir ki, şairəm. Qoy yazsın. Bir vaxt baxacaq ki. onun yazdıqlarını heç kim əzbər bilmir. Bax, elə dövrümüzdə Ənvər Rzanı,  Bəhməni, Sücayəti necə əzbər bilirlər? Toylarda ancaq bu şairlərdən oxuyurlar. Bağda meyvələrin dadı və adı müxtəlif olduğu kimi, şeiriyyətdə də bir özgə dad-tam olur. Bala, alça ilə gilasın tamı bir olmur ki?! Yaxşı şeir öz müəllifini tanıdacaq...
Bunları xatırlamaqla, sanki Qənbər müəllim  mənə bir ustad dərsi keçmiş oldu, yeri behişt olsun!
Mən ondan sonra  nəinki kəlbəcərlilərimizin, hətta, qələmi ilə özünü təqdim edən hər kəsin ədəbi-bədii dünyasına boylanmağa çalışdım. Nə yazdımsa, halal xoşları olsun. Bu gün də imkan düşdükcə  mənəviyyatı maddiyyatdan üstün tutan qələmliləri  gücüm çatan səviyyədə təqdim etməyi unutmuram.
Belə yurddaşlarımızdan biri də Rövşən Hüseynli imiş. Tərcümeyihalı onun yaradıcılığıdır.  Şeirlərini mənə təqdim etməyib bu sadədən-sadə, tam səmimi,  bəlkə də dərəcəsindən artıq vətənpərvər, kəlbəcərliliyi ilə fəxr edən,  Kəlbəcərdən sonra Abşeron rayonunun Xırdalan şəhəri ərazisində, daha doğrusu, Hökməli  qəsəbəsində “Tatlı təndir”i ilə evlərə, ailələrə isti  təndir çörəyi verən, 44 günlük müharibədə (hər gün) bişirilən şörəyi və şirniyyatı döyüşən orduya yollayan (tam təmənnasız), neçə-neçə bu sətirlərin müəllifi kimi, doğma yurdunu ziyarət edə bilməyənlərin savabını qazanan  Rövşən qardaşımızın özünün sosial-məişət problemləri də az olmayıb. Allah bu elədiyi xeyirxahlıqların müqabilində  qan  xəstəliyindən əziyyət çəkən iki oğul balasını sınaqlardan çıxardıb. Atanı, ananı, nənən, babanı (Allah rəhmət eləsin) sevindirib.
Rövşən qardaşımızın poeziya  buketində klassik şeir nümunələri yetərincədir. Adətən, deyirlər ki, kəlbəcərlilər qoşma-gəraylı, təcnis yazırlar. Bunu deyənlər fərqinə varmır ki, bu şeir növlərini (xüsusən də təcnisi) hər əlinə qələm alan yaza bilməz. 
Budur, bir kitablıq şeirləri var masamın üstündə. Bunları mənə o, özü verməyib. Nə də xahiş etməyib ki, şeirləri barədə fikirlərimi bildirim. Bu şeirləri mənə Kəlbəcər ədəbi ictimaiyyətinə yaxşı tanış olan, filologiya üzrə fəlsəfə doktoru Cəmilə Çiçək (İsbəndiyarova) verib. Üstəlik, xahiş edib ki, Rövşən Hüseynlinin yaradıcılığına öz münasibətimi bildirənədək müəllifin xəbəri olmasın. Buna görə də bu sətirlər, bədii yaradıcılıq haqqındakı düşüncələrim onun üçün, məncə, gözlənilən deyildi.
Keçək əsas mətləbə. Rövşən qardaşımızın duyğuları çox cilalı imiş. Bu yazıya kimi yüzlərlə müəllifdə qələmimi sınamışam.  İbarəli fikirlər mənə yaddır. Necə düşünürəmsə, eləcə də yazıram. Rövşən  Hüseynlidə ilk baxışdan klassik aşıq şeir növləri diqqətimi çəksə də, onun sərbəst vəzndə də mükəmməl fikir ifadə etmək qabiliyyətini duydum və sevindim. Axı, son illərədək Kəlbəcərdə dünyaya göz açan qələm sahiblərimizin əksəriyyəti (bu çərçivəni mərhum şairimiz Ənvər Rza sındırmışdır, yeri behişt olsun. Sonrakı ədəbi nəsildə, başda Yusif Hüseyn olmaqla, sərbəst vəzndə mükəmməl əsər  yaradanlarımız, şükür, barmaqla sayılmadılar, maşallah olsun) heca vəznində yazıb-yaradıblar.
Rövşən də bu klassik ənənəyə  sadiq olmaqla yanaşı, müasir oxucularının da könlünü almağı bacarıb:
“Gecikərik, qorxuram mən,
Yenə ayrı düşərik biz.
Qovuşmağım - son gümanım
                          heç olmasın.
Bu köçümüz otuz  illik 
                  köç olmasın.
Əbədilik köçək gedək,
Torpağından doğulmuşuq.
O torpağda gedək ölək.
Son borcumuz Vətən üçün,
Bircə ovuc torpaq olsun...”
Poeziyada lirika əsas məqamlardan biridir. Lakin hər mövzu da lirika ilə açıla bilməz. Buna görə Rövşən sevgi şeirlərində heca vəzninə müraciət edir. Fikrini nəzmə çəkmək üçün qoşma və gəraylıdan məharətlə istifadə edən şairimizin ədəbi nümunələri də bunu  təsdiqləyir:
Sevgi nədir, istək nədir, sən bunu
Yar yolunda cəfa çəkəndən soruş! 
Əriyib şam təki hicran odunda, 
Yanıb göz yaşını tökəndən soruş…
Rövşən Kəlbəcərdən didərgin düşdüyü illərini, haqlı olaraq, itki hesab edir. Gəncliyinin ilk addımlarını atanda Kəlbəcərindən, ana qədər sevdiyi yurddan, dağ-daşdan, lilaplı bulaqlardan,  hərdən laylasına yatdığı, hərdən isə hay-harayına, coşğunluğna hayıl-mayıl olduğu Tərtər çayından uzaqlarda bir həsrət boy atdı kövrək qəlbində. Onda düşüncələri incələndi, şeirə çevrildi:
Rövşən, bu nədir, budurmu qismət,
Nə yaman qalmısan sevincə həsrət!
Nə qədər sürəcək ayrılıq, möhnət,
Dözərəm, dözmərəm dərdin əlindən?!
Deyirlər ki, doğulduğun yurd sənə ana qədər deyilsə, orada yaşamaq  halal olmaz. Rövşənin Kəlbəcərə sevgisini, mənə elə gəlir ki, onun həmin mövzuda qələmə aldığı hər şeirdən duymaq olar. Lakin, onların arasından seçib “Kəlbəcər” rədifli qoşmasını  buarada nümunə kimi göstərməyim də səbəbsiz deyil:
 Yurdum - Məkkəm-Mədinəm, pirim,
Şeirim, söhbətim, sözüm Kəlbəcər! 
Otuz il həsrətli qaldım qoynuna, 
Daha qalmayıbdı, dözüm, Kəlbəcər!

 Baharım olmuşdu qış sankı sənsiz,
Yaşamaq deyil ki, elsiz, vətənsiz!
Olmuşduq “Allahsız - imansız-dinsiz”,
Ağlar qalan, görən gözüm, Kəlbəcər!

Ayrılıq dərd idi illərdi  mənə,
Alışıb-yanırdı bu odlu sinə.
Rövşən balan təki qayıdır sənə,
Torpağına sürtüm üzüm, Kəlbəcər!

Cəmiyyətdə halallarla yanaşı, haramxorlar da  az deyil. Xalqın, dövlətin halal malına  hərisliklə göz dikən bəzi məmurlar Rövşən qardaşımızın da  tənqidindən kənarda qala bilməzdi. O, dəfələrlə üzləşdiyi həqiqətləri ümumiləşdirərək, ədəbi sözün gücünə arxalanaraq, yazır:
...Düşündinmü ta əbədi heç nə yox,
Güvəncin, hökmün, kreslon da yox.
Etdiklərin sinən üstə nizə-ox!
Kim zəhər qatıbdı, balına, məmur,
Cummuşduz sərvətin boluna, məmur...
Hə, əziz qardaşım, səndən gizli şeirlərini “saf-çürük” etməyimi bağışlayarsan yəqin.  Həddindən artıq təvazökar olmağın sənin poeziya dünyana kölgə salmamalıdır. İnsan nə  qədər sadə olursa-olsun, amma, sadəlövlüyün də öz ölçüsü-biçisi var.
Mərhum şairimiz Məmməd Aslan sağ olsaydı, mənə elə gəlir ki,  sizin yaradıcılığınıza öz münasibətini bildirərdi. Axı, ana dilimizin şəhdi-şəkər dilinin keşikçisi Məmməd Aslan idi. “Dərədən-təpədən” tapdığı neçə-neçə Rövşənləri ədəbi aləmə təqdim edəndə çox sevinərdi.
Rövşən Hüseynlinin şeirlərini oxuduqdan sonra bir daha bu qənətdə  oldum ki, doğrudan  kiminin öz, kiminin də söz dünyası var imiş. Öz dünyası - söz dünyası olan Rövşən qardaşımıza bundan sonra daha nikbin notlarla yazıb-yaratmaq arzulayıram, həm də 30 il həsrətindən şair olduğu Kəlbəcərimizdə...













Məhəmməd Nərimanoğlu,
Bakı, 23 fevral 2025-ci il.



Kateqoriya: Kəlbəcər / Poeziya-nəsr
Tarix: 24-02-2025 13:14
Baxış sayı: 283
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını