Bu gün Cavid Qurbanovun özəl günüdür

19-09-2023 11:52

Bu gün Dədə Şəmşir ocağında dünyaya göz açan, Kəlbəcərin sabiq deputatı Cavid Qənbər oğlu Qurbanovun doğum günüdür.

Xalq airi Sabir Rüstəmxanlı yazır: "Cavid Qurbanov millətin dərdini, acı taleyini görüb yaxasını kənara çəkmədi, kabinetlərdə gizlənmədi, köksünü dərdlərə sipər elədi, əsir yurdlarımız üçün ağladı, o yollarda didərgin düşənlərin yaralarına məlhəm olmağa çalışdı, alnını qırışdırmadan, üzünü turşutmadan xalqın üzünə çıxdı, onun qapısına üz tutanlara imkanı daxilində kömək elədi. Kəlbəcərlilər arasında bunun yüzlərlə şahidi var. O, dövlət vəzifəsinin şərəfini, məsuliyyətini yüksək tutaraq - öz imkanlarını xalqdan əsirgəmədi, işsizlərə, imkansızlara əl uzatdı, xalqın xeyrindən-şərindən kənarda qalmadı, tələbələrin, işsizlərin himayədarı oldu.
Bu mənada Cavid Qurbanov bir vicdanlı, xalqa yanan ictimai-siyasi xadim örnəyidir. Ona məmur deməyə dilim gəlmir, o, məhz dövlət xadimdir; xalqına ləyaqətlə xidmət edən, ən ağır problemlərə də öz şair qəlbinin həssaslığı, sevgisi, canıyanalığı, nəhayət, vətəndaş qeyrəti ilə, Şəmşir ocğının təəssübkeşliyi ilə yanaşan şəxsiyyətdir.
Buna görə də hansı işdə çalışıbsa - o işə hörmət gətirib, özü gənc olduğu illərdən istedadlı gənclərə himayədarlıq etməyi, onları irəli çəkməyi bacarıb".
***

Qeyd edək Cavid Qənbər oğlu Qurbanov 19 sentyabr 1958-ci ildə Kəlbəcərərin Ağdaban kəndində ziyalı ailəsinə anadan olub. Orta məktəbi bitirdikdən sonra, 1975–1976-cı illərdə Kəlbəcər şəhərində elektroenergetika sahəsində çalışıb. İlk  təhsilini Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda alıb. Sonrakı illərdə  “Təfəkkür” Universitetində, Tula Dövlət Universitetində təhsilini davam etdirib.
1977–1979-cu illərdə ordu sıralarında hərbi xidmətdə olub. 1979-cu ildə 26 Bakı Komissarı nəşriyyatında əmək fəaliyyətini davam etdirib. 1980–1981-ci illərdə "Azəryollayihə" Layihə İnstitutunda texnik-cizgiçi, 1982–1987-ci illlərdə "Azərnəqliyyattikinti" Trestinin avtobazasında mexanik, baş mexanik, rəis müavini vəzifələrində çalışıb. "Elektromexanizasiya" Trestinin 4 saylı Avtonəqliyyat Kontorunun direktoru, "Avtonəqliyyat" Birliyinin baş direktoru, "Azəravtoyol" Dövlət Şirkətində Prezidenti, "Azərərzaqnəqliyyat" Birliyində direktoru, Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin Təchizat şöbəsinin rəisi, "Azərdəmiryolservis" İstehsalat Birliyinin rəisi vəzifələrində çalışıb. O cümlədən "Yolnəqliyyatservis" Departamentinin rəisi, Nəqliyyat Nazirliyi "Yolnəqliyyatservis" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi, "Yolnəqliyyatservis" Departamentinin "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti olması ilə əlaqədar olaraq, "Azəryolservis" ASC-nin sədri olub.
2015-ci - 2022-ci  illərdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışıb. Hazırda Rəqımsal İnkişaf və nəqliyyat nazirinin müavinidir. 2016-cı ildə Azərbaycan Voleybol Federasiyasının prezidenti seçilib. İndi isə Azərbaycan Atletika Federasiyasının prezidentidir.  Texniki elmləri namizədidir.
123 saylı Kəlbəcər Seçki Dairəsindən III, IV və V çağırış Milli Məclisin deputatı olub. Yeni Azərbaycan Partiyasının üzvüdür..
 
Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib. Ailəlidir. İki övladı var. 

 ***

Bu gün Cavid Qurbanovun doğum dünüdür, 65 yaşı tamam olur. 
Dəlidağ.az ailəsi olaraq hörmətli Cavid müəllimi 65 illik yubileyi münasibətilə təbrik edir, can sağlığı, uzun ömür, həyatında və işlərində uğurlar diləyirik! 

Vurğulayaq  ki, Cavid Qurbanov ictimai-siyasi fəaliyyəti liə bərabər, ədəbi yaradıcılıqla da məşğul olur, gözəl şeirlər müəllifidir. Otuz ilə yaxın davam edən Kəlbəcər həsrəti onun da yaradıcılığında öz əksini tapıb, yurd-yuva ağrı-acısı misralarının ruhuna hopub:

Zirvəsi var, qarı da var,
Dağlar bizim dağlar deyil.

Artıq "qarı da, zirvəsi də", gül-çiçəyi də bizə əziz olan dağlarımız əl çatan, ün yetədir. İllərdən bəri içimizi göynədən, sümüyümüzə qədər işləyən həsrətə son qoyulub. Bundan sonra dağlarımızın əzəmətindən, gözəlliyindən yazmaq borcumuz var. Cavid Qənbər oğlunun bir neçə şeirini oxuculara təqdim edirik:




DAĞLAR BİZİM DAĞLAR DEYİL...

Zirvəsi var, qarı da var,
Dağlar bizim dağlar deyil.
Yurd düşənin yurdu da var,
Dağlar bizim dağlar deyil.

Bu dağların eli başqa,
Çəmən, çiçək, gülü başqa,
Bu dağların dili başqa,
Dağlar bizim dağlar deyil.

Biz yolçuyuq, omur yoldu,
Cavanlığım orda qaldı.
Gec anladım, gözum doldu,
Dağlar bizim dağlar deyil.

Ömur keçir pərdə-pərdə,
Həsrət bizi saldı dərdə.
Dağlar qaldı Kəlbəcərdə,
Dağlar bizim dağlar deyil.



BİR ÜRƏK İSTƏYİRƏM

Bir ürək istəyirəm –
zirvələrdən çəkilib
ətəklərə enməsin.

Bir ürək istəyirəm, –
əhdinə sadiq qalsın,
sədaqətdən dönməsin.

Bir ürək istəyirəm, –
Hər soyuqdan qorxmasın.
Hər alov bu ürəyi
Yandırmasın, yaxmasın.

Bir ürək istəyirəm –
oduna, alovuna
El-obası qızınsın.

Bir ürək istəyirəm –
axsa, tökülsə qanı
Yerdə “Vətən” yazılsın!

Bir ürək istəyirəm –
güllərdən ilham alsın.
Buzu, qarı əridib
qış günü bağça salsın.

Bir ürək istəyirəm –
Sevinməsin gərəksiz;

Köməksizə əl tutsun –
Çörək dərdi çəkənlər
Heç qalmasın çörəksiz.

Bir ürək istəyirəm –
xalqına gərək olsun.
Bir ürək istəyirəm –
Belə bir ürək olsun!



SEVGİLİM

Dəyişib fəsillər yerini sanki –
Yetişmir bağların barı, sevgilim.
Sənsiz xəyalımı duman alıbdı,
Ərimir dağların qarı, sevgilim.

Sənli günlərimi varaqlayıram,
Ötən xoşbəxtliyi soraqlayıram,
Sənsiz için-için hey ağlayıram,
Sozalıb gözümün nuru, sevgilim.

Bəxtimin baharı qış olub getdi,
Sevincim qanadlı quş olub getdi,
Sankı ulduzlara qoşulub getdi
Ömrümün sən adlı varı, sevgilim.


FƏLƏK

Sevgilimin vüsalına
Məni həsrət qoyan fələk.
Sən nə yaman qan edirsən,
Bircə anlıq dayan, fələk!

İtirmisən haqqı-sayi,
Bir bilmisən qışı, yayı.
Gedənlərin yoxdu sayı,
Cavanlara qıyan fələk!

Uçurumlar düzəldən – sən,
Yapışmazsan düz əldən sən.
Naxələfsən əzəldən sən,
Belə tutub mayan, fələk!

Ürəyimin çoxdu qəmi,
Qırıldı qəlbimin simi.
Bu Cavidin özü kimi
Alış, odlan, bir yan, fələk!


ÖTƏRİ DÜNYA

Açdım pəncərəmi, baxdım səmaya,
Havadan payızın nəfəsi gəlir.
Gözəl olsalar da vəfasız olan
Köçəri quşların nəğməsi gəlir.

Həyəcan içində, təlaş içində
Çiçəklər payızdan qışa baxırlar,
Yoxsa bilirlər ki, dünya fanidir,
Yoxsa bilirlər ki, əvvəl-axır var…

Dünya oyunçudur – fiqurları biz;
Kimisi yıxılır, kimisi durur.
Kiməsə xoşbəxtlik açarı verir,
Kiməsə hörümşək torunu qurur.

Açdım pəncərəmi son bahara mən,
Havadan payızın qoxusu gəlir.
Ömür də belədir – cavanlıq gedir,
Qarşıdan qocalıq qorxusu gəlir.

Ömrümüz-günümüz durna qatarı,
Dağıtma bu qərib qatarı, dünya.
Gəlimli, gedimli dedilər sənə –
Vəfan ötəridir, ötəri dünya.


PAYIZ GƏLDİ

Payız – təbiətin sarışın qızı,
Gətirib gəlmisən bərəkət, ruzi.
Havan gah mülayim, gah da ki, soyuq,
Qarşıdan qış gəlir – salırsan duyuq.

Solan yarpaqları ovundurursan,
Yaşıl ağacları soyundurursan.
Yarpaq xəzəl olub hey xışıldayır,
Ağacdan ayrılıb qəm pıçıldayır.

Ana təbiətin dərdi gör nədir?!
Ayrılıq həmişə qəlbi göynədir…
Yenə ümid qalır yalnız Allaha,
Baharı gətirən nurlu sabaha.

Hər canlı yaşayır öz arzusuyla,
Yaşayaq payızda yaz arzusuyla.


ÖMÜR PİLLƏ-PİLLƏDİR


Gözlərimdən damla düşdü,
Yandırdımı yeri görən?!
Ömür də damla kimidir –
Qayıdarmı geri görən?!

Bizim alın yazımızdır
Bu həyatın hər nəyi var.
Ömür bənzər pillələrə –
Çıxmağı var, düşməyi var.

Kimin ağlı yerindəsə
Öz ömrünü başa düşər.
Kimin bəxti yeyin olsa
Zəri yekdən şeşə düşər.

Pillələri addım-addım
Qalxanda biz, düşəndə biz,
Gah güldürür, gah ağladır –
Fərəhimiz, kədərimiz.

Əyri olan bu dünyada
Çətin imiş düz yaşamaq…
Ağrı-acı yeyə-yeyə
Nəyə lazım yüz yaşamaq.

Əyri olan bu dünyada
Rəbbim, mənə düzlüyü ver.
Ürəkləri oxumağa
Bir bəsirət gözlüyü ver.

Ruhumdadır, Allah, eşqin,
Sənə fəda bir canım var.
Pillələri çıxdım, düşdüm,
Üzü sənə şükranım var.


Kateqoriya: Kəlbəcər
Tarix: 19-09-2023 11:52
Baxış sayı: 2444
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını