Daşqın ŞƏFİYEV: Kəlbəcərləşmiş şəhid qəhrəman

10-11-2022 22:10

DAŞQIN ŞƏFİYEV: KƏLBƏCƏRLƏŞMİŞ ŞƏHİD QƏHRƏMAN

Günümüzdə İkinci Qarabağ müharibəsində, 44 günlük Vətən savaşında vuruşaraq şəhid olmuş qəhrəmanlarımızın işıqlı obrazlarını yüksək estetik formalara cavab verən əsərlərdə yaratmaq, sənət – mədəniyyət vasitəsilə gənclərə, geniş ictimaiyyətə çatdırmaq ədəbi-mədəni sahənin peşəkarlarının, yaradıcı insanların əsas vəzifələrindən biridir. Qızıl hərflərlə Azərbaycan tarixində yeni səhifələr yazan qəhrəmanlarımız əbədi olaraq qəlblərdə, xalqın yaddaşında iz qoydular...
Əslində insanlar elə şəxsləri ədəbiyyat əsərlərində, kitablarda, filmlərdə axtarsalar da, son 30 ildə, eləcə də Birinci və İkinci Qarabağ müharibələri zamanı xalqımızın qeyrət simvoluna çevrilmiş çoxsaylı igidlərimiz olub.
Azərbaycan xalqı şəhidləri ilə qürur duyur, onların adı çəkiləndə insanlarımız sevinc göz yaşları içində iftixar hissi keçirir. Şəhid vermək xalqımız üçün nə qədər ağır olsa da, təsəllini elimizin-obamızın, Vətənimizin bütövlüyünün əldə olunmasında tapırıq.


2022-ci il avqustun 15-də Gəncə şəhərində yaşayan Gülnaz xanıma zəng edib dedim ki, 44 günlük Vətən müharibəsində şəhid olan kəlbəcərli 33 hərbçi, 3 mülki şəxslə bağlı çəkiləcək sənədli-bədii filmin yaradıcı heyətinə qoşularaq təmənnasız onlara kömək edirəm. Şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailə üzvləri ilə görüşüb film üçün materiallar hazırlayırıq.
Gülnaz xanım o dəqiqə söylədi: “Xoş gəlirsiz, ay qızım, bu gün həm də mənim üçün qeyri-adi tarixdir...”
Sözün düzü, bu günün qeyri-adiliyinin səbəbini ondan soruşmasam da, haqqında material toplamağa yollandığım qəhrəmanımızın – şəhid Daşqının doğum tarixi ilə maraqlandım. İnternetdən dəqiqləşdirdim ki, onun doğum günü 22 avqusta təsadüf edir. Açığı, Gülnaz ananın söylədiyi tarixçəylə əlaqədar çox düşünsəm də, tapa bilmədim.


Onların evlərinə çatanda birdən Gülnaz xanım sanki doğma balasını qarşılayırmış kimi dil açdı: “Ay Daşqın, hər il doğum günümdə çiçək alıb məni sən təbrik edərdin. Artıq iki ildi gəlmirsən, məni təbrik etmirsən! Bax, özün gör, indi məni Cəmilə xanım təbrik etmək üçün gəlib...”
Bu ürəkdağlayan kədərli sözləri eşidərkən çox duyğusallaşsam da, özümü ələ almağa çalışdım, tələsik operatorumuzu kənara çəkdim. Çəkiliş vaxtının uzanacağını nəzərə aldığımdan xahiş etdim ki, gül mağazası ilə əlaqə saxlasın, bizə tez bir dəstə tər güldən buket bağladıb gətizdirsin. İstədiyimi yerinə yetirən operator həmin anları kameranın yaddaşına yaza bildi. O anda əlimdən başqa bir şey gəlmirdi onsuz da. Təsəlli olaraq əlimdəki buketi Gülnaz xanıma uzadıb kədərlə:
– Anacan, bu gülləri sənin üçün oğlun Daşqın göndərib, – deyərək ona ürək-dirək verməyə çalışdım...
Təsəlli vermək istəyirdim, ancaq ana daha çox təsirlənib kövrəldi, göz yaşını sel kimi axıtdı. Elə mən də ona qoşulub göz yaşlarıma hakim ola bilmədim. İtirdiyim doğmalarımı, yerlilərimi, qarabağlıları və şəhidlərimizi yada salıb doyunca ağladıq...

Ötən əsrin sonlarında...

90-cı illərin əvvəllərində Azərbaycana düşmən kəsilmiş Ermənistanın işğalçı siyasəti nəticəsində Qarabağdakı məlum münaqişəli hadisələrlə əlaqədar doğma rayonumuzdan da böyük köç baş vermişdi. Gülnaz xanımın altı nəfərlikailəsi 1993-cü ildə Kəlbəcər rayonundan məcburi köçkün düşərək əvvəl Goranboy rayonundakı “Türk qəsəbəsi”ndə, sonra isə Samux rayonunun Seyidlər kəndində müvəqqəti məskunlaşmışdılar. İlk qız övladı Pərvanə 1986-cı ildə, böyük oğlu Eşqin isə 1987-ci ildə Kəlbəcər rayonunun Güneypəyə kəndində anadan olub. Daşqın üçüncü övladı idi Gülnaz xanımın. O, 22 avqust 1989-cu ildə Rusiya Federasiyasının Krasnodar şəhərində anadan olmuşdu.
Gülnaz xanım çox erkən ailə qurub. Daşqının həlak olması isə onun və həyat yoldaşı Hidayət müəllimin belini vaxtından əvvəl bükdü. Övlad itkisi sanki bu cavan ailənin üzvlərinin əksəriyyətini vaxtından tez yaşlandırıb.

Şəhidin anası Gülnaz xanım söyləyir:

...Hər zaman övladlarımla fəxr etmişəm. 4 övladım var idi, dördü də tamam fərqli. Çox istəyirdim, canımın parçası idilər, həmişə deyirdim ki, övladlarımın ayağına dəyən daş mənim ürəyimə dəysin, amma onlara heç nə olmasın. Daşqın o qədər gözəl qəlbə sahib idi ki, onu sevməmək mümkün deyildi. Daşqın mənimlə o qədər sirlərini bölüşürdü ki, mən ona sadəcə deyirdim: Daşqın, artıq sənin də yaşın keçir, evlən, sənin də xoş gününü görək. O isə mənə həmişə “ana, evlənəcəm”deyirdi. Ailəsinə bağlı bir oğul idi. Onun hər hərəkətini, duruşunu, geyim tərzini, danışığını, söylədiyi şeirləri o qədər sevirdim ki, bunu dillə ifadə edə bilmərəm. Daşqınsız həyat fikirləşmədim, sadəcə, onun toyunu, xoş günlərini fikirləşdim, amma ən böyük acı olan övlad acısını çəkirəm. Allah heç bir anaya bu acını yaşatmasın. Onun yoxluğu qəlbimdə sağalmaz yaradı, qalan övladlarıma çox şükür, ancaq kimsə kimsənin yerini verməz...
Hər qapım açılanda elə bilirəm o gəlib, “ay ana”deyə məni çağırır. Öyrəşə bilmirəm onsuz həyata. Daşqın hər işdə mənə, atasına kömək edirdi. Daşqına çox bağlanmışdım, bəlkə də hiss etmişdim ki, son günlərimizdi. Daşqın 24 oktyabrda səfərbərlik bölməsindən qayıdıb gələndə sevindim ki, bəkə də getməyəcək, amma növbəti gün vidalaşanda son dəfə onun qoxusunu içimə  çəkib, bağrıma basaraq o qədər ağladım ki... Ona dedim ki, oğlum, bizi qoyub getmə. Amma o, Vətəni hər şeydən üstün tutdu. Vətənin ağır dərdinə dözməyən oğlum ərizəsini yazaraq 44 günlük İkinci Qarabağ müharibəsinə könüllü yollandı.
Noyabr ayının 3-ü səhər idi. Daşqın mənimlə nəsə çox soyuq danışdı, dedim ki, niyə mənimlə soyuq danışırsan?! Dedi ki, yox, soyuq danışmıram. Soruşdu ki, atam hardadı? Dedim ki, Yevlaxa gedib. Dedi ki, yaxşı, özüm zəng edərəm ona. Dedim ki, nəsə olub, niyə soyuq danışırsan mənimlə?! Dedi ki, yox, narahat olma. Son sözü bu oldu: “Ana, Allahın zamınında olasınız, Allah sizi qorusun, bir-birinizlə mehriban olun və bilin ki, hər şey gözəl olacaq...”
Dedim ki, ay bala, sən müharibədəsən, o nə sözdü deyirsən? Allah səni qorusun, sən Allahın zamınında olasan. Sən demə, oğlum son sözünü mənə deyib. Səsini eşitdim, amma eləcə ürəyim titrəyirdi ki, Daşqından bir xəbər gələcək.

Atası axşam gələndə anası deyib ki...

Sonra atasına zəng edib. Orxanla danışıb, bacısına da zəng edib. Atası axşam gələndə dedim ki, Daşqının bu danışığından nəsə narahat qaldım, sanki mənimlə vidalaşırmış kimi. Yoldaşım da, Orxan da dedilər ki, yox, əksinə, çox yaxşı danışdı bizimlə, sadəcə, müharibə şəraiti olduğuna görə fərqli olaraq bu dəfə qısa danışdı, dedi  ki, tezliklə hər şey yaxşı olacaq. Yenə də sakitləşə bilmirdim. Çünki əslində Daşqın evdən çıxıb gedən gündən sanki Allah-taala onun son gedişini agah etmişdi mənə: evimin işığı azalmışdı, gur yanmırdı. Getdiyi gündən canım xəstə düşdü. Nəvəm gəldi ki, belimə banka qoysun, soruşdu ki, nənə, haran ağrıyır, dedim, nə bülüm haram ağrıyır. Dedi, ay nənə, necə yanı bilmirsən haran ağrıyır?! Elə isə niyə banka qoydurursan? Növbəti gün həyətdə gəzərkən məni kürəyimin arasından sanki ikidəfə vurdular, çökdüm, dedim: “Allahım, sən övladlarımı qoru”... Daşqının zəngini gözləyirdim.
Elə bir vəziyyətə düşmüşdüm ki, sanki Daşqından qara xəbər gözləyirmiş kimi özümdə deyildim, o vaxta kimi ki, 5 noyabr gecəsi oğlumun şəhidlik xəbərini yoldaşıma qaynım verdi. O gündən bəri üzümdəki xoşbəxtliyim itdi...
4 noyabr 2020-ci ildə Laçın rayonu ərazisində gedən döyüşlərdəki ağır hərbi əməliyyatlar zamanı odlu silah və digər atıcı silah növləri ilə açılan atəş nəticəsində aldığı çoxsaylı zədələrdən qəhrəmancasına şəhadətə ucalıb Daşqınım. İndi bala həsrətiylə qocalıram, son nəfəsimə kimi Daşqına şeirlər yazacam, onun yolunu gözləyəcəm...

Şəfiyev Hidayət (şəhidin atası):

Daşqın o qədər gözəl övlad idi ki, onunla bağlı nə qədər xoş sözlər desəm də, kifayət etməz. Hər bir ağır işlərimdə, təsərrüfat işində daim mənə kömək edərdi. Atası olsam da, mənə gözəl məsləhətlər verərdi. Hər zaman hər şeyin yaxşı olacağını deyib ümidlə yaşayan bir insan idi. Onunla ata-bala zarafatları da edərdim. O, mənim sadəcə oğlum yox, əsl  dost, sirdaşım, qardaşım idi. Sevincli, gözəl günlərimiz olub, yoldaşımın, mənim ad günümüz olanda dörd övladımız da yanımızda olub. Danışdıqca ürəyim parçalanır. Daşqın az maaş almasına rəğmən hər zaman kasıb insanlara, əsgərlərimizə kömək edərdi. Həddən çox olan videoları da onun vətənpərvərliyindən, vətənə sevgisindən irəli gəlirdi. Müharibə başlayan zaman könüllü yazılanda dedim ki, oğlum, bizi qoyub hara gedirsən?! Dedi ki, ata, mən getməyim, o getməsin, bəs Vətənimizi kim qorusun?! Oktyabrın 23-ü idi, Daşqına zəng gəldi, soruşdum ki, kimdi, dedi ki, ata, artıq könüllüləri çağırırlar. Elə bil qəlbimə ox batırdılar. 24-ü günü onu qeydiyyata alınması üçün Gəncədə yerləşən Kəlbəcər Səfərbərlik bölməsinə apardım. Lakin həmin gün pandemiyayla bağlı yoxlanış olduğu üçün evə qayıdası olduq. Sanki içimə bir rahatlıq çökdü. 25 oktyabrda oğlumun üzünü son dəfə gördüm. Onu qucaqlayıb o qədər ağladım ki, bəlkə də hər ikimiz də hiss etmişdik son görüşümüz olduğunu. Məni qucaqlayıb güldü, dedi ki, ata, hər şey yaxşı olacaq, gülümsəsə də, gözündən axan yaş damcılarını gizlədə bilmədi. Onu yola saldıq. Döyüşə gedəndə zəng etdi, səsini eşidəndə çox sevindim. İki gün ondan zəng gəlməyəndə narahat olurdum. Son zəngi noyabrın 3-də oldu. Dedi ki, ata, özünüzdən muğayat olun, bir-birinizə yaxşı baxın. Elə bil hiss etmişdi şəhid olacağını. Həmin gündən sonra Daşqından zəng gəlmədi. Hər dəfə telefona zəng gəldikcə qaçıb telefona baxırdıq. Nəhayət, noyabrın 5-də oğlumun acı xəbərini qardaşıma veriblər. Dünyam başıma yıxıldı. O gündən gedən xoşbəxtliyimizi bir daha geri qaytara bilmədik.
Qəhrəman şəhidimiz 6 noyabr 2020-ci ildə Samux rayonunun Seyidlər kənd qəbiristanlığında dəfn edilib. 20 may 2021-ci ildə Samux rayonunda Vətən müharibəsi şəhidi Daşqın Şəfiyevin əziz xatirəsinin əbədiləşdirilməsi üçün tikilmiş ehsan bulağının açılışı olub.
Şəhid atasının qırıq-qırıq  səsi hələ də qulaqlarımdadır: “...Bizim ailə Kəlbəcərdən köçkün düşən zaman Daşqın körpə uşaq idi. Doğma elin heç bir dağ-qayası belə onun yadında qalmamışdı. Amma onun ürəyi Vətən sevgisi ilə elə döyünürdü ki, sonda dözmədi, özünü düşmənlə savaş meydanına atdı. Oğlumun taleyinə yazılan şəhidlik onun Kəlbəcərdə toy etmək arzusunu yarımçıq qoydu. Əksinə, o, qəhrəmancasına şəhidlik zirvəsinə ucaldığına görə xalqın əbədi sevgi ünvanına çevrilənlərdən oldu. Minlərlə Vətən övladı kimi, oğlum da qəhrəmanlıq göstərərək Tanrı dərgahına qovuşdu...”
...Ailənin arxiv materialları ilə tanış oluram. Daşqın çəkildiyi videolardan birində deyir: “Əslən Kəlbəcərdənəm. 1995-2006-cı illərdə Samux rayonunun Seyidlər kənd məktəbində orta təhsilimi almışam. Məcburi köçkünlük ağır dərddir, mən və həmyerlilərim 1993-cü ildən bəri bunun ağrısını çox yaşamışıq. Doğma yurd-yuva həsrəti hər zaman düşüncələrimizə hakim kəsilib, ürəyimizi göynədib. Elə bu səbəbdən də düşmən tapdağında olan torpaqlarımızın işğaldan azad edilməsi düşüncəsi həmişə varlığıma hakim kəsilib. Hazırda hərbçi qardaşım Orxan və ata-anamla birlikdə yaşayıram.
27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsində iştirak etmək üçün könüllü olaraq müraciət etmişəm və döyüşə gəlmişəm. İndi buradayam. Taleyimin necə olacağını deyə bilmərəm, çünki meydanda Vətən savaşı var. Varlığım Vətənimin varlığına fəda olsun. Sevdiklərimi sizlərə əmanət edirəm...”
Döyüş yoldaşları isə kədərlə xatırlayırlar: "Sıralarımızda kəlbəcərli Daşqın var idi. Cəsur döyüşcü idi. Ermənilərin postunu təkbaşına təmizləmişdi. Ayağından vurulub diz üstə düşsə də, dayanmadan erməninin üzərinə gedirdi. Sonda ağır silahla vurdular onu...”

Ailənin yaralı könlünə  məlhəm – medallar və...
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Daşqın Hidayət oğlu Şəfiyev ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı", "Laçının azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Şəfiyev Eşqin (şəhidin qardaşı):

Daşqın bizim ailənin gülüş səbəbi idi, üzümüzün gülüşünü özüylə aparıb. Qardaş sözü deyəndə qəlbimdəki qardaş dağını hiss edirəm. Daşqın məndən kiçik idi, amma həmişə ailəmizdə hər şeydə nəsihətlər verər, heç kimin qəlbini qırmazdı. İnsanın öz doğmasını, əzizini itirmək acısını ancaq bizim kimi dərdlilərbilər. Çox çətindir birlikdə böyüdüyün qardaşını torpağa tapşırmaq. Körpəliyimizdən kasıbçılıqdan korluq çəkmişik. Elə günlərimiz olub ki, paltarımız su olanda, xəsdələnməyək deyə, anam onları tərs üzünə geyindirib bizə. Çünki dəyişəyimiz yox idi, əzab-əziyyətlə böyüdük, az maaşla dolanırdıq. Sonra da qardaşımın şəhidliyi... Bəzən düşünürəmki, kaş uşaq olaydıq, yenidən böyüyəndə qardaş dağı görməyəydim. Qardaşımızdan nə qədərçox danışsaq da, yaddaşımızda heç yerə sığmayacaq qədər uzun xatirələr qoyub getdi...
Şəhidimizin qardaşı Orxan isə 2015-ci ildə hərbi xidmətdə olub. Xidmət müddətində həm də 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. 2018-ci ildə Azərbaycan Ordusunun müddətdən artıq qulluqçusu kimi yenidən ordu sıralarına qoşulub, 2020-ci ilin sentyabrında başlayan 44 günlük İkinci Vətən müharibəsində Toğana istiqamətində döyüş fəaliyyətini yerinə yetirib, 2021-ci ildə müqaviləsi bitdiyi üçün ehtiyata buraxılıb.

Dərd dillənir, qəm ələnir...

Orxan şəhid qardaşı Daşqın haqqında bunları söyləyir: “Qardaşım hər gün ordu sıralarına qoşulmaq üçün hərbi komissarlığa gedirdi. Nəhayət, arzusuna çatdı, onu da könüllü kimi ordu sıralarına qəbul etdilər. Yola salanda gözüm dolmuşdu. Mənə ərklə "Niyə gözün dolur? Şəhid qardaşı olacaqsan! Mən gedəcəm, arxanda yüzlərlə insan olacaq!" – dedi. Qucaqlaşdıq, görüşdük, getdi...”
Orxan sanki qardaşını yenidən kəşf edir: “Deyirlər, insana arxadı, dayaqdı qardaş... O da Daşqın kimi qardaş... Daşqın mənim sadəcə qardaşım deyildi ki...Mən nə zaman çətinliyə düşəndə birlikdə həll etmişik, hər günümüz bir olub, eyni evdə yaşamışıq, hətta evdə birlikdə yatıb, birlikdə durmuşuq. Geyindiyimiz paltarlar belə eyni idi. Mən hərbidə işləyən zaman Daşqın eləcə mənimlə, Vətəniylə fəxr edirdi. Eləcə deyirdi ki, qaqam, özünü qoru. Məndən yeddi yaş böyük idi. Məni həmişə qorumağa çalışırdı. Mən isə onun kimi qardaşa sahib olduğum üçün özümü şanslı hiss edirdim. İndi özümü onsuz çox pis hiss edirəm, sanki qol-qanadımı qırdılar.
O, çox zarafatcıl idi, heç kimin qəlbini qırmazdı, həmişə onunla ciddi zarafatlaşıb  dalaşardıq. Yaşda kiçik olmağıma baxmayaraq, onu yıxardım, sonra isə görürsən, səndən güclüyəm, deyərdim. O isə gülümsəyərdi. İndi gücsüzəm, mənim gücüm Daşqın imiş. Mən qardaşımla fəxr edirəm və indi başa düşürəm ki, o, məndən güclü imiş. Daşqınla xəyallarımız belə eyni idi: Kəlbəcərdə birlikdə toy etmək. İndi isə qardaşımın ancaq şəklini Kəlbəcərə vurublar.
Qəlbimdəki “qardaş dağı” silinməz dağdı. Gecələri onunla dərdləşərdik, indi onun yanına çox zaman gecələr gedirəm. Ona qardaş həsrətinin necə çətin olduğunu söyləyirəm. Daşqınla son danışığımızda ilk dəfə idi ki, onun səsini eşidib ağlamışdım. Dedi ki, Orxan, ağlayırsan. Dedim ki, özünü qoru. Eyni sözü o mənə dedi və son sözü mənə bu oldu: “Mən şəhid olsam, ağlama, çünki bütün Azərbaycan sənin qardaşın olacaq!”
Bu sözdən daha çox təsirləndim, pis oldum. Çünki öz canım-qanım qardaşımı itirmək istəmirdim. 5 noyabrda qardaşımın şəhid xəbərini dedilər, sanki dünyam qaraldı, inana bilmədim. Səfərbərlik bölməsinə gedib dedim ki, qardaşımı mənə göstərin. Dedilər, gəlir, bir şəhid göstərdilər, baxıb gördüm ki, qardaşım deyil, o an ümid etdim ki, qardaşım yaşayır. Sonra başqa bir şəhid gəldiyini dedilər, üzünü açdılar, baxdım ki, Daşqındır. Həmin an mən öldüm. Qardaşımı evə gətirdilər, bir gecə yanımızda qaldı, tabutunu açmağa icazə vermədim. Hər birimizin xəyalında gülər üzlü Daşqın kimi qalsın istədim... Növbəti gün qardaşımı əbədi olaraq torpağa tapşırdıq. Daşqın bir dəfə öldü, mən isə gündə min dəfə ölürəm...”

Nakam sevgi nağılı,
yaxud gürcü qızı Nananın Daşqına saf məhəbbət faciəsi
...Onlar 44 günlük Vətən müharibəsində tanındılar. Bu qısa müddət ərzində sosial şəbəkələrdə yayılan videolarını hər kəs izlədi, qovuşmaları üçün dualar edildi. Amma Daşqın Şəfiyev 5 noyabrda Laçının işğaldan azad olunması uğrunda gedən döyüş əməliyyatlarında qəhrəmancasına şəhid oldu. “30 ildir həsrətində olduğumuz torpaqlar alındı və məni alan olmadı”deyən gürcü qızı Nana Davidaşvili ilə sayt əməkdaşı söhbətləşib. Nana yeddi yaşındaikən qəza nəticəsində ata-anasını itirir, altı yaşlı bacısı ilə tək qalırlar. Qısa müddətdən sonra Gürcüstanda yaşayan Azərbaycan əsilli Nazlı Muradova ona və bacısına sahib çıxır. On il onlara ana kimi baxır və böyüdür. On ildən sonra onlar yenidən anasız qalırlar: “...Onun oğlu həbsxanada yatırdı, narkotik istifadəçisi idi. Oğlu azadlığa çıxandan sonra onlar Gürcüstandan Türkiyəyə köçdülər. İki ildir ondan xəbər ala bilmirəm. Sosial şəbəkədə nə qədər axtarsam da, tapa bilmədim. Düşünürəm ki, bizi oğlundan qorumaq üçün bütün əlaqələri kəsdi və yenidən ikinci dəfə anamızı itirdik. Ana tərəfdən kimsəmiz yoxdur, bir əmim var, Almaniyada yaşayır, biz tanımırıq. Valideynlərimizi itirəndə babam əmimə zəng etdi ki, uşaqlara sahib çıx. Onun da uşaqları icazə vermədi. Dedi ki, mənim onlara baxmağa səbrim yoxdur, aparın uşaq evinə verin. Onlar bizi istəmədi, biz də onları həyatımızdan sildik. Babam çox yaşlı idi. Üstəlik, övlad dərdi vardı...”
Nana Davidaşvilinin 19 yaşı var, hazırda Tibb Universitetinin II kursunda kardiologiya üzrə oxuyur. Bacısının 17 yaşı var. Bu yaşa kimi Gürcüstan dövləti onlara maddi dəstək verib. Hazırda Nana həkim köməkçisi kimi çalışır və tələbə təqaüdü ilə maddi ehtiyaclarını ödəyir. Çətin də olsa, məşhur videonun çəkilmə gününü xatırlayır: “Azərbaycanı çox sevirəm. Müharibə başlayanda biz də azərbaycanlı tələbələrdən narahat idik. Sosial mediadan xəbərləri izləməyə çalışdıq. Bir gün dərsdən evə gəldim ki, azərbaycanlı tələbələr sevinirlər. Həmin gün hansısa şəhər işğaldan azad olunmuşdu. Mən də sevindim. Birdən kimsə dedi ki, “30 ildən sonra Qarabağı aldılar, biz yenə evdə qaldıq, alan olmadı”.
 Bu sözə uyğun video çəkdim və gülmək üçün hekayə bölümündə paylaşdım. Kimsə videonu yüklədi və yaydı. Həmin gündən video Daşqına çatdı və o, cavab videosu çəkdi. Dostlar həmin videonu mənə göndərdilər. Videolarımız bütün Azərbaycana yayıldı. Düzü, bu qədər izləniləcəyini təsəvvür etmirdim. Əvvəli adi zarafatla başlasa da, sonu göz yaşı ilə bitdi...”
Videodan sonra Daşqını axtarmadığına çox peşmandır Nana. Deyir, axtarmağa, yazmağa  utandım: “...Şəhid olandan sonra telefonunu qardaşına verirlər. O videonu görəndən sonra məni axtarıb tapdı. Dedi ki, Daşqın şəhid olub. Həmin gün dünya başıma yıxıldı, uzun müddət özümə gələ bilmədim. Ölümündən sonra tanıdım, çox bağlandım. Daşqına üç mahnı, iki şeir yazdım. İndi Orxanla hər gün danışıram. Anası, atası ilə danışmağa çalışdım, heç birimiz danışa bilmədik, qəhər, göz yaşları imkan vermədi. Orxan yaxın dostumdur və təsadüfə baxın ki, Orxanla ad günümüz də eyni tarixdədir. Ötən il nə o, nə də mən ad günlərimizi qeyd etdik. Çox səmimi və mehriban insanlardır. Daşqının ad günündə və ildönümündə evlərinə çiçək və gül göndərdim. Onun şəhid olduğu yeri ziyarətə gedə bilmədim, buna dözə bilmərəm. Amma ən böyük arzum otağını görmək və məzarını ziyarət etməkdir. Daşqın şəhid olandan iki ay sonra ilk dəfə yuxuda görüşdük. Çən-duman idi. Daşqının üzünü aydın görə bilmirəm, ancaq səsi açıq-aydın  gəlirdi – videolardakı səs idi. Məni dağ kimi bir yerə çağırdı: “Nana, gəl...”dedi. Düzənlik, təpəliklər olan bir yer idi. Dedi: “...Kəlbəcərdi...” Soruşdum ki, burda üşümürsən? Yer ikihissəli idi: bir tərəf çiçəklərlə, bir tərəf qarla örtülü. Çiçək olan tərəfi göstərib dedi ki, “ən çox burda oluram”. Sonra balaca bir çiçək dərdi. Əlimi uzatdım ki, götürüm, vermədi. Bir daşın üzərinə qoyub dedi ki, “buzludu, isinsin, götürərsən”. Çiçəyə baxdım, bir də gördüm dumana qarışıb gedir. Sanki taleyimə itirmək yazılıb, bir də üzünü görə bilməyib, sevdiyim birini itirdim. Həyatda qovuşmasaq da, fotolarımızı proqramla birləşdirmək  də bir təsəllidir mənə...”

Ana ilə ata ayrılandan sonra...
Şəfiyeva Pərvanə (şəhidin bacısı): “3 qardaşın tək bacısı idim. Qardaşlarım mənim arxam-dayağım idilər. Mən yoldaşımdan  ayrıldım, iki övladımla birlikdə valideynlərim və iki qardaşımın himayəsində yaşadım. Evin böyük uşağı mən idim, məndən sonrakı qardaşım Eşqin evli idi. Daşqın isə evimizin ortancılı idi. Mən həmişə özümü onlarla güclü hiss etmişəm, həyata tutunmuşam. İndi isə gücümün yarısını itirmişəm. Daşqın bizə o qədər bağlı idi ki, onun kimi qardaş bir daha gələrmi yer üzünə, bilmirəm. O, sanki Allahın bizə göndərdiyi mələk idi, həyatımızın ən gözəl günlərini birlikdə keçirdik, indi biz necə xoşbəxt ola bilərik?!. Daşqının ucalığından qürur duyuram. Amma yoxluğundan acı çəkirəm.
Daşqın bir il Qazaxıstana işləməyə getmişdi. Məni ata-anama tapşırıb dedi ki, Pərişdən narahatam. İndi o, məni onsuz həyatda yaşamağa məcbur etdi. Yaşamağa məcburuq. Bəzən acılarımı gizlətmək üçün gülümsəməyə çalışıram. Üzüm hərdən gülsə belə, qəlbim onsuz qan ağlayır. Çox zarafatcıl, gözəl gülüşə sahib qardaşım var idi. Ona çox bağlanmışdım, hər axşam işdən gəlmə saatını gözləyirdim. İndi gözlərim qapıda qalır, amma o gəlmir... Eşidəndə ki, Daşqın da döyüşə gedəcək, səhəri işdə idim, gəlib mənimlə görüşəndə onu qucaqlayıb dedim: “Allah səni qorusun, özünü qoru, bizi sənsiz qoyma”. Dedi ki, erməni məni gözləmir ki, sağ-salamat qələbəylə gələcəm inşallah. Sağollaşdıq, iki-üç addım atandan sora geriyə dönüb məni təkrar qucaqlayanda ağladım. Dedi ki, səni Allaha tapşırıram.
Daşqın cavab verməsə də, hər gün ona telefonda yazdım, cəmi dörd dəfə onunla danışdım. Hər zəngində bizi Allaha tapşırırdı. Sonda şəhid xəbərini aldım, hayqırtıyla onu səsləyib ona ehtiyacım olduğunu dedim, amma o gəlmədi. Həmin gündən mən qardaşımın həsrətindəyəm...”
Mehriban Əliyeva (şəhidin bacısı qızı): “Mənim dayımla o qədər gözəl xatirələrim var ki, bunu deyəndə belə qəlbim titrəyir. Dayılarıma çox bağlı idim. İnsan da dayılarına bu qədər bağlı olarmı, bilmirəm. Anamla atam ayrılandan sonra dayılarımı özümə ata əvəzi seçdim. İstədim hər zaman yanımda olsunlar. Böyük dayım Eşqin evli idi. Amma ortancıl dayım Daşqınla kiçik dayım Orxan subay idilər. Onlara çox bağlanmışdım. Onların xətrini o qədər çox istəyirdim ki, bəzən onları başqa qızlara belə qısqanırdım. Kimsə mənim yanımda onlar haqda pis nəsə deyə bilməzdi, həmin insanla dalaşırdım.
Daşqın dayımın isə qəlbimdə hər zaman yeri xüsusi idi. Onu özümə həm ata, həm də dayı kimi gördüm. Çünki həm buna layiq insan idi, həm də yaşca məndən çox böyük idi. 17 yaş aramızda fərq var idi. İndi mənə çox çətindi. Çünki mən həm atamı, həm də böyük bir insanı itirdim. Eyni evdə qaldığımız insanın oturduğu yeri boş görmək dözülməzdi. Dayım havalar soyuq olanda tez-tez xəstələnirdi, evdə onun dərmanları belə durur, mən necə onu qəlbimdən çıxara bilərəm ki?! Bu, mümkünsüzdü...

Dərd dillənir, qəm ələnir...
Evimizin hər tərəfində xatirələrimiz var. Çox vaxtlar paltarlarını mən ütüləyirdim, yeməyini mən verirdim. İndi isə  ürəyim acı çəkir, onun paltarının qoxusunun itdiyini görəndə... Dayım işdən gələrkən bir nəfərlik yemək vardısa, onu dayıma çəkərdim, o isə əlavə yeməyin olmadığını görəndə öz payını  mənimlə bölüşərdi. Böyük qəlbə sahib idi, məhz bu üzdən də hər kəs onun xətrini istəyirdi. İndi isə onsuz həyatda özümü kimsəsiz hiss edirəm. Sanki atamı 4 noyabrda itirdim, çox çətindi. Dayımı hər zaman yaşadacam, həm də son nəfəsimə kimi...”
Film çəkilişləri zamanı sanki özüm özümlə danışaraq bunları bir neçə dəfə pıçıldadım: sən, ey əziz Daşqın, Vətən və xalq üçün etdiklərinlə, çəkildiyin videolarda da görünən saf səmimiyyətinlə hər zaman insanlarımızın ürəyində yaşayacaqsan, sayğıyla yad ediləcəksən. Ruhun qarşısında baş əyirik! Ruhun şad olsun, şəhidimiz!
Görüşümüzün sonunda şəhid anasına son sualımı verdim. Hər bir ana istəyir ki, oğul çiynində məzara getsin. Daşqın statuslarının birində yazırdı ki, geri dönsəm, tək anamın göz yaşlarına görə qayıdacağam, çünki o mənim yoxluğuma dözməz. Oğlunuz geri qayıtsa, nə edərdiniz?
Dərindən ah çəkib kədərlə cavab verdi: “Oğlum sağkən xalqımız, torpaqlarımız üçün şirin canından keçdi, bu üzdən də buna zərrə qədər peşman deyiləm, əksinə, qürur duyuram. Təəssüflənirəm ona görə ki, o hələ gənc, subay idi, bir nişanəsi qalmadı. O, ali təhsil almaq, uğrunda canından keçdiyi dədə-baba yurdunu – doğma Kəlbəcəri ziyarət etmək kimi arzularla yaşayırdı. Əgər geri dönməsi mümkün olsaydı, düşünmədən onu görmək üçün şirin canımı qurban verərdim...
Şəhid anasının əllərindən öpüb qarşısında baş əymək üçün dizlərimi yerə atmaq istəyəndə Gülnaz xanım ikiəlli qolumdan tutdu, dərhal ayağa qaldırdı məni...
Daşqının itkisinə dözməyən ana kədərini, xatirələrini şeirə köçürür, təsəllisini yazdığı lirik əsərlərdən alır. Məqalənin sonunda onun şeirlərindən nümunələri  bura əlavə etməyi özümə borc bilirəm. Bir şeirini də mənə həsr edib əziz şəhid anası...


Daşqın


Elə xətt çəkmisən üstümdən mənim,
Daha yuxuma da girmirsən, Daşqın.
Şəkillər yoldaşım, sirdaşım olub,
Mənə yaman uzaq olmusan, Daşqın.

Sənsiz qabar-qabar olubdu dilim,
Xəyallar qururam yanına gəlim,
Gəlim cənnətinə qoy səni görüm,
Məndən yaman uzaq olmusan, Daşqın.

Daha dözüm yoxdur sənsiz yaşayım,
Bu dərdi, bu qəmi necə yaşayım?
Yolumu azmışam, deyən naşıyam,
Məndən yaman uzaq olmusan, Daşqın.

Cəhənnəm odunda yanıb-yaxıllam,
Gülnaz acı çəkir, şişə taxıllam!
Bu dünyanın gedişinə baxıram,
Gen dünyamdan uzaq olmusan, Daşqın.

Dönmüsən

Bir zaman qəlbimin arzu-diləyi,
İndi alışan bir közə dönmüsən.
33 yaşındı, gəlib yaxın, yad,
İndi ah-naləyə, aha dönmüsən.

Yarımçıq qalıbdı arzu-istəyin,
Sənsiz viran qalıb gülün, çiçəyin.
Daha yox olubdu sevinc-gülməyin,
İndi göz yaşı ilə gölə dönmüsən.

Sənsiz ayrılığım qəm-qüssə olub,
Gülnazın baharı qarlı qış olub.
Günəşli gündüzüm qaranlıq olub,
Göydə bulud olub, selə dönmüsən.

Cəmiləm

Allahın verdiyi mənə payımsan,
Gündüzlər Günəşim, gecə Ayımsan.
Əlçatmaz zirvəmsən, bir mayağımsan,
Yurdum Kəlbəcərin fəxri, gözü Cəmiləm.

Sən də şəhid kimi belə doğuldun,
Vətənin dar günündə canını qoydun,
Hər şəhid ailəsinin yanında oldun,
Kəlbəcərin fəxri, gözü Cəmiləm.

Cənnətdən gəlmisən, cənnət mələyim,
Başın uca olsun belə deyəyim,
Qələmin düşməsin, canım, ürəyim,
Kəlbəcərin fəxri, gözü Cəmiləm.

Qoy Tanrı yolunu açıq eyləsin,
Qoy Zəfər marşları səninlə olsun!
Gülnazın sevincdən gözləri dolsun,
Kəlbəcərin fəxri, gözü Cəmiləm.


Cəmilə ÇİÇƏK
Tədqiqatçı jurnalist
Prezident təqaüdçüsü
27 sentyabr 2022



Kateqoriya: Kəlbəcər
Tarix: 10-11-2022 22:10
Baxış sayı: 3490
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını