"Famil dəryasından ləl tapan, sərvətlidir!"

21-08-2022 20:01
Famil Müseyibov sehrinə düşməyim, onunla ilk tanışlıqda baş verdi! Səsin eşitdim, şirin ləhcəsinə, sadəliyinə, mehribaçılığına, dürüstlüyünə, ədəb-ərkanına, özünəməxsus ağsaqqallığına və dialoq manerasına valeh oldum. Yazılarımın birində, ilk dəfə, uzaq 70-80-ci illərdə gördüyüm və yaxınlarda yada saldığım:
-jurnalist Müseyibovun nazir kostyumu, ingilis qalstuku, "Bitlz" saç düzümü, "platforma” tuflisi…
Tanıdım! Özü idi!
...Xarici görkəmi ilə daxili gözəlliyi unison idi! Uzaqdan "çiçi" gördüyüm insanın, daxilini də "çiçi” gördüm”. Bu belədi də, əvvəl hər kəs, uzaqdan çiçi görünür.
"Cırıldıqca üz qabığı, hamının içi görünür" onun çox sevdiyi Ayaz Arabaçının misralarıdır.
Uzaqdan da, yaxından da tanıdıqca onun çiçək ətirli nəfəsi, ruhu adama xoş əhvali-ruhiyyə bəxş edir.
Özü hər tərəfli "çiçi" olduğundan, özü üçün yaratdığı qayda-qanun, basılmaz qalaya, sözdən yaraqlanıb-yasaqlanmısansa belə, amma mənəviyyatın "çiçi" deyilsə, bu qalaya qiriş qəti qadağandır, özünün xatırladığı Məmməd Aslan demişkən, tərbiyəsizlikdir!
Famil Müseyibov sehrinə, könül evində, sevinc dolu, kədər dolu, söz dolu, İnsan dolu, mədənniyyət və tərbiyə dolu İnsan sarayında yalnız mənəviyyatı çiçək olan adamlar məskən sala bilər!

"Mən özüm güllü sarayda,
İçimdə Diogen yaşayır" deyir.
Görəsən kimdir bu Diogen ki, müasir və keçmiş filosoflar, şərqdən qərbədək min illər boyu yaşayan filosoflar içərisində Famil Müseyibov könlünə məhz Diogen yaxındır və məhz ona sığınacaq verib?
Famil müəllim fenomenini dəqiqliklə təhlil etmək, onun insan, şair, filosof və digər mənfi və müsbət tərəflərini çılpaqlamaq fikrində deyiləm!
Sadəcə öz şəxsi oxucu, həmyerli, dost (bilmirəm, Famil müəllim məni dost dediyimiz hansı təbəqədə görür?(Qoy FB dostu olsun deyək, hələ ki...) fikirlərimi duyduğum və olduğu kimi nəzərinizə çatdırıram. Bildiyiniz kimi Diogenə, dəyərlərin qiymətləndirilməsi və ya həddən ziyadə dəyərləndirmə peyğəmbərliyi verilmişdir.
Burada Diogenin bütün həyat və həyat tərzini, dünyaya baxışını, əsər və ideyalarını, aforizmlərini, sülaləsini və s.və i. yazmaq və təhlil etmək fikrindən uzağam. Amma Diogen fəlsəfəsinə yaxınlıq haqda bir-iki kəlmə demək istərdim.
Cahana və ya iki cahana sığmırdı Nəsimi, Diogen bir çəlləyə sığırdı.
Famil Müseyibov da, Diogen tək (elə Nəsimi tək) var dövlət hərisi deyil, azla kifayətlənən, özünü dünya faniliyinə, onun hər bir sürprizlərinə hazır olmağa öyrədibdir. İnsanlara da məhz belə müraciət edir:
-Dünya yaman hay- harayda,
Ha qov, çalış, qaç-nə fayda?”
Famil müəllimin Diogen filosofyasına yaxınlığı bir də hərdən onun özünün və digərlərinin başqalarına həddən ziyadə, uzaqdan-uzağa içinə bələd olunmamış verilən yüksək dəyərlər, təbəqələr, titullardır ki, Famil müəllimi incidir, sarsıdır, maddiyyətə verilən dəyər, mənəviyyata verilən dəyərdən üstün olanda, üzə verməsədə daxilində alovlanır!
"ÖMRÜMÜ BADA VERMİŞƏM, 
 NAŞIYA, YADA VERMİŞƏM!!!
 ...QUZUNU QURDA VERMİŞƏM—
 AĞLA, GÖZƏL, AĞLA MƏNİ...’’
Görəsən niyə heç kim fərqinə varmır ki, yüksək tərbiyə, intellekt, mədəniyyət sahibi, şair, filosof, vicdanlı bir İnsan indiyədək özünə ,"bəziləri” kimi, pafoslu ya pafossuz bir təxəllüs götürməyib? Bax Diogen ruhuna yaxınlıq budur! Özünü nə şair, yazıçı, filosof adlandırmır, onu belə adlandıranlardan da bəlkə də küsür, yüksək epitetlərə ehtiyacı olmadığından həddən ziyadə tərifləri, qırmızı xəttlə rədd edir, ən maraqlısı nəinki şairlik iddiasında deyil, hətta:
"-YOLSUZ VƏ AYAQSIZ
YERİYƏ BİLDİM;
BİR SƏRT QRANİTKƏN,
ÇÜRÜYƏ BİLDİM;
BALIQKƏN, DƏRYADA 
ƏRİYƏ BİLDİM—
ŞAİR OLA BİLMƏDİM... 

QƏLƏMDƏN, SÖZDƏN
UTANDIM!!!
ABIRDAN, ÜZDƏN
UTANDIM!
ŞAİRLƏR, SİZDƏN
UTANDIM—
ŞAİR OLA BİLMƏDİM...”
Sadəlik!Göz, könül toxluğu!
Bu yazını yazanda belə, bilərəkdən ki, böyük bir insan haqda yazıram, amma sadə formada, Famil müəllim və ya Famil Müseyibov yazanda mənə bir cür gəlir. Axı Famil müəllim ən gözəl titullara və ya təxəllüslərə layiqdir! Kövrək, incə qəlb sahibi ilə bir dəfə söhbət edirdik. Mən,  həmişə dilimə belə yatdığı üçün Füzulini, Fizuli kimi də yazmışdım. "İncidi, küsdü, danladı”məni:
-"Artıran söz qədrini sidq ilə qədrin artırar,
Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz”.(M.Füzuli)
və ya
"Məndə Məcnundan füzun aşiqlik istedadı var,
Aşiqi sadiq mənəm, Məcnunun yalnız adı var”(M.Füzuli)
Füzuli, füzun, orijinal ərəb dilində maraqlı, hər şeylə maraqlanan, hər işə qarışan kəs deməkdir. Fəzilət sözü də buradan əmələ gəlib. Füzuli sözü fəzlin nisbi sifət halında olan formasıdır. Fəzilət, əfzəl, fazil sözləri eyni kökdən gəlmişdir. Məşhur Azərbaycan şairi və filosofu Məhəmməd Füzulinin də təxəllüsü buradandır.
Bax beləcə, müəllim şagirdi başa salan kimi, Famil Müseyibov da məni çox ədəb- ərkanla bir daha məlumatlandırdı və sonda dedi ki, İlqar, axı sən sözə, şeirə,qiymət verən, hörmətli, mərhum Firudin Salehzadənin nəvəsisən, Sücaət kökündənsən və özün də söz deyə bilən, sözə qiymət verən şəxsiyyətlərdən birisən! Sənin, dahi bir şəxsyyətin adını düzgün deməməyin Füzulinin ruhuna, onu sevənlərin könlünə dəyə bilər.
Bunu sıradan bir insan desəydi, əsla ona irad tutmazdım. Amma sən...
Füzuli və Füzuliliyi mənə könül xoşluğuyla beynimə həkk etdirən Famil Müseyibovun alicənablığından məst oldum.
Qərib eldə, tək-tənha, öz komasına sığınmış, uzaqdan Vətənini, vətənDaşlarını sakitcə, sükutla seyr edir. Deyəsən ,"Don Kixot" kimi yel dəyirmanları ilə mübarizə aparmaqdan yorulub. Ümumiyyətlə,  hər bir mübarizədən əl çəkib. Özü dediyi kimi, durumu melanxoliyadır
Səbəb isə addım başı haqsızlıqlar, qəribçilik, Vətənsizlik, qeyri-müəyyənlik, rənglərin, təbəqələrin, qalxan və enənlərin, şəffaflığın və çirkablığın və s.və s. yer dəyişməsidir.
Sükutunun belə, başa düşülməməsi könlünə dəyir, ürəyini sarsıdır, amma ehtinasızlıqdan, mühtilikdən rahatlıq tapır...    
"DAHA HƏQİQƏT VƏ ƏDALƏT AXTARMIRAM.
VƏ, DEYƏSƏN YAVAŞ-YAVAŞ RAHATLAŞIRAM DAXİLƏN...”
və ya 
"BİR ÖMÜR CAN QOYDUM, BƏLAĞƏT ELMİNDƏ UĞUR ƏLDƏ EDƏ BİLMƏDİM. 
İNDİ İSƏ SUSMAĞI BACARMAQ ELMİ İLƏ MƏŞĞULAM... "
Famil Müseyibov, tərəzinin düz çəkmədiyini, alanın da-satanın da, aldadanı da-aldanılanı da görür, müasir igidliyi, qəhrəmanlığı çox dəqiq təsvir edir…
...İNDİ İSƏ TAMAM BAŞQA CÜR DÜŞÜNÜRƏM:
 -BAŞINI QORUYA BİLƏNLƏR -İ G İ D D İ R
 -ABIRINI QORUMAĞI BACARANLAR İSƏ -
Q Ə H R Ə M A N !!!   
Dostu, ürək sirdaşı, qardaş dediyi daha bir qərib şair həmyerlimiz mərhum Vaqif Səlimov dünyasını dəyişəndə, Famil müəllim (əzizini itirdi, sözsüz)sanki, ayı, günəşi itirdi, axrıncı dayağını itirdi! Bu faciə haqda, onun statusunda Cəfər Cəbbarlı poeziyasından ələmli müraciəti, həşiri, ağrısı, hönkürtüsü, hıçqırığı, gücsüzlüyü, Famil Müseyibov fəryadını bizlərə bəyan etdi:
-Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn! 
Atıl cahana sən, ey ildırım, alış, parla! Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl! 
Sön, ey günəş, yağışın yağdır, ey bulud, ağla!
…Rəhmətlik Atam dünyasın dəyişəndə, mən də bir status paylaşmışdım.Yazmadım ki, Atam dünyasın dəyişib, bir kəlmə də! Amma içimin fəryadını, hönkürtüsünü, tufanını, fırtınasını Nəsiminin sözləri ilə ifadə etdim.
O anlar,halımı bundan füzun silkələyəcək, insalara çatdıracaq, ah-naləmin, fəryadımın başqa sinonimini daha dəqiq ifadəsini xatırlaya bilmədim:
-Ey müsəlmanlar, bugün ol yari-pünhan ayrılır,
Ağlamayım neyləyim, çün gövdədən can ayrılır.
Ol səbəbdəndir ki, mən bimarü rəncur olmuşam,
Xəstə könlüm mərhəmi şol dərdə dərman ayrılır.
Rəngi-çöhrəm zərd olubdur, qamətim həm çün hilal,
Ol günəş üzlü həbibim, ləli xəndan ayrılır.
Məhşəri-yovmül-hesab qopdu qiyamət başıma,
Ey Yusif surətli, məndən piri-Kənan ayrılır”
Əzizini, gözünün işığını, dostunu, sirdaşını, dayağını itirən hər kəs öz itkisini, daxili iztirabını ancaq belə ifadə edə bilər!
Onun daxili çırpıntılarını nə vaxtsa başqalarının ifadə etdiyi ali deyimlərlə!
Mənə Famil Müseyibovu sevdirən nədir?
Niyə bu İnsana qarşı hədsiz hörmət bəsləyirəm?
Mənə elə gəlir ki, (yox əminəm) Famil Müseyibov Sücaət, Məmməd Aslan, Bəhmən Vətənoğlu, Əli(Qurbanov) Dastançı kimi və bənzər şəxsiyyətlər cərgəsindən olan sonuncu maqikandır!
Ona görə onu görməyə və onların(ruhları şad olsun)həyatdakı poeziya, insanlıq, kişilik, mərdlik, təəsübkeşlik, alicənablıq digər insani keyfiyyət ətirlərini onda görməyə, ondan almağa həris qalmışam.
Əminəm ki, Famil Müseyibovla görüşüm baş tutsa,(inşəallah tutacaq, əminəm)ona hopan o ali ruhlardan və onun öz poetik və insani keyfiyyətlərindən müvəffəqiyyətlə bəhrələnəcəyəm!
Ha çalışıram ki, bu yazımı şən notlarla yekunlaşdıram, nə isə alınmır.
Heç alınmaz da!Çünki son zamanlar kövrək, hər şeyə qarşı həsas olan Famil müəllimə həsr etdiyim "şeir” sonda olmalıdır!
Elə bu məqalənidə mənə tez yazdırmağa məcbur edən həmən şeir oldu. Qəribçilikdən, dost itkisindən, vətənsizlikdən özünü doğmaları arasında belə, sanki tənha hiss edən Famil Müseyibov mənə dedi ki, İlqar məni tək qoyma, tez-tez zəng elə, ara məni, sözə-söbətə, səninlə danışmağa etiyacım var!Bilirəm ki, Famil müəllimin iyirmiyə yaxın dostu, sirdaşı, ürək həmdəmi var ki, onlarla söhbətdə bir təsəlli tapır, ruhlanır, sevinir və xoşbəxtəm ki, mən də o insanların arasındayam. Və əslində bu "şeir müraciət" həmən dostlaradır. Heç bilmirəm bu yazının adını nə qoyum. Uzun bir yazı alınsa da, çoxları belə oxumasa da, Famil müəllim və özünü o iyirmi dostun içində görənlər oxusa bəsimdir!
Arzularım çoxdur!
Əvvəla, allah Famil müəllimə şəfa, uzun ömür, sağlam can versin, Kəlbəcərli uzun illər bəxş etsin! Daima doğma və əzizlərinin, sevdiklərinin əhatəsində, başlarının üstündə olsun!
Məni çox məcbur etdi "siz” yox "sən” deməyə. Amma aşağıda oxuyacağınız ithaf "Sən" oldu. Məni üzürlü sayın əziz insan!
Əziz Famil müəllim, inşallah tezliklə görüşmək arzusu ilə, sədaqətli dostunuz

İLQAR ORDUXANLI 
SANKT-PETERBURQ şəhəri
17.06.-19.08.2022

Qərib ruhu, qərib diyarlar gəzən,
bir insan var bu dünyada!
Tənhalığı sözdə sevir,
Sözə, İnsana ehtiyacı var amma.
Ona Sözsüz, İnsansız qalmaq olmaz
İnsandan doymaz, Sözdən doymaz!
Tələsin!
Sizdə ondan doymayın!
Famili tək qoymayın! 

****
Kövrək ürəyi gül tarlasıdır,
Söz dəryasıdır!
Hamı ordan gül dərməyə dəvətli, 
Famil dəryasından 
ləl tapan, sərvətlidir!
Qorxmayın dərin o güllərdən,
kökü yerində qalır,
Dərya verdiyini geri almır!
Varlığa nə darlıq,
yığın, yığışdırın,qurtaran deyil.
Tələsin!
Təki onu anın!
Famili tək qoymayın! 

****
Dağdır ki, dözür,
itirdikləri onu üzür!
"Diogen tək oturub çəlləkdə”seyr edir dünyanın ağıllısın da, dəlisin də!
Tələsin! 
Xoşbəxtdir tanıyan, dərk edən bu aqili!
Tək qoymayın Famili!

****
Tez-tez hal-əhval tutun, düşün Famil sehrinə, hər şeyi unudun,
Yaxını, uzağı,
atam-qardaşım,
gözləməyin gələn ayı,
gələn ili!
Tələsin! 
Tək qoymayın Famili!

Dalidag.az



Kateqoriya: Kəlbəcər
Tarix: 21-08-2022 20:01
Baxış sayı: 4521
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını