Reklam
"Qurban bulağı"ndan çağlayan söz sərvətinin tədqiqi
09-02-2021 22:35
İlhamına güvəndiyimiz İlham Məmmədlinin Kəlbəcərin ədəbi dünyasını daha geniş şəkildə tədqiqi nələri üzə çıxardıb, bilirsizmi?
Ədəbi aləmin yenilikləri ilə tanış olmaq imkanını verən vasitələrdən biri də təbii ki, oxucu auditoriyasına yenicə çıxarılmış nəşrlərdir. Doğrudur, ictimai-iqtisadi formasiyaların yerdəyişməsi dövründə (oxu: keçid dövrü-M.N. ) bu sahənin də özünəməxsus promlemləri mövcud idi. Son illər adıçəkilən sahədə, konkret olaraq, kitab nəşrində nizam və mizan-tərəzinin yaranmamasının şahidiydik. Oxucu zövqünü korlayan, heç bir ictimai əhəmiyyət kəsb etməyən, bayağı dil və üslubda, zəif yazılmış «əsər»lər imkan vermirdi ki, oxucu öz zövqünə uyğun bədii əsərləri seçə bilsin. Lakin, bununla yanaşı, elmi və ədəbi tədqiqat sahəsində xeyli ürəkaçan faktları da az deyil. Gənc nəslin ədəbi aləmə öz sözü və izi ilə gəlməsi təqdirəlayiqdir.
Uzun müddət açılmamış, oxunmamış, yəni ədəbi tədqiqatın diqqətindən kənarda qalmış bölgə ədəbiyyatına qayğının artması milli-mənəvi dəyərlərimizə sahib durmaq baxımından olduqca təqdirəlayiqdir. Filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədlinin iyirminci yüzilliyin Azərbaycan ədəbi prosesinin orijinal qollarından olan Kəlbəcər ədəbi mühitinin ədəbi-tarixi qaynaqları, onun bədii özəllikləri, ayrı-ayrı nümayəndələrinin yaradıcılığının tədqiqinə həsr olunan «XX əsr Kəlbəcər ədəbi mühiti» monoqrafiyası isə xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan mətbuatında peşəkar jurnalist kimi imzasını təsdiqləmiş İlham Məmmədli təkcə oxucu auditoriyasına çıxardığı, elmi ictimaiyyətin nəzərinə çatdırdığı bu monoqrafiya ilə bir daha təsdiqlədi ki, Kəlbəcər ədəbi mühiti Azərbaycan ədəbiyyatının ayrılmaz bir parçası olaraq, özünəməxsus inkişaf yolu keçmiş zəngin ədəbi nümunələrə, fərqli bədii çalarlara, yüksək estetik qaynaqlara malik əvəzsiz mədəni sərvətlərimizdəndir.
Yeri gəlmişkən, həmin monoqrafiyanın «Giriş»ində də qeyd edildiyi kimi, Azərbaycan ədəbiyyatşünaslığında Bakı, Təbriz, Tiflis, Borçalı, Naxçıvan, Qarabağ, Şirvan, Göyçə, Gəncə və digər bölgələrin ədəbi mühitləri lazımi qədər araşdırılıb elmi dəyərini alsa da, zəngin potensiala malik bir sıra mənbələr hələ də ciddi tədqiqatdan kənarda qalıb ki, onlardan biri də Kəlbəcər ədəbi mühitidir. Doğrudur, Kəlbəcərdə doğulub, boya-başa çatmış, yazıb-yaratmış ayrı-ayrı müəlliflərin bədii yaradıcılıq nümunələri pərakəndə şəkildə olsa belə, toplu və almanaxlarda çap olunsa da, kütləvi xarakter almadığından, demək olar ki, bölgənin ədəbi aləminə işıq salınmamışdır. Burada yaranan folklor nümunələrinin ötən əsrin otuzuncu illərindən başlayaraq tədqiq olunmağa başlanmış və bəzi almanaxlarda nəşr edilmişdir. Lakin bu, heç də bölgə ədəbi mühitinin tədqiqi demək deyildi. 1984-cü ildə Əhliman Axundovun tərtibatında nəşr edilmiş «Azərbaycan aşıqları və el şairləri» kitabında Ağdabanlı Qurban, Aşıq Şəmşir, Molla Nəbi (Dilsuz), Bimar Əli, Şair Firudin, Salman Uğurlu və Zal Cabbarlının yaradıcılığından nümunələr (bir-iki şeir, dastan) və avtobioqrafik göstəricilər verilmişdir.
İlham Məmmədlinin apardığı ədəbi tədqiqat isə göstərir ki, XX əsr Azərbaycan ədəbiyyatının tanınmış simalarından sayılan Dədə Şəmşirin yaradıcılığı Kəlbəcərdə doğulmuş digər şairlərinkindən fərqli olaraq, daha geniş şəkildə diqqət çəkmiş və onun ilk şeirlər kitabı Osman Sarıvəllinin redaktorluğu ilə hələ 1959-cu ildə Azərbaycan Elmlər Akademiyası tərəfindən nəşr edilmişdir. 1971-ci ildə ustad sənətkarın «Qoşmalar»ı, iki ildən sonra isə «Seçilmiş əsərləri» işıq üzü görmüşdür. Sonrakı illərdə Aşıq Şəmşirin bədii irsi tədqiqat mənbəyinə çevrilmiş, monoqrafiyalar yazılmışdır.
Kəlbəcərdə hələ də öz tədqiqini gözələyən yaradıcılar az deyil ki, onlardan biri də XIX əsrin otuzuncu illərində dünyaya göz açsa da, dövrün iztirabları dünya işıüına kor qoyan və elə el-obada «Kor Bəsti» kimi məhşurlaşan Aşıq Bəstinin irsi folklorşünas-alim Sədnik Paşayev tərəfindən toplanaraq 1968-ci ildə «Lalə», 2001-ci ildə «Bənövşələr» adı ilə çap edilib.
Ağdabanlı Qurbanın da bədii yaradıcılıq nümunələrinin əldə olunanlarının toplanaraq oxuculara çatdırılmasında Sədnik Paşayevin xidmətləri böyük olmuşdur. Belə ki, Kəlbəcərdə zaman-zaman yaranan, lakin yazılı ədəbiyyata köçürülməyən folklor nümunələrinin toplanmasında əvəzsiz xidmətlər göstərmiş Sədnik Paşayev 2000-ci ildə «Getmə» adlı şeirlər kitabı ilə bir daha təsdiqlədi ki, Ağdabanlı Qurbanın irsi tədqiq olunmalıdır.
Bir sözlə, adıçəkilən monoqrafiyanın nəinki elmi, ədəbi dəyəri də böyükdür. Müəllif bununla təkcə doğulduüu yurdun ədəbi aləminə deyil, eyni zamanda Azərbaycan klassik aşıq ədəbiyyatının qaynaqlarının tədqiqinə vətənpərvərlik qayğısını ortaya qoymuşdur.
İlham müəllimə həm bir filoloq-alim, həm tədqiqatçı, həm də jurnalist kimi (o, eyni zamanda «Bütöv Azərbaycan» həftəlik qəzetinin redaktorudur) fəaliyyətində uğurlar və yeni-yeni nailiyyətlər diləyirəm.
İlham Məmmədlinin bu gün dünyaya gəldiyi gündür. Kəlbəcərdə olarkən, əlbəttə, bu gün onun və ata-anası üçün qeyri-adi olub, həyatında hələ çox şeylərin şahidi olmasa da, cənnət Kəlbəcərin və onun da zirvələrinin birində yurda çevrilən Bəzirxana kəndinin əsrarəngiz gözəllikləri ilə gözlərinə sığal çəkərdi. İlk əlinə qələm alanda da o zirvələrdən şəfəq kimi boylanırdı. Deyim ki, İlham Məmmədli hələ orta məktəbdə oxuyarkən mən Kəlbəcərdə çıxan “YENİLİK” qəzetinin əməkdaşı idim. O zaman, hələ İlham Məmmədli jurnalistika sahəsinə qədəm basmamış, ədəbi ictimaiyyətdə tanınmasa da, redaksiyaya təqdim etdiyi bir məqaləsi (“Sal qayalar, lal qayalar” adlı) redaksiyada müzakirəyə səbəb olmuşdur. Bir məktəblinin tədqiqatında və təqdimatında Kəlbəcərin tarixi ələnir, qayalar dil açıb danışırdı. Həmin məqalə qəzetimizin ən oxunaqlı yazılarından biri kimi, uzun müddət müzakirə obyektinə çevrilmişdi.
Deməyim odur ki, İlham Məmmədlinin araşdırmaçı, tədqiqatçı olması da genetik qabiliyyət və istedadından irəli gəlirdi. Mən o vaxtlardan hiss edirdim ki, qələm dostum ədəbiyyatçı və tədqiqatçı kimi özünü təsdiqləyəcək. Şükür, bunun şahidiyəm.
Bu gün ömrünündaha çox işgüzar, barlı-bəhrəli dövrünü yaşayır. Kənd uşağını alim kimi təbrik eləmək, yaradıcılığından barınmaq-bəhrələnmək təkcə ailələrinə düşməyib, el-obamız, cəmiyyətimiz, ədəbi və elmi ictimaiyyət də İlham Məmmədlinin ilhamının işığına, nuruna boyanan ömründən pay alır. O, folklor dünyamızın araşdırmaçısı, tədqiqatçısı kimi vacib bir sahəyə həsr edib yaradıcılığını. Təkcə elmə deyil, ədəbi , bədii publisistika, jurnalistika da İlham Məmmədlinin ömrünün mənasına çevrilib.
Uğurlar olsun, eloğlu!
Sizinlə yalnız şəxsən sizi tanıyanlar deyil, qələm dostlarınız, alimlərimiz, elmi və ədəbi aləmin tanınmış simaları da qürur duyur, yalnız alimliyinizlə yox ha, ilk növbədə şəxsiyyətinizlə! Şəxsiyyətiniz bübarək, əziz qələm dostum, eloğlum!
Məhəmməd Nərimanoğlu
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 09-02-2021 22:35
Baxış sayı: 3685
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23