Ümidin saz sevinci- Kəlbəcərli sazbəndin sürpriz hədiyyəsi

18-04-2020 15:58
Ustad oğlu şəyird olmaz: Asif Əlişoğlu da bu müqəddəs yolu davam etdirir.
Mən Kəlbəcərin dünəni ilə nəfəs alanlardan, bugünün ağrı-acılarına birtəhər tablaşıb özünə çörək qazanan kəlbəcərlilərin könül dünyalarının qapısını vaxtlı-vaxtsız döymüşəm, həmişə də qapısını açanın gülər üzünü görmüşəm. Belə kəlbəcərli ailələri barmaqla saymamışam.
Tanıyanların mənə səmimiyyətindən başgicəllənməsi tapmamışam, əksinə, onlara qələmimlə, kəlməmlə, ürəyimlə xidmət etməyi özümə borc bilmişəm.
İstedadlılar məni daha çox çəkib. Belə ailələrdən biri ilə hələ Kəlbəcərli günlərimizdən tanış idim. Orta məktəbdə oxuyanda Zahid Əliş oğlu Quliyev sinif yoldaşım oldu. Sonra Aşıq Şəmşir adına Kəlbəcər rayon mədəniyyət evində atası, ustad, sazbənd-aşıq Əliş Quliyevi tanımışdım. Kəlbəcərdə ilk Uşaq Aşıqlar və “Sazçı qızlar” ansambllarını yaradan ustad Əliş Quliyevi deyirəm. O zaman böyük oğlum Sənan dünyaya gəldiyi 5-6 ay olardı. Saz musiqisinə heyranlıqla qulaq asar və uyuyardı. Bunu bilən ustad Sənan balasına bir saz hədiyyə etdi. Həmin cürə saz Kəlbəcərdən Sənanın qucağında gəlib Bakıya çıxan evimizdən və Kəlbəcərimizdən yeganə yadigarımız oldu.
Aşıq Əliş Quliyevin (Allah rəhmət eləsin, yeri behişt olsun, amin) balaları ilə burada qardaşlığı-dostluğu yaşatdıq. Dərdli dərdlini tez anlar. Mən Əliş əminin övladlarından ikisinin (Yusiflə Asifin) onun müqəddəs sənətini məhəbbətlə yaşatdıqlarını gördüm. Yalnız mən yox, kəlbəcərlilər və gəncəlilər hər iki qardaşın fitri istedadları ilə yanaşı, zəhmətkeşliklərini də gördülər. Yusif müəllim məktəbyaşlılara saz sənətindən (aşıqlıqdan) dərs deyir, Asif isə Kəlbəcər Uşaq İncəsənət Məktəbinin müəllimi olmaqla bərabər, boş vaxtlarını da sazbəndliyə (atasından qalma yadigarı) həsr edib. Barmaqları qızıl olan Asif Quliyev bu sənətə verdiyi məhəbbətlə dünyanı dolaşır və saza sevgisini yayır. Düzəltdiyi sazın səs-sorağı, az qala, bütün Şərq dünyasını dolaşır.
Bax belə, ötən ilin yay aylarında Asif müəllimlə həmsöhbət olmaq, ondan-yaradıcılığından yazmaq üçün evinin zirzəmisində (havasız bir yerdə)-emalatxanasında görüşdük. Az vaxt ərzində Asif Quliyevin qonaqlarının ardı-arasının kəsilmədiyini görüb sevindim. Qəlbimdə saxladığım bir sirri, umacağı ona bildirdim:“Kəlbəcərdə Əliş əmi Sənana bir cürə bağladı, böyük oğlum onu Kəlbəcərin yadigarl kimi burada da sevə-sevə qoruyur (o zaman Sənanın da 2 yaşı vardı), indi də Kənanımın iki yaşı olacaq bir balası var - Ümidimizi cücərdən balam. O da saza vurğundu babaları, əmisi kimi. İstərdim ona bir cürə də Asif əmisi bağlasın-düzəltsin”...
Əli ilə alnından puçur-puçur axan tərini silən Asif müəllim əlini gözləri üstə qoyub dedi:
-Gözlərim üstə! 2 yaşına Ümid balaya bir orta saz düzəldəcəm.
Söz bununla bitdi.
Dünən Gəncədən Ümidin nənəsi vatsapla Ümidin saz sinəsində şəklini və videosunu mənə yollayıb. Sevindiyindən balam bilmir ki, nə etsin. Mənə baxıb (telefona) elə sazı çalır ki, elə bil ustaddır. Həmin şəkillərdən də paylaşacam.
Sözüm nədir? Asif müəlllim dünən özü sazı Ümidə göndərib! Həm də necə? TƏMƏNNASIZ!
Anlayırsızmı? Məni kövrəltdi qardaşımın, ustad oğlunun bu səmimiyyəti, ata ruhuna hörməti, dostcanlılığı!
Bilirsiz? Əziz dostlar, vallah o qədər sənət-peşə, qələm və söz adamlarından yazmışam ki. O qədər şəhid ağısı yazmışam, kitablar bağlamışam ki. Birindən bir çürük qoz da təmənnam olmayıb, nə də təklif edənlər. Mən ustad Əliş əmidən və onun ölməz sənət yolunu davam etdirən Asiflə Yusif balalarından məqalə yazmışam, vəssalam!
Bunu qardaşlar atalarının ruhuna böyük hədiyyə hesab edərək, sazı Ümid balama hədiyyə ediblər! Mən özüm də saz hədiyyə eləmişdim vaxtilə bir qohumuma, Rusiyaya aparması üçün. Amma mənə bununla üçüncü dəfədir ki, saz hədiyyə olunur: Kəlbəcərdə ustad-sazbənd Aşıq Əliş Quliyev, Bakıda şair dostum Yusif Hüseyn (bir gün Yusif Hüseyn köhnə jiqulisi ilə Xırdalandan bizə - Müşfiqabada gələcəyini telefonla bildirdi. Gəldi ki, sazını da qara köynəkdə gətirib. Bildirdi ki, sazdan ötrü dəli-divanəyəm və evdə sazın yoxdu. Dedi ki, qardaş, mənim kitablarımın buraxılmasında çox əziyyətlərin olub. Mən də bu sazı sənə bağışlayıram, Güllər xala sazsevəndi, şair ruhludu. Çalarsan, Güllər xala da şeir deyər) və bir də Asif müəllim: Asif Əliş oğlu Quliyev!
Mən buradan həm Əliş əmiyə Allahdan rəhmət, Yusif Hüseynə və Asif Quliyevə cansağlığı diləyirəm! Var olun, dostlar! Saz birlik, həmrəylik və Türkçülük deməkdir! Tanrı sizi-bizi, bütöv dünyamızı qorusun!
Evlərinizdən saz səsi əskik olmasın! Payınız çoxdur, əzizdir, şirindir, dəyərlidir! Heç bir maddi dəyərlə sazı ölçmək olmasa da! Mən də bu sazın əvəzini heç vaxt çıxmağa çalışmayacağam, qabiliyyətim yetərsə, Asif müəllimin qulluğunda daim qul olacağam!
Əllərinizdən öpürəm, Asif Quliyev! Əzizimiz, Ümid balamızın babalarından biri – DOSTu TOFİQ NƏSİBOĞLUNUN yaddaqalan bir sağlığı var: “BİR UCU BAKI, BİR UCU GƏNCƏ” hamımızı Tanrı qorusun! Zəhmətinin bəhrəsini şirin ağızla yeyəsən, qardaş!

Məhəmməd Nərimanoğlu
Dalidag.az



Kateqoriya: Kəlbəcər
Tarix: 18-04-2020 15:58
Baxış sayı: 41 201
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını