"Əxlaqi Nasiri" necə yarandı- Nəsrəddin Tusi haqqında

05-10-2019 19:24

Məhəmməd ibn Həsən Nəsrəddin Tusi (Nəsrəddin Tusi) ensiklopedik alim — filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi və hüquqşünas olmuşdur.

Aldığı hərtərəfli və dərin biliklər Məhəmmədi az bir vaxtda elmi mühitdə məşhurlaşdırmışdır. Hələ gənc yaşlarından etibarən o, bir sıra hökmdarların diqqətini cəlb edmişdir. Otuz yaşında ikən Kuhistan ismaililərinin rəhbəri Nasrəddin Möhtəşəm onu sarayına qonaq çağırır və gənc alimdən əxlaq barədə kitab yazmasını xahiş edir. 1235-ci ildə Nəsrəddin Tusi sonralar ona dünya şöhrəti gətirən və bir çox dillərə tərcümə olunan məşhur "Əxlaqi Nasiri" əsərini tamamlamışdır. Öz dövrünün bir çox alimləri kimi, Nəsrəddin Tusi də elmin müxtəlif sahələrini dərindən mənimsəmişdi. Onun qələmindən çıxan yüzdən artıq ciddi əsər elmin astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və digər sahələrinə həsr olunmuşdu. Bununla belə Nəsrəddinin yaradıcılığından astronomiya və riyaziyyat üzrə tədqiqatlar xüsusi yer tutur. Tusi bu sahələrdə aparılmış iyirmidən artıq uğurlu araşdırmanın müəllifidir. Riyaziyyata həsr etdiyi əsərlər yalnız ərəbcə, astronomiya üzrə tədqiqatları isə həm fars, həm də ərəb dillərində yazılmışdır. Riyaziyyatçı alimin ən məşhur əsərləri arasında "Şəklül-qita" («Bütöv çoxtərəfli haqda risalə), „Came'ül-hesab“ (»Lövhə və tozun köməyi ilə hesab toplusu"), «Dairənin ölçüsü», «Təhrir Öqlidis» («Evklid „Başlanğıc“ının təsviri») kimi kitablar xüsusi yer tutur. Dörd hissədən ibarət «Zici-İlxani» ("İlxanilərin astronomik cədvəlləri") əsəri isə alimin adını dünya astronomiya tarixinə salmışdır.

Çağdaş tədqiqatçıların bir çoxu Nəsrəddin Tusini hər şeydən öncə, riyaziyyatçı hesab edir. Onun əsərləri yalnız Şərqdə deyil, həmçininAvropada həndəsə və triqonometriyanın inkişafında mühüm rol oynamışdır. 1594-cü ildə Romada ərəb, sonra isə latın dilinə tərcümədə çap olunan «Evklid „Başlanğıc“ının təsviri» əsəri Tusi ideyalarının Avropada yayılmasında böyük iş görmüşdür. Alimin beş kitabdan ibarət yazdığı «Bütöv dördtərəfli haqqında risalə» də Avropada triqonometriyanın inkişafında əhəmiyyətli rol oynamış əsər kimi məşhurdur. Dünya elmi tarixində ilk dəfə bu əsərdə triqonometriyaya müstəqil elm sahəsi kimi yanaşılır. Bu risalə ingilis, rus və fransız dillərinə çevrilmişdir. Nəsirəddinin cəbr sahəsində araşdırmaları içərisində bütün dərəcələrdən kökalma metodu və Binom düsturu daha çox tanınır. Bundan başqa alimin tarixə, minerologiyaya, fizikaya, tibbə, iqtisada, coqrafiyaya, musiqiyə və təbii ki, astronomiyaya dair çoxsaylı əsərləri də diqqətə layiqdir. Bunların arasında «Bağdadın tarixi», "İşığın əks olunması və sınması haqda risalə", «Evklid optikası», «Göy qurşağının öyrənilməsinə dair risalə», «Qiymətli daşlar haqqında kitab», «Tibb qanunları», «Dövlət maliyyəsi haqqında risalə», «Xoşbəxt günlərin seçilməsi» (astrologiya) və başqa əsərlərin adı çəkilə bilər.

Onun əsərləri dünyanın müxtəlif nöqtələrinə səpələnmişdir. Bunlara: Bakı, Paris, Berlin, Vyana, Oksford, Kembric, Leypsiq, Münhen, Florensiya, Qahirə, İstambul, Moskva, Sankt-Peterburq, Kazan şəhərlərinin muzey və kitabxanalarında rast gəlmək mümkündür. Tusi Şərq dünyasında Marağa rəsədxanasının banisi kimi tanınmış və xüsusi rəğbət qazanmışdır.

Dalidag.az



Kateqoriya: Karusel / Mədəniyyət
Tarix: 05-10-2019 19:24
Baxış sayı: 31 432
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını