Reklam
Kəlbəcər kəlbəcərlilərin yaddaşında və kitabların səhifələrində
16-02-2024 19:45
Məhəmməd NƏRİMANOĞLU,
“Tərəqqi“ medallı tədqiqatçı-jurnalist.
“Tərəqqi“ medallı tədqiqatçı-jurnalist.
Qarşımda daha bir kitabın materialları var. Xatirələrdən, eləcə də yaddaşda qalan maraqlı hadisələrdən ibarətdir. Məncə, belə kitablar tariximizi, milli mədəniyyətimizi, etnoqrafiyamızı, sosial-məişət şəraitimizin öyrənilməsi, yazılmamış qanunların nəsillərdən-nəsillərə yaşadılması baxımından olduqca dəyərlidir.
Yaxşı yadımdadır. 1996-cı ildə Ulu Öndərimiz Heydər Əliyev bir qrup kəlbəcərli ziyalı ilə görüşündə demişdir ki, bu gün imkan var, tariximizi yazmağa və gələcək nəsillərə olduğu kimi yadigar saxlamağa. Məhz mən həmin görüşdən dərhal sonra “Ümid işığı” kitabımı qələmə aldım. Orada Kəlbəcərin ötən əsrin 80-ci illərindəki bütün sahələrdə inkişafı ilə yanaşı, 90-cı illərin əvvəllərində Ermənistanın təcavüzkar siyasəti nəticəsində 5 il mühasirə həyatı və işğala məruz qalması, kəlbəcərlilərin doğma yurd-yuvalarından məcburi şəkildə didərgin salınaraq, qaçqın-köçkünə çevrilməsindən söz açılır. Ümummilli Liderin kəlbəcərlilərlə görüşdəki dəyərli nitqi də dərc edilmişdir.
Məhz həmin görüşdən sonra “Kəlbəcər: Azərbaycanın qala qa-pısı” kitabım işıq üzü gördü ki, burada da doğma yurdumuzun ta-rixi və son illərin qanlı-qadalı hadisələri ensiklopedik şəkildə öz əksini tapmışdır.
Kəlbəcərlilərin hər biri ədəbiyyatı, doğma ana dilini çox sevir. Bunu son illər bir-birinin ardınca çap etdirdiyimiz “Kəlbəcər: yüz şairin bir kitabı” və “Kəlbəcər: sazın-sözün harayı” antologiya və almanaxları da təsdiq edir. Hər iki kitabda 500-dən artıq kəlbəcərli qələm adamının bədii, poetik, lirik düşüncələri nəzm şəklində dərc edilmişdir.
Sevindirici haldır ki, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin Kəlbəcər bölməsi də fəaliyyət göstərir və neçə-neçə gənc qələm adamları birliyin fəal üzvü kimi tanınır.
Məqsədim Kəlbəcərin ədəbi dünyasından söz açmaq deyil. Bütün bunlardan sonra onu da etiraf edim ki, həmin antologiyalardan savayı, yüzlərlə kəlbəcərli müəllifin kitabları işıq üzü görüb. Həm də onları müəlliflərinin heç də hamısı dilçi, ədəbiyyatçı, filoloq deyil, müxtəlif sahələrin, peşələrin mütəxəssisi kimi tanınırlar.
Budur belə müəllflərdən birinin də xatirələrinin toplandığı kitabın son səhifələrini oxuyub, dərindən nəfəs alır və sevinirəm ki, Tanrımız kəlbəcərliləri istedadlı, təbli yaratmasaydı, bu cənnət-məkanı olduğu kimi kimlər vəsf edəcəkdi? Çünki, nə Dədə Şəmşirimiz var, nə Ənvər Rzamız, nə Bəhmənimiz, nə Sücayətimiz, nə Qəmkeşimiz, nə Seyid Əlimiz...
Kəlbəcərin bəxti onda gətirib ki, el-obalarımızda boy atanların hamısı bu ulu ozan yurdunu canı-qanı qədər sevir və təbli, ilham-lılarının yaradıcılıqlarında ana xətt məhz Kəlbəcər mövzusudur, Vətən, Torpaq, Yurddur!
Əli Kazımovu Kəlbəcərdə müxtəlif səlahiyyətli vəzifə adamı kimi tanısaq da, onun müəllimlikdən yüksəldiyini yaxşı bilirdik. Yalnız onu bilmirdik ki, Əli müəllimin də qəlbində yurd həsrətli düşüncələr kamillik dövründə ipə-sapa düzülər, xatirələr bədii-publisistik dil açarmış. Haradan biləydik?
Demək, Kəlbəcəri itirdikdən sonra bu ulu yurdun qədri daha çox bilindi: kimisi qələmi, kimisi də səxavətliliyi ilə bunu təsdiqlədi. Kəlbəcər haqqında qələmə alınan kitablar da adlarının çəkilməsini istəməyən kəlbəcərli eloğlularımızın maddi dəstəyi ilə işıq üzü görüb.
Budur daha bir kəlbəcərli ziyalımızın yaddaşında qalan, xatirəyə çevrilib dil açan yazılardan ibarət “Kəlbəcərli-Kəlbəcərsiz günlərdən XATİRƏLƏR”ini oxuyur, həm kədərlənir, həm də sevinirəm. Kədər hissi ona görə məni çulğayır ki, zaman-zaman Kəlbəcər və kəlbəcərlilər necə də gözdən-nəzərdən uzaq düşüb. Yiyəsi olmayıb. Kəlbəcərlilərin mənəvi dünyasından xəbər tutulmayıb. Nə yaxşı ki, Əli Kazımov kimi müəllimlərimiz var imiş ki, ətrafında cəm olan dəyərli ziyalılarımızla Kəlbəcəri xalqımıza tanıda bilirlər, buna çalışırlar.
Əli Kazımovun “Kəlbəcərli-Kəlbəcərsiz günlərimdən XATİRƏLƏR” kitabı bu baxımdan sanballı bir topludur. Kitabın girişindən son səhifəsinədək qələmə alınan yazıların qayəsi Vətəni və vətəndaşı xalqa təqdim etməkdir. Burada yalnız Əli müəllimin şəxsi həyatı və fəaliyyətinə deyil, ümummilli məqsədlərə aydınlıq gətirilir. Hər xatirədəki ictimai mahiyyət ilk baxışdan diqqəti çəkir.
Əli Kazımovun həyat və fəaliyyəti ilə bağlı kitabda olan səhifələr sanki bir bədii nəsrdir. Demək, ruyaziyyatçı-fiziklər də ədəbi fikir sahibi olurmuşlar.
Burada bir haşiyə çıxım. Kəlbəcərin sayılıb-seçilən ziyalılarından biri olan professor Şahlar Əsgərovun çəkdiyi və mənim ikinci kitabım - “Yurd göynərtisi”ndə dərc elətdiyim bir rəsm var: insan kəllələrindən ibarət bir “naxış”. Diqqətlə baxmasan, oradakı boş və alnı ləkəli kəllələri seçmək mümkün deyil. Bu, fizikanın numüzmatika bölməsinə aiddir. Professor özü ixtisasca fizikdir axı. Çəkdiyi tablo da məhz fizika qanunlarına uyğun bir əsərdir, lakin buradakı bədiilik daha qabarıqdır.
Maraqlıdır, nədir bu əsərin mənası?
Bildiyimiz kimi, 1990-cı ilin Qanlı Yanvarı o vaxtlar SSRİ-nin son prezidenti olan M. Qorbaçovun əmri ilə törədilmişdi. Xalqımızın azadlıq arzularının gerçəkləşdirilməsinin qarşısını almaq üçün törədilən qanlı terrorun baisi, səbəbkarı məhz o vaxtkı baş katib idi. Professor Şahlar Əsgərovun çəkdiyi həmin numüzmatika nümunəsindəki boş və ləkəli kafalar da məhz xalqımızın düşməninki idi. Professor onu sənətin dili ilə elə məharətlə vermişdi ki, sanki rəssam fırçasından çıxıb.
Əli müəllimin xatirələrindən ibarət olan kitabdakı hadisələr və faktlar yalnız şəxsi münasibətlər fonunda verilmir. Buradakı ictimai mahiyyət daha çox diqqəti cəlb edir.
Kitabın giriş hissəsində Kəlbəcərin tarixi, coğrafiyası, iqtisadi, mədəni, sosial həyatı haqqında tutarlı və əsaslı faktlarla zəngin olan məqalə verilir. Burada oxucu Kəlbəcərlə qiyabi yox, sanki əyani tanış olmaq imkanı əldə edir. Bu da o deməkdir ki, müəllif xatirələrini bir araya gətirərkən doğma yurdun dünəni barədə bildiyi, şahidim olduğu, əldə etdiyi, topladığı materialları sistemləşdirməkdə də bir nizamlı iş ortaya qoyur.
Əlbəttə, hər kəsin ömür yolunda eniş-yoxuşlar az olmur. Kimsə deyə bilməz ki, mənim uşaqlıq illərimdə çətinliklər olmayıb. Onda həmin adamın səmimiyyətinə inanmayın. Əli müəllimin uşaqlıq illəri Kəlbəcərin inkişafdan geri qalan dövrlərinə təsadüf etdiyi üçün həmyaşıdları kimi, bir çox əzab-əziyyətlərdən keçməli olub, baxmayaraq ki, dünyaya gəldiyi ailədə evin böyüyü, İbrahim Məşədi Kazım oğlu kənddə müxtəlif vəzifələrdə çalışıb və dolanışıq sarıdan çətinlik çəkməyiblər.
Kitabı şərti olaraq üç əsas hissəyə bölmək olar: Kəlbəcər, onun yetirmələrinin doğma yurda sədaqəti və Əli Kazımovun həyat və fəaliyyətinə onun yaxından tanıyanların ürək sözləri.
Hər üç bölmə zəngin bir xəzinəni xatırladır. Burada Kəlbəcərin tarixi, onun İstisu kimi dünya şöhrətli şəfa bulağı, eləcə də əsrlərin, minilliklərin yadigarları haqqında bir-birindən dəyərli faktlar dilə gətirilir. Ötən əsrin 80-ci illərinədək Kəlbəcərin erməni vandalları tə-rəfindən işğalı planı, onun aradan qaldırılması, sonradan rəsmi Moskvanın çirkin siyasəti nəticəsində Qarabağın, o cümlədən Kəlbəcərin işğalı, daha sonra qaçqınlıq-köçkünlük illəri, nəhayət, 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə bütün bu şovinizm siyasətinə son qoyulması və Zəfər bayrağının Dəlidağda da dalğalanması, Kəlbəcərə böyük Qayıdış, Müzəffər Ali Baş Komandan İlham Əlyevin Kəlbəcərə səfərləri, kəlbəcərlilərin bal süfrəsinin qonağı olmaq kimi tarixi hadisələr kitabda öz əksini tapır.
Bütün bunlar o deməkdir ki, müəllif yalnız öz həyat və fəaliyyətinin örnək olmasını deyil, Kəlbəcərin Azərbaycan üçün necə bir strateji əhəmiyyətli məntəqə - zirvə olmasını gələcək nəsillərə çatdırmaq lazımdır.
Nəhayət, kitabı vərəqləyən oxucu, mənim kimi, sonadək oxu. Çünki Kəlbəcər barəsində adi təsəvvürün olmasa da belə, bu toplunu özünə bələdçi hesab edəcəksən!
Yolun açıq olsun, Murovdağdan üzü Kəlbəcərə bir yol hesab elə bu kitabı. Təşəbbüskara və müəllifə cansağlığı diləyi ilə....
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 16-02-2024 19:45
Baxış sayı: 2407
Yazı axını
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02