Reklam
Sevinc Qərib: "İndi bütün şeirlərimin anasıyam…."- MÜSAHİBƏ
26-05-2022 20:07
Müstəqil.Az-ın “Qəfil qonaq” lahiyəsinin budəfəki qonağı istedadlı qələm adamı, şeirləri sevgi ilə oxunan, imzası üçün qəribsənilən Sevinc Qəribdir. Tanınmış şairimizlə lahiyə çərçivəsindəki söhbətimiz ənənədən bir qədər uzaq oldu, sevimli şairimizi, xanım əfəndimizi qəfildən (xəpdən – red.))) ) söhbətə tutmaq imkanı yaranmasa da, söhbətimiz baş tutdu, Sosial Şəbəkə üzərindən etdiyim söhbətdə çalışdım ki, ənənəvi suallardan uzaq duraq, şairimizin gözləmədiyi məqamlara toxunam.
Dalidag.az Sevinc Qəribin Müstəqil.Az-a müsahibəsini təqdim edir:
–Sevinc xanım, necəsiz?
– Çox sağ olun, ola bildiyim qədər yaxşıyam. Əslində ruhumu sağlam tutmağa çalışıram ki, cismani ağrıların iradəmi yenməsinə şahidlik etməyim.
– Rhunuzun sağlam olduğunu, şeirlərinizdən, komentlərinizdən görürük, hiss edirik. Sevinc xanım, qəriblik sizə yaraşmır, adama qəribə gəlir. Çoxunun qəlbindən keçəni yazırsız, oxucu sizdə özünə qarşı Qəriblik görmür, əksinə, çox doğma gəlirsiz ona.
– Haqlısız, bu qəriblik libası əynimə biçilməyib, o üzdən də sıxır məni. Şablon kimi səslənməsin, şeirlərimdə kimsə özünü tapırsa və yaxud kimlərinsə qəlbindən keçənlər misralarımdan boy göstərirsə, bu mənim uğurumdu. Oxucu ürəyini isitmək, ovutmaq, hisslərini yönləndirmək, hardasa çarəsizliyin astanasından döndərmək və sadalamadığım bir çox nəsnələr yazarın ümdə istəyidir. Nə gözəl ki, oxucu mən tərəfdən qəriblik hiss etmir, doğmalıq duyur. Bu məni sevindirməyə bilməz.
– “Qorxuram son nəfəsdə adını sayıqlayam, diksinib xatirələr dualara qarışa”– yazmısız. Son vaxtlar bu nə qorxu, nə zəiflik, nə küskünlükdir sizdə¸ demirəm. Bu, əslində bir ilahi sevginin açıq etirafıdır. Bəlkə də yanılıram, əvvəllər heç müşahidə etmədim şeirlərinizdə bunları…
– Deyim ki, çox operativ və diqqətlisiniz. Eyni zamanda da həssas. Təbii ki, bu söz içində böyüyən bir insanın xarakterinə və halına uyğun bir göstəricidi. Qeyd etdiyiniz misralar yeni şeirimdəndi. Əslində demək istəmədiyiniz qorxu, zəiflik, küskünlük də var müəyyən mənada. Ancaq doğru təsbitdir, həqiqətən içimdə bir ilahi sevgi bəslənir və mən bunu etiraf etməkdən çəkinmirəm. Zamanla diyğularımın səsi ilə eşqimi dilə gətirdiyim məqamlar olub. Bu dəfə tam çılpaqlığı ilə misralarımı etiraf rənginə boyadım.
-İlk dəf şeirlərinizdə, misralarınızda görmüşəm, tanımışam sizi. İndilərdə bir yorğunluq da var ürəyinizdən vərəqlərə köçürdüyünüz yaşantılarınızda, hisslərinizdə:
Yollar çox yordu məni,
and içdim ayaqlarıma
daha qəmə bulaşdırmayacam izlərimi – yazırsız. Andınıza əməl edə bildinizmi?
– Şeirlərimdə nə qədər və necə görünürəm bilmirəm, hər halda tanışlığımıza məmnunam. Mən də sizi ilk şeirlərinizdən tanımışam. Bu şeir də yenidi. Duyumunuzu alqışlayıram. Gerçəkdən də yorğunluq hisslərimə hökm etməyə qadirlik əzmindədi. Hər nə qədər yaşantılarımı duyğularıma hopdurmaq, yazılarıma yansıtmaq istəməsəm də, könül bəzən dinləmir adamı. Bir də baxırsan ki, ovqatın felinə düşüb yazmısan yazmaq istəmədiklərini. Andıma əməl etməyə çalışıram. Bir tərəfdən də bu tam məndən asılı deyil. Gərək yollar da mən deyəni deyə…
-Köçürəm kədərin villasından,
bir sevinc daxması tikdim ruhuma.
Qollarımı boşluq zindanından azad edirəm– bunlar da sizin misralarınızdır. Şeirlərinizin, misralarınızın anası olaraq dediklərinizi gerçəkləşdirdinizmi?
– Köçmək bilirsiz də, vaxt sərfi istəyir. Həm də villadan daxmaya köçmək də asan deyil. Kədərləri dəfn etmək, qəmləri azdırmaq… gərəkir. Sevinc daxması ruhumu kölgələrsiz, öz rəngində görmək arzusundadı. Amma boşluq zindanından azad etdiyim qollarımla özümü qucaqlamaq imkanım oldu. Anladım ki, məgər insan özü üçün darıxanda yazıqlaşırmış. Şeirə pıçıldadıqlarımı gerçəkləşdirmək üçün də Tanrı lütfünə ehtiyacım var. Yeri gəlmişkən, misralarıma ana olmaq ifadəsini çox bəyəndim. Məncə şeir elə o misrayla xoşbəxt olub…
-Son vaxtlar şeirlərinizlə insanlara, üzüdönüklərə də mesajlar ötürdünüz. Sevincinizə sevinənləri pəjmürdə etdiyiniz anlar da az olmadı.
-Hər insanın qarşılaşdığı və ya qarşılaşa biləcəyi haldır. İnsan xislətidir, üzüdönük də olur, dəyərləri heçə sayıb, mənən cılızlaşa da bilir. Təbii ki, bu xüsusiyyətlər fərdilik təşkil edir, ümumi anlamda hər kəsə şamil etmək düzgün deyil. Xeyli vaxtdır düşüncəmdəki insan anlayışı ilə cəmiyyətdəki insan arasında uçurum məsafəsi yaranıb. Bu məsafə fərqi çoxaldıqca, beynimi döyəcləyən “niyə”ləri ya status, ya da şeir şəklində obrazlaşdırıram və mənə elə gəlir ki, müəyyən ünvanlar mesajlarını alır. Birbaşa özümlə əlaqəli olmasa belə bu hallar arada dilləndirir məni. Sevincimə sevinənləri istəmədən pəjmürdə etməyim isə məni çox kədərləndirdi. Daha çox sevinc ötürmək, xoş əhval bəxş etmək niyyətimin əksini yaşatdığım üçün sevənlərimdən üzr istəyirəm. Günahımı uğurlarımla yumağa çalışacam.
– Demək şeir ruhun qidası olduğu qədər də, ruhun üsyan etməsində rolu olan bir ifadə formasıdır. Şeirlərinizdə dediklərinizi adi sözlərlə çatdırmaq istəmisinizmi? Alınıbmı?
-Doğrudur, biz şeirlə həm öz, həm də oxucu ruhunu qidalandırmağa çalışırıq. Buna nə dərəcədə nail oluruq, bilmirəm. Ancaq şeirin sığallayan əlləri var, bu dəqiqdi. Hərdən də duyğular üsyan şəklində ruhumuzdan keçir. Təbiətən az danışan adamam və hər vaxt iç təlatümlərimi biruzə vermirəm. Əgər “qışqırığım” duyulursa, deməli, “ağrım” ürəyumdən daşır… Olub belə məqamlar, adi sözlərlə də düşündüklərimi, hiss və yaşantılarımı çatdırmışam. Amma məncə şeir dilində daha yaxşı danışıram mən…
– Sevinc Qərib nə qədər qəribdi həyatımıza, dünyamıza?
– Ədəbi imzamın müəyyən qədər hüznü var üzərimdə. Ya da əksinə, yazdıqlarım təxəllüsümə hüzn gətirir. Daha dəqiq desəm, hələ uşaqkən özüm üçün kəşf etdiyim bir həqiqətin, təfəkkürümə sığdırdığım fəlsəfənin içində yaşayıram. Mənə görə bütün insanlar yer üzündə qəribdi. Bir də Tanrının sözlə mükafatlandırdığı, ruhu göy üzünə sirdaş olan seçilmiş bəndələri var ki, onlar bu dünyada, həyatda bir ayrı qəribçilik çəkir. Mən də bu dünyada qəribəm. Həm adi, həm seçilmiş bəndə kimi. 30 ildir ruhumu göynədən yurd həsrətim də var. Bir az da ondandır qəribliyim, uzaqlığım… Deyəsən elə sözüm qədər qəribəm. Onu da deyim ki, imzam ikili məna daşıyır. Qərib həm də atamın adıdır…
-Şairlərimizin bəyəndiyiniz şeirlərini “Dəlidağ” Ədəbi Birliyinin səhifəsində mütəmadi paylaşırsız. Mənim də yaradıcılığıma müraciətiniz olub. Çox sağ olun. Bəs Sizin xəbəriniz olmadan şeirlərinizə yer ayıran, dərc edən, yayınlayanlar olubmu? Özünüzün ürək təmənnasızlığınızı başqasında müşahidə etmisinizmi?
– Nə yaxşı ki, bu sualı verdiniz. Xoş davranışları ilə könlümü sevindirənlərə təkrar təşəkkür etmək imkanı yarandı. Əvvəla onu deyim ki, “Dəlidağ” Ədəbi Birliyi mənim üçün yaradıcılığıma bərabər ucalıqda durur. İmzamın tanınmasında həm birliyin, həm birliyə aid eyni adlı səhifənin böyük rolu var. Birlik fəaliyyətim üçün geniş imkan arenasıdır. Hər dəfə səhifəni şeirlə süslədikcə, müəllifə necə xoş olacağını düşünürəm və bu könlümü sevindirir. Bəli, olub belə xəbərsiz dərclər. Elə siz özünüz dəfələrlə sürpriz etmisiniz mənə. Diqqət və dəyərinizə görə bir daha minnətdaram sizə. Eləcə də, ömrümə işıq ötürən digər yaxşı adamlara. Sevgimdə, əməyimdə təmənnasız olduğum üçün kimlərinsə laqeydliyi, unutqanlığı incitmir məni. Çox müşahidə etmişəm. Eyni diqqəti başqalarından görmək olduqca xoşdur. İstəyirəm təmənnasız insanların sayı çox olsun, bəlkə dünyamız düzəldi.
– Sevinc xanım, nədir şeirimizin halı, siz həm yazar, həm də diqqətli oxucusuz. Nədir sizi qane etməyən?
– Əslində şeirimizin halı pis deyil, yəni söz qoşanları şair adıyla oxucuya tanıtmasaq hər şey yolunda gedə bilər. Ədəbi mühitdə bir çox ciddi imzalar var ki, həqiqətən poeziya yaradırlar və tərəflərindən təqdim olunan ədəbi nümunələr sırf yaradıcılıq məhsuludur. Ənənəvi şeir üslubu, köhnəlmiş fikir, çeynənmiş söz özü-özlüyündən qopur poeziyadan, yəni yamaq tutmayan paltar kimi poeziya da bu kimi qaragüruhçuları qoynunda saxlayan deyil. Kökdən qopmamaq şərti ilə, yəni ən azından ruhunda milliliyi ifadə edən çalarları saxlamaqla, müasir dövrün tələbinə uyğun yeniliklər, çərçivəsizlik ehtiva edən şeir inanmıram ki, oxucunun daxili aləminə sirayət etməsin. Oxucunu aldatmaq, qafiyələnmiş söz yığınını şeir kimi, ya da essevari nağılları sərbəst şeir adıyla təqdim etmək müqəddəs sözə xəyanətdir. İstər orta nəsil, istərsə də gənclər arasında yenilikçi şairlər var. Di gəl ki, onlardan daha çox söz qoşanlar meydanda at oynadır. Zamanla ələnmə olacağına inanıram. Şeirimizin qələbəsinə ondan da çox inanıram. Geniş müzakirə tələb etdiyindən mövzuyla əlaqəli fikirlərimi müəyyən ölçüyə sığdırmaq məcburiyyətindəyəm.
– Bir də intizarla kökləmə məni,
Burax həsrətindən, qoy çıxım gedim.
Hardasa bir qərib mənim dərddədi,
Yol ver, dərd əhliylə dərd bölüm gedim- dərddən çox yazırsız. Sevincə şərik çıxmaq nə qədər xoşdursa, dərdi bölmək də o qədər vacibdir. Gedim, deyirsiz, hara gedəcəksiz, hələ bir Tanrı xatirinə mənə bir yol göstər də yazırsız. Başqa dərdlini tapmaqmı istəyirsiz?
– Hə, yaman yerdə yaxaladınız məni. İllər əvvəl yazdığım şeirdi. Tam olaraq nəyə və niyə kökləndiyimi unutmuşam. Həsrət sonsuz olanda insanı yorur, mütəmadi intizarda qalmaq da süst düşürür, xəstəhal edir adamı. Hardasa həmdərdlin olduğunu bilib, onunla dərd bölüşmək keçir içindən. Dərd əhli bir-birini tez anlar. Tanrı sizlərə dərd verməsin. Biz çoxdan doğmalaşdıq dərdlə. Hər nə qədər dərddən yazsam da, çəkdiyim acılara rəğmən həyatda çox pozitiv və əzabların üstünə yeriyən adamam. Bəzən getmək istəyirsən, tərəddüdünə yenilirsən və birinin sənə yol göstərməsini diləyirsən. Sanki, onun verəcəyi cavabdan asılıb qalırsan. Hara gedəcəyini bilmədən verirsən getmək qərarını. Başqa dərdli, içimdə küskün buraxdığım özüməm elə bəlkə. Özümə getmək, özümü dinləmək, özümlə bölüşmək yanğısıdı yəqin misraların təlaşla ağrı üzünə boylanması.
-Yordum deyəsən, sizi. Amma son olaraq deyin, Niyə, nədən axı “Gülmür o qadının çöhrəsi, açılmamış qönçələrin ləçəkləritək kilidlənib dodaqları…” Niyə?
– Nahaq elə düşünürsüz, əsla yorulmadım. Əksinə, dincəldim, çoxdandı kimsəylə söhbət etmirəm. Susan adamam e mən. Səsini sükutda boğan, səssizliyi ilə rəsm çəkən adam… O, gülməyən qadın! Ümumi bir obrazdı. Acı taleyinə sığınıb, qadın olduğunu unudan, sevincdən, sevgidən uzaq qadınların bir üzdə, bir çöhrədə şəkillənməsi. İçində hayqıran, səsi duyulmayan, danışmağı yadırğayan, hisslərinin qatili, özündən keçməyə yolu olmayan qadınların bir obrazda görüşməsi. Mən də varammı o şəkildə? Zənnimcə siz daha çox bunu bilmək istəyirsiz. Nə vaxtsa gülüşlərimi əlimdən almışdılar, nə vaxtsa şeirə söykənən ruhum azmışdı qaranlığın çıxılmaz izində . Nə vaxtsa yolsuzluq ağrıtmışdı ayaqlarımı. Nə vaxtsa ana ola bilməmişdim şeirlərimə… İndi güzgüdən gülümsəyən qadın baxır mənə. İndi aydınlıq yolundayam, izlərim işıqla qucaqlaşır. İndi bütün şeirlərimin anasıyam… Yaxşıca danışdırdınız məni. Maraqlı suallara və uzun-uzadı cavablarıma dözümlülük nümayişinizə görə təşəkkür edirəm.
Söhbətləşdi: Faiq BALABƏYLİ
Dalidag.az
Kateqoriya: Karusel / Müsahibə
Tarix: 26-05-2022 20:07
Baxış sayı: 2794
Yazı axını
06 / 11 / 2024
06 / 11 / 2024
05 / 11 / 2024
05 / 11 / 2024
04 / 11 / 2024
04 / 11 / 2024
02 / 11 / 2024
02 / 11 / 2024
01 / 11 / 2024
30 / 10 / 2024
30 / 10 / 2024
29 / 10 / 2024
28 / 10 / 2024
28 / 10 / 2024
26 / 10 / 2024
26 / 10 / 2024
25 / 10 / 2024
22 / 10 / 2024
21 / 10 / 2024
21 / 10 / 2024
Ən çox oxunanlar