Bir qrup kəlbəcərli ziyalı, tələbə-gənclər Kəlbəcər rayon Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edib

23-05-2022 16:14

Tarixin yadigarları göz bəbəyi kimi qorunur!
Beynəlxalq Muzeylər Şurasının 1977-ci ildə qəbul etdiyi qərara əsasən, 18 may bütün dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Bu gün qeyd olunduğu hər bir ölkədə ictimaiyyətin diqqətini mədəni irsə, muzeylərin vəziyyətinə, bu sahədə mövcud olan problemlərə cəlb etmək üçün əlamətdar vəsilədir.
Dünyada qədim eksponatların və şəxsi kolleksiyaların, nadir əşyaların mühafizə edildiyi Vaşinqton Milli İncəsənət Qalereyası, Nyu-York Metropoliten Muzeyi, Venesiya Akademiya Qalereyası, Drezden Şəkil Qalereyası, Moskva Tretyakov Qalereyası, Sankt-Peterburqda Dövlət Ermitajı kimi məşhur muzeylər fəaliyyət göstərir.
Azərbaycana gəlincə, ölkəmizdə ilk muzey 1919-cu ildə Xalq Cümhuriyyəti dövründə parlamentin binasında (İstiqlal Muzeyi) fəaliyyətə başlayıb, sonrakı illərdə Azərbaycan Dövlət Muzeyi (indiki Milli Azərbaycan Tarixi Muzeyi), ayrı-ayrı sahələr üzrə muzey-fondlar, rayonlarda tarix-diyarşünaslıq muzeyləri və s. təşkil edilib.
Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, hazırda ölkəmizdə 203 muzey fəaliyyət göstərir. Bunlardan Bakı şəhəri üzrə 22 muzey, rayonlar üzrə 181 muzey var. Bunlar müxtəlif profilli muzeylərdir: tarix və tarix-diyarşünaslıq, incəsənət və ədəbiyyat, elm, siyasət, mədəniyyət və incəsənət xadimlərinin memorial, hərbi-vətənpərvərlik və döyüş şöhrəti muzeyləri. Son illər regionlarda Heydər Əliyev Muzeyləri yaradılır ki, bu mədəniyyət ocaqları da böyük öndərin irsinin öyrənilməsinə, onun ideyalarının təbliğinə və gələcək nəsillərə çatdırılmasına xidmət edir.
Respublikanın bütün muzeylərində Beynəlxalq Muzeylər günü müxtəlif kütləvi tədbirlər, sərgilər, təmir olunmuş muzeylərdə yeni ekspozisiyaların açılış mərasimləri ilə qeyd edilir.
Ölkə prezidenti İlham Əliyevin muzeylərin inkişafı və yeni muzeylərin təşkili ilə bağlı bir sıra sərəncamlar imzalayıb. Neft Muzeyinin, Müasir İncəsənət Muzeyinin, İdman və Olimpiya Hərəkatı Muzeyinin yaradılması barədə sərəncamlar da bu sıradandır.
Prezidentin 22 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq olunan “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi Tədbirlər Planı” ölkəmizdə muzey işinin inkişafına yeni imkanlar açır. 2009-cu il ərzində Sumqayıt, Balakən, Qusar, Xızı tarix-diyarşünaslıq muzeylərində, Lənkəran şəhərində Həzi Aslanovun ev muzeyində, Salyan rayon Heydər Əliyev muzeyində Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına bədii-tərtibat işləri aparılıb.
Unutmayaq ki, Azərbaycanın  30 ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında saxladığı ərazilərdə zəngin muzeylərimiz, şəkil qalereyaları ilə yanaşı çoxsaylı mədəniyyət nümunələrimiz də məhv edilib. İşğal altında olan rayonlarımızda vaxtilə ümumilikdə 100 mindən artıq əşyanın toplandığı 22 muzey fəaliyyət göstərib. Onların hamısı erməni silahlı qüvvələri tərəfindən talan edilib. Ümumilikdə işğal olunmuş ərazilərdə 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi qalıb. Qarət edilmiş muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər eksponatlar vardır.
18 may 2022-ci il tarixində  Beynəlxalq Muzeylər Günü ilə əlaqədar bir qrup kəlbəcərli ziyalı Kəlbəcər Tarix-Diyarşünaslıq Müzeyini ziyarət etdi.   Azərbaycan Respublikası Milli Məclisinin üzvü Aqil Məmmədov, YAP Kəlbəcər  rayon təəşkilatının sədri Həbib Misirov, Kəlbəcər tam orta məktəblərinin müəllimlərindən Sabir Mirzəyev, Gültəkin Cəlilova, eləcə də tələbə-gəncləri muzeyin direktoru Bərzani Əsgərov, eləcə də muzeyin digər əməkdaşları səmimi qarşıladılar. Məlumat üçün deyək ki, muzey Kəlbəcərin iş.ğalından sonra Bakı şəhərində yenidən yaradılıb. Çünki erməni vandalları   Kəlbəcəri işğal edən zaman tarixin nadir inciləri sayılan eksponatlarla zəngin muzeyi də talan, əşyalarını da məhv edib.
Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi də məhv olan mədəni irs siyahısındadır. İçərisində 30 mindən artıq tarixi əhəmiyyətli əşyalar olan bu muzey abidəsi 1980-ci illərin əvvəllərində yaradılıb. Bütün bunlarla bağlı ətraflı məlumat  verən museyin direktoru  ziyarətçilərin nəzərinə çatdırdı ki, muzeyin Kəlbəcər şəhərindəki həyəti 900 kvadratmetrdən artıq olub. Muzey eksponatları zəngin bir dəhlizdən, 3 kabinetdən, 9 nümayiş salonundan və içərisində 30 mindən çox eksponat olan bir fonddan ibarət idi. Muzeyin çöl divarlarında 2037 rəng çaları olan daşlardan istifadə edilib, divarlarda da bir muzey yaradılıb. Bu divarlarda daşdan düzəldilmiş müxtəlif naxışlar, kənd təsərrüfatı alətləri, Bəbir və Çöl keçisi fiqurları, nehrə, qazan, tuluq və bir çox əşyaların daşdan çəkilmiş şəklini görmək olardı. Muzeyin həyətində daşdan yonulmuş 14 qəbirüstü At və Qoç heykəlləri nümayiş etdirilirdi. Burada “Bəzir daşı" deyilən iki qədim abidə nəzərə çarpırdı. Dəyirman daşlarından 10 dəfə böyük olan bu bəzir daşlarını qoşqu vasitəsilə dikinə fırladıb zəyərək adlı bitkidən yağ alırmışlar. Deyilənə görə bu yağlardan yaman şişlər müalicə olunurmuş. Mütəxəssislər və tamaşaçılar Kəlbəcər tarix-diyarşünaslıq muzeyini həm də geologiya, arxeologiya, incəsənət və səs muzeyi adlandırıblar. Hazırda muzey və eksponatları mövcud deyil, Kəlbəcərdən əldə edilən məlumatlara görə, ermənilər tərəfindən bütünlüklə məhv edilib...
Muzey bakıda bərpa edildikdən sonra fəaliyyətə başlayıb.Muzeyin yaradıcısı mərhum alim-şair, filologiya üzrə fəlsəfə doktoru Şamil Əsgərovun min bir zəhməti sayəsində yaradıkmış muzey bu gün də zənginliyi ilə seçilir.
Sevindirici haldır ki, muzeyin fondu çox zəngindir və silsilə tədbirlər məkanına çevrilən tarixin bu saxlanc yeri Kəlbəcərdə yenidən bərpa ediləcək.
 

Kəmalə ƏLİYEVA,
Gəncə Dövlət Universitetinin tələbəsi, 
YAP Kəlbəcər rayon təşkilatının fəalı

Dalidag.az










Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 23-05-2022 16:14
Baxış sayı: 2318
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını