Məşhur ədiblərimizin həyatından maraqlı məqamlar

11-12-2019 19:58
*Bir gün Qarabağ hakimi İbrahim xan öz dəstəsi ilə ovdan qayıdarkən yolda çobanlara rast gəlir. Çobanların yanındakı zorba bir itin boynundakı dəri bükmə və gözmuncuğu xanın nəzərini cəlb edir, atı saxlayır: «A bala, o itin boynundakı nədir? — Xan sağ olsun duadır, göz dəyməsin deyə yazdırdım.» İbrahim xan təəccüblənir, əhvalı dəyişir. Xanı başa düşməyən çoban iti tərifləyir. Xan: «Bəs duanı harada yazdırmısan? — «Şişə qalasında — çoban deyir. Bərk əsəbiləşən xan xilafı-şər iş görən dini ələ salan mollanı cəzalandırmaq məqsədilə çobanı iti ilə Şişəyə apartdırır. Axtarıb dua yazan mollanı tapırlar və xanın hüzuruna gətirirlər. İbrahim xan, qarşısında diz çökən mollaya qəzəblənir:
«Quran qənim olsun, nə cürətlə dinimizi ələ salıb, itə dua yazırsan? — Xan sağ olsun. Əgər siz buyuranlar doğru isə, boynum vurulsun. İtin boynundakı dua deyil, bir məzahdır, çobanla zarafat etmişəm. – Necə yəni məzadır? — Xan, qalalıların təbiətinə bələdsiniz. Kimsə çobanı öyrədir ki, belə pəncəli köpəyə dua yazdırmasan göz dəyər, tez ölər. Çoban da sürüsündən iki qoyun götürüb şəhərə gəlir, dua yazan axtarır. Onu müxtəlif yerlərə göndərirlər və mənə gəlib çatanda mən camaatın kələyini duyub dua əvəzinə bir məzah yazdım.» Xan itin boynundakı bükməni açdırır və saralmış kağızda yazılanları oxutdurur:


Gözüm düşdü ətinə,
Dua yazdım itinə.
Həmin sirri kim açsa
Bu çobanın ...inə.


Xan gülümsəyir. Mollanın özünü sərbəst aparması, hazırcavablığı xoşuna gəlir və özünə mirzə götürür, saraya gətirir. Həmin molla məşhur şair Vaqif imiş.

*1797-ci ildə Ağa Məhəmməd şah Qacarın qoşunları aclıqdan taqətdən düşmüş Şuşaya daxil olur. İbrahim xanın yaxın adamları və Vaqif tutulur. Şair yolda dustaq yoldaşı Sofi bəyə deyir: «Mən nə şahın üzünü görəcəyəm, nə də qətl ediləcəyəm. Səni bilmirəm.» O gün cümə axşamı imiş. Qacar qatı dindar olduğu üçün cümə axşamı qan tökməyi günah sayır və deyir: «Sabah elə bir siyasət eyləyim ki, tarixlərdə deyilsin. Kəllələrdən bir minarə qoyduracam, şair Molla Pənahın da başı lap yuxarılarda asılsın! Gedin dəmirçilərə deyin minarə üçün mıx qayırsınlar!»
Sübh tezdən Ağa Məhəmməd şahın qətlə yetirilmə xəbəri şəhərə yayılır. Dəmirçilərə xəbər gəlir ki, mıx lazım deyil, şahın cənazəsi üçün bir neçə mismar lazımdır. Baş dəmirçi: «Ey mıxı mismara döndərən Allah!» deyə üzünü göyə çevirir.
Ağa Məhəmməd şah Qacar Şuşanı mühasirəyə aldığı günlərin birində İbrahim xanı qorxutmaq məqsədi ilə saray şairi Seyid Məmməd Şirazinin yazdığı aşağıdakı bəndi məktub vasitəsi ilə xana göndərir:
Fələyin mancanağından fitnə daşları yağır,
Sən əbləhcəsinə şişə içərisində dayanmısan.
Bu kağız xana yetişən kimi Vaqifə verir. Vaqif şeirə baxır, cəld həmən məktubun dalında aşağıdakı bəndi yazıb, İbrahim xana verir:

Məni qoruyan mənim tanıdığımdırsa,
Şişəni daş qoynunda salamat saxlayır.


Şeir xanın xoşuna gəlir və məktubu geriyə göndərir. Ağa Məhəmməd şah cavabı oxuyarkən qəzəbi daha da alovlanır. Ağa Məhəmməd şah Qacar Şuşanın mühasirəsi vaxtı İbrahim xana məktub yazaraq ona bir at göndərilməsini tələb edir. Lakin bu at nə kəhər, nə kürən, nə səmənd, nə qara, nə ağ, yəni heç bir rəngdə olmamalı idi. İbrahim xan Vaqifə müraciət edir. Vaqif Ağa Məhəmməd şaha belə bir cavab yazır: «İstədiyiniz at xan tövləsində hazırdır. Adam göndərin aparsın. Lakin həmin adam həftənin şənbə, bazar, bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümədən başqa, hansı günündə istəyir gəlsin.»

*Bir dəfə «Divani-hikmət» ədəbi məclisindəki şeirləşmədən sonra Mirzə Şəfi ilə gözləməyə çıxan alim və şair Bodenştedt onun bədahətən şeir söyləməsinə öz təəccübünü bildirir: «Ey mənim müdrik müəllimim, necə olur ki, sən öz nəğmələrini bu qədər tez düzəldirsən?» Mirzə Şəfi oradaca topladığı gülləri dəstə bağlayıb Bodenştedtə verir və deyir: «Budur, bax, bu gül dəstəsini mən bir an içində düzəltdim. Halbuki, bu güllər bir anda əmələ gəlib açılmamışdır. Mənim şeirlərim də bunun kimi.»
*Mirzə Şəfi Vazeh Bodenştedtə deyir: «Şeirdə əsas mövzudur. Təkcə çox kitab oxumaqla şeir yazmaq olmur. Kitablar öyrədir, lakin mövzu vermir. Mənə yaxşı şeir yazmaq o vaxt nəsib olur ki, mən sehrli gözlər, baxışlar, nazik, incə əllər, incə qamət görürəm, güllər əhatəsindəyəm, dadlı mey məclisindəyəm, gözəl yaz havası duyuram. Balaca bir gül bağçası mənə təmtəraqlı karvanlardan daha çox ilham verir. Mən bir al-qırmızı yanaqdan daha çox cuşa gəlirəm, nəinki bütün şairləri oxumaqdan. Balaca bir uşağın tütəkdə yanıqlı çalmağı uzun-uzadı şeirlərdən daha təsirlidir. Bunlar yaradıcılıq mənbəyidir. Bunlar olmasa şeir yaza bilmərəm.»

*Bir dəfə Seyid Əzim Şirvaninin şagirdləri müəllimin ağladığını görüb bunun səbəbini bilmək istəyirlər. O deyir: «Oğlanlarım, budur, bir neçə ildir çalışıram, şeirlər, əsərlər yazıram. Təbii, bunları camaatımızın istifadəsi üçün yazmışam. İndi baxıb görürəm, bunları heç cürə nəşr etməyə iqtidarım yoxdur. Vəfatımdan sonra da onların necə olacağını bilmirəm. Bəli, məni ağladan da budur, hərçənd indi mənim bu sözlərimi düşünməzsiniz, lakin sonradan nə dediyimi bilərsiniz.»

*Bir gün Fətəli şah İbrahim xanın şairə qızı Ağabəyim ağadan xəbər alır: «Məni sevirsənmi?» Qız cavab verir: «Bir ürəkdə iki məhəbbətə yer ola bilməz.» Şah pərt olub qürurlanır: «Mənim ürəyimdə beş yüz qadın yaşayır». Ağabəyim ağa istehzaya keçir: «Sürü yatağı ilə məhəbbət otağının çox arası var.»

*Deyirlər ki, qızılgülün lap təzəcə çıxdığı vaxt bir nəfər fəqir adam Xurşidbanu Natəvana bir dəstə qızıl gül gətirir. Xan qızı ona təşəkkür etdikdən sonra 100 manat da bağışlayır. Kişi xanıma dua edərək, xudafizləşib gedir. Bunu görən ev darğası deyir: «Xanım, o qızılgülün qiyməti lap yuxarısı 2 şahıdır. Bir dəstə gülə 100 manat verməniz məni çox təəccübləndirdi. Səxavətin də bir sərhədi var.» Natəvan cavabında deyir «Bizim yerlərdə səxavəti pulla ölçməzlər, bunu yaxşı bilirsən. O kişi ehtiyac içində boğulur. Gülü bəhanə edərək mənim yanıma gəlmişdir. Onu heç cürə əliboş yola salmaq olmazdı. Hər kasıbı sevindirəndə aldığım həzzin dərəcəsi ölçüyə gəlmir.»

*Sabit Rəhmana, onun yaradıcılığı ilə ciddi maraqlanan ədəbiyyatşünas alimlərdən biri sual verir: «Siz pyesi nə cür yazırsınız? — Çox sadə. Nə qədər ki obrazlar biri-biri ilə danışırlar, yazıram. Elə ki danışa bilmirlər, qələmi qoyuram yerə.

*Sarı Aşığın Küləbürd kənd qəbiristanlığındakı qəbri tərsinə qoyulmuşdur. Qəbrin üstündə saz şəkli vardır və o bütün başqa qəbirlərdən onunla seçilir ki, üzü qibləyə tərəf deyil, aşığın sevgilisi Yaxşının qəbrinə tərəfdir. Qəbri Sarı Aşığın vəsiyyəti hesab olunan aşağıdakı bayatısı əsasında düzəltmişlər:

Aşiqi tərsinə qoy,
Tər sinə, tərsinə qoy,
Yaxşını qibləsinə,
Aşığı tərsinə qoy


*Uzun müddət qürbətdə yaşadıqdan sonra Zülali doğma şəhəri Şamaxıya qayıdır. 1705-ci ildə Nadir şah Şamaxını yandırıb, əhalisini də zorla Ağsu sahillərinə köçürtdürür. Zülali də Ağsu sahilinə gələnlərin içində olur. Dilxor olmuş şair yana-yana söyləyir:

Qürbətdə deyirdim ki, Zülali, vətənim var,
Ensin gözünə qarə su, Ağsu vətən oldu!


*Azərbaycan ədəbiyyatının görkəmli siması, «Molla Nəsrəddin» jurnalının banisi və redaktoru Mirzə Cəlil (1869-1932), adəti üzrə azdanışan, sakit, çoxdüşünən və başqalarını dinləməyi bacaran bir adam idi. Bir gün onun köhnə dostlarından Həmid bəy Şahtaxtinski evinə qonaq gəlir və bir neçə saat oturub çay içmək, kitab oxumaq və musiqi çalmaqla vaxt keçirirlər. Bu müddət ərzində onların arasında bir neçə kəlməlik sual-cavab olur. Nəhayət Şahtaxtinski durub gedərkən Mirzə Cəlil: «Həmid, tez-tez gəl, belə şirin-şirin söhbətlərdən edək!» — deyərək onu yola salır.

Cəlil «Dəli yığıncağı» pyesi üzərində işlərkən dəlilərin həyatına aid çoxlu kitablar oxuyurmuş. Bir dəfə yazıçı gülümsəyərək Həmidə xanıma demişdir: «Dəlilər haqqında o qədər kitab oxuyuram ki, qorxuram axırda başıma hava gələ.»

Özünü istedadlı şair hesab edənlərdən biri Cəlil Məmmədquluzadənin yanına gəlir və yeni yazdığı poema haqqında onun fikrini bilmək istəyir. O, poemanı oxuyur. Dilxor olsa da, poemanı axıra qədər dinləyən Cəlil şairə belə bir sual verir: «Bu poemanı neçə vaxta yazmısan? — Üç günə.» Cəlil başını silkələyir: «Gec yazmısan. Üç günə yeddi belə poema yazmaq olar.»

1930-cu ilin dekabrında C.Məmmədquluzadə Kislovodskidən qayıtdığı zaman onu müalicə edən həkimdən, Bakıda yazıçını müalicə edəcək həkimə ağzı-bağlı bir kağız da gətirir. Kağız ədibi narahat edir, səbri tükənib paketi açır. Həkim yazmışdır: «Xəstənin işi bitib. İki aydan artıq yaşamaz.» Həmin sözlər Cəlilə pis təsir edir. O, ölümdən yaman qorxurmuş. 1931-ci ilin dekabrında ədib Həmidə xanıma demişdi: «Həkimlər səhv ediblərmiş. Onların verdiyi hökmdən sonra mən daha 10 ay yaşamışam.»

Cavan ailə sahiblərindən biri Cəlal Məmmədquluzadəyə şikayət edir: «Bağışlayın, molla əmi, sizə məsləhətə gəlmişəm, arvadı heç cür ipə-sapa gətirə bilmirəm. Qorxuram düzəlməyə.» Cəlil onun sözünü yarımçıq kəsir:
«Qorxma, düzələcək. Çətini qocalana qədərdir. O da olmasa, çətini ölənə qədərdir.»
Cəlilin qohumlarından biri bərk xəstə imiş, ölüm ayağında imiş. Xəstənin yaxın adamları başlarını itirmiş halda Cəlilin yanına məsləhətə gəlirlər ki, bəs nə edək? Ədib fikirli imiş, özü də bilmədən deyir: «Təşvişə düşməyin, ölsün görək sonrası nə olur.»

*Azərbaycanın görkəmli səhnə ustası istedadlı aktyor H.Ərəblinski ilk dəfə səhnəyə 16 yaşında çıxmış və mehtər rolunu oynamışdır. Bir dəfə o, «Nadir şah» tamaşasında oynayırdı. Kimsə zarafatla şaha yazılmış məktub əvəzinə zərfə ağ bir vərəq qoyur və Nadir şaha — Ərəblinskiyə təqdim edir. Böyük sənətkar məktubun mətnini əzbər bilmədiyi üçün bir an susur. Ancaq özünü itirmir. Mirzə Mehdi xan rolunu oynayan aktyora məktubu uzadıb deyir: «Al bu məktubu oxu.» Həmin aktyor pis vəziyyətə düşür, dili dolaşıb deyir: «Qibleyi-aləm, çeşməyim o biri otaqda qalıb — Elə isə tez gedib onu gətir və məktubu oxu» — deyə böyük aktyor yaranmış vəziyyətdən çıxış yolu tapır.

*Bir gün Mirzə Fətəli evinə çox gec gəlmiş və arvadı bunun səbəbini soruşduqda, o, ərəb əlifbasındakı çoxlu nöqtə olduğuna və bunların qoyulmasına çox vaxt sərf edilməsinə işarə edərək demişdi: «Pəncşənbənin nöqtələrini qoymağa başım qarışdığından gecikdim.»

*Cənubi Azərbaycan yumorist şairi Ləli (1837-1907) öz atının ərəb cinsi olduğunu iddia edər və ondan sübut istədikdə deyirmiş: «Bazara çıxarkən, at harada xurma görürsə o tərəfə baxır. O, ərəb cinsindən olmasaydı xurma ilə maraqlanmazdı.»

*A.Şaiq deyərdi ki, Haqverdiyevin lətifələri bəzən məni çətinliklərdən qurtarardı. O söyləyir: «Məsələn, mənim «Ana» pyesimdə istifadə etdiyim aşağıdakı lətifəni ilk dəfə Haqverdiyevdən eşitmiş: «Bir kəndlinin iki arvadı varmış, birinin adı Şövkət, o birinin isə Şəhrəbanu imiş. Kişi birini Şap, o birini Şup çağırırmış. Onlar bir yerdə yola getmədiklərindən kişi arvadlarının birini kəndin ortasından axan çayın o tayında, birini isə bu tayında saxlayarmış. Bir gecə o, Şupun evindən çıxır Şapın evinə getmək istərkən, ensiz körpüdən ayağı sürüşür, kişi çaya düşür. Nə qədər çalışır çaydan çıxa bilmir. Coşqun çay az qalır ki, onu aparsın. Kişi özünü zorla saxlayır, çaydan çıxmaq üçün əl-qol ataraq deyir:

Şup elə bilir ki, Şapdayam,
Şap elə bilir ki, Şupdayam.
Nə Şapdayam, nə Şupdayam,
Burda şarap-şurupdayam


*Azərbaycanın məşhur yazıçısı M.S.Ordubadi (1872-1950) yazdığı «Dağılmış inqilab» adlı əsərini çap etdirmək üçün çar senzoruna müraciət edir. Mirzə Şərif adlı senzor əsəri alıb baxır, onun ən canlı və kəskin yerlərini pozub qaytarır. 1920-ci ildə Ordubadi «Əxbar» qəzetində çalışdığı zaman həmin Mirzə Şərif onun yanına gəlib «Hindistan müsəlmanları» adlı cəfəngiyatdan ibarət əsərinin çap edilməsi üçün Ordubadiyə müraciət edir. Ordubadi bir qəzet parçasını mürəkkəbə batırıb Mirzə Şərəfin əsərinin səhifələrini qaralamağa başlayır. «Yoldaş nə edirsən?» — deyə Mirzə Şərif heyrətlə qışqırdıqda, Ordubadi: «Cənab senzor, əsərinizi təshih edirəm!» — deyir.
Ordubadi dram teatrına oynamaq üçün bir pyes verir. Çox gözləyir əsər tamaşaya qoyulmur. Vəziyyəti öyrənmək üçün hərdənbir teatrın direktoruna zəng edib soruşur ki, bu gün teatrda nə gedir? O, da hər dəfə cavab verir ki, «Xoşbəxtlər». Axırda zinhara gələn Ordubadi deyir: «Qardaş, bəs bizim «bəxtəvərlər» nə vaxt gedəcək?»

*1911-ci ildə Şamaxıda, maddi vəsait olmadığı üçün 7-ci sinifdə oxuyacaq uşaqlara kömək etmək məqsədilə Abbas Səhhət bir neçə nəfərlə ətraf kəndlərdən bir xeyli pul toplayıb, geri dönəndə, Şərididən meşəliyində 4 nəfər əli tüfəngli onların yolunu kəsir, faytondan düşürürlər. Səhhət deyir: «Bu saat biz sizin ixtiyarınızdayıq. Siz nə cür istəsəniz, elə də bizimlə rəftar edə bilərsiniz. Ancaq bir neçə kəlmə sözüm var, icazə verin, onu sizə deyim.» Səhhət kim olduqlarını, nə məqsədlə kəndləri dolaşdıqlarını söyləyir və deyir: «O iş üçün ki, biz çıxmışıq, onda şəxsən nə mənim xeyrim var, nə də yoldaşlarımın. Mən həkiməm, yoldaşlarım daha hörmətli adamlardır. Bizim çalışmağımız anacaq körpə balalardan, sənin, onun uşağından ötrüdür. Biz istəyirik onlar oxuyub elmli olsunlar, elin-obanın dərdinə qalıb onlara kömək edə bilsinlər. İndi baxın, fikirləşin, bizimlə nə cür rəftar etmək istəyirsiniz, ixtiyar sizindir.» Səhhətin sözündən sonra tüfənglilərin başçısı utanmış kimi söyləyir: «Həkim, bu sözləriniz bizə kifayətdir. Üzr istəyirik, yolunuzu davam edin.»
A.Səhhət rus, fars, ərəb və fransız dillərini mükəmməl bilən qabaqcıl ziyalı, romantik şair, gözəl mütərcim və qayğıkeş həkim, müəllim olmuşdur. A.Səhhət Puşkinin, Lermontovun, Krılovun əsərlərindən gözəl tərcümələr etmiş, orijinal şeir, nəsr və dram əsərləri, habelə dərslik yazmış, ədəbiyyat, incəsənət və s. mədəniyyət məsələlərinə dair məqalələr çap etdirmişdir. A.Səhhət həkim-şair kimi uşaq aləmini çox gözəl və dərindən bilmiş, asanlıqla əzbərlənən. Yadda qalan və sevilən uşaq şeirləri yazmışdır.

*Deyilənlərə görə, müsavat ağalığı dövründə, Hadi Kürdəmir stansiyasında sədr-əzəm Nəsib bəy Yusifbəyova təsadüf etmişdir. Nədənsə şikayət etmək məqsədilə şair onun yanına getmək istəmişsə də, növbətçi müsavat zabitləri onu içəri buraxmamışlar. Hadi pəncərədən «Nəsib bəy, Nəsib» — deyə qışqırdıqda, Nəsib bəy də: «Şair, qışqırma, içəri gəl!» — söyləmişdir. Hadi isə cavabında acıqlı demişdir: «Sağdan, soldan köpəkləri bağlamısan, içəri buraxmırlar!»
M.Hadi çox vaxt, xüsusən sərxoş vaxtlarında vərəqlərdə çap olunmuş şeirlərini özü satırmış. Bir gün sərxoş halda Şaiqə rast gəlir, «Hərarətli şeirlərim» adlı mənzuməsini ona uzadır: «Al, beş manat ver!» Şair cibində olan 10 manatı ona verir. Hadi 10 manat verəni diqqətlə süzdükdə Şaiqi tanıyır, pulu geri qaytarır, onu qucaqlayır, gözləri yaşarır, mütəəssir halda deyir: «Şairciyim, bağışla, tanımadım.»
Məhəmməd Hadi ömrü boyu evlənməyə laqeyd münasibət bəsləmişdir. Şair qohumlarından birinin qızına vurulmuş, qız isə başqasına ərə getmişdir. İlk eşqi Hadinin qəlbində sağalmaz yara açmışdır. Evlənmək haqqında söhbət olanda şair deyərmiş: «Allah bəlalarını versin, bu qadınlarda bizi anlayacaq baş, hiss edəcək ürəkmi var?!»

*İran hökmdarı Nadir şahın (1688-1747) baş vəziri və tarix yazanı Mirzə Mehdixan bir müharibədən sonra şahın yanına gələrək, demişdir: «Əlahəzrət, qibləyə hüzuru mübarəkinə ərz olsun ki, İran dövlətinin hər bir müharibədə böyük qələbələr qazanan rəşadətli, şəhadətli, qeyrətli ordusu son müharibə zamanı bəxti-nakuvarın yar olmaması nəticəsində necə olmuşsa...» Şah onun sözünü kəsib demişdir: «Mirzə Mehdixan, uzunçuluq lazım deyil. De ki, qoşunumuzu məğlub ediblər.»

*Məhəmməd Füzuli böyük zəhmətkeş idi: «Elə zamanlar olmuşdur ki, gecə sabaha qədər yuxusuz qalmaq zəhərini dadıb bağrımın qanı ilə bir məzmun tapıb yazmışam. Sabah olanda başqa şairlərə təvarüdə düşdüyümü görüb yazdıqlarımın üstündən qələm çəkmişəm. Elə zamanlar da olmuşdur ki, səhərdən axşama qədər düşüncə dəryasına dalıb şeir olmazı ilə heç kəs tərəfindən söylənməmiş inci demişəm. Bunu görənlər «bu məzmun anlaşılmayır. Bu ləfz xalq arasında işlənməz və xoşagəlməzdir» — demişlər. O məzmun gözümdən düşmüş, hətta qələmi alıb onun üzünü ağartmamışam. Nə qəribə haldır. Söylənilmiş bir şey — əvvəlcə söylənmişdir, deyə — söylənməmiş söz isə əvvəlcə söylənilməmişdir — deyə yazılmır.

*Nizami Gəncəvi (1141-1209) «Xosrov və Şirin» poemasının yaranması haqda deyirdi: «Elə ki, könlümün gizli səsi mənə köməkçi oldu, hümmət fəzasından səslənib» — dedi: «Ey, Nizami, tələs, gecdir, tez ol. Fələk əhdini pozan dövran tez keçib gedəndir. Şirin bulaq suyu ilə yeni bir şirni hazırla, sözə yeni bir xələt geyindir.»
«Xosrov və Şirin» poemasını bitirən şair, o dövrün hökmdarı Qızıl Arslanın dəvətilə onun yanına getmiş, poemanı ona təqdim etmiş, əvəzinə hökmdar ona Həmdünyan kəndini bağışlamışdır. Nizami ona hədiyyə verilən kənd haqqında şikayətlənmişdir:

Kənd nə kənd, andırır dar bir kürəni.
Yarımca ağacdır, uzunu, eni.
Gəlirindən artıq onun xərci var.
Yarılığa əkər onu abxazlar.


*Haqverdiyev Peterburqda təhsil aldığı illərdə, çox vaxt yay aylarında Şuşaya gəlirdi. O, öz dostları ilə Səkili bulağa, İsa bulağına, Turşusuya və başqa şəfalı yerlərə gəzməyə gedərmiş. Bir gün dostlar Səkili bulağa getmək barəsində sözləşirlər. Cavanlar toplaşarkən hamının zəhləsi gedən bir nəfər də bunlara qoşulur. Dostlar bir daha sözləşib başqa yerdə yığılır və səyahətə gedirlər. Axşamüstü gəzməkdən qayıdarkən, həmin şəxslə yenə rastlaşırlar. O, tez dillənir: «Hə, məni əkib, özünüz keyfə getmişsiniz?» Bu yerdə Haqverdiyev yarımciddi halda ona cavab verir: «Nə danışırsan əə… səni əkənin lap atasına lənət!»

*Görkəmli şərqşünas alim Mirzə Kazım bəy Kazan universitetində gələcək məşhur ədib L.Tolstoya ərəb və türk-tatar dillərindən dərs demişdir.
*Azərbaycanda professional musiqi banisi, görkəmli dramaturq Ü.Hacıbəyov Qori seminariyasını bitirdikdən sonra, bir müddət riyaziyyat müəllimi işləyib. Onun 1907-ci ildə nəşr etdiyi «Hesab məsələləri» kitabında ardıcıl olaraq 352 məsələ var. Məsələlərin əksəriyyəti zəhmətkeşlərin həya-tından götürülmüşdür. Bu kitabdan başqa Ü.Hacıbəyovun daha 5 hesab məsələləri kitabı nəşr olunub.

*Bir yığıncaqda cavanlardan biri M.Akifi alçaltmaq istəyərək deyir:  «Bağışlayın, Siz baytar həkimisinizmi?» M.Akif halını pozmadan belə cavab vermişdir: «Bəli, bəlkə bir yeriniz ağrıyır?»

*Belə deyirlər ki, Abbasqulu ağa Məkkəyə gedərkən məhərrəm ayı imiş. Məkkəyə böyük təntənə, dəbdəbə ilə gedənlərdən biri də İran vəliəhdi imiş. Aşura gününü onlar Məkkənin bir günlük məsafəsində qarşıladılar. Vəliəhd öz çadırının önündə iri hərflərlə yazdırıb vurubmuş:

Bu sərbazü əsas şahzadə,
Olaydı kaş o dəmdə Kəlbəladə!


Abbasqulu ağa çadırın yanından keçərək yazıya gözü sataşır, oxuyur və altında yazır:

Büsati-cəng olan saət qaçardı,
Qoyardı sərvəri-dini aradə!


Bunu Vəliəhdə xəbər verirlər. Abbasqulu ağanı tutub vəliəhdin çadırına aparırlar. Qəzəblənmiş vəliəhd Abbasqulu ağanın qətlinə fərman verir. Abbasqulu ağa namaz qılmaq arzusu ilə vəliəhddən xahiş edir ki, bir neçə dəqiqəliyə öz çadırına getməyə ona icazə versin. Namaz sözünü eşidən vəliəhd ona icazə verir. Abbasqulu ağa öz çadırına gəlib, general paltarını geyir və vəliəhdin çadırına yollanır. Bakıxanovu çar generalı paltarında görən vəliəhd özünü itirir. Abbasqulu ağanın ayaqlarına döşənir: «Qurban olum ağa, günahımdan keç!» Bakıxanov onu ayağa qaldırır: «Mən sənin günahından keçərəm. Amma ağıllı iş görməyi unutmayın, hər şeydən tez qəzəbnak olmayın. Bəlkə mən general yox, adi adamam. Uşaqlarımı yetim, gözüyaşlı qoymağı özünüzə necə rəva bilirdiniz?»
Abbasqulu ağa Bakıxanov demişdir: «Xəsislər həmişə qorxu və çətinlik içərisində yaşayırlar. Təkəbbürlü adamlar xalq içərisində alçaq görünər, xudpəsənd özünü camaata güldürər. Paxıllıq, qabiliyyətin yoxluğundan doğar. Hər kəs öz qüvvəsinə inansa, o istədiyini əldə etməyə qadirdir. Gözü ac və həris adam həmişə aclıqdan şikayət edib dərdli olar. Bədbəxt o adama deyirlər ki, başqasına yaxşılıq etməyə bacardığı halda etməsin.»
Abbasqulu ağa Məkkəyə Həcc ziyarətinə getdikdə məşhur Quba qazisi Hacı Molla Abdulla Axundu özü ilə bərabər aparıbmış. Bakıxanov ziyarətini başa çatdıqda üzünü «dərgahi-həqqə» tutub deyir: «Pərvərdigara! Hər Padşahdan mənə nişan verilibdir. Səndən də bir nişan təmənna eyləyirəm ki, axır nişanın olsun.» Hacı Molla Abdulla Axund o nişandan nə murad olduğunu soruşur. Abbasqulu ağa deyir: «O nişan bu müqəddəs məkanda öl¬məkdir.» Bu əhvalatdan üç gün sonra, 1847-ci ilin fevralında A.Bakıxanov Məkkə və Mədinə arasında «Vadiyi-Fatimə» deyilən yerdə təsadüfən vəba xəstəliyindən ölmüş və orada da dəfn edilmişdir.
Deyilənlərə görə Abbasqulu ağa Bakıxanov Peterburqda olduğu vaxt I Nikolayın qonaqlıq məclisinə dəvət olunur. Nikolaya və arvadına çatdırırlar ki, Qafqazdan gələn qonağın ömründə dilinə içki dəyməyib. Nikolayın arvadı çox qürrəli halda deyir ki, mən Abbasqulu ağaya ilk dəfə şərab içdirərəm. O, bir qədəh şərabı qızıl podnosa qoyub, özü gətirib Bakıxanova təqdim edir. Padşahın arvadının şərab təqdim etməsi qonaq üçün ən yüksək hörmət sayılırmış, Abbasqulu ağa ayağa qalxaraq podnosdan qədəhi götürür və üzünü çar I Nikolaya tutaraq deyir: «Ey mənim həşəmətli hökmdarım, siz deyirsiniz bu şərabı için, allahım deyir içmə. Hansınızın sözünə baxım?» Çox dindar olan çar Nikolay bir anın içində: «Əlbəttə, allahın!» söyləyir. Abbasqulu ağa əlindəki qədəhi təzədən qaytarıb padşah arvadının əlindəki podnosa qoyur. Padşah arvadı peşman halda qayıdıb yerində oturur.
*Bir gün rəssam Mikayıl Abdullayev teatr muzeyi üçün bəstəkarın şəklini çəkmək tapşırığını alıb. O, Üzeyir bəyi iş kabinetində masa arxasında çəkməli olur. Bu əməliyyat bir neçə gün davam edir. Bəstəkara soyuq dəyir işə çıxmır. Rəssam portreti çəkib qurtarır və rənglərin quruması üçün onu elə kabinetdə masa arxasında kürsünün üstə, divar xalçasına söykəyib gedir. Ertəsi gün, bəstəkar evdən konservatoriyaya zəng vurur nə isə soruşur. Bununla əlaqədar olaraq, kabinetin açarını xidmətçi qadına verirlər ki, nə isə gedib gətirsin. Xidmətçi qadın qapını açıb içəri keçir, tezdən geri dönüb direktorun elə özünün gəldiyini xəbər verir. Təəccüblənirlər. Ona görə ki, bəstəkar xəstədir, həm də bu tezliklə gələ bilməz. Kimsə tez gedir kabinetin qapısındakı açar deşiyindən baxıb görür ki, Üzeyir bəy doğrudan da öz yerindədir. Bu dəfə tədris hissə müdiri özü gedib kabineti açanda əvvəl çaşır, sonra masa arxasında bəstəkarın portretini görüb gülməyə başlayıb. Bu əhvalat yazılır. Üzeyir bəy eşidəndə isə rəssamı çağırıb deyir: «Portret özü müəllifsiz imtahandan çıxdı sağ ol!»
İnqilabdan əvvəl «Aşıq Qərib» operası oynanılarkən səhnəyə uzunqulaq da çıxarırlarmış. Bir dəfə necə olursa uzunqulaq olmur və antreprenyor iki ayağını bir başmağa dürtüb deyir: «Eşşək gəlməyincə pərdənin qalxmasına icazə vermərəm.» Artistlər onun inad etdiyini tamaşanın başlanmasına izn vermədiyini Üzeyir bəyə yetirirlər. Bəstəkar əsəbiləşir: «Ona deyin ki, səhnədə bir eşşək varsa, kifayətdir. İkinciyə ehtiyac yoxdur.»
Üzeyir bəy konservatoriyada işləyərkən qəbul olunan tələbələrin istedadına xüsusi diqqət yetirərdi. «İstedada kömək etmək vətəndaşlıq borcumuzdur» — deyərdi.
Üzeyir Hacıbəyov ilə Müslüm Maqomayev arasında bir balaca inciklik olur, onlar bir müddət xüsusi qalırlar. Bir ziyafət zamanı Maqomayev badəni qaldıraraq deyir:
— Üzeyir, sənin haqqında mənə nə desələr inanmadığım kimi, mənim adımdan sənə nə desələr inanma! Mən sənin barəndə heç vaxt pis fikirdə olmamışam! — deyir.
Üzeyir Hacıbəyov ona belə cavab verir:
— Xeyr, sən məni həmişə təqib edirsən. Bax, mən dünyaya gələn ili sən də gəldin-bu bir. Mən Qoriyə təhsil almağa getdim, sən də oraya gəldin-bu iki. Mən musiqi aləminə keçdim, sən də keçdin-bu üç. Mən kompozitor oldum, sən də oldun-bu dörd. Nəhayət, mən Hənifə Terequlovun bacısını aldım, sən də mənim acığıma gedib onun o biri bacısını aldın. Bu da beş. Gördünmü sən həmişə məni təqib etmişsən — deyir və hamını güldürür.
Üzeyir Hacıbəyov söhbətlərinin birində dirijor haqqında demişdir: «Dirijor var ki, partitura onun başında olur. Dirijor var ki, başı partiturada olur, dirijor var ki, partitura ilə vurmaq lazımdır.»

*Bir dəfə Sabirdən soruşanda: «Mirzə, siz böyüksünüz, yoxsa Abbas Səhhət?» Cavab veribmiş: «Başda o böyükdür, yaşda mən.»
Mirzə Ələkbər Sabir (1862-1911) Tiflisdə özünü müayinə etdirmək məqsədilə həkimlərə müraciət etmiş, onlar isə:
— Mərəzinizi bilmək üçün sizi yarıb müayinə etmək lazımdır — dedikdə şair:
— Mən portmanat deyiləm ki, məni açıb baxasınız və sonra isə yenə bağlayasınız-demişdir.
Mirzə Ələkbər Sabir Bakı məktəblərinin birində müəllimlik etmək arzusunda idi. Onun yaxın dostu Abbas Səhhət şairə kömək məqsədilə o zamankı maarif inspektoruna müraciət edir. Çinovnik təbiətli inspektor acıqlı halda bildirir: «Xahiş edirəm mənim üçün millət-filan söhbətini açmayasınız. Mən Nikolayın borşu ilə kotletinə qulluq edirəm.» Səhhət də əsəbiləşir: Cənab, biz sizin nələr yediyinizi yaxşı bilirik — deyə cavab verir.
Sabir də müəllimi Seyid Əzim kimi öz kitabını görmədən, həsrətlə gözlərini əbədi yummuşdur.
Sabir Tiflisdə «Molla Nəsrəddin» redaksiyasında Məmmədəli Sidqi ilə bir otaqda olurmuş. Onlar bir yerdə yeyib, içirmişlər. Gecələrin birində Sidqi gec gəlmiş, Sabir isə yorğun olduğu üçün tez yatmaq istəmişdir. O, yatağa girməzdən əvvəl Sidqinin xörəyini hazırlayıb mizin üstünə qoymuş, üstəlik də böyük hərflərlə yazmışdır:

Bu kabab, bu lavaş,
Ye yavaş, yat yavaş.


Sabirin müəllim dostları onun şerlərini kitab halında çap etməyi qərara alırlar. Onlar hər ay öz əmək haqlarının 1%-ni bu xeyirli işə ayırmağı boyunlarına götürürlər. Sabir, öz müəllim yoldaşlarının xeyirxah əməllərini eşitdikdə mütəəssir olur və Sədinin bir beytini çox səlis şəkildə bədahətən ana dilində söyləyir:

Kərimlərdə kərəm vardır, dirəm yox,
Ləimlərdə dirəm vardır, kərəm yox!


*Bir gün bir dəstə gənc şair axşamüstü dəniz kənarına gəzməyə çıxmışdı. Müşfiq də onlarla idi. Dəstə sahilə çatanda qəribə bir mənzərənin şahidi oldu: Sahildə, daşların üstündə iki gənc oturmuşdu. Biri tar çalır. O biri də həzin-həzin zümzümə edirdi. Hamı dayanıb, onlara xeyli qulaq asdı. Müşfiqin üzündəki gərginlik aydınca hiss olunurdu. O, öz daxili aləminə cummuş, dodaqları yavaş-yavaş tərpənirdi. Gənc dostlar gəzintidən geri dönəndə Müşfiq birdən ayaq saxladı və ilhamdan yenicə doğan məşhur «Tar» şeirini dərin bir hisslə oxumağa başladı:

Oxu, tar, oxu tar!
Səni kim unudar?!


İlhamsız yazan, eşqi, ehtirası olmayanların şairlik iddiasına düşmələri Müşfiqi qəzəbləndirirdi:

Şairə ilhamdan maya gərəkdir!
Anasız cocuğa daya gərəkdir!
Şairəm söyləyir yerindən duran,
Adamın üzündə həya gərəkdir!


M.Müşfiqin istəkli şagirdləri çox idi. Onlardan biri Zəhra idi. Bir gün 1934-cü il mart ayının 11-də Müşfiq sinfə daxil olarkən balaca Zəhra əynində tutduğu kiçik albomu ona uzadır. «Müəllim bura bir şeir yazın.» Müşfiq albomu alıb, gülümsəyir. «Yaxşı, sən get sinif jurnalını gətir, mən də sənin üçün şeir yazım.» Zəhra elə güman edir ki, müəllim albomu evə aparıb, sonra gətirəcəkdir. Amma elə olmur. O, sinif jurnalını müəllimlər otağından gətirəndə Müşfiq alboma yazdığı sətirləri tamamlamaqda idi. Şair albomu Zəhraya qaytarır. «Zəhra üçün» sözlərini görəndə qız gözlərinə inanmır. İnanmır ki, əziz müəllimi bu tezlikdə ona aşağıdakı şeiri yazıb:

İrəli qaç, irəli
Ey mənim gözəl qızım.
Qalma həyatdan geri,
Oxu mükəmməl qızım.
Uca dağlardan atlan,
Hər çətinliyə qatlan,
Bir quş kimi qanadlan,
Göylərə yüksəl, qızım!

Mehriban ol insana,
Bir yuxarı baxsana,
Göydən Günəş, Ay sana,
Eləyir «gəl-gəl» qızım.


Müşfiq şair dostlarından birinə yazdığı məktubda deyirdi: «Məncə həqiqi şeir divanədir, dəlidir. Odur ki, onu zəncirləmək nahaqdır. Burax onu! Burax.»
Müşfiq tələbə ikən, müəllim növbəti dərsdə məşhur türk şairi Tofiq Fikrətin yaradıcılığından məruzə oxuyacaqmış. Lakin T. Fikrətin kitabını özü ilə gətirməyi yaddan çıxaran müəllim dərsi təxirə salmaq istəyir. Bu vaxt Müşfiq icazə alıb deyir: «Müəllim təxirə salmayın. Mən Tofiq Fikrətin bütün əsərlərini əzbər bilirəm. — Onda dərsə başlayaq» — deyə müəllim T. Fikrətin yaradıcılığı halda növbəti mühazirəsini Müşfiqin köməkliyi ilə oxuyur.
Şeir Müşfiqin həyatına hakim kəsilmişdi. O, bu hakimin iradəsinə tabe olur, ancaq şeir yazdığı günü ömrünün ən vəfalı günü adlandırırdı:

Ey şeir yazmaqla keçən günlərim!
Siz ki ən vəfalı günlərimsiniz.


Şeirdə nadir hafizəsi olan Müşfiqin həyatda, məişətdə yaddaşı çox zəif idi. Bu barədə dövri mətbuatda qəribə bir yoldaşlıq şarjı çıxmış və altında yazmışdırlar ki, guya şair papağım itirir və onu tapmaq üçün hər yeri axtarır, bir də görür ki, papaq qoltuğundadır. Huşsuzluğunu etiraf edən Müşfiq rus şairi Marşakın «Huşsuza bax, huşsuza!» əsərini öz doğma dilinə tərcümə edərkən deyərmiş: «Şair lap mənim obrazımı yaratmışdır.»
*Aşqabadda «Leyli və Məcnun» operasının tamaşası günü Zeyd rolunu oynayan artist xəstələnir. Sarabski əlacsız qalıb həmin vaxt Aşqabadda olan Vahidə yalvarır ki, bu gecə Zeyd rolunda çıxış et, işin də çətin deyil, mən Məcnun axırıncı pərdədə Leylinin qəbri üstə gələndə sen mənə müraciət edib, bircə bu şeri oxuyacaqsan:

Dün əxtəri bəxtin oldu tirə,
Leyli sitəm etdi sən fəqirə.
Yar İbn-Səlamə ruzi oldu,
Ruzi sənə dərdi suzi oldu.


Vahid razılaşır. Amma axşam səhnəyə çıxıb camaatı görən kimi şair özünü itirir, oxuyacağı şeir də yadından çıxır. Məcnun libasında olan Sarabski ona baxır, söz gözləyir, Vahid çarəsiz qalır, əlini qulağına qoyub özündən bir beyt söyləyir:

Məcnuna deyən yox ki, ey aşiqi biçarə,
Vahidlə nə karın var, qoysun səni avarə.


Sonralar Sarabski hər Vahidi görəndə həmin əhvalatı xatırlayır və deyərmiş: «Ay, dost səninlə səhnədə tərəf-müqabili olmağın başqa ləzzəti var.»
Məhərrəmlik ayında bir dostunun xahişi ilə Vahid məscidə gedir. Zəncir döyənlər arasında bədəncə zırpı bir cavan Vahidin diqqətini xüsusi cəlb edir. Cavanın enli kürəyində iki gözəl qız şəkli həkk olunubmuş. Oğlan zəncir ilə gah sinəsinə, gah da kürəyinə döyürmüş. Hər dəfə zəncirin qızlara dəydiyini görən Vahid özünü saxlaya bilmir, cavana yaxınlaşır, kinayə və sərzənişlə deyir: «Ədə, ay evi bərbad. Sən nə edirsən? Mənim gecə gündüz vəsif etdiyim gözəllərin nə təqsiri var ki, dəmadəm zəncirlə döyəcləyirsən?»
Bəzi vaxtlar olurmuş ki, Vahid kefi kökəlmək üçün içirmiş. Amma nə qədər az içsə də bu onun sağlamlığına xələl gətirərmiş. Günlərin birində həkim dostlarından biri şairə məsləhət edir: «Əliağa, içki içib bədəni əldən salmağın mənası yoxdur, canının qədrini bil.» Vahid də cavabında dostu həkimə deyir: «Hər birimiz Əzrayıla bir can borcluyuq. Mən də dəli deyiləm ki, canımı Əzrayıla sağ-salamat təhvil verəm. Bu kişilikdən deyil. Elə yaxşı olmazmı əvvəl özüm onun atasını yandırım, sınıq-salxaq hala salım, Əzrayıl da gələndə görsün ona bir şey qalmayıb.»
Deyilənə görə Vahidin sevdiyi gözəllərdən biri əvvəl saya salmamış, sonra isə peşman olub şairlə yaxınlıq etmək istədiyini məktubla bildirdikdə şair:

Dəyişmişəm, gözəlim indi sən deyən deyiləm!
Get hər kiminlə gəzirsən gəz, inciyən deyiləm.


misraları ilə başlayan qəzəlini yazıb, cavab kimi göndərmişdir.

*Səməd Vurğun «Vaqif» pyesi üzərində işlərkən qələm dostları zəng edərək onu ova getməyə dəvət edirlər. Lakin şair razılıq vermir. Dostları məcbur olub, şair Osman Sarıvəllini göndərirlər ki, get sən çağır, Səməd sənin sözündən çıxmaz. O.Sarıvəlli S.Vurğunun evinə gəlib, ona ova getməyi təklif eləyəndə şair deyir: «Yox Osman, Vaqiflə Əlibəyi zindanda qoyub ova gedə bilmərəm.»
Azərbaycan muğamlarını böyük sənətkarlıqla ifa edən məşhur xanəndə Xan Şuşinski ilə şair lap gənc yaşlarından dost imiş. Bir gün Xan küçə ilə gedərkən Səməd ona rast gəlir: «Xan, səni də tarixə yazdım» — Xan şairin nə dediyini başa düşmür. Belə olduqda, şah ona «Azərbaycan» şeirindən aşağıdakı bəndi söyləyir:

Könlüm keçir Qarabağdan
Gah bu dağdan, gah o dağdan.
Axşamüstü qoy uzaqdan
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.


1947-ci ildə Sovet nümayəndə heyəti London təyyarə meydanından Vətənə yola düşəndə, Londonlu bir şair qadın S.Vurğundan təvəllüdünü soruşur. Şair 1906-cı ildə doğulduğunu deyir. Qadın: «Görünür çox əzab-əziyyət çəkmisiniz» — deyir. — «Yaxud həddindən artıq işləyirsiniz. Çünki saçlarınız vaxtından tez ağarıb.» S.Vurğun dərhal cavab verir: «Xanım, təvazökarlıqdan kənar olsa da deyim ki, uca dağların başı həmişə qarlı olar.»
*Bir gün Hüseyn Cavid gənc dostu gilə gəlir. Yazı masasına diqqət yetirəndə görür ki, Mir Cəlal kimin haqqında isə məqalə yazır. «Mir Cəlal, qələminə heyfin gəlmir? Elə əsərləri təhlil elə ki, heç olmasa mövzu sənin zəhmətini qoruyub saxlasın.» Füzulidən yazanı, yazı özü saxlamasa da, Füzuli saxlayacaq. Həmin tövsiyədən sonra Mir Cəlal böyük həvəslə «Füzulinin poetikası» əsərini yazır, çap etdirir və kitabın ilk nüsxəsini də minnətdarlıq əlaməti olaraq məhz Hüseyn Cavidə təqdim edir.
Orta məktəb dərsliyində Hüseyn Cavidin tərcümeyi-halını yazmaq məqsədilə A.Şaiq məlumat almaq üçün ona müraciət etdikdə şair zarafatla deyir: «Yaz ki, dimdiyinin sarısı getməmiş sərçə balasıdır.»
Hüseyn Cavid yaxşı nərd oynayırdı. İstedadlı gənc şair Mikayıl Müşfiqlə oyundan xüsusi zövq alar, çox zaman onu udar, udan kimi təkrar edərdi: «Bu da şeir deyil ha, yaza bilməyək.»
Hüseyn Cavid gözəl qadını, qızı göydən enmiş mələk sayırdı. Günlərin birində müəllim Hüseyn Cavidin yanına gözəllik ilahəsi qədər gözəl, lakin bilikdən dayaz bir qız imtahana gəlir. Suallara cavab verə bilməyən qızın xarici gözəlliyi şairin gözlərini qamaşdırır. Qız yalvarırmış kimi dillənir: «Müəllim, xahiş edirəm mənə pis qiymət verməyəsiniz.» Şair ilhama, vəcdə gəlir: «Qızım, tanrı səni yaradanda qiymətini verib, mənim nə ixtiyarım var yaradanın qiymətini korlayam» — deyə qıza «5» yazır.
*Belə rəvayət edirlər ki, Aşıq Ələsgər son nəfəsində onun üstündə Quran oxuyan mollanın səhvini düzəldir və bu onun yanındakıları heyrətə salır.("Əslində onlar kimdir"kitabından)


Kateqoriya: Karusel / Tənqid-fikir
Tarix: 11-12-2019 19:58
Baxış sayı: 41 525
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını