Azərbaycan kinosunda yeni mərhələ başladan kinorejissor- Həsən Seyidbəyli

24-10-2019 19:42
Azərbaycan xalq artisti, rejissor, ssenarist, yazıçı Həsən Seyidbəyli 1920-ci il dekabr ayının 22-də anadan olmuşdur. O, 1938 -1939-cu illərdə Leninqrad (Sankt-Peterburq) Kino Mühəndisləri İnstitutunda, 1943 -1951-ci illərdə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil almışdır. “Azərbaycanfilm” kinostudiyasında kinorejissor, 1963 - 1980-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləmişdir. “İmtahan”, “Qızıl axtaranlar”, “Bağlı qapılar” adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulmuşdur. Bir neçə kitabın müəllifidir. Filmləri Ümumittifaq kino festivallarında priz və diplomlara layiq görülmüşdür. 1980-ci ilin iyun ayının 25-də vəfat etmişdir. 

Yazıçı-dramaturq, xalq artisti, ssenarist, ictimai xadim olan Həsən Seyidbəyli özünəməxsus yaradıcılığı ilə Azərbaycan kinematoqrafiyasında yeni mərhələ başladan kinorejissorlarımızdan biri olub. Onun romantik əsərləri uzun müddət teatrların əsas repertuarına çevrilmiş, ədəbi-bədii keyfiyyətinə görə uğurlu ekran taleləri yaratmışdır. Dramaturqun əsərlərindəki səmimilik oxucu kütləsinin böyük marağına səbəb olur, çoxcəhətli həyat problemlərinin şablonsuz ekran təcəssümü daim tamaşaçı diqqətini cəlb edirdi. Hazırda filmlərin uğursuzluğunu çoxşaxəli vizual vasitələrin natamamlığı, texniki avadanlıqların çatışmazlığı ilə əlaqələndirirlər. Bütün bunların labüdlüyü faktdır. Lakin XX əsrin 50 - 70-ci illərində zəmanəsini əks etdirən uğurlu ekran əsərlərinə baxdıqda ekran dramaturgiyasının monumentallığı sayəsində birnəfəsə izlənilən filmdə köməkçi təsvir vasitələrinə (qrafika, xüsusi effektlər və s.) ehtiyac olmadığını görürük. Bir də ki, mentalitetimizə xas olan ciddi, nümunəvi əxlaq normalarını təlqin edən süjetlərdə bunlara heç ehtiyac da yoxdur. Ssenaridəki replika və mənalı dialoqların uyğunluğu, şablonsuz aktyor oyunu, musiqinin kadrlarla uzlaşan ifadə dili filmləri geniş tamaşaçı auditoriyasına sevdirməyi bacarırdı. Bu sadalananlar Həsən Seyidbəylinin ekran əsərlərində insanların həyat mövqeyini formalaşdırır, onların ideya-mənəvi, estetik tərbiyəsində mühüm rol oynayırdı. Onun müxtəlifjanrlı filmlərini ciddilik fərqləndirirdi. O, sadə süjetli filmlərində belə, məişətin və insan psixologiyasının geniş təsvirinə çalışır, cəmiyyətə zidd proseslərin mənbəyini araşdırırdı. Dramaturqun bütün qəhrəmanları həyatın sınağından cəmiyyətin köməyi ilə çıxan zəhmətkeşlərdir. Filmlərindəki personajları kimi o, bütün biliyini, istedadını gərgin zəhməti hesabına faydalı iş əmsalına çevirməyi bacarır, ekranda örnək timsallı həyat nümunələri yaradırdı. Müəllif realist yaradıcılığı çərçivəsində əməyi insan həyatının aparıcı rolu, romantikanı isə ikinci mərhələsi kimi təqdim edirdi. Dahi kinoşünas Rene Kler “Kino üç mərhələdə yaranır ” - deyir: 1-si ssenari yazılarkən, 2-si film çəkilərkən, 3-sü isə montaj zamanı. Müxtəlif janrlarda ekranlaşdırdığı həyat dramlarında Həsən Seyidbəyli kinonun bu vacib elementlərini öz yaradıcılığında dönə-dönə təsdiqlədi. Ədib 1962-ci ildə özünün eyniadlı ssenarisi əsasında ilk müstəqil “Telefonçu qız” filminin quruluşunu verir. Bu filmə qədər artıq onun üç ssenarisi fərqli rejissorların quruluşunda ekran təcəssümü tapmışdır. Bu gün də onun filmlərinə tələbat ona görə azalmır ki, o, həyatın içindən gələn personajların fərdi xüsusiyyətlərini həddən artıq səmimi, prototiplərin psixologiyalarını dəqiq xarakterizə edirdi. Məsələn, həyatın sərt qanunları qarşısında aciz qalan yeniyetmə qız Mehribana (“Telefonçu qız” filmi) səmimi zəhmətkeş mühiti dayaq durmasa idi, o, bacarığını təsdiqləyərək cəmiyyətin nümunəvi nümayəndəsinə çevrilə bilməzdi. Və yaxud əksinə, ədalətsizliyə məruz qalan Cəmilənin (“Sən niyə susursan?” filmi) çirkin mühitinin qeyri-insani münasibətlərinə qarşı üsyan etməsinə səbəb, nəhayət ki, onu başa düşəcək, həyata atılmağa ruhlandıracaq bir nəfərin (Rasim) olmasıdır. Bu mənada dramaturq hər bir insanın həyat amalının möhkəmlənməsində ictimaiyyətin mütləq rolunun olmasını vurğulayır. Onun filmlərində tənhalığa, biganəliyə, zorakılığa qarşı böyük bir üsyan var. Bu mövzular bu gün də aktualdır. Biganəliyin kütləvi xarakter daşımasından narahat olan rejissor orijinal yaradıcılığında belə nüansları emosional ştrixlərlə təqdim edir, filmin ümumi kompozisiyasında musiqinin müşayiəti ilə qəhrəmanları hisslərin və ağlın mücadiləsi fonunda əks etdirirdi (“Möcüzələr adası” filmi). Onun filmlərində zəhmətlə yoğrulan insanların məhəbbətinə keşikçi olması təsadüfi göstərilmir. O, zəhməti insan kamilliyinin ünvanı kimi əks etdirirdi. Onun filmlərində hər bir dövrün problemləri, reallıqları öz bədii həllini tapırdı. Biz bu filmlər vasitəsi ilə çox asanlıqla o illərin müasirinə çevrilə bilirik. Ədəbi materialların ekran variantı milli mənimizin real təcəssümü deməkdir. Dramatik üslubda yaradıcılıq kredosunu təsdiqləyən Həsən Seyidbəylinin “Nəsimi” filmi tariximizlə yanaşı, milli mədəniyyətimizi, mentalitetimizi, ədəbiyyatımızı, musiqimizi ümumilikdə qədim Azərbaycanın həyatını əks etdirdi. Onun filmlərinin süjet xətti məna baxımından kəsərli, dinamik və maarifləndirici xarakter daşıyır. Mahir aktyor rejissoru olan Həsən Seyidbəyli öz quruluşlarında zahiri təmtəraqlara üstünlük vermədən kiçik obrazları belə filmin aparıcı qüvvəsi kimi təqdim edirdi. Məsələn, “Nəsimi” filmində epizodik rolları ifa edən aktyorlar yaratdıqları obrazların fonunda (Dərviş, Yusif, hürufilər, Şəms və s.) personajların mövqelərini dəqiq xarakterizə etməklə həm öz istedadlarını, həm də prototiplərin ideya və sosial durumlarını səlis səciyyələndirir, tamaşaçının sevimlisinə çevrilirdilər. Həmin illərin aktyor nəsli sənətdə qazandıqları uğurları da Seyidbəyli yaradıcılığı ilə əlaqələndirirlər. “Mənim seçdiyim qəhrəmanlar tipaj deyildir. Həmişə haqlarında düşündüyüm, yazdığım, hər gün həyatda təsadüf etdiyim və ekranda görmək istədiyim qəhrəmanlardır” - deyən Həsən Seyidbəyli bir ədib kimi müəlliflərin yaradıcılığına da həddən artıq hörmətlə yanaşaraq ədəbi materialları gözdən salmamağa çalışır, özünün rejissor təxəyyülünün sintezi ilə qüsursuz ekran əsərləri, nümunəvi qəhrəmanlar yaradırdı. Ekrandakı qəhrəmanların gətirdikləri sitatlar, dialoqlar məzmununa görə həyat məktəbi sayılır, təlqin olunan milliliyə xas etik qaydalar cəmiyyətin estetik tərbiyəsində mühüm rol oynayır. O, müraciət etdiyi hər bir mövzudakı qəhrəmanlarının abidəsini yaradır, onların peşələrinə xüsusi rəğbət hissi oyadır, sanki həyatdakı nümunəvi mövqelərini alqışlayırdı. Məsələn, müəllimlərin ( “Bizim Cəbiş müəllim” ), rabitəçilərin ( “Telefonçu qız” ), qanun keşikçilərinin (“O qızı tapın”), neftçilərin (“Möcüzələr adası” ) və s. Müxtəlif peşə sahiblərinin nümunəvi təsvirləri insanlarda həyat eşqini gücləndirir, zəhmətə meyillilik yaradır, dövrünə, mühitinə qarşı sevgi hissi oyadırdı. Düzgün istiqamətləndirilmiş aktyor ifaçılığı rejissor, bəstəkar və dramaturq ideyalarının tamaşaçıya dəqiq çatdırılmasına nail olurdu. Onun filmlərinə uğur qazandıran əsas səbəblərdən biri də bədii kompozisiyanın təşkilindən əlavə rejissor traktovkasının qüsursuz və nizamlı olmasından ibarət idi. Ümumiyyətlə, XX əsrin ortalarından 80-ci illərə qədər çəkilən filmlərin böyük əksəriyyəti aqrar sahəni, yüngül sənayeni və bir sözlə ictimai-siyasi hadisələri təqdirəlayiq səviyyədə əks etdirdi. Müharibə mövzusu şablonsuz həyat həqiqətlərinə əsasən ekranlaşdırıldı, Azərbaycanın mövqeyi, insanların münasibəti çox böyük diqqətlə araşdırıldı. Məsələn, “Bizim Cəbiş müəllim” filmində bir ailənin tarixçəsi fonunda müxtəlif insanların xarakterləri dinamik kadrlarla, panoramlı çəkilişlərlə təsvir olunur. Filmin epizodlarında nadir hallarda rastlaşdığımız komik dialoqlarda belə müharibənin bədbəxtliklərini xatırladan dərin kədər var. O, mənfi obrazları ya monoloqları, ya da tərəf-müqabilləri vasitəsi ilə qınaq obyektinə çevirirdi. Bir sözlə o, əsl realist sənətkar idi. Onun ekran dramaturgiyasına hələ çox boylanılacaq, sənətkarlıq xüsusiyyətlərindən məqam düşdükcə öyrəniləcək.
Dalidag.az


Kateqoriya: Karusel / Mədəniyyət
Tarix: 24-10-2019 19:42
Baxış sayı: 31 027
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını