Reklam

Dağlar bir ixtiyar qocaya qaldı...- Başlıbel faciəsi şahidlərin dilində
28-05-2021 11:38


Abuzərin dedikləri: Abuzər Salman oğlu Məmmmədov 1974- cü ildə Kəlbəcər rayononon Ağcakənd kəndində anadan olmuşdur. 1992-ci ildə hərbi xidmətə yollanıb. Hərbi xidməti Kəlbəcərdəki 712 saylı hərbi hissədə keçirib. Əvvəlcə Kəlbəcərlə Göyçə arasındakı “Dik Yurd” zastavasında, sonra İstisu qəsəbəsində, daha sonra Laçın rayonunun Haxnəzər kəndində xidmət etmişdir. İşğal hadisələrini və mühasirə həyatını belə xatlrlayır: Kəlbəcərin işğalı ərəfəsində Kəlbəcər rayonunun Qılışlı kəndində xidmət edirdim. 1993-cü il aprel ayının birində mənimlə bir yerdə xidmət edən həmkəndlim İnqilab Əsədovla Ağcakəndə getməyi qərara aldıq. Çünki Kəlbəcərin, demək olar ki, bütün kəndlərindən olan əhalisinin gəlib Qılışlı kəndindən keçərək Murov aşırımına doğru irəlilədiyini görürdük. Ona görə də qərara aldıq ki, Ağcakəndə gedib valideynərimizi kənddən çıxaraq. Ayın birində kəndə gəldik ki, kənddə xeyli adam qalıb. Onlara xəbər verdik ki, Kəlbəcər camaatı rayonu tərk edir. Camaatı kənddən yola saldıq, amma biz bərk yorulduğumuz üçün gecəni kənddə qaldıq. Səhər açıldı, oyananda gördük ki, kənddə üç nəfər qalmışıq: Faiq Nuriyev, İnqilab Əsədov və mən. Biz radioya qulaq asanda eşitdik ki, artıq Kəlbəcər işğal olunub. Gəldik Moz kəndinə, orada dörd nəfər Laçın sakini ilə görüşdük. Laçınlılar Kamran bəy, oğlu İman, digər ikisinin adları Vüqar və Etibar idi. Kamran bəy yaralı idi. Ermənilərlə qarşılaşıblar, atışmada ermənilərdən öldürsə də, onu da qıçından vurmuşdular. Ona görə də piyada yeriyə bilmirdi. Atlı idi. Onlarla bir yerdə gəldik Başlıbel binəsinə (Başlıbel binəsi Başlıbel kəndindən 4 kilometr yuxarıda yerləşir- Müəllif). Orada xeyli adam var idi. Axşam düşdüyündən qaranlıqda onları tanıya bilmədik. Dedilər ki, Başlıbeldənik. Gecəni orada qalıb səhər tezdən laçınlıların məsləhəti ilə Laçın istiqamətində getməyi qərara aldıq. Çünki Kəlbəcər tərəfdə çox qarışıqlıq idi. Fikirləşirdik ki, Laçın istiqamətində gedib Güləbird kəndindən keçə bilərik. Biz Başlıbeldən çıxanda gördük ki, arxadan üç nəfər kişi gəlir, onlar bizi çağırdılar ki, bizi də gözləyin. Biz onları tanımırdıq. Dedilər ki, Şahkərəm kəndindənik – İsmayıl Əzimov, Yapon Mustafayev və Bağman Baxşəliyev.

Onların üçü ilə də getdik Şahkərəmə. Həmin gün aprelin 3-ü idi. Gecəni Şahkərəmdə qaldıq. Ayın 4-də Şahkərəmdən çıxıb Laçın rayonunun Qovuşuq kəndinə getdik. Təxminən bir ay yarım Laçın rayonunda yaşadıq. Seyid İbrahimin zağası deyilən yerdə 18 nəfər laçınlı qaçaq da yaşayırdı. Gedib Güləbirddən keçmək üçün iki dəfə cəhd etdik. Lakin hər tərəfdə ermənilər qarətlə məşğul olduğundan yollarda hərəkət, gedən-gələn çox idi. Ona görə də keçə bilmədik. Laçın tərəfdən keçməyin qeyri-mümkün olduğunu görəndən sonra qərara aldıq ki, Kəlbəcərə qayıdaq. Biz qayıdanda Kamran bəy yaralı olduğundan onlar bizimlə qayıtmadılar. Çünki Kamran bəy yaxşı yeriyə bilmirdi. Biz, üç nəfər ağcakəndli və üç nəfər şahkərəmli iyun ayında Kəlbəcər rayonuna tərəf qayıdası olduq.
İki-üç gün Şahkərəmdə dincəldikdən sonra qərara aldıq ki, Çərəkdar istiqamətindən keçməyə cəhd edək. Meşələrlə irəliləyərək Çərəkdara qədər gəldik. Özümüzlə atlar da götürmüşdük, rahat yerlərdə atlarımızı minirdik, uçqun və çətin yerlərdə atlardan düşüb piyada gedirdik. Çərəkdar kəndinin qarşısındakı meşə ilə gedirdik. Kənddəki itlər hənirtimizi alıb hürüşdü. Kənddəki ermənilər yerimizi görüb bizi güclü atəşə tutdular. Güllələr yan-yörəmizdə ağacların yarpaqlarını və budaqlarıni qırıb üstümüzə tökürdü. Atları tərgidib gəldiyimiz tərəfə qaçdıq. Qayıdıb gəldik Tirkeşəvənd kəndindəki Ağzıbir binəsinə. Üç gün binənin yanındakı geoloqların qazdığı tuneldə dincələndən sonra yenidən Şahkərəm kəndinə gəldik. Şahkərəmin meşəsində “Armudlu Tala” deyilən yerdə Mustafanın zağasında bir müddət qaldıq. Arada biz ağcakəndlilər Ağcakəndə gedib kənddən halı olurduq. Ermənilər bizim kənddə də qarətçiliklə məşğul olurdular. Qarət etdikləri evləri də yandırırdılar. Bir gün Şahkərəm kəndinə ərzaq gətirməyə getmişdik. Gördük ki, 2-3 gün bundan qabaq biz içərisindən ərzaq götürdüyümüz evin qapısı bağlıdır. Halbuki, biz bu evin qapısını açıq qoymuşduq. Ehtiyatla içəri girdik. Müəyyən etdik ki, burada gecələyən olubdur. Onların izlərini araşdıranda gördük ki, beş nəfər olublar, içərisində biri 9-10 yaşlı uşaqdır. Onların izlərini araşdırdıq- Şahkərəmdən çıxıb dağ yolu ilə Başlıbel kəndinin qarşısından keçərək çay yuxarı getmişdilər. İz bizi aparıb Barudlu kahalarına çıxartdı. Biz aprelin 3-də Başlıbeldə olanda Başlıbel camaatı bizə demişdi ki, əgər kəndə ermənilər gəlsə biz kəndin üstündəki kahalara çıxacağıq. Ona görə də həmin kahalara gəldik. Kahalarda yerlə yeksan olan yorğan-döşək və ərzağı görəndə başa düşdük ki, burada atışma olub, araşdıranda yaxınlıqdakı qəbirləri gördük. Qəbirlərdən birinin başdaşına qırmızı bağlamışdılar, üzərinə də bir qabda su qoymuşdular.

Başa düşdük ki, ən azı adamlardan üç nəfəri salamat qalıbdır ki, buranı ziyarət edirlər. Ona görə də bir məktub yazıb başdaşına bağlanmış qırmızıya keçirdik. Məktubu İsmayılın, Yaponun və Bağmanın adından yazdıq, çünki onlar İsmayılgili yaxşı tanıyırdılar. Onlar həm qonşu kənddən idilər, bir-birin xeyir-şərində yaxından iştirak etmişdilər, həm də İsmayılın həyat yoldaşı Başlıbel kəndindən idi. İsmayəl deyirdi ki, qaynım Qədim də Başlıbeldə qalan camaatla birlikdə kahalarda yaşayır. Məktubu başdaşına bağlanmış qırmızı lentə taxıb Şahkərəmə qayıtdıq. Bir gün keçmişdi, gördük ki, İsmayılı haraylayırlar. Səslərini tanıdılar, hay verdilər. Sönməz Ələkbər, Qədim, Xasay idi. Bir gecə bizim yanımızda qaldılar. O biri gün hamımız birlikdə Başlıbeldəki kahalara gəldik. Burada 30 nəfər var idi. Dedilər ki, aprelin 18-də ermənilər yerimizi bilib bizə hücum etdilər, nəticədə 18 nəfəri öldürdülər,14 nəfəri isə girov götürdülər. Qalan 30 nəfər isə birtəhər qaçıb canımızı qurtara bildik. Mən onlara dedim ki, əsgəri xidmətimi Göyçə zastavasında keçirdiyim üçün Murova yaxşı bələdəm, yol tanıyıram, biz getmək istəyirik. Kim getmək istəyirsə, birlikdə gedək. Onlar da bizimlə getməyə razılaşdılar, amma 93 yaşlı Ələsgər babanın məsləhəti ilə qərara aldıq ki, hamımız bir yerdə getməyək, iki dəstəyə bölünək. Birinci dəstədə az adam getsin,sağ-salamat gedib çıxa bilsələr Azərbaycan radiosunda elan versinlər. Əgər elan verilsə, ikinci dəstə də həmin yolla yola çıxsın. Əvvəlcə onlardan iki nəfər götürüb kəşfiyyata getdik. Qoçdaşdan durbinlə müşahidə edib Murovdağdakı keçidi onlara göstərdim Gedəcəyimiz yolları onlarla dəqiqləşdirdik. Yenidən Başlıbel camaatının yaşadığı Barıtlı kahasına qayıtdıq. Yola düşəcəyimiz tarixi müəyyənləşdirib, yenidən Şahkərəmdəki kahaya qayıtdıq. İyulun 1-də yola düşdük. Başlıbeldəki dəstədən bizə Qədimov Qədim qoşuldu. Əvvəlcə Ağcakəndə gəldik, bir gecə orada qaldıq və özümüzə yol tədarükü üçün çörək bişirdik. Yeddi gün gündüzlər gizlənir, gecələr yol gəlirdik. İyulun 7-də Murovun Daşkəsən üzünə aşdıq. Zivlən kəndinin yaylağında bizi görən yerli sakinlər çox sevinirdilər. Orada bizi tanıyanlar olmasa da bizim gəlişimizin şərəfinə qurban kəsdilər. Bizi bir gecə qonaq saxlayıb o biri gün Gəncəyə gətirdilər.

Üçüncü hekayət
Ceyhun Əzimovun və Sönməz Ələkbərin dedikləriİ: Şahkərəm kənd sakinləri İsmayıl Əzimovun oğlu Ceyhun Əzimov mərhum atasının xatirələrini belə xatırlayır: Atam İsmayıl Əzimov, Bağman Baxşəliyev və Yapon Mustafayev hadisələrin əvvəlindən axırınadək Abuzər, İnqilab və Faiqlə bir yerdə olublar. Bütün təhlükə və çətinliklərə birlikdə sinə gərdilər. Atamgil mühasirədə qaldıqları dövrdə başlarına gələn hadisələr barədə dəfələrlə övladlarına və onu tanıyanlara danışmış, bununla kifayətlənməyərək xatirə dəftəri də yazmışdır. Atam deyirdi ki, aprel ayının 3-də biz Başlıbeldən Şahkərəmə qayıdanda gecəni öz kəndimizin kənarındakı kahada gecələdik. Aprelin 4-də ermənilər kəndə gəldilər və kənddəki bütün mal-qaranı yığıb apardılar. Biz başa düşdük ki, artıq kəndimizin ərazisində sərbəst gəzib-dolaşmaq təhlükəlidir. Bir neçə gün kahada qaldıq və qərara aldıq ki, Şahkərəm və Çovdar kəndlərinə gələn yeganə maşın yolunu partladaq . Biz bilirdik ki, “Parağın Darı” deyilən yerdə 15-20 gün bundan qabaq yol idarəsinin işçiləri qayalarda partlayış edərək yolları genişləndirmək üçün deşiklər açmış, lakin hələ partlayış etməmişdilər. Gətirdikləri partlayıcı maddələrin də yerini bilirdim. Odur ki, ilk növbədə “Parağın Darı”nı partlatdıq və bir müddət yolların bağlı olması səbəbindən Çovdar və Şahkərəm kəndlərinə ermənilər yalnız atla gələ bilirdilər. May ayının 15-də Çərəkdar kəndi istiqamətindən mühasirədən çıxmaq üçün yola çıxdıq. Çərəkdar ərazisində “Hümbət bəyin ferması” deyilən yerdən Tərtər çayını keçməli idik. Bu məqsədlə meşədəki cığırla irəliləyirdik. Birdən Çərəkdar kəndindəki erməni hərbçilərinin olduğu yerdən itlər bizim hənirtimizi alıb hürüşməyə başladı. Ermənilər duyuq düşüb bizi atəşə tutdular. Məcbur olduq, atlarımızı tərgidib geriyə, Şahkərəmə qayıtdıq. Mayın ortalarında ermənilər traktor gətirib kəndin partladılmıış yollarını kürütdürdülər. Bundan sonra kəndə qoşqusunda iki lafet olan bir traktor gətirdilər. Evlərdəki əşyaları lafetlərə yükləyəndən sonra qumbaraatanla evləri partladırdılar. Biz ərzağı əsasən kənddəki salamat qalan evlərdən gətirirdik. Şahsəvən kişinin evi kəndin lap kənarında idi. Oraya tez-tez gedirdik. Bir gün oraya gedəndə gördük ki, bizdən başqa da bu evə kimsə gəlib. İzdən müəyyən elədik ki, gələnlər Başlıbel tərəfə gediblər. Başlıbel ərazisinə çatanda izi ilə getdiyimiz adamların yerli camaatın “çoşan” adlandırdığı bitkini soyub yediyini və qabığını yerə tulladığını müəyyən etdik. Başa düşdük ki, bu bitkini yeyənlər bizim camaatdandırlar. Odur ki, axtarışı inadla davam etdirdik. Onların izi ilə gedib Başlıbeldən yuxarı, “Portda Kahaları” deyilən yerə çıxdıq. Kahalarda yoqğan-döşək,qab-qacaq dağılıb-tökülmüş, dəlik-dəlik,qırıq-qırıq olmuşdu. Boş gilizlər ətrafa səpələnmişdi. Kahaların yaxınlığında üzərinə qırmızı bağlanmış qəbirlər diqqətimizi çəkdi. Yaxınlaşdıq. 12 qəbir idi, biri lap kiçik idi. Başa düşdük ki, bu, uşaq qəbridir. Qəbirlərdən birinin üzərinə qabda su qoymuşdular. Deməli, sağ qalanlar var, vaxtaşırı qəbirləri ziyarət edirlər. Ancağ Başlıbel kəndinin ərazisi o qədər böyükdür ki, oranı bir həftəyə də gəzib başa çatdırmaq olmazdı. odur ki,qərara aldıq ki, məktub yazaq, başdaşındakı lentaya bağlayaq. Elə də etdik, belə bir məktub yazdıq: “Qədim,biz Armudlu Taladayıq. Gəlib güneydən məni çağırsan, cavab verəcəyəm. İsmayıl.” Eyni məzmunda məktubu həm də Selaparan Dərəsində qalmış avtobusun şüşəsinə də yazıb yapışdırdıq.

Oqtay SALAHLI
Dalidag.az



Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
