Reklam

“Kəlbəcərə Qayıdış” İctimai Birliyi 33 illik Ağdaban faciəsini yerində andı
11-04-2025 15:11
Ağdaban 33 il öncə odlara qalanmış, ağdabanlıları isə al-qanına bulanmışdı
Döz bu ağrıya, döz görüm?!
Ağdaban faciəsi-1992, yaxud bir kəndin harayı
...Yamanca bəd əsib yellərimiz, xəzana düşüb güllərimiz, qan ağlayır çöllərimiz, qara geyib payızlı-yazlı illərimiz...
Bu fikirlər 33 il öncə qələmə alınıb-Kəlbəcərin mühasirə illərində.
...O baharda qan-yaş axıtdı dağ-daşlarımız, bacı-qardaşlarımız. O baharda çəmənlərdəki gül-çiçəklərimiz şəhid qanına bələndi, inlədi… Sonrakı bahara, sonrakı qışa ümid bəslədik, dilək dilədik. Amma, 30 il diləklərimiz hasil olmadı. Göz yaşlarımız qurumadı. Necə qurusun, bəyəm bu qədər dərdlərə ovuc boyda bir ürək tab gətirərmi?
Həmişə toy-nişanların, iki sevən gəncin vüsal dəmində görüşə tələsən qərənfil şəhidlərimizə bacı olub, başa qara bağlayıb, sinəsini dağlayıb, ağı deyib – şəhid ağısı. Şəhid qərənfil özünə dağlardan həmdərd tapıb. Aranda vaxtsız solan, şəhid qanına boyanan qərənfilin səsinə bir fəryad da qoşuldu o gün. Bu, şəhid dağ çiçəklərinin - novruzgülünün, maralçiçəyinin, bənövşənin… Ağdabana, Ağdabanın şəhidlərinə dediyi ağı idi. Bu, nə kaman yanğısı, nə də Dədə Şəmşirin qaragöz balasına qoşduğu söz qonşusu idi. Bu, şəhid bənövşənin, novruzgülünün Dədə ocağında, Dədə elində şəhid olmuşlara sızıltısı idi:
Mən aşiqəm, qan qana,
Kim düşünə, kim qana?!
Bir cüt körpə balayıq,
Sığınmışıq yarğana.
…Bir cüt körpə balası əlindən zorla alınanda qanlı düşmənə əsir düşən qaragünlü, qaradonlu, qaraörpəkli, qarataleli gəlindən eşitdiklərini şəhid qərənfilə şəhid dağ çiçəkləri çatdırdı:
Odlamayın talamı,
Uçurmayın qalamı,
Məni ki, aparırsız,
Aparmayın balamı…
Balasının qucağında qan içində can verdiyini görüb fəryad eləyən ana görmüsüzmü?! Allah bir də göstərməsin. Mən görmüşəm. Siz görməyəsiz. O ana necə qışqırıbsa, səsi hələ də qulaqlarımda, Dəlidağda, Murovdağda qalıb:
Yağı, nələr eylədin,-
Karvanımı əylədin.
Bir balamı apardın,
Bəs o birin neylədin?!
…AĞDABAN: 8 aprel 1992-ci il tarixə necə yazıldı görəsən? Deyəcəksiniz ki, qara hərflərlə. Ağdabanın son ümidinin qırıldığı bir gün kimi. Yox, mən deyərdim ki, qara hərflərlə yazılmadı, qan qırmızı rənglə yazıldı. Şəhid kəndin şəhid balalarının qanı ilə yazıldı. Qoy yağılar bilsin ki, o gün unudulmayacaq.
Necə deyəsən ki, tarix boyu sazlı-sözlü olan Ağdaban odlara qalandı. Hansı mənəvi haqla bunu dilimizə gətirək?! Dilim od tutub yanır, Ağdaban, Dədə Şəmşirin od-ocağı kimi. Necə deyim ki, Dədə Şəmşirin hələ işıq üzü görməyən əlyazmaları yandırılıb, külü göylərə sovrulub?! Necə deyim ki, faciələr baş verənə kimi “döşümüzə döyüb”, vətənpərvərliyimizdən dəm vurmuşuq: «Əşi, erməni kimdi ki, bizə güc gəlsin! Biz Koroğlular, Babəklər, Cavanşirlər nəslindənik!»…
Və sonra… sonra «elnən gələn qara gün toy-bayramdır», - deyib yasa batmışıq…
Ağdaban kəndi… Ağdabanda Ağdabanlıqmı qalıb?! Nəyindən danışasan: günahsız yerə top-tüfəngə tutulub alovu göyləri yandırmağındanmı, yoxsa abırlı-həyalı qız-gəlinlərimizin, gül kimi körpə balaların sızıldaya-sızıldaya əsir aparıldıqlarındanmı?...
Ağdabana aprelin 9-da səhər tezdən çatmışdıq. Yağılar kəndi tar-mar edib, dağıtdıqdan sonra baxmaq olmurdu bu yerlərə. Dünəndən od vurulan evlərdən hələ də burum-burum qara tüstü qalxırdı. Çapar tərəfdən atılan toplar bizdən o yana düşüb «salamat» qalmış bir neçə ev idə dağıtdı. Kəndə köməyə gəlmiş müdafiəçilər düşməni susdurmağa çalışsalar da, xeyri yox idi. Ağdaban qan içində boğulur, «tüstüsü başından çıxırdı».
Ağdabanla Çayqovuşan arasında bir təpə var. Dədə Şəmşirin son mənzili burdadı. Təsadüfdən salamat qalmış məzar daşları sanki yandırılmış o iki kəndə ağı deyir. Yığışmışıq Dədənin məzarı başına. Hamı günahkar-günahkar başını aşağı dikib Dədəyə başsağlığı verir.
Kənddən meyidləri çıxarmaq üçün qrup ayrılıb. Güllə yağışının altında kəndə girmək qorxulu olsa da, heç kim qorxmur. Saya bilmirik yandırılmış, işgəncələrlə divan tutulmuş ağsaqqal, körpə cəsədlərini.
Birdən kimsə qışqırır. “Şair Əlqəmənin oğludu”,-deyirlər. UAZ-dakı meyidlərə baxıb, kimsə birdən dəli bir səslə fəryad qoparır: «Vay qardaş, cıxan qardaş, səni qoruya bilmədim, kəndimizi qoruya bilmədim!!!» - Səs Murovun başına kimi gedib çıxır…
…Şəhid qanı ilə torpağı yoğrulmuş Ağdabandan üzügeri qayıdırıq. Milislər, əsgərlər dağların başına qalxır. Meşələrdə isə Bakıdan köməyə gəlmiş Müzəffər Əliyev və neçə-neçə digər vətənpərvər, şəhid, itkin axtaran eloğlularımızın ayaq izləri və bir də güllə səsləri qalır…
Kəlbəcər ayaq üstündədir. Ağdaban şəhidlərinə yas saxlayır.
Kəlbəcərdə – “Yolaşan”da bir xiyaban salınır, - «Şəhidlərı». Bu xiyabana ilk şəhid karvanı yollanır. Bu, ağdabanlı şəhidlərimizin qara karvanıdır. Hərəsi bir yaşda, hərəsi bir adda, hərəsi bir yanğıda idi şəhidlərin. Amma hamısına eyni biçimdə, eyni rəngdə bir paltar geydirmişdilər: - Şəhid paltarı idi o qara geyim. Qara geyimli qara karvanın qabağında elin ağsaqqalları, dili Quran kəlməli pirani qocalar, arxasınca isə qapqara bir axın gedirdi.
Ağlayın ay ellər, haqqında heç nə yaza bilmədiyim bu şəhidlərimizi:
1.Almasov Tağı Sultan oğlu
2. Almasov Şahid Tağı oğlu
3. Kərimova Qəmər İmran qızı
4. Alıyeva Ülviyyə Camal qızı
5. Məmmədov Musa Qara oğlu
6. Qocayev Bakir Qurban oğlu
7. Qocayeva Zeynəb Məhəmməd qızı
8. Qabilov Sədrəddin Qədir oğlu
9. Məmmədova Həyat Yolçu qızı
10. Məmmədov Məhəmməd Mamoy oğlu
11. Alıyev Camal Haqverdi oğlu
12. Bağırov Əbdül Məhəmməd oğlu
13. Məmmədov Ziyəddin Əlqəmə oğlu
14. Nəsənov Natiq Bəhmən oğlu
15. Bayramov Çingiz Xanlar oğlu
16. Kərimov Əbülfət Sovet oğlu
17. Bağirov Vidadi Yusif oğlu
18. Süleymanov Azad Cəmil oğlu
19. Abbasov İsgəndər Asif oğlu
20. Əliyev Misir Pənah oğlu
21. Hüseynov Hidayət Saleh oğlu
22. Qocayev Qara Qurban oğlu
23. İbrahimov Həmid İsmayıl oğlu
24. Hümbətova Fatma Qaraca qızı
25. Qasımov Riayyət Bahadur oğlu
26. Məmmədov İsbəndiyar Lətif oğlu
27. Hümbətov Qorxmaz Mustafa oğlu
28. Qurbanov Qulu Şabər oğlu
29. Mirzəyev Nüsrət Mahmud oğlu
30. Mirzəyev Mahmud Əli oğlu
31. Məmmədov Tural Qara oğlu
32. Tağıyev Rafiq Bəhmən oğlu
Ayıra bilmədim mən o şəhidləri bir-birindən. Siz də ayırmayın. Heç ayıra da bilməzsiniz. Hamısının da ağrısı, acısı eynidi. Ağı deməkdən dilimdə ağı bitib. Qara yazı yazmaqdan qələmim qaralıb. Sözlərim yas içindədi.
Qeyd: bu yazımın tarixinə baxın:
8 aprel 1994-cü il, “Dağların sinə dağı”
kitabından
KÖHNƏ MÖVZU, TƏZƏ YAZI
... O gün də Ağdabana tələsirdik. Bu dəfə nə Qənifə xanım (qələm dostum, ustadım və həmkarıma Allah rəhmət eləsin!) var idi, nə də fotoqraf Famil Hüseynoğlu. 33 illik həsrətdən, ayrılıqdan sonra Ağdabana səfərimizin məqsədi Kəlbəcərimizin Ağdaban müsibətinin 33-cü ildönümünü - anım tədbirini məhz işğaldan azad edilmiş torpağımızda keçirmək idi. Bu səfərə qatılmağımda, Kəlbəcərimizə və Ağdaban kəndinə səfərimdə məni unutmayan, öz sıralarında görən “Kəlbəcərə Qayıdış” İctimai Birliyinin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Çünki işğaldan azad edilmiş doğma yurduma səfərimdə rəsmi dəvəti ilk dəfə alırdım, baxmayaraq ki, Kəlbəcər və ümumən erməni vandalizminin ifşasından 33 kitab yazsam da, indiyə kimi belə bir təklif almamışdım. Ən azı, Başlıbel, Tunel və Ağdaban faciələrinin orada anılması zamanı, şəhid ailələrinin Kəlbəcərə ziyarətində yada düşməmişdim. Buna görə də mən ilk növbədə yazıma təşəkkürlə başlamağım təsadüfi deyil...
YOLÇU YOLDA GƏRƏK...
Mənə elə gəlirdi ki, ilk dəfədir gedirəm Kəlbəcərə. Yox, kəlbəcərli qeyrətli dostlarım var (adlarının çəkilməsini istəməsələr də mənim borcumdur ki, belə vətənpərvərlərimizi təqdim edim) – Hacı Abbasla Hacı Şəmsəddin Əli oğlunu və Rövşən Hüseynlini deyirəm. Onlar mənə Kəlbəcərimizi ziyarət etməyimdə dəstək olublar.
Bu dəfəki dəvət isə tamamilə başqa bir ziyarət oldu: 33 illik faciəmizin yerində anılması tədbirində iştirakımı belə qəbul edirəm.
Bakıdan birbaşa Kəlbəcərə yox, yolüstü Tərtər şəhərinə yol başladıq, orada bizi səbirsizliklə gözləyən Əbülfəz bəyin intizarına son qoymaq üçün. Bizi qarşılayanda, doğmalarının qulluğunda durmağından sanki bir az da zövq qalan əqidədaşımızın həyət-bacası da, ev-eşiyi də, ürəyi kimi, necə də geniş imiş. 10-12 qonağı qarşılamq sizə o qədər də asan gəlməsin bu “bazarın od tutub yandığı”, “çoxlarının qapısının döyülmədiyi” günlərdə. Əbülfəz bəy Kəlbəcərdə məşhur olan bir nəsildəndir. Kəlbəcər şəhərindəki “Kolxoz bazarı”nın illər uzunu rəhbəri olmuş, hansı ki, o, əvvəllər bir neçə kolxozun da sədri vəzifəsində çalışarkən neçə-neçə kəlbəcərlinin torpaq sahasinə, ev-eşik qurmasına (qanunu-qanunsiz, dəxli yox idi) şərait yaratmış Daşdəmir Murtuzayevin qardaşı, rayon təhsil şöbəsində çalışan Murtuza Murtuzayevin oğlu Əbülfəz bəydən danışıram.
O gecə sabaha kimi “ heç kimin gözlərinə çimir getmədi”- yatan olmadı. Kəlbəcərli günlərimizin xatirələri calanmışdı bir-birinə. Arada dünyanın ictimai-siyasi, hərbi vəziyyətinə də münasibət bildirilir, mübahisələr kulminasiya nöqtəsinə də çatırdı. Lakin bütün bunların öz gözəlliyi var idi: kəlbəcərlilər ictimai-siyasi baxışları ilə hadisələrə münasibətini bildirməkdən çəkinmir, “qaynayan qazan”dan hər kəsə pay düşməsinin vacibliyini gizlətmirdilər.
Növbəti gün Tərtərdən Kəlbəcərə başlayan səfərimizdə yolüstü baş şəkdiyimiz ünvanda daha bir qeyrətli eloğlumuzu tanımaq imkanım oldu. Birinci Qarabağ döyüşlərinin veteranı olmuş Muğan bəy əqidədaşlarını Talış kəndində elə sevgi-məhəbbətlə qarşıladı ki, kəlbəcərliliyimizlə bir daha qürur duyduq! Aman Allahım, bir-birinə belə doğmalığı qardaş-bacı arasında da bəzən görmək olmur. Muğan qardaşımızın döyüş yollarından eşitdiyim epizodlar məndə qürur hissini bir az da gücləndirirdi.
Bakıdan səfərə başlamamışdan TV-lərdən verilən hava proqnozu o qədər də ürəkaçan deyildi. Lakin, Yaradanımız Kəlbəcərin həsrəti ilə yol başlayan yolçuların üzünə gün doğdurmuşdu. Dəliqanlı Tərtər çayının sinəsi günəşin şəfəqlərindən par-par yanırdı. Əyninə qalın pal-paltar geyənlər Suqovuşanda soyunub yüngülləşirdilər. Umudli, Kərəmli, Həsənriz kəndələrinin dolama yolları çox rahat idi. Allah bu yolları açanlara və yenidən bərpa edənlərə can sağlığ versin ki, onlardan biri də Xocalı rayon yol idarəsinin kollektivi, o cümlədən həmin müəssisənin asvaltzavodunun məsuliyyətini neçə illərdir ki, daşıyan, yol-inşaat mühəndisi və kəlbəcərsevərliliyi ilə çoxlarına nümunə olan kəlbəcərli qardaşımız, eloğlumuz Elşən Abbaslara da minnətdarlığımızı unuda bilmərəm. Bunu da bizə Muğan bəy təqdim etdi: “bu rahat yolların asvaltını çəkdirən qardaşımız da kəlbəcərlimizdir”,-söylədi.
Kəlbəcərə uzandan dolama yollar sanki ana ilə balanı qovuşduracaqdı. Hər kəs tələsir, amma, baxışlar, düşüncələr müxtəlif idi. Bu dəfə yolumuz Murovdağdan deyildi. Kəlbəcərə aparan yollarda təmir-bərpa işləri ilə gecə-gündüz məşğul olan inşaatçılara minnətdarlığımız sonsuz oldu. Kəlbəcərin öz təbii sətvətləri ilə belə gözəl, geniş rahat yol çəkənlər həm də özlərinin xidmətlərini tarixə yazdırırlar.
33 İLLİK AĞRININ SON AKKORDLARI...
Kəlbəcərdə təkcə bizi yox, doğma ata-baba yurdunu ziyarətə gələnləri həmişə səmimi qarşılayan, onların gecələmələrnə şərait yaradan, isti xörəklə belə təmin edən YKT-nin başçısı hacı Şəmsəddin Əli oğlu ilə görüşümüz isə yolda “post”ların birində olmuşdu. Bizi qarşılamağa gələn, səxavətliliyi ilə xeyirxah əməllərini mələklər yazan hacının ata yurdunda fəaliyyət göstərən, dağların zirvəsinə yol çəkən kollektivi ilə görüşümüzün özü də bir ziyarət idi. Qonaq qonağın ardınca gəlirdi bu ünvana. Hazırlanan və açılan süfrənin bərəkəti sanki Tanrıdan idi: min bərəkət. Hər kəs doyunca dada bilirdi təamlardan. “Yeməxana” statuslu bir vaqondakı aşbaz xanım-bacılarımızın xidmətləri əvəzsizdir. Kəlbəcərə yolunu salan hər kəs o xanımların bişirdikləri xörəklərin dadını yaxşı bilir. Biz də bu xidmətdən məmnun qalıb, burada gecələməli olduq.
Bu da aprelin 8-i, səhər tezdəndir. “Kəlbəcərə Qayıdıış” İctimai Birliyin Ali Məclisinin rəhbər və üzvlərinin burada iştirak edənlərini dəqdim etməyimin vaxtıdır, məncə.
Yelmar Mustafa (birliyin sədri), Ramiz Abışov (təsisçi), Ali Məclisin üzvlərindən Elşən Nağıyev, Nəsimi Sadıqov, Famil Süleymanov, Ədil Oruclu, Eldar Qurbanov, Xalid Mirzəyev, Əbülfəz Murtuzayev, Tələt İbrahimli, ustad aşıq-şair Qəmkeş Allahverdinin yadigarlarından biri, Birinci Qarabağ döyüşlərinin iştirakçısı və VMVB Kəlbəcər rayon təşkilatının sədri Ramiz Allahverdiyev kimi vətənpərvər kəlbəcərlini o gün Kəlbəcərə gətirən bir müqəddəs amal idi: Ağdaban faciəsi qurbanlarını məhz orada – Kəlbəcərdəki “Şəhidlər xiyabanı”nda və 33 il öncə, aprelin 8-də odlara qalanmış, hələ də tüstüsü başından qalxan Ağdabanda anmaq idi.
Kəlbəcərin “Yolaşan” adlanan sahəsində 33 il öncə salınan “Şəhidlər xiyabanı”nın ilk sakinləri ağdabanlılar idi. Doğrudur, sonralar bəzi şəhidlərimizin cəsədləri öz doğulduqları ata yurdunda, doğmalarının yanında dəfn edilmələri üçün oradan çıxarılıb aparılmışdı. Lakin xiyabanda 11 şəhidimizin ziyarətinə getmək bizim, doğmalaşan, formalaşan kollektivin üzvlərinin borcu idi.
Tədbirdə çıxış edən hər kəsin Ağdaban faciələrindən (bu ulu ozan yurdu bir neçə dəfə faciə yaşamışdır) xəbərdar olmaları təsadüfi deyildi. Bu kəndin müdafiəsində o vaxtlar dayananlardan İlqar Quliyevlə Nəsimi Ağdabanlının çıxışlarında da bu, özünü göstərirdi.
“YURD GÖYNƏRTİSİ”NDƏN
“ÜMİD İŞIĞI”NA...
Bu sətirlərin müəllifi də anım tədbirinə əliyalın, əliboş qatılmamışdı. Axı, o, 33 il öncə, məhz aprelin 8-də səhər tezdən Ağdabanda idi. O dəhşətləri öz gözləri ilə görüb və qələmə alaraq, “Dağların sinə dağı”, “Yurd göynərtisi”, “Qanlı köynəklər”, “Dədə ocağı”, “Ağdaban faciələri”, “Ağdabanım-bağrıqanım” və s. kitablarında tarixləşdirmişdi.
Həmin kitabların müəllifinin Ağdaban faciələri qurbanlarına hər etdiyi və illər öncə nəşr etdirib Türkiyədə yaydırdığı plakat da bir daha düşmənin türk qanına acgözcəısinə susayan vandallığı göz önündə canlandırırdı.
Anım tədbirini açan birliyin mətbuat katibi Ədil Oruclu sözü “Kəlbəcərə Qayıdış” İctimai Birliyin sədri Yelmar Mustafaya verdi. Birlik sədri faciənin miqyasından, ağırlıq dərəcəsindəndən və onun hələ də beynəlxalq miqyasda dilə gətirilməməsindən təəssüflə söz açdı: “...Belə faciələrimizin açılmamsı, dünyaya çıxarılmaması tarixən növbəti vandallıqlara yol açmışdır. Bu mənada biz 44 günlük Vətən müharibəsində qazandığımız Zəfəri qeyd etdiyimiz kimi, yaşanan faciələrimizi, işğallarımızı da heç vaxt unutmamamlıyıq. Bilirsiniz, bu gün biz anım tədbirini keçirdirik. Doğrudur, bu gün Kəlbəcərə kütləvi gediş-gəliş olmadığı üçün bura ziyarətə gələnlərin sayı istənilən və gözlənilən qədər deyil. Bura ziyarətə gəlməyimiz bizim bir ictimai təşkilat olaraq borcumuz idi. Biz Kəlbəcərə qayıdışla bağlı istək və arzularımızı daim təbliğ edirik. Kəlbəcər sözün həqiqi mənasında Qarabağın və ümumiliklə, Azərbaycanımızın qala qapısıdır. Bu qapının 5 il müdafiə olunmasında göstərdikləri şücaətliklərinə görə Birinci Qarabağ döyüşlərinin qazilərinə minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin! Həmin vətənpərvərlərimizin o zaman göstərdikləri igidliklər onların övladlarının gözləri qarşısında olduğu üçün gənclərimiz Qarabağın, o cümlədən Kəlbəcərin işğaldan azad edilməsində can qoydular! Min şükürlər olsun, bu gün biz Kəlbəcərimizdə şəhid olan qəhrəmanlarımızın müqəddəs məzarlarını ziyarət edə bilirik!
Bütün bunlarla birlikdə onu da qeyd edim ki, biz faciələrimizi unutmamaq üçün onların yazıldığı kitabların təbliğində də fəal olmalıyıq. Geniş ictimaiyyət, kəlbəcərli məktəblilər şəhidlərimiz, qazilərimiz və faciələrimiz haqqında sinifdənxaric dərslər keçməli, həmin toplulardan xəbərdar olmalıdır ki, özləri də vətənpərvər boy atsınlar. Onların hər biri Milli Qəhrəman kimi yaddaşımza yazılan (hələ ki, bu fəxri ad ona rəsmi verilməsə də) Ülfətlərimizi, Mahirlərimizi, Natiqlərimizi, Feyruzlarımızı... tanımalıdırlar...”
Birliyin təsisçisi Ramiz Abışov da Ağdaban faciəsindən və onun nəticələrinin ağırlığından geniş bəhs edərək qeyd etdi ki, laqeydlik xalqımızın başına daim fəlakətlər gətirib: “...Daşnak sürüsünə Vətənimizdə yer verməyimiz, süfrəmizin başına çıxarmağımız xalqımızın geniş ürək sahibi olmasından irəli gəlmiş, bundan sui istifadə edən haylar üzdə “akpercan” deyib, arxadan xəncəri kürəyiməzə saplamağa məqam güdmüşlər. Ağdaban faciəsi də həmin bəd niyyətlərdən biri olmuşdur. Ağdaban faciəsi bizlərə həm də igid oğullarımızı tanıtdı ki, onlardan biri də Mamoy Məmmədov idi. Ağdabanın müdafiəsindəki xidmətlərinə görə, o,layiq olduğu qiyməti almadı. Ona görə də biz ictimai birlik olaraq, istərdik ki, döyüşçü Mamoy Məmmədovun misilsiz xidmətləri nəzərə alınsın və qəhrəman adına qovuşsun...”
Yeri gəlmişkən: Səfər çərçivəsindəki sərgüzəştlərə gəlincə, bu, ayrıca mövzudur. Nəhayət, ilk dəfə yol yoldaşı olduğum bir kollektivin üzvlərində müşayiət etdiyim maraqlı məqamı da unutmaq istəməzdim. Bu təşkilatdakı demokratikliyə, üzvlərin bir-birinin subyektiv fikirlərinə səmimi münasibətləri, diskussiyalarına da heyran qalmışdım. Bir anlıq düşünərdin ki, onlar mütəlif əqidə daşıyıcılarıdır. Lakin fikirlər açıldıqca, nəticəyə gəlincə, baxırdın ki, heç də burada “birinci nə dedisə odur” prinsipi yoxdur. Yəni, “yuxarıdan göstəriş” onlara yaddır.
Bu birlik haqqında sosial şəbəkələrdə bəzən elə dezinformasiya, onların ünvanına və əqidəsinə uyğun olmayan saxta fikirlər yazırdılar ki, istəməzdin onlara yaxın masada belə əyləşəsən. Lakin, birliyin proqram və məramnaməsi tamamilə kəlbəcərsevərlik, yurda qayıdışla, milli-mənəvi dəyərlərin qorunması kimi vacib məsələlərdən ibarət imiş.
“Yolaşan”dakı Şəhidlər xiyabanında söz alıb faciəyə münasibətini bildirən hər kəs, Birinci Qarabağ döyüşlərinin qazisi İlqar Quliyev, Ramiz Qəmkeş oğlu Allahverdiyev, Nəsimi Ağdabanlı, Famil Süleymanov, Xalid Mirzəyev, Elşən Nağıyev və digərləri Müzəffər Ali Baş Komandan başda olmaqla, xalqımıza Zəfər sevinclərini yaşadan Milli Ordumuzun sıravidən başlamış, generalınadək (Polad Həşimova, Mübariz İbrahimova...)... minnətdar olduğumuzu dilə gətirdilər.
“Şəhidlər xiyabanı”nda keçirilən anım tədbirindən geri qayıdan ziyarətçiləri - “ Kəlbəcərə Qayıdış” İctimai Birliyin Ali Məclisinin fəallarını Ağdaban şəhidlərinə ehsah süfrəsi açan hacı Şəmsəddim Məmmədovun bu kimi xidmətləri çoxlarını kövrələtmişdi.
Kəlbəcər şəhərinin giriş qapısı sayılan ərazidə bura gələnləri ilk qarşılayan “Şəhidlər” plakat-xiyabanda anım tədbiri davam etdirildi.
Yeri gəlmişkən xatırladaq ki, bu park da məhz hacı Şəmsəddin qardaşımızın vətənə, o cümlədən doğma Kəlbəcərimizə sevgisinin bariz nümunəsidir. Özü də Birinci Qarabağ döyüşlərinin iştirakçısı olmuş Şəmsəddin Əli oğlunun rayonda ilk yaradılan Özünümüdafiə Taborunda o zaman tanınmış kəşfiyyatçılardan biri idi. Narışdar, Umudlu, Həsənriz, Qozlu Körpü, Dovşanlı Vəngi və s. ərazilərdə gedən döyüşlərdə dəfələrlə yaralansa da, xidmətdən uzaqlaşmayan igid döyüşçümüz Kəlbəcər işğaldan azad edildikdən sonra buradakı misilsiz və təmənnasız xidmətləri ayrıca bir məqalənin yox, kitablıqdır. Sağlıq olsun.
“Şəhidlər” xatirə-plakat parkında davam etdirilən tədbirə bu dəfə Kəlbəcərdə xidmət göstərən əsgər və zabitlərimizin də qatılması təsadüfi deyildi.
...YOLUMUZ AĞDABAN KƏNDİNƏDİR...
...33 il öncə yandırılan (həm də iki dəfə, birinci faciə: 8 aprel 1992-ci il, 2-ci faciə: 26 mart 1993-cü il) Ağdaban kəndini ziyarət etmək üçün Bağlıpəyədən üzüyuxarı, meşə yolu ilə irəlilədikcə o dəhşətlər kino lentinə dönərək, gözlərimiz önündə canlanırdı. Çayqovuşanla Ağdaban çayının qovuşduğu yerdə dayandıq. O vaxtlar Ağdabanın köməyinə gedən könüllü döyüşçülərimizi aparan “KAMaz” maşınını ermənilər bu dərədə vurmuşdular.
Bu iki kəndin arasındakı “Beşqardaş” dağına qalxırıq. Bizi burada ağdabanlılar qarşılayır. Onlardan biri də “Ağdaban” İctimai Birliyinin sədri Rafiq müəllimdir. Həmin döyüşlərin igidlərindən biri olmuş Saşa Hüseynovun oğlu Əzim də bir neçə ağdabanlı şəhid ailəsi üzvləri ilə buradadır. 33 il öncə başdaşına sığındığımız Dədə Şəmşirin, eləcə də “qaragöz bala”sı Çimnazın (Çimnaz da erməni quldurlarının qəfil qurduğu terrorun qurbanı olmuşdur), eləcə də “Yolaşan”dakı “Şəhidlər xiyabanı”ndan çıxarılıb burada dəfn edilən 6 şəhidimizin müqəddəs məzarları da buradadır.
Yazının əvvəlində qeyd etdiyim kimi, Çimnaz Şəmşir qızı da qanlı bir terrorun qurbanı olmuşdur. Bu barədə “Dağların sinə dağı” kitabında “Otaqqaya, qanlı karvan və...” başlıqlı yazım var. “Otaq qaya” adlanan yerdə (Ağdərə-Kəlbəcər magistral yolun Çərəkdarla Bağlıpəyə kəndlərinin arasında) 100-dən artıq avtomobildən ibarət karvanın yolunu minalayan Ağdərədəki daşnakların toruna düşmüş Çimnaz xanım balalarına qovuşa bilməmişdi...
Kəlbəcər o gün - 8 aprel 2025-ci il tarixində kədərlə-sevinci (müvəqqəti məğlubiyyətlə əbədi Zəfərin) bağrına basmışdı. O gün İlahi də kəlbəcərlilərə imkan yaratmışdı ki, “bir gündə yüz qan edən” Dəlidağ, Murovdağ da Ağdaban şəhidlərinin ziyarətinə baş endirmişdilər, kəlbəcərlilərimiz kimi. Hava proqnozu da dəyişmişdi. Öncədən edilən xəbərdarlığa baxmayaraq, sanki Kəlbəcərə o gün bahar da yenicə qədəm basmışdı. Meşələrdəki ala-tala görünən ağçiçəkli ağaclar baharın müjdəsi idi. Həmişə bu vaxtlar - qışla yazın qovşuğunda mürgü vuran Kəlbəcərimizin üstünə gün doğmuşdu: doğmaları ilə qucaqlaşmışdı axı.
DÜŞMƏNİNƏ
QƏNİM KİMİ GÖRÜNƏM...
20 iyun 2011-ci idə “Ata, Kəlbəcərə Murovdan aşıb gedəcəyəm”,- deyən oğlum leytenant Sənan Sadıqzadəyə ( o, hazırda DSX-də bölük komandiri kimi hərbi xidmətdədir) yazıb göndərdiyim bir şeir o gün yaddaşımı yamanca kötəklədi:
Yolunu sal, oğul, doğma dağlara,
Doyunca zirvələr gəz, qadan alım.
Haray sal çiçəkli göy yaylaqlara,
Bir dəstə bənövşə üz, qadan alım.
Özünlə götürüb əsil dostları,
Dolan təpələri, qalx dağa sarı.
Yayın ortasında görəndə qarı,
Götür yaz bir qatar söz, qadan alım.
O bulaq, bu tala, o da ki meşə,
Bulud aralansa, düşmən təşvişə,
Tələsik əmlikdən kabab çək şişə,
Sönməmiş ocaqda köz, qadan alım.
İldırım şaxıdı zirvədə bayaq?!
Yatma səngərində, oyaq ol, oyaq!
Bürün yapıncıya sən çoban sayaq,
Borana, çovğuna döz, qadan alım.
İçməmiş keçməzsən Şirinbulaqdan,
Çıxammazsan bu tənədən, qınaqdan.
Çiçəklərin rəngi süzsün yanaqdan,
Doysun bir ömürlük göz, qadan alım?!
Yenə gül açıbmı Dikyurd dərəsi?
Dərmandı çiçəyin burda hərəsi.
Çörəyə yaxılsın yağın kərəsi,
Dolçaya ayranı süz, qadan alım.
Məhəmməd çalardı sazda “Yurd yeri”,
Dönsün karvanımız, köç üzügeri.
Qopar ayağımdan qıfıl, zənciri,
Düşmənin başını əz, qadan alım!
Bundan sonra Dilqəm Şaplarlıya ünvanlı şeiri Əübülfəz bəyə pıçıldayanda Ramiz Abışov “Dağların” şeirimi də istədi.
Ayaq saxla, bir balaca səbr elə,
O dağlara deyiləsi sözüm var.
Yurd yerinə həsrət qalıb kor olan,
Bulaq kimi bir ağlağan gözüm var.
Nə payızım, nə yayım var, nə yazım,
Gileylənib bundan sonra nə yazım?
Xoş gələmməz kökdən düşən avazım,
Sinəm üstə bir yaralı sazım var.
Kəlbəcərdən üzəmmərəm əli mən,
Məhəmmədəm, ha arayım eli mən.
Qaçqın-köçkün ellərimin dili mən,
Görürsənmi məndə nələr dözüm var?!
Əlbəttə, bu ictimai birliyi ərsəyə gətirəndən bu günə kimi, xeyli “əzablı yollar”dan keçən qardaşımızın sözünü yerə salmaqmı olardı. Odur ki, “Dağların” qadasını yenidən almaq istədim:
Duman olub ayağına sürünəm,
Zirvəsində çiskininə bürünəm,
Düşməninə qənim kimi görünəm,
Qadasını belə alam dağların!
Şəlalədə yuyunardı kəndimiz,
Heç saymazdıq bərəni biz, bəndi biz.
Xəyallarla danışırıq indi biz,
Həsrətin çox çəkir balam dağların.
Alaçıqda yenə yatan de, varmı?
Ayaqyalın saldığım iz durarmı?
Ay Məhəmməd, heç balası sayarmı,
Ürəyimə dərdin salam dağların?!
Tədbirləri yekunlaşdırıb, Kəlbəcərimizin digər guşələrini də ziyarət etmək istədik. “İstisu” Mineral Sudoldurma Zavodunda olub, şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun qardaşı Bəxtiyarla da qucaqlaşmağa vaxt tapdı bu sətirlərin müəllifi. “Fontan”da, daha sonra köhnə Tuneldən keçib, üzü Dəlidağa aparan Kəlbəcər-Başlıbel yoluna düzəldik. Bir-bir (Comərd, Almalıq, Zülfüqarlı…) kəndələrdən keçəndə qarşılaşdığımız mənzərələr bu dəfə bizi ağlatmadı, əksinə: “Biz qayıtdıq, ata yurdu, ana ocağı!”,-deyirdik. Yenə də qurub-yaradacağıq. Bizim güclü ordumuz, iqtisadi qüdrətli azad dövlətimiz var axı,-deyə hər kəs bir-birinə təsəlli verirdi.
BULAQ DEDIN,
QAYSAQ TUTDU DODAĞIM…
Zülfüqarlıdakı “istisu hovuzu”nda yazın ilıq havasında soyuqdan qorxmayıb, müalicə məqsədi ilə çimənlərdən ayrılıb, Əsrik yolundakı turşsu bulağına çatanda, bacıma illər öncə kövrək-kövrək Bakıdan yazıb göndərdiyim bulaq şeirim düşdü:
Bulaq dedin, qaysaq tutdu dodağım,
Elə yandım, sinəm saca döndü ha!
Bahar çağı xəzan vurdu budağım,
Çəkməliyəm, bu da bir ah-ündü, ha!!!
Soyundunmu göy çəməndə ayağın?
Öpüşdümü lilpar ilə dodağın?
Utandımı, qızardımı yanağın?
Xəyallarım yenə dağa çöndü haaa!!!
Dişgöynədən bulaq küsüb yəqin ki,
Səhər mehi üstə əsib yəqin ki.
Yollarımı yağı elə kısib ki,
Duman basıb bərəni ha, bəndi ha!
Yazıq canım, pörşələnir istidən,
Nursuz gözlər kor olubdu tüstüdən.
Yandı getdi dolu zəmim, üstü dən,
Çırağımız yaman yerdə söndü ha!!
Nə yaylağım, nə oylağım var, bacı,
Nə ocağım, üstə isti bir sacı.
Məhəmmədin yox dərdinin əlacı,
İtirəndən doğulduğu kəndi haa!!!
...Bu da ömrümüzdən yarpaq kimi qopub düşən bir gün. Yox, məncə, ömrümüzün üstünə yazıldı o gün. Amma, hamımızı bir nisgil üzürdü. Bu da təşkilatın fəallarından biri, özü Birinci Qarabağ döyüşlərinin, oğlu Elçin isə 44 günlük Vətən müharibəsinin qazilərindən olan Müzəffər Vəli oğlu Əliyevin bu tədbirdə ola bilməməsi idi. Bu da onun taleyinə yazılmışdı yəqin ki: onun yerinə bu sətirlərin müəllifi getsin. Yola hazırlaşdığımız son gün həmfikrimiz, məsləkdaşımız olan Müzəffər bəyin qan təzyiqi qəfildən qalxaraq yıxılaraq başından zədələnməsi onu səfərdən saxlamışdı. Lakin kollektiv ziyarətçilərin səfər müddəti Müzəffər Vəli oğlunun da, yaralı olsa da belə, hər an telefonda olub, vəziyyətlə maraqlanması bir daha onun vətənpərvərliyini göstərirdi.
...Kəlbəcərdən üzügeri qayıtmaq sizə o qədər də asan gəlməsin. Amam qayıtdıq, müvəqqəti. Axı, ömrümüz kimi, bu üzdə məskunlaşmağımız da müvəqqətidir.
Darıxma, ata yurdumuz, ana ocağımız Kəlbəcər! Biz qayıdacağıq, həm də əbədi, üzümüzü sənin minbərəkət torpağına qoymaq üçün. Səni yenidən abadlaşdırmaq və xoşbəxt günlərimizi qaytarmaq üçün, gələcəyik, gözlə bizi...
Məhəmməd NƏRİMANOĞLU,
“Yenilik-press” qəzetinin təsisçisi və baş redaktoru,
“Tərəqqi” medallı tədqiqatçı-jurnalist, Ç. Aytmatov
“Kızıl kalem” medalının laureatı,
“TURAN ədibləri” birliyinin, ASKEBF-in üzvü
Dalidag.az

Yazı axını
18 / 04 / 2025
18 / 04 / 2025
17 / 04 / 2025
17 / 04 / 2025
17 / 04 / 2025
16 / 04 / 2025
15 / 04 / 2025
14 / 04 / 2025
14 / 04 / 2025
14 / 04 / 2025
14 / 04 / 2025
13 / 04 / 2025
13 / 04 / 2025
12 / 04 / 2025
12 / 04 / 2025
11 / 04 / 2025
11 / 04 / 2025
10 / 04 / 2025
09 / 04 / 2025
09 / 04 / 2025
09 / 04 / 2025
Ən çox oxunanlar