Daha bir şairimizə Kəlbəcərə qovuşmaq qismət olmadı...

21-05-2021 18:46
Daha bir kəlbəcərli şair doğma yurd-yuvasını görmədən haqqın dərgahına qovuşdu. 
Dalidag.az xəbər verir ki, Kəlbəcər ədəbi mühitində Məhəmmədəli Dildar imzası ilə tanınan şair vəfat edib.
Dünyanın ən ağır dərdidi  göz açdığın, böyüyüb, boya-başa çatdığın, yuva qurduğun, uşaqlıq, gənclik xatirələrinin ünvanı  yurd yerindən didərgin düşmək, az qala bir qərinə  məcburi köçkün adı altında əzilmək.
Taleyinə məcburi köçkünlük yazılan minlərlə insanıın ürəyi həsrətdən qübar bağladı, dərd yükü əydi çiyinlərini. Bu dərd yaşlı, cavan demədən yüzlərlə insanımızın həyatına son qoydu. Ümid hissi güclü olanlar, bir gün dönmək iradəsi ilə yaşadılar. Və nəhayət, 28 ildən sonra müqəddəs yurd yerlərimiz işğaldan azad olundu. Saz-söz oylağı, gözəlliklər məkanı Kəlbəcər də illər sonra övladlarının nəfəsini duydu. Di gəl ki, amansız əcəl çoxlarını bu sevinci yaşamağa, dədə-baba torpağına qovuşmağa aman vermədi. Kəlbəcərin azadlığından sonra sanki yarpaq tökümü başladı. Bəlkə də 28 il dözməyə məcbur edilən ürəklər sevincdən partladı, bir yandan da amansız pandemiya...
Məhəmmmədəli Dildar da ömrünə didərginlik yazılan minlərlə soydaşlarımızdan biridi. O da illərlə bu ağrı-acı ilə yaşadı. Dərdini ağ kağıza köçürtdü, sözlə ovundu. Ovundu ki, sağ qalsın, Kəlbəcərinə qayıtmağa təpəri, tabı olsun. Əzab-əziyyət dolu ən çətin illəri geridə qoydu, ancaq nə yazıq ki, yenə də əlləri torpağına uzalı qaldı, qismət olmadı yurduna dönmək. Bircə təsəlli var ki, Kəlbəcərin daha yağı tapdağında olmadığını bildi. Beləcə, ömrünün 28 ilini yurda dönmək diləyi  ilə hər möhnətə dözən M.Dildar Kəlbəcərdən uzaqda  canını tapşırdı.
Daşı-torpağı, gülü-çiçəyi danışan Kəlbəcərdə sözə üz tutan, sözə könül bağlayan bir nəslin yadigarıydı M.Dildar. Atası Molla Nəbi Dilsuzun yaradıcılığı ilə kəlbəcərlilər yaxşı tanışdır. Həm doğulduğu torpağın, həm də gendən gələn sözə bağlılıq tellərinin əxz etdiyi duyğular M. Dildarın şair kimi yetişməsinə səbəb olmuşdur. Doğrudur, qardaş-bacıları arasında da qələmlə dost olanlar var, ancaq M.Dildar imzası fərqlidir. Sonrakı illər məlum hadisələrlə bağlı yaradıcılığının çox hissəsini yurd həsrətli şeirlər təşkil edib, yaşadıqları, hiss etdikləri şeirlərində öz əksini tapıb. 
Müxtəlif vaxtlarda  ayrı-ayrı mətbu orqanlarda dərc olunub. Müəllifin “Vətənə uzalı əllər”, “Yurd həsrəti”,  “Qürbətlikdə son günlərim” adlı üç şeirlər kitabı var.
Qeyd edək ki, Məhəmmədəli Dildar 1936- cı ildə  Kəlbəcərin Milli kəndində anadan olub. Doğulduğu kənddə ibtidai təhsil alıb. 9-cu sinfə qədər Kəlbəcər orta məktəbində oxuyub. Orta təhsilini 1954-cü ildə o vaxtkı Mirbəşir(indiki Tərtər) rayonunun Cəmilli kəndində başa vurub. Əmək failliyətinə Kəlbəcər dövlət bankında köməkçi kimi başlayıb. 7 il burda çalışdıqdan sonra Kəlbəcər orta məktəbində əmək müəllimi, 1966-cı ildən 1986-cı ilədək rayonda çıxan “Yenilik” qəzetində foto-müxbir işləyib. Kəlbəcərdəki son iş yeri fotoqraf  kimi çalışdığı sənaye kombinatı olub. İşğaldan sonra yüzlərlə soydaşı kimi o da Gəncə şəhərində məskunlaşmışdı.

Allah rəhmət eləsin!

Sevinc Qərib

Dalidag.az


P.S. Dalidag.az ailəsi olaraq dəyərli zayalımızın ailəsinə, doğmalarına dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirik!



Kateqoriya: Kəlbəcər
Tarix: 21-05-2021 18:46
Baxış sayı: 2916
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını