"Kəlbəcər harayı"na dönən "Yeniliy"imiz...

21-04-2021 19:10
Uzun illər işlədiyim “Yenilik”qəzeti mənim həyatımda silinməz izlər buraxmışdır.Kəlbəcərin çal- çağırlı illərində “Yenilik” qəzeti rayonun ictimai-siyasi və ədəbi həyatında mühüm rol oynayırdı. Heç kəsə sirr deyil ki, uzunömürlülər diyarı kimi  tanınan dağlar diyarı Kəlbəcərdə ədəbi mühit də yüksək səviyyədə inkişaf etmişdi. Dədə Şəmşir, Bəhmən Vətənoğlu, Sücaət, Şamil Əsgərov, İdris Verdiyev, Aşıq Allahverdi Qəmkeş, Əli Başlıbelli, Əyyub və Yaqub Cabbarovlar, Mirsəyyaf Zamanlı və bir sıra başqa şairlərin və aşıqların şeirlərindən ilham alan gənc ədəbi mühit yetişirdi. Bu ədəbi mühitin yetişməsində və əhali arasında tanınmasında “Yenilik” qəzeti əvəzsiz rol oynayırdı. Qeyd etmək lazımdır ki, qəzet 1934-cü ildə çap olunduğu vaxtdan “Qızıl Maldar” ,”Yenilik Uğrunda” və nəhayət, “Yenilik” adları ilə çap olunmuş, müntəzəm olaraq da kəlbəcərli ziyalıların və şairlərin söz tribunası rolunu oynamışdır.
Qəzetin redaksiyasında  sözün qədrini bilən, sözləri mirvari muncuq kimi ard-arda düzərək oxunaqlı cümlələrə çevirən peşəkar jurnalist heyəti çalışırdı: Dünyamalı Rahimi, Famil Museyibov, Amil Novruzov, Malik Zeynalov, Validə xanım, Məhəmməd Nərimanoğlu, Kifayət Umudqızı(Allah rəhmət eləsin!), Qənifə Səmədova(Allah rəhmət eləsin), Qəhrəman Nağıyev, Vidadi Məmmədov, Zahid Muxtar, Köçəri Orucoğlu və b. (Adlarını və soyadını unutduğum keçmiş iş yoldaşlarımdan üzr istəyirəm.) ”Yenilik” qəzeti redaksiyasında müntəzəm olaraq ədəbi məclis keçirilir, burada Kəlbəcərin şair və ziyalılarından ibarət numayəndələri toplaşır, şairlər hələ çap olunmamış yeni şeirlərini oxuyur, müzakirələr olunur və yekunda qəzetdə çap olunardı. Əsasən çap olunmuş şeirlər oxucular tərəfindən oxunduqdan sonra redaksiyaya həmin şeirlərin müzakirəsi ilə bağlı xeyli məktublar gələrdi. Təsadüfi deyil ki, Kəlbəcər işğal olunana qədər “Yenilik” qəzetinə rəhbərlik etmiş redaktorların əksəriyyəti tanınmış şairlər olmuşdur: Əli Başlıbelli, Şamil Əsgərov, Bəhmən Məmmədov, Əli Qurbanov... Bu siyahını bir qədər də artırmaq olar. Sözümün canı odur ki, Kəlbəcərdə uşaqdan tutmuş böyüyə qədər hamı söz sərrafı idi. Rayonumuzun bütün kəndərində yerli əhali tərəfindən həvəslə oxunan “Yenilik” qəzetinin müxtəlif kəndlərdə ştatdankənar müxbirləri fəaliyyət göstərirdilər. Vaxtaşırı olaraq həmin müxbirlər öz kəndlərindəki sosial məsələlərdən bəhs edən məqalələr çap etdirərdilər. Sonralar həmin müxbirlərdən Azərbaycan Jurnalistlər Birliyinə üzv olan jürnalistlər yetişdilər. Buna Musa Əzizi və Namiq Dəlidağlını nümunə göstərmək olar.
Belə bir mühitdə çap olunan “Yenilik” qəzeti də heç şübhəsiz ki, dəyərli sözə həmişə meydan verər, öz səhifələrində onlara gen-bol yer ayırardı. Lakin 1993-cü il aprelin 2-də doğma Kəlbəcərimizin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması bütun kəlbəcərlilərin həyatını alt-üst etdiyi kimi, “Yenilik” rayon qəzetinin, onun yaradıcı kollektivinin də həyatını alt-üst etdi. Redaksiyanın kollektivi  “məcburi köçkün” kimi ağır bir ad altında yaşamağa məcbur olsalar da “Yenilik” qəzetinin baş redaktoru, mərhum Zimstan Həsənovun fədakarlığı nəticəsində Gəncə şəhərindəki Gülüstan qəsəbəsində kiçik bir otaqda redaksiyanın fəaliyyəti bərpa olundu. Həmin vaxtdan çətinliklər bahasına olsa da “Kəlbəcər Harayı” adı ilə dərc olunan qəzet həmyerlilərimizin bitib-tükənməyən Vətən məhəbbətini, eyni zamanda da bitib-tükənməyən problemlərini öz səhifələrində əks etdirməyə başladı. Zimistan Həsənov otuz iki yaşından  “Yenilik” qəzetinə rəhbərlik edirdi.                                        
                                         Zimistan Həsənov

O, klassik Azərbaycan ədəbiyyatından tutmuş çağdaş poeziyamıza qədər  bütün şair və yazıçılarımızın  yaradıcılığının mükəmməl bilicisi idi. Kəlbəcər şairlərini və aşıq yaradıcılığını da əzbər bilirdi. Bəhmən Vətənoğlunun, Aşıq Şəmşirin, Sücaətin, Şamil Əsgərovun, Ənvər Rzanın, Əli Qurbanovun, Dəmirçi Abbasın, Əli Başlıbellinin, Aşıq Allahverdi Qəmkeşin və digər yaradıcı aşıq və şairlərin şeirlərini  sevə-sevə söyləyərdi. Məcburi köçkünlük şəraitində də Z.Həsənov redaksiyaya əsl jurnalist qayğısı ilə rəhbərlik edərək qəzeti “Kəlbəcər Harayı” adı ilə dərc edərək Kəlbəcərə olan məhəbbətini  bu adla simvollaşdırmışdır. 2001-ci ildə Zimistan Həsənovun “Kəlbəcər-Azərbaycanın qala qapısı” adlı  kitabı çap olunmuşdur. 2004- cü ildə  Kəlbəcər rayon icra hakimiyyətinin təşəbbüsü ilə Gəncədə  “Yenilik” qəzetinin 70 və onun baş redaktoru Zimistan Həsənovun isə 50 illik yubileyi keçirilmişdir. Məcburi köçkünlük şəraitində on altı il redaksiyaya rəhbərlik edən Zimistan Həsənov 2009-cu ildə ürək xəstəliyindən qəflətən vəfat etdi. Ona torpaqlarımızın bütövlüyünün bərpa olunmasını, doğma Kəlbəcərin işğaldan azad olmasını görmək qismət olmadı. Onun adı kəlbəcərli yazarların, Kəlbəcər ziyalılarının sırasında həmişə hörmətlə çəkilir. Allah rəhmət eləsin.
Zimistan Həsənov redaksiyaya rəhbərlik elədiyi  iyirmi üç ildə qəzetin əməkdaşlarının bir jurnalist kimi yetişdirilməsində  əvəzsiz rol oynadı. Vaxtilə onunla çiyin-çiyinə işləyən jurnalistlər indi respublikanın müxtəlif mətbuat orqanlarında çalışırlar. Hazırda onun davamçılarından olan, uzun illər onunla çiyin-çiyinə işləyən şair Zahid Muxtar ”Yenilik” qəzetinin varisi hesab etdiyimiz, Gəncədə iyirmi səkkiz ildir ki, məcburi köçkünlük şəraitində çap olunan “Kəlbəcər Harayı” qəzetinin baş redaktorudur.
                                      Zahid Muxtar

Kəlbəcərimizin sayılıb-seçilən şairlərindən olan Zahid Muxtar gözəl jurnalist olduğu kimi, gözəl də şairdir.Onun yazdığı şeirlər çağdaş lirikada samballı yer tutur. Zahid Muxtarın  yaradıcılığında Kəlbəcər həsrəti daha qabarıq hiss olunur:  
         
Kəpəzin başına dolanım,ellər,            
Kəpəzdən Kəlbəcər qoxusu gəlir            
Bir çadır dəyədə,bir gur yağışda            
Adamın nə qəşəng yuxusu gəlir.


Zahid Muxtarın yaradıcılığında Vətənə, torpağa, yurda bağlılıq daim ön plandadır. O, şeirlərində xalqımızı Göyçəmizi, Zəngəzurumuzu, Qarabağımızı düşmən tapdağından qurtarmağa çağırır:  
           
Yetər, əl-ələ versin daha Türkün dünyası,              
Qiyamətə qalmasın Ağdabanın qisası.              
Şuşa, Laçın, Kəlbəcər soyunsun dərd libasın,              
Budur namusumuza qara ləkə-bölündük.              
Qəddimizi sındırıb, bükə-bükə bölündük.
 


Ötən ilin sentyabrında başlayan Vətən Müharibəsinin 44 gün ərzində erməni faşizminin  məğlubiyyətə uğraması bütün azərbaycanlılrin sevincinə səbəb olduğu kimi, şair Zahid Muxtarın da ürəyincə olmuş və özünün vətəndaşlıq missiyasını yerinə yetirərək öz hisslərini lirik şəkildə ifadə etmişdir:

İndi qüdrət meydanı, indi hünər yeridi,
Qələbə fürsətidi, şanlı zəfər yeridi.
İndi cəsur sərkərdə, igid əsgər yeridi,
Bu cəsur sərkərdəyə, bu əsgərə eşq olsun!

Qarabağ səmasından qara bulud dağıldı,
Xocalı qatilləri öz qanında boğuldu.

“Erməni enməzliyi” boş, mənasız nağıldı,
Bu mifi kül eyləyən od əllərə eşq olsun!

Füzulidən başladıq qana-qan döyüşünə,
Qeyrət tarixi yazdıq zamanın gərdişinə.
İllərdi darıxırdıq dağların görüşünə,
Zülməti yox eyləyən al səhərə eşq olsun!

Polad əzmlə yardıq polad istehkamları,
Bu gücə heyrət etdi dünyanın adamları.
Aldıq Ağdərələri, götürdük Ağdamları
Bu gücə,cəsarətə, qeyrətə də eşq olsun!

Kəlbəcərdə, Laçında :”Bu dağlar ,ulu dağlar”,
Elinin həsrətiydi çeşməli, sulu dağlar.
Açdı doğmalarına bağlanmış yolu dağlar,
Bu böyük qayıdışa,bu səfərə eşq olsun!

Dərdindən dəli idik, yetdik Xudafərinə,
Cəbrayıl, Qubadlının kəndinə, şəhərinə.
Zəngilanın misilsiz çinar meşələrinə,
Bu sonsuz sevgi dolu əməllərə eşq olsun!

Türkiyə-Azərbaycan, ”Bir millət,iki dövlət!”,
Bizim qələbəmizdən onlar duydu fəxarət.
Bu qardaşlıq sarsılmaz tarixlər boyu, fəqət!
Çıxıbdı sınaqlardan neçə kərə, eşq olsun!

Heyran qoydu kamalı bütün bəşəriyyəti,
Heydər oğlu İlhamın misilsiz siyasəti.
Ətrafında birləşib yumruq kimi milləti,
Bu birliyə,bu xalqa, bu ellərə eşq olsun!

Qarabağda ucaldı Azərbaycan bayrağı,
Bu bayraqdan nur aldı Azərbaycan torpağı.
Yanır yurdlarımızda Azərbaycan çırağı,
Bu şanlı qələbəyə, bu zəfərə eşq olsun!
Bu xalqa, bu orduya, bu rəhbərə eşq olsun!


Zahid Muxtar həm şair kimi, həm də jurnalist kimi uzun illərdir ki, məcburi köçkün həmyerlilərimizin dərd-sərindən, vətən həsrətindən yazır, onların “yaralarının üstünə su səpirdi”. Həmyerlilərimizin dərd-sərinin qələmə alınmasında Zahid Muxtarın ən yaxın silahdaşi isə uzun illərdir ki, “Yenilik” (“Kəlbəcər Harayı”) qəzetində müxbirlikdən redaktorluğa qədər bir yaradıcılıq yolu keçən Köçəri Cəfərli oldu. Mətbuata Zimistan Həsənovun xeyir-duası ilə qədəm qoyan, son iyirmi səkkiz ildə “Kəlbəcər Harayı” qəzetinin bel sütunu hesab edilən Köçəri Cəfərli öz yaradıcılığı ilə çoxlarına tanışdır. 
                                      Köçəri Cəfərli

O, məcburi köçkün şəraitində qəzet üçün materiallar toplanması işində bütün çətinliklərə sinə gərərək fədakarlıqla işinin öhdəsindən gələn bir qələm əhlidir. Köçəri Cəfərli 1967-ci ildə Kəlbəcər rayonunun Dalqılınclı kəndində anadan olmuşdur. 1993-cü ildən”Kəlbəcər Harayı” qəzetində hərbi müxbir, şöbə müdiri, məsul katib işləmiş, 2005-ci ildən bu günədək redaktor vəzifəsində işləyir. Azərbaycan Jurnalistlər Birliyinin və Mətbuat Şurasının üzvüdür.     ”Çalmalıda qalanan ocaq”, ”Kəlbəcərim-qəm dəftərim”, ”48 il qürbətdə yaşanan ömür”, ”Dədə Şəmşir, telli saz, xoş avaz”, ”Melodik musiqi çeşməsi və Aşıq Şəmşir” və ümumiikdə 27 kitabın müəllifidir. Bu xatırlamada “Yenilik” qəzetinin keçdiyi yola, onun yaradıcı kollektivinin təxminən son qırx ildə keçdiyi yola nəzər salmağa çalışdıq. Araşdırdığımız dövrdə keşməkeşli, heç də asan olmayan bir yol keçən, son iyirmi səkkiz ildə isə məcburi köçkün həyatı yaşamağa məcbur olan kollektivin üzvləri doğma Kəlbəcərimiz işğalçılardan azad edildikdən sonra sabaha daha çox inamla öz yaradıcılıq işlərini  davam etdirirlər. Biz isə onlara yeni – yeni yaradıcılıq uğurları arzulayırıq. 





















Oqtay SALAHLI
Dalidag.az




Kateqoriya: Kəlbəcər
Tarix: 21-04-2021 19:10
Baxış sayı: 31 142
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını